Jurnalistlər "Azad söz" təşəbbüs
qrupunda birləşdilər
Azərbaycan
Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə
əlaqədar 2009-cu il martın 18-nə müəyyənləşdirilən
ümumxalq səsverməsi - referendumla əlaqədar jurnalistlərin
təşəbbüs qrupunun yaradılması ilə
bağlı dünən "Space" telekanalında
toplantı keçirildi. Məlumat üçün bildirək
ki, respublikanın ayrı-ayrı kütləvi informasiya vasitələrində
çalışan 2000 jurnalist birləşərək təşəbbüs
qrupunun yaradılması ilə bağlı nümayəndələr
seçiblər. Yanvar ayının 5-8-i arasında 12 ilkin təşəbbüs
qrupunun iclası keçirilib, həmin qruplara 10 nəfərə
1 nəfər rəhbər olmaqla namizəd irəli
sürülüb.
Toplantıya sədrlik
edən "Azərbaycan" qəzetinin baş redaktoru, Milli
Məclisin deputatı Bəxtiyar Sadıqov bildirdi ki, toplantının
gündəliyində 4 məsələ - martın 18-də
keçiriləcək referendum üzrə təşviqat
qrupunun yaradılması məqsədilə referendum təşəbbüs
qrupunun formalaşdırılması və
adlandırılması, təşəbbüs qrupunun səlahiyyətli
nümