Türkiyə Yunanıstan Azərbaycandan təbii qaz almaq istəyir

 

Sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, Azərbaycana Türkiyə və Yunanıstandan təbii qaz almaq istəmələri barədə təklif qəbul olub.

Türkiyədə çıxan "Zaman" qəzeti isə N.Əliyevə istinadən belə bir məlumat dərc edib ki, Azərbaycan tərəfi Türkiyə hökuməti ilə bununla bağlı saziş üzərində işləyir. Nazirin sözlərinə görə, hazırlanan sazişdə Azərbaycan qazının tranziti məsələsinə toxunulur. N.Əliyev bildirib ki, "Şahdəniz" yatağının işlənməsinin birinci fazası çərçivəsində Azərbaycan Gürcüstan və Türkiyəyə qaz verir. "İkinci fazanın reallaşması nəticəsində isə "Şahdəniz"də illik hasilat 14 milyard kubmetrə çatacaq. Bunun 3 milyard kubmetri daxili tələbatın ödənilməsinə yönəldiləcək. Qalan 11 milyard kubmetr isə ixrac olunacaq. Bu, Türkiyə və Yunanıstanın tələbatının ödənilməsinə tam kifayət edir. Elə buna görə də Azərbaycan adı çəkilən ölkələrdən təklif alıb. Hazırda məsələ Azərbaycan hökuməti tərəfindən baxılır" - deyə Natiq Əliyev qeyd edib. O, həmçinin əlavə edib ki, birinci mərhələdə Yunanıstan 1 milyard, sonra isə 3 milyard kubmetr Azərbaycan qazı ala biləcək.

 

 

Azərbaycan.-2009.-10 yanvar.-S.8.