Ümidlərin seçimi
BARAK OBAMA
Əzablı yollarla...
Tam adı Barak Hüseyn Obama olan ABŞ-ın yeni prezidenti 1961-ci il avqustun 4-də Havay ştatının paytaxtı Honolulu şəhərində dünyaya gəlib. Onun valideynləri Havay Universitetində tanış olublar. Atası qaradərili keniyalı Barak Hüseyn Obama ABŞ-a iqtisadiyyat üzrə təhsil almağa gəlib və burada gələcək həyat yoldaşı ağdərili Stenli Enn Danhemlə tanış olub. Barak kiçik olarkən atası təhsilini davam etdirmək üçün Harvarda yollanıb. Amma maliyyə çətinliyi ilə əlaqədar ailəsini özü ilə apara bilməyib. Oğlunun iki yaşı tamam olanda böyük Obama Keniyaya gedərək hökumət aparatında çalışmağa başlayır və elə həmin vaxtlar həyat yoldaşından boşanmaq barədə qərar qəbul edir. Böyük Barak Obama 1986-cı ildə avtomobil qəzasında həlak olur.
Barakın 6 yaşı olanda Enn Danhem ikinci dəfə ərə gedir. Bu dəfə o, İndoneziyadan olan tələbə ilə ailə qurur. Kiçik Obama anası və atalığı Lolo Soetoro ilə birlikdə İndoneziyaya gedir. 4 il burada yaşayan kiçik Obama paytaxt Cakartanın dövlət məktəblərinin birində təhsil alır. Bundan sonra Havaya qayıdaraq anasının vaildeynləri ilə birgə yaşamağa başlayır. 1979-cu ildə Obama Honoluluda özəl məktəbi bitirir. Bundan sonra Kolumbiya kollecində təhsil alır.
Obamanın karyerasının başlanğıc ili isə 1981-ci ilə təsadüf edir. Həmin vaxt Obama Kolumbiya kollecindən hüquq təhsili almaq üçün Harvard Universitetinə köçürülür. 1983-cü ildə bu universitetdə bakalavr dərəcəsi alan Obama Beynəlxalq Biznes Korporasiyasında işləməyə və ictimai işlərdə təcrübə toplamağa başlayır. Beynəlxalq Biznes Korporasiyasında o, maliyyə analitiki kimi çalışır və digər iri korporasiyalar üçün maliyyə və beynəlxalq biznes üzrə məqalələr, hesabatlar hazırlayırdı.
1985-ci ildə Çikaqoya gələn Obama növbəti üç il ərzində burada kilsə və ictimai təşkilatların fəaliyyətinin təşkil olunması üzrə xeyriyyə təşkilatında direktor vəzifəsində çalışır. Burada o, aztəminatlı insanların təhsili üçün dəyişikliklər edilməsi ilə bağlı layihələr, işsizlər üçün treninq proqramları və digər sosial layihələrin hazırlanması ilə məşğul olur. Bu zaman Çikaqo sənaye mərkəzindən iqtisadiyyatı yalnız xidmətə əsaslanan kasıb bir şəhərə çevrilməkdə idi və burada əsas etibarı ilə afroamerikalılar yaşayırdı. Obama bildirir ki, özünün ən yaxşı həyat təhsilini məhz burada çalışdığı zaman alıb. Buradakı fəaliyyəti zamanı ölkənin iqtisadi inkişafı, vətəndaşların fəallığının yüksəlməsi barədə fikirləri onun hələ gənc yaşlarında nüfuzunun sürətlə artmasına səbəb olmuşdu.
1988-ci ildə
Obama Harvard Universitetinin hüquq fakültəsinə qəbul
olunur və Hüquq Klubunun ilk qaradərili prezidenti
seçilir. 1990-cı
ildə həmin universitetin "Harvard Law Review" adlı
orqanının ilk qaradərili redaktoru olur.
Universitetdə oxuduğu illərdə
burada təhsil alan gələcək həyat
yoldaşı Mişellə
Vətəndaşlarla daim sıx ünsiyyətdə olan Obama 1996-cı ildə İllinoys ştatının Senatına seçilir. Burada onun fəaliyyətinin əsas istiqamətini sosial sferada, məktəb sahəsində islahatlar təşkil edirdi. O, 1997-ci ildən 2004-cü ilə qədər ştat Senatında Demokratlar Partiyasını təmsil edir. 2000-ci ildə Konqres seçkilərində namizədliyini irəli sürsə də, demokrat Bobbi Raşa uduzur. Bundan sonra həyat yoldaşı Mişel ona Senatda öz bəxtini sınamağı məsləhət görür. Mişelin məsləhətinə qulaq asan Obama ABŞ Konqresinin yuxarı palatası olan Senata İllinoys ştatından namizədliyini irəli sürür. Praymerizlərdə altı rəqibi üzərində inamlı qələbə çalır. 2004-cü il iyulun 29-da seçkiqabağı kampaniya gedişində Demokrat Partiyasının qurultayında müraciətlə çıxış edir. Həmin vaxt televiziya ilə yayımlanan bu çıxış Obamaya çox böyük şöhrət gətirir. Çıxışında isə Obama Amerika cəmiyyətini öz köklərinə qayıtmağa və ABŞ-ı yenidən "açıq imkanlar ölkəsi etməyə" çağırırdı. Nəticədə Obama Senata seçkilərdə respublikaçı Alan Keyslə müqayisədə 70 faiz çox səs toplayaraq ABŞ tarixində 5-ci qara dərili senator olur. Obamının həmin vaxt qalib gəlməsinə səbəb alovlu çıxışları, ölkənin ümumi yüksəlişi naminə səylərin birləşdirilməsi barədə fikirləri, sadə insanlarla asan dil tapması olur.
