Milli maraqların
qorunması teleradio siyasətinin prioriteti olmalıdır
Xəbər verildiyi
kimi, bu ilin əvvəlindən
"Azadlıq", "Amerikanın
səsi" və
"Bi-Bi-Si" radiostansiyalarının yayımı Azərbaycan ərazisində yalnız peyk, kabel şəbəkəsi
və internet vasitəsi
ilə həyata keçirilir. Bu yeniliyi
istər ölkə daxilində, istərsə
də xaricdə bəziləri Milli Teleradio Şurasının
azad sözə basqısı, Azərbaycanı
Qərblə qarşı-qarşıya
qoymaq cəhdi kimi qiymətləndirdilər.
MTRŞ sədri Nuşirəvan
Məhərrəmli isə
bu addımın
2002-ci ilin iyununda
"Televiziya və
radio yayımı haqqında"
Azərbaycan Respublikası
Qanununun və həmin ilin oktyabrında ölkə Prezidenti tərəfindən
təsdiq edilmiş
"Milli Televiziya və Radio Şurası haqqında" Əsasnamənin
tələblərinin yerinə
yetirilməsinin növbəti
mərhələsi olduğunu
bildirdi:
- Bəzi
qüvvələrin əsassız
yerə səs-küy
qaldırması, sadəcə,
onların məsələnin
mahiyyətini nəzərə
almamalarından irəli
gəlir. Oxucuların
diqqətinə çatdırmaq
istərdim ki, Teleradio Şurası tərəfindən milli tezliklərdə yayımı
dayandırılmış digər
teleradio yayımçıları
kimi "Azadlıq",
"Amerikanın səsi"
və "Bi-Bi-Si" radiostansiyaları,
bundan sonra da ölkə ərazisində yayımını
davam etdirəcəkdir.
Bu radiostansiyalar sadəcə, milli tezliklərdə deyil, dünyanın bütün
sivil ölkələrində
olduğu kimi, peyk, kabel şəbəkəsi
və internet vasitəsilə
yayımlanacaq. Xatırlatmaq
istərdim ki, bu radiostansiyalara FM tezliyi 2007-ci ildə bir il üçün xüsusi
razılıq (lisenziya)
verilmişdi. Bunun istisna
hal olduğu və müvəqqəti xarakter daşıdığı
da diqqətə çatdırılmışdı. İndi qalmaqal yaratmağa cəhd edən bəzi beynəlxalq ekspertlər yaxşı bilirlər ki, özlərinin vətənində, inkişaf
etmiş Avropa və Amerika dövlətlərində, MDB məkanında
xarici ölkələrə
məxsus teleradio yayımçılarının milli tezliklərdə yayımı neçə
illər əvvəl dayandırılıb. Ortaya
belə bir sual çıxır: həmin ölkələr
belə bir addımı atmaqla nə itiriblər?
Təəssüf hissi ilə bildirmək istərdim ki, Teleradio Şurasının
bir sıra digər qərarları kimi, xarici ölkə
yayımçıları ilə
bağlı son qərarını
da müəyyən dairələr narazılıqla
qarşılayıb. "Kanal-D", STV, ORT və
RTR-in milli tezliklərdə
yayımı dayandırılan
zaman müşahidə
olunan hay-küy bu dəfə də təkrarlandı.
Bəzi müxalifət dairələri
və xarici qaragüruhun dəyirmanına
su tökən bəzi qüvvələr
Teleradio Şurasının,
bütövlükdə Azərbaycan
hökumətinin ünvanına
hədyanlar yağdırmaqdadırlar.
Biz bunu qabaqcadan
bilirdik ki, mövqeyimiz bəzilərinin
mənafeyinə uyğun
gəlməyəcək, sağdan-soldan
tənqidə məruz
qalacağıq. Ancaq ona
əminik ki, biz müstəqil Azərbaycan
dövlətinin qanunlarını
həyata keçiririk.