2008-ci ildə Barak Obama Demokratlar Partiyasının Denver qurultayında ABŞ prezidentliyinə namizəd göstərilir. Obama iki kitabın müəllifidir. 1995-ci ildə "Atamın arzuları" memuarı, 2006-cı ildə isə "Ümid cəsarəti" adlı kitabı nəşr olunub.
Prezidentliyə
gedən yol
Hələ senator kimi fəaliyyət göstərərkən Obama mətbuatda özünə qarşı rəğbət oyada bilmişdi. Vaşinqtonda sayılıb-seçilən siyasi fiqurlar sırasına daxil olan Obama haqqında 2006-cı ildə prezidentliyə əsas namizədlərdən biri olacağı haqqında məlumatlar dolaşmağa başlamışdı. 2007-ci ilin fevralında Demokratlar Partiyasından prezidentliyə favorit namizədlər siyahısında Obama Hillari Klintondan sonra ikinci yerdə gəlirdi. Həmin ilin yanvarında isə prezident seçkilərində iştiraka hazırlıq barədə Obama artıq özünün qiymətləndirmə komitəsini yaratmışdı. Ancaq bu vaxtlar Obamanın ünvanına bir sıra sərt ittihamlar səslənməyə başladı. Mətbuatda yayılan informasiyalara görə, Obama İndoneziyada olarkən, radikal vəhabi sektasının müəllimləri tərəfindən dərs deyilən mədrəsələrin birində təlim alıb. Bu ittihamlar təkzib olunsa da, Obamanın obrazına təsirsiz keçmədi. Bununla belə 2007-ci il fevralın 10-da Obama İllinoys ştatının Sprinqfild şəhərində keçirilən mitinqdə ilk dəfə ictimai şəkildə prezidentlik uğrunda yarışa qoşulacağını açıqladı. Qələbə çalacağı təqdirdə isə 2009-cu ilin martına qədər Amerika qoşunlarını İraqdan çıxaracağını bildirdi. Bundan cəmi üç gün sonra Ayova ştatında keçirilən mitinqdə Obama prezident Corc Buşun İraq siyasətini tənqid edərkən burada həlak olan Amerika əsgərlərinin həyatının əbəs yerə puç olduğunu bildirdi. Bu ifadəyə görə ciddi tənqid atəşinə məruz qalan Obama sonradan fikirlərini doğru ifadə etmədiyini etiraf etməli oldu.
Elə bu vaxt "Dream Works" kinoşirkətinin əsasını qoyanlardan biri olan Devid Qeffin Obamanı dəstəklədyini və Hillari Klintonun ölkənin çətin anlarında amerikalıları birləşdirmək qabiliyyətində olmadığını bildirməsi qaradərili namizədin siyasi həyatında ciddi dəyişikliyə yol açdı. Belə ki, Qeffinin Hollivudun məşhur simalarını Obamaya maliyyə və digər növ dəstək verməyə çağırması, bu məqsədlə kampaniya təşkil etməsi Obamanın seçki qərargahının hesabına elə ilk mərhələdəcə böyük miqdarda vəsaitin - milyonlarla dolların yığılmasına səbəb oldu. Qeffinin Hillarinn əleyhinə çıxması Demokratlar arasında Obamanın nüfuzunu sürətlə artırmağa başladı. İlk mərhələdə Obamanı Demokratların 15 faizinin dəstəklədiyi məlum oldu. Həmin vaxtlar Hillari Klintonu müdafiə edənlərin sayı isə 42 faiz təşkil edirdi. Ancaq bundan cəmi 5 ay sonra Obama ilə Hillari arasında fərq cəmi 3 faiz təşkil etdi.
Ümumiyyətlə isə Demokratlar Partiyasının seçkilərdə əsas namizədinin müəyyən olunması üçün Hillari ilə onun arasında olduqca gərgin rəqabət yaşanıb. Əslində bu rəqabətin Hillari ilə Cozef Bayden arasında yaşanacağı gözlənilirdi. Lakin Obamanın irəli çıxması sonda Baydenin əsas namizəd olmaq üçün apardığı kampaniyanı yarımçıq qoyması ilə nəticələndi. Hillari isə bütün kampaniya boyu Obamaya qarşı ən müxtəlif ittihamlar səsləndirir, onu Amerikanı qorumaq, çətin anlarda qəti qərarlar vermək qabiliyyətində olmamaqda günahlandırırdı. Ancaq ştatlarda keçirilən praymerizlər sadə əhalinin Obamanı dəstəklədiyini göstərdi və bu səbəbdən ötən il iyun ayının 7-də Hillari seçkiqabağı kampaniyadan getdiyini rəsmən açıqlayaraq Obamanın namizədliyini dəstəklədiyini bildirdi.
Bundan sonra onu daha ağır sınaq - Respublikaçı rəqibi Con Makkeynlə gərgin rəqabət gözləyirdi. Ancaq əsas namizədlər arasında gedən teledebatlarda dəstək məqsədilə göndərilən mesajlar Obamanın əhali tərəfindən dəstəkləndiyini göstərdi.
Obama niyə
qalib gəldi?
"Bəli, biz bacarırıq" şüarı ilə seçkidə qalib gələn Obamanın tərəfdarları onun amerikalıların sosial problemlərini həll edəcəyinə böyük ümid bəsləyirlər. Amerikada yaşayan və Obamanın əsas seçki elektoratından sayılan afroamerikalılar isə yeni prezidentin sayəsində onlara əlavə üstünlüyün yaradılacağına, təhlükəsizliklərinin daha yaxşı şəkildə təmin olunacağına ümid edirlər. Qaradərililər təkcə onların yox, digər bütün irqi nümayəndələrin həyat şəraitinin məhz Obamanın fəaliyyəti nəticəsində yaxşılaşacağını düşünürlər. Onların fikrincə, Obama Amerika cəmiyyətində hələ də rast gəlinən irqçilik probleminin həllində əsaslı dönüş yaradacaq. Obamanın seçki qərargahının fəallarından olan Mişel Luzan bununla bağlı demişdir: "Dünyada, eləcə də ABŞ-da hələ də irqçilik probleminin olması biabırçılıqdır. Biz bunu həll edəcəyik".
Uşaqlıqdan isə Obama özünü irqi çərçivədən azad insan hesab edirdi: "Atamın arzuları" kitabında gələcək prezident yazırdı: "Atamın qara, anamın isə ağ olması mənim dünyagörüşümdə praktiki olaraq hər hansı formada öz əksini tapmamışdı".
Amerikalıların Obamadan həllini istədiyi digər bir məsələ isə minimal əməkhaqqının qaldırılması, tibbi sığortanın qiymətinin hamı üçün əlçatan edilməsidir. Obamanın bəzi seçiciləri Amerikanın beynəlxalq nüfuzunun bərpası üçün ona səs verdiklərini etiraf edir. Bəziləri isə Amerikanın xarici siyasətinin məhz Obamanın fəaliyyəti nəticəsində dəyişəcəyinə, İran, Kuba kimi ölkələrlə problemlərin danışıqlar masası arxasında çözüləcəyinə inanır.
Obamanın qalibiyyətini təmin edən digər mühüm bir məqam isə onun insanlarla işləmək bacarığıdır. ABŞ-ın yeni prezidentinin seçki komandasına daxil etdiyi şəxslərin çoxu Çikaqonun kasıb rayonlarından seçilmişlər olub. Obamanın seçki komandası təkcə katolik, yəhudi qrupları, universitet elitası ilə yox, həm də ayrı-ayrı fərdlərlə işləyib. Barak Obamanın komandası kimi heç kəs internetdən seçki zamanı belə effektiv faydalanmayıb. Fərdlərə göndərilən elektron məktubların, SMS-lərin sayı milyonlarla olub.
Obama seçki kampaniyasını maliyyələşdirmək üçün vətəndaşların verdiyi 5, 10 dollarlıq ianələri də böyük məmnuniyyətlə qəbul edib. Minlərlə könüllü isə Obamanın seçki kampaniyasında pulsuz çalışmağa razılıq verib.
Kampaniya dövründə də Obama bildirdi ki, ölkənin idarə edilməsində ənənəvi Vaşinqton üslubu dəyişməli və müxtəlif irqə, sosial statusa, ideoloji baxışa malik vətəndaşlar ölkənin rifahı naminə birləşməlidir: "Liberal və mühafizəkar Amerika yoxdur, sadəcə, ABŞ var. Qara Amerika, ağ Amerika, latın Amerikası, Asiya Amerkası yoxdur, yalnız ABŞ var".
Elə bu şüarlar da sonda Obamanın Makkeyn üzərində inamlı qələbə çalması ilə nəticələndi.