Azərbaycanın efir
məkanında ilk olaraq
Rusiyanın "Radio-Rossiya"
və Fransanın
"Radio Frans" stansiyalarının
verilişləri dayandırıldı,
2007-ci ilin sentyabrında
"Azadlıq", "Amerikanın
səsi" və
"Bi-Bi-Si" radiostansiyalarına müvəqqəti olaraq
FM dalğası verildi.
Bu qurumlara bildirildi
ki, onların yayımı müvəqqəti
xarakter daşıyır.
Çünki dünya ölkələrində
milli tezliklər yalnız milli qurumlara məxsusdur. Sonradan məlum olduğu kimi, növbəti mərhələdə hər
üç radiostansiyanın
efir tezliyini geri aldıq.
Azərbaycanda son illər mühüm texnoloji yeniliklər baş vermişdir. İndi kabel
televiziyaları ölkənin
bütün regionlarını
əhatə edir.
İnternetin sürəti də
xeyli artıb. Deməli, yaranan texniki şərait bu kanalların daha intensiv yayımlanmasına
kömək edir.
Belə halda atdığımız
addımın azad sözə basqı kimi qiymətləndirilməsi
absurddur.
1994-cü ildən Amerika və Böyük Britaniyanın radiostansiyalarının
ölkəmizdə yayımlanmasına
hərtərəfli şərait
yaratmışıq. Amma bu qurumların rəhbərləri
istəyirlər ki, bu cür şərait
daimi davam etdirilsin. Niyə, nəyin hesabına?
Qərarımız qətidir, mövqeyimizdən
dönən deyilik.
Təklif olunan texniki
imkanlardan istifadə etsinlər. Dinləyicilər
özləri də seçim etməlidirlər,
amma təkrarlayıram:
milli tezliklər yalnız milli qurumlara aiddir.
Digər bir məsələ barədə də fikirlərimi bildirmək istərdim. Milli Teleradio Şurasının
qarşısında duran
ən mühüm vəzifələrdən biri
yayımçıların dövlət dilindən istifadə ilə bağlı qanunvericiliyin tələblərinə necə
əməl etməsinə
nəzarəti gücləndirməkdir.
Bununla bağlı bir sıra problemlərlə üzləşmişik. İlk vaxtlar
dövlət dilində
olan verilişlər telekanalların ümumi efir vaxtının təqribən 35-40 faizini təşkil edirdi. Bunu nəzərə alaraq
2003-cü ilin iyununda şura tərəfindən
"Azərbaycan Respublikası
ərazisində teleradio
yayımı sahəsində
dövlət dilindən
istifadənin təmin
edilməsi ilə bağlı xüsusi Qaydalar" tətbiq olundu. Bu qaydalara
görə, teleradio yayımçıları öz
verilişlərinin minimum 75 faizini dövlət dilində yayımlamalı
idilər. Təbii ki,
ilk vaxtlar bəzi telekanallar bu vəzifənin öhdəsindən
çətin gəlirdilər.
Amma tədricən işlər
yoluna qoyuldu. Qanun pozuntusuna yol verənlər isə inzibati qaydada cəzalandırıldılar. Şuranın 11 yanvar
2008-ci il tarixli qərarı ilə bəzi istisnalar nəzərə alınmaqla proqramların
tam həcmdə dövlət
dilində verilməsi
vəzifəsi qarşıya
qoyuldu. Şuranın bu qərarından
sonra rusdilli verilişlər, demək olar ki, tamamilə
efirdən yığışdırıldı.
Hər bir Azərbaycan tamaşaçısı Rusiya
və Türkiyə telekanallarına baxmaq imkanına malikdirlər və seçimdə sərbəstdirlər. Amma Azərbaycanın
efir məkanında dövlət dili dominantlıq etməlidir.
Biz bu barədə
telekanalların rəhbərləri
ilə dəfələrlə
söhbət aparmışıq
və iradlarımızın
tam şəkildə nəzərə
alınacağı ümidindəyik.
Həftə ərzində Azərbaycan
telekanallarında 17 teleserial
göstərilir. Bu filmlərin
təkrarı da müəyyən narahatlıq
doğurur. Məsələyə ifrat şəkildə yanaşma, rahat qazanc dalınca qaçmaq bu cür problem yaradır.