Azərbaycanda olmuş
ilk Amerika Prezidenti
Obama 2005-ci ilin avqust ayında ABŞ senatorlarının qrupunda Bakıda rəsmi səfərdə olub və avqustun 31-də Prezident İlham Əliyevlə görüşüb. Görüşdə senatorlar Luqar və Obama Əfqanıstan və İraqda ABŞ-la birgə fəaliyyət göstərdiyi üçün Azərbaycan Prezidentinə xüsusi minnətdarlıq da ifadə edib. Azərbaycanda gedən dinamik inkişafa görə Prezident İlham Əliyevi təbrik edən senatorlar ABŞ-ın ölkəmizlə əməkdaşlığını daha da genişləndimək marağında olduğunu bildirmişlər. Həmin vaxt senator Riçard Luqarın rəhbərliyi altında nümayəndə heyətinin tərkibində Azərbaycana səfər etmiş Barak Obama bu səfərin yekunlarına dair mətbuat konfransında da iştirak edib.
"Hyatt Regency" otelində keçirilən mətbuat konfrasında Luqarla yanaşı Obama da o dövr parlament seçkiləri ərəfəsində Azərbaycanda seçkiqabağı vəziyyətlə bağlı müsbət fikirdə olduğunu bildirmişdi. Amerikalı senatorlar parlament seçkilərinin demokratik keçiriləcəyinə də inandıqlarını vurğulamış, xüsusən də namizədlərin qeydiyyatı ilə bağlı məsələlərdən daha çox razılıq ifadə etmişdilər. Obama Azərbaycan Prezidentinin seçki praktikasının təkmilləşdirilməsinə dair 2005-ci il mayın 11-də imzaladığı sərəncamı yüksək qiymətləndirmişdir.
Barak Obama ilə Azərbaycan Prezidenti arasında ikinci görüş 2006-cı ilin aprelində olub. Həmin il aprelin 26-da Prezident İlham Əliyevin iştirakı ilə ABŞ Konqresində qapalı görüş keçirilib. Bu görüşdən əvvəl isə Prezident İlham Əliyev yenə də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Riçard Luqar və senator Barak Obama ilə görüşüb.
Kahinlər
Obama haqqında
ABŞ-da 11 sentyabr terror hücumlarının olacağını 12 il əvvəldən xəbər verən məşhur bolqar kahin Vanqa ölümündən öncə Obama barəsində aşağıdakı kəhanəti bildirmişdir: "ABŞ-ın 44-cü prezidenti qaradərili olacaq. Bu, Amerikanın görəcəyi son qaradərili lideri olacaq. Çünki qaradərili liderin hakimiyyətə gəlməsindən az sonra ölkə böyük iqtisadi böhran yaşayacaq. Şimali və cənubi əyalətlər arasında anlaşılmazlıq meydana gələcək. İndoneziya qarışacaq. Bütün bunlar III Dünya müharibəsinin başlanmasına səbəb olacaq. Dünya müharibəsində ilk dəfə olaraq atom bombasından istifadə ediləcək".
Amerikalı kahin Leland Friborn isə bildirir ki, Obama andiçmə mərasimindən əvvəl öldürüləcək və bu, ABŞ-da üsyanlara yol açacaq. Kahinin sözlərinə görə, Amerikada yaranan bu durumdan istifadə etməyə çalışan Rusiya ABŞ-a qarşı nüvə hücumu edəcək, beləliklə də dünyada qiyamət qopacaq, 100 milyon amerikalı həyatını itirəcək.
Prezident seçilməzdən əvvəl isə İran mətbuatı Obama haqqında bir sıra maraqlı məlumatlar yayıb. "Mehdinin xəbərçisi" İnternet portalında bununla bağlı yazılıb ki, Obama "böyük savaşçıdır". Portalda 17-ci əsrdə yazıldığı bildirilən "Bahar əl-Ənvər" adlı kitaba istinadən Həzrəti Əlinin dediyi bu sözlər sitat gətirilir: "Qiyamətə az qalmış uzun boylu, qara bir kişi Qərbdə iqtidarı ələ keçirəcək, dünyanın ən böyük ordusuna əmr edəcək, üçüncü imamdan (Həzrəti Hüseyn) işarələr daşıyacaq, şiələr onun bizdən olmasına şübhə etməsinlər".
Maraqlıdır ki, İranda hələ də bir çox insan Obamanı "Böyük xilaskar" adlandırır. Barak adının mənası isə fars dilində müqəddəs deməkdir. Yenə də fars əlifbası ilə O-BA-MA sözü hecalara ayrılanda "O bizdən biri" mənasını verir. Ancaq hələ seçki kampaniyası dövründə müsəlman olmadığını göstərmək üçün Obama bir dəfə də olsun ABŞ-dakı məscidlərin birinə baş çəkməyib.