Teleradio Şurası da məsələni yoluna qoymaq üçün
sərt qərarını
verdi. Bunun əsl
günahını isə
telekanalların özlərində
axtarmaq gərəkdir.
Bu məsələ dəfələrlə müzakirə
olunub, şuranın qərarı birdən-birə
verilməyib.
Ölkə telekanallarında son vaxtlar
şou-biznesin meydan sulaması da bizi ciddi narahat
edir. Bu barədə Milli Məclis deputatlarının müraciətini
də almışıq.
İndi kanalların çoxu özlərini açıq-aşkar
şou-kanal, ən baxımlı kanal adlandırmaqdan belə çəkinmirlər. Bu, arzuolunmaz tendensiyaya çevrilib. ATV və digər kanallar öz məramlarına uyğun auditoriyaya da yiyələniblər. Hazırda monitorinq
aparırıq. Milli-mənəvi dəyərləri qorumayan,
əxlaqımıza zidd
verilişlər yayımlayan
telekanallar barədə
mövqeyimizi sərtləşdirəcəyik.
Bu məsələdə heç kimə güzəşt yoxdur.
Bəzi müğənnilər, özlərini
mədəniyyət xadimi
adlandıran qadınlar
7-8 dəfə ailələrini
dağıtsalar da, ailə müqəddəsliyindən
danışır, tamaşaçılara
əxlaq dərsi keçmək istəyirlər.
Bütün bunlar telekanal
rəhbərlərinin gözü
qarşısında baş
verir. Zənnimcə, bu tendensiya
telekanal rəhbərlərini
ciddi düşündürməlidir.
Biz isə bu
cür yolla qazanc əldə etmək istəyənlərə
qarşı daim qırmızı işıq
yandıracağıq.
Azərbaycan dünyaya açıq ölkədir. Biz beynəlxalq
aləmə sürətlə
inteqrasiya edirik. Baş verən dəyişikliklərin
yaxşılarının qəbul
edilməsi inkişafımıza
əsl köməkdir.
Lakin elə məsələlər,
problemlər var ki, onların televiziya ilə müzakirəsi Azərbaycan
ailələri üçün
qətiyyən məqbul
deyil. Təəssüf ki, bir sıra telekanallar milli mentalitetimizə uyğun gəlməyən
proqramların, teleserialların
təqdiminə rəvac
verirlər. Bəzi tamaşaçılar
isə milli maraqların qorunmasına xidmət edən Az.TV, İTV və "Xəzər" telekanallarındansa
tələb olunan prinsiplərə əməl
etməyən kanalları
izləməyə üstünlük
verirlər. Zənnimcə, ictimaiyyəti də narahat edən bu problem üzərində
ciddi düşünmək
lazımdır. Son vaxtlar efirdə azərbaycanlı aparıcıların
və dəvət olunanların bəzən rus dilində danışmalarına da təsadüf edilir. Amma unudulmamalıdır ki, Azərbaycanda yaşayan hər bir insan
- istər rus, istər ukraynalı, yəhudi olsun, hamısı Azərbaycan dilində danışmalıdır,
xüsusilə də azərbaycanlılar öz
ana dillərinə hörmət etməlidirlər.
Müğənnilərin, aktyorların ədəbazlıq
edib başqa dildə danışmasına
telekanalların rəhbərləri
yol verməməlidirlər.
Milli Televiziya
və Radio Şurası
ölkədə teleradio
yayımını tənzimləyən,
yayımçıların proqram siyasətində dövlətin və ictimaiyyətin maraqlarının
təmin olunmasına nəzarət edən və fəaliyyətində
tam müstəqil olan
dövlət qurumu kimi bundan sonra
da xalqımıza məxsus qədim və zəngin milli-mənəvi dəyərlərin
qorunmasına, Azərbaycanın
efir məkanının
saflaşmasına və
yalnız Azərbaycan
dövlətinin qəbul
etdiyi qanun və qərarların yerinə yetirilməsinə
səy göstərəcək.
Söhbəti yazdı:
Akif CABBARLI
Azərbaycan.-2009.-10 yanvar.-S.5.