Keniyalılar Ağ evdə
olmaq istəyir
Barak Obamanın ata tərəfdən Keniya müsəlmanı olması səbəbindən onun dünyanın ən qüdrətli dövlətinin başına gəlməsi burada hələ də böyük ümidlərin yaşanması ilə müşayiət olunur. İndi keniyalılar səbirsizliklə Obamanın rəsmi fəaliyyətə başlayacağı günü gözləyir. Keniyalıların bir çoxu, özəlliklə Obamanın qohumları artıq Ağ evin onların üzünə açıq olduğunu bildirir. Obamanın afroamerikalı Erik Holderi ədliyyə naziri təyin etməsi onların ümidini bir qədər də artırıb. Keniyanın bir çox bölgəsində yeni doğulan uşaqlara prezident Obamanın və onun xanımının adını (Mişel) verirlər.
"The Times" qəzetinin yazdığına görə isə britaniyalılar Barak Obamanın babasını Keniyanın müstəqilliyi uğrunda mübarizə dövründə həbsxanaya salaraq ona işgəncə veriblər. Prezidentin ata babası Hüseyn Onyanqo Obama İkinci Dünya müharibəsindən sonra britaniyalı zabitin yanında aşpaz işləyib və eyni zamanda müstəqillik uğrunda mübarizədə iştirak edib. Onun üçüncü həyat yoldaşı Sara Onyanqo bildirib ki, britaniyalılar 1949-cu ildə Hüseyni həbs edərək iki il həbsxanada saxlayıblar.
İngilis əsgərləri Hüseyn Obamanı həbs edərək onu paytaxt Nayrobi yaxınlığındakı Kamiti həbsxanasına aparıblar. Sara Onyanqo həmin ərazini "ölüm düşərgəsi" adlandırır. Çünki bu düşərgədə xeyli dustaq ölüb. Üsyançılar barədə məlumat almaq üçün Obamanın babasına da işgəncə veriblər: "Ağ əsgərlər mühafizədəki afrikalılara tapşırmışdılar ki, hər gün səhər onu döysünlər". 87 yaşlı Sara bildirib ki, ağ əsgərlər hər 2-3 gündən bir həbsxanaya baş çəkərək "intizamı" yoxlayırmışlar: "O deyirdi ki, bəzən onun cinsi orqanlarını dəmir alətlərlə sıxırmışlar. Bundan əlavə, onun dırnaqlarının altına iynə yeridirlərmiş. Bu zaman onu ayaqlarından asırlarmış, əllərini isə bağlayırlarmış". Barak Obama babasının həbsxanaya salınmasına özünün "Atamın arzuları" avtobioqrafik bestsellerində ötəri toxunub. O, kitabında qeyd edib ki, babasının günahsız olduğu sübuta yetirilib.
Afrika ölkəsi olan Keniya Böyük Britaniya müstəmləkəçiliyindən 1963-cü ildə qurtulub, 1964-cü ildə respublika elan olunub. 38 milyon əhalisi var. Onların 22 faizi kikuyular, 14 faizi luxyalar, 13 faizi luolar, 12 faizi klenjinlər, 11 faizi kambalar, 6 faizi kisiilər, 6 faizi merular, 15 faizi digər Afrika tayfaları, 1 faizi isə qeyri-afrikalılardır (hindular, ingilislər, ərəblər). Rəsmi dövlət dili ingilis və suxali dilləridir. Əhalinin 50 faizi müqəddəs bütlərə sitayiş edir, 40 faizi xristian, 10 faizi müsəlmandır. Etnik qarşıdurmalardan əziyyət çəkən Keniyada orta ömür 56 yaşdır.
Obamanın gözə
görünməyən məziyyətləri
ABŞ-ın yeni seçilmiş Prezidentinin bir çox gizli maraqlı tərəfləri də var. Məsələn, o, yazdığı "Atamın arzuları" adlı kitabın audioversiyası üçün 2006-cı ildə "Gremmi" mükafatı alıb. Obamanın bədii ədəbiyyatla da arası çox yaxşıdır. Yeni Prezidentin ən çox sevdiyi kitab isə Herman Melvilin "Moby-Disk" əsəridir. Harri Potter haqqında da bütün kitabları oxuduğunu bildirən Obama 2007-ci il ərzində xanımı Mişellə birlikdə yazdığı kitablardan gələn gəlir olmaqla, üst-üstə 4,2 milyon dollar qazanıb. Onun xoşladığı filmlər arasında isə "Kasablanka" və "Qu quşu" xüsusi yer tutur.
Obama idmanla, xüsusən də üzgüçülük və qaçışla məşğul olmağı çox sevir. İdmançı görünüşünə malik olan Obama bir vaxtlar tanınmış boksçu Məhəmməd Əlinin imzaladığı bir cüt qırmızı boks əlcəyinə sahib olmaq üçün xeyli əziyyət çəkməli olub.
Xarici görkəminə isə Obama daim xüsusi diqqət yetirib. Hələ prezident seçilməzdən əvvəl həftədə bir dəfə Çikaqodakı bərbəri Zarifin yanına gedərək saçını düzəltdirməyi çox xoşlayıb. "Hart Schaffner Marx" firmasının istehsalı olan kostyumlara və qararəngli ayaqqabılara üstünlük verir. Yeni Prezidentin incəsənətlə də arası pis deyil. Onun ən çox sevdiyi rəssam Pablo Pikassodur.
Seçkidə qələbə qazanacağı təqdirdə siqareti tərgidəcəyini bildirsə də, hələ də buna əməl etmir. Ağ evdə isə siqaret çəkməyə artıq qadağa qoyulub və Obama bu qadağaya əməl edəcəyini bildirib. ABŞ-ın yeni prezidentinin iştahı da pis deyil. Özünün dediyinə görə ən çox sevdiyi yemək xanımı Mişelin bişirdiyi "karides linguini"dir. Obama haqqında digər maraqlı fakt isə İndoneziyada yaşadığı vaxt ilan əti və çəyirtkə yeməsidir.
İspanca səlis danışan Obama senator olduğu müddətdə Senatda oturduğu kreslo bir zamanlar Robert Kennediyə məxsus olub. Uşaqlıqda ən çox memar olmaq istəyən Obamanın indi ən pis vərdişi elektron poçtuna gələn Emaillərinə daim baxmaq üçün əlində olan "Black-Berry"yı tez-tez nəzərdən keçirməsidir. Hətta seçki kampaniyası dövründə bu ona ciddi iradlardan biri kimi tutulub. Kofe içməyi sevməyən Obama özünün etiraf etdiyi kimi, gənclik illərində marixuana daxil olmaqla, müxtəlif narkotiklərdən istifadə edib. Ətraf mühitə qarşı həssas olduğunu göstərmək üçün sahib olduğu "Chrysler" markalı avtomobili satıb, "Ford Escape Hybrid" alıb.
Həftədə 7 gün
işləyəcək komanda
Obamanın işləyəcəyi komandanın tərkibi də xüsusi maraq doğurur. O öz komandasına daha çox 42-ci prezident Bill Klintonun Administrasiyasında çalışan şəxsləri daxil edib. Lakin Obamanın komandasında indiki prezident Corc Buş Administrasiyasında yer alan şəxslərə də rast gəlmək mümkündür. Bununla belə Obamanın formalaşdırdığı hakim komandada yeni simalara da rast gəlmək mümkündür. 2001-2003-cü illərdə Senatın Xarici Siyasət Komitəsinə başçılıq edən və partiya seçkilərində Obamanın əsas rəqiblərindən biri olan Cozef Bayden ABŞ-ın yeni vitse-prezidentidir. Partiyadaxili seçkilərdə Obamanın ən ciddi rəqibi sayılan sabiq prezident Bill Klintonun həyat yoldaşı Hillari Klinton isə dövlət katibi postunu tutacaq. Prezident Administrasiyasının rəhbəri isə Bill Klintonun hakimiyyəti dövründə prezidentin müşaviri olan Ram Emmanueldir. Federal Ehtiyatlar Sisteminin Nyu-York şöbəsinə başçılıq edən Timoti Haytner isə maliyyə naziri olacaq. Robert Qeyts isə əvvəlki postunda, yəni müdafiə naziri vəzifəsində qalacaq. Fizika üzrə Nobel mükafatı laureatı Stiven Çu energetika naziri vəzifəsinə yüksəlib. Daxili işlər naziri vəzifəsinə isə Ken Salazar təyin olunub. Nümayəndələr Palatasının üzvü Hild Solis əmək naziri vəzifəsini icra edəcək. Respublikaçı konqresmen Rey Lahud isə nəqliyyat naziri təyin edilib.
Admiral, ABŞ Hərbi Hava Qüvvələrinin Sakit Okean komandanlığının keçmiş rəhbəri Dennis Bleyr Milli Kəşfiyyat İdarəsinin yeni direktoru vəzifəsini tutub. Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru vəzifəsi isə Leon Panettaya həvalə edilib. Ancaq ABŞ mediası Panettanı kəşfiyyat sahəsində təcrübəsiz olmaqda tənqid edir. Sabiq konqresmen Panetta Bill Klintonun hakimiyyəti dövründə icra aparatının rəhbəri vəzifəsində çalışıb.
Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri isə Ceyms Cons olacaq. Milli İqtisadi Şuranın rəhbəri Lourens Sammers də Bill Klintonun prezidentliyi dövründə 3 ilə yaxın maliyyə naziri işləyib. 1995-2002-ci illərdə Texas ştatının Dallas şəhərinin meri işləyən Ron Kerk isə ABŞ-ın ticarət nümayəndəsi olacaq. Kiçik Biznes İdarəsinin yeni rəhbəri Karen Mills isə maliyyəçidir, əvvəllər investisiya məsələləri ilə məşğul olub. Corc Buşun milli təhlükəsizlik məsələləri üzrə müşaviri olan Süzan Ray isə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olacaq.
Barak Obama bildirib ki, onun administrasiyası Amerikanın dünyada elm və texnologiya sahəsində liderliyini bərpa edəcək. Obama prezidentin elm və texnologiya sahəsində müşavirlər şurasının sədrliyinə Con Holdren, Harold Varmus və Erik Landeri təyin edib. Energetika və təbiət dəyişiklikləri məsələləri üzrə prezidentin məsləhətçisi isə Kerol Brauner olacaq. O, Bill Klintonun prezidentliyi dövründə Prezident Administrasiyasında ətraf mühitin mühafizəsi agentliyinə rəhbərlik edib.
Barak Obamanın ticarət naziri vəzifəsinə təyin etdiyi Nyu-Meksiko qubernatoru Bill Riçardson isə sonradan bu postdan imtina edib. Riçardsonun istefasına səbəb Nyu-Meksikoda bizneslə məşğul olan və yerli hökumətlə əməkdaşlıq edən şirkətində yoxlamaların aparılması olub. Barak Obama istefanı böyük təəssüflə qəbul etdiyini və inauqurasiya mərasiminə qədər Bill Riçardsonu hökumətin tərkibinə daxil edəcəyinə ümidvar olduğunu bildirib. Qeyd edək ki, Bill Riçardson Klinton administrasiyasında energetika naziri vəzifəsində çalışıb, bundan əvvəl isə ABŞ-ın BMT-də daimi nümayəndəsi vəzifəsini icra edib.
Sadə amerikalıları daha çox maraqlandıran məsələ isə Obamanın və onun yeni komandasının ABŞ-ı və dünyanı bürüyən qlobal iqtisadi böhrandan necə xilas edəcəyidir. Obamanın fəaliyyətə başladığı dövr isə bu fonda olduqca çətin bir mərhələyə təsadüf edir. Təkcə ötən ay ABŞ-da işsizlik səviyyəsi 7,4 faiz artıb və yarım milyon insan iş yerini itirib. Əmək Nazirliyinin hesablamalarına görə, ABŞ iqtisadiyyatının geriləməsi ötən il ərzində 2,6 milyon iş yerinin bağlanmasına səbəb olub. Obama isə bu göstəricinin Vaşinqtonun ciddi ölçülər götürməsinin vacibliyini göstərdiyini bildirib. Onun sözlərinə görə, bu statistik göstəricilərin arxasında real həyatlar, real iş yerləri və real iztirablar durur.
Bu arada Barak Obama ölkə iqtisadiyyatının dircəlişinə və infrastrukturun yenidən qurulmasına dair öz planlarını açıqlayıb. Onun planı olduqça iddialıdır. Bu plan 800 milyard dollar məbləğində vəsait tələb edir. Obama özü isə planı ilə bağlı qeyd edir: "Bizi gələcəyə aparan iqtisadiyyatı qurmaq üçün Amerikanı yenidən qurmağa başlamalıyıq". Onun sözlərinə görə, bu plana tələb olunan 800 milyard dolların əsas hissəsi işləyən amerikalılar üçün verginin azalmasına, yeni iş yerlərinin yaradılmasına, iqtisadi artıma xərclənəcək.
Barak Obama eləcə də yeni, daha təsirli enerji sisteminin yaradılmasını, təmiz enerji istehsalının ikiqat artırılmasını, İnternetə sürətli çıxışın genişləndirilməsini, elmi və texnoloji araşdırmalara sərmayələr yatırılmasını təklif edib. O, bütün spektrlərdən olan siyasi liderləri onunla birgə, özünün ifadə etdiyi kimi, gecə-gündüz, həftədə 7 gün işləməyə çağırıb: "Bizim fəaliyyətsiz dayandığımız hər bir gün daha çox amerikalıların öz iş yerlərini itirəcəyi deməkdir. Əgər fəaliyyətsiz qalsaq, daha çox Amerika ailələri öz əmanətlərini itirər, arzular puca çıxar, ölkəmiz dərin böhrana qərq olar".
İlk qaradərili
birinci xanım
1992-ci ildə ailə həyatı qurmuş Obamanın ixtisasca hüquqşünas olan həyat yoldaşı Mişelin qızlıq soyadı La Von Robinsondur. O, 1964-cü il yanvarın 17-də Çikaqoda doğulub. Atası su boruları çəkməklə məşğul olan şirkətdə çalışıb, anası isə evdar qadın olub. Ailəsi haqda Mişel bunları bildirir: "Ailənin başçısı, qazanc gətirən əli atam idi. O, həmişə bizim dayağımız, bizim qəhrəmanımız olub. Amma ailəmiz öz möhkəmliyinə və xoşbəxtliyinə görə anamın sevgisinə minnətdar olmalıdır. Atam evdə olmayanda o, qardaşımla bizim aramızda oturur və bizə nəvaziş göstərirdi".
1981-ci ildə Prinston Universitetinin sosiologiya fakültəsinə daxil olub və 1985-ci ildə bakalavr pilləsini fərqlənmə ilə başa vurub. Mişelin dissertasiyasının adı belə olub: "Prinstonda təhsil alan qaradərililər və qaradərili cəmiyyətlər". Dissertasiyada o, Prinstonu bitirən qaradərili tələbələrin sonrakı vəziyyətini araşdırmışdı. Sonra Mişel təhsilini Harvard hüquq məktəbində davam etdirib və 1988-ci ildə hüquq doktoru dərəcəsini alıb.
Mişelin birinci iş yeri
"Sidli Ostin" hüquq firması olub. Mişel
hüquq şirkətində öz missiyasını bitmiş
hesab edəndən sonra Çikaqo meri Riçard Deylinin
köməkçisi olub. 1993-cü ildən
o özünü qeyri-kommersiya işlərinə həsr edib.
1996-cı ildə Çikaqo Universitetinin
dekanının köməkçisi vəzifəsinə yiyələnib.
2002-ci ilə qədər Mişel Obama
Çikaqo Universiteti nəzdindəki Akademik Tibbi Mərkəzin
ictimai işlər üzrə icraçı direktoru olub.
2005-ci ildən bəri isə ictimai işlər
və xarici siyasət məsələləri üzrə vitse-prezidentdir.
Prezident
seçildiyi məlum olduqdan sonra özünün ilk
çıxışında Barak Obama bu qələbə
üçün həyat yoldaşı Mişelə borclu
olduğundan söz açaraq, onu ailənin dayağı
adlandırıb. Barak Obamaya müsahibələrindən birində belə
sual vermişdilər: "Siz nəyi bilmirsiniz və onu necə
öyrənəcəksiz?" O, isə belə cavab
vermişdi: "Bilmədiklərim şeylər barədə
xanımım Mişel sizə uzun bir siyahı təqdim edə
bilər. Mən çox vaxt bilmədiklərimi
ondan öyrənirəm".
Amerikada nəşr edilən
"People" əyləncə jurnalının redaktoru Qalina
Espinoza deyir ki, Mişel Obama özündə Hillari Klintonun
intellekti ilə Lora Buşun ecazkarlığı və sadəliyini
birləşdirir. Mişel Obama özü bildirir ki, Ağ evdə
ali baş ana vəzifəsini icra edəcək,
7 və 10 yaşlarında olan qızlarının təhsilinə
böyük diqqət ayıracaq. Qızlarının tərbiyəli
və başqalarının dərdlərinə qarşı həssas
olması isə onu çox sevindirir: "Həmişə istəmişəm
ki, qızlarım sevməyi bacarmaqda və həssaslıqda
anama oxşasınlar".
Mişel ərinin
istər konqres, istərsə də prezident seçkilərində
etdiyi çıxışların mətnlərinə daim əl
gəzdirib, bəzən isə onları özü
hazırlayıb. Prezident seçkiləri ilə
bağlı aparılan təbliğatda Baraka qarşı rəğbət
oyadılmasında Mişelin rolu böyük olub. Belə
təbliğat kampaniyalarının birində Mişel qeyd
edirdi: "Əgər ərim çox işləsə,
çox şey eləyə biləcək. O, dünyanı dəyişməyə
qadir olan bir adamdır. Və o vaxt mən ona deyəcəm: sən
hələ çox şeyə nail olacaqsan!".
Özü haqda Mişelin daha bir maraqlı etirafı isə
belədir: "Əgər Barak indiyə qədər mənə
dözə bilibsə, o, hər şey eləyə bilər!". ABŞ-da çıxan
çox məşhur moda dərgiləri artıq neçə
illərdir Mişel Obamanın geyimi, dəbə münasibəti,
incə dəb duyumu haqda yazılar dərc edir. O, dəfələrlə
ilin ən dəblə geyinən qadını kimi
jurnalların üz qabığına çıxıb. Sadə geyinməyi sevən Mişel sifarişlə
paltarlar tikdirməyi xoşlamır və bahalı geyimlərdən
uzaq durmağa çalışır. Üslubu
çox incə və müasir olsa da, geyindiyi paltarlar sadə
olur. Özü bununla bağlı qeyd edir:
"Paltarın qiymətli, bahalı olması heç vaxt mənim
üçün maraq kəsb eləməyib. Çalışıram
ki, orta statistik afroamerikalı kimi geyinim - şən, sadə, əlvan".
Yaxşı ana, eyni zamanda ictimaiyyətçi
olan Mişelin indi onun birinci xanım missiyasının öhdəsindən
necə gələcəyi isə zamanla məlum olacaq.
Qeyd edilənlər
hələ prezident kimi fəaliyyət göstərməyən
bu günün Barak Obamasının obrazıdır. Dünyanın
ən nəhəng dövlətinin rəhbəri kimi Barak
Obamanın hansı xarakteristika ilə yadda
qalacağını zaman göstərəcək. Bu mənada dünya müsəlman əsilli, katolik mənsəbli,
qaradərili Obamanın prezident səlahiyyətlərinin icra
dönəmini səbirsizliklə gözləməkdədir.
Rasim BAYRAMOV
Azərbaycan.-2009.-11
yanvar.-S.3-5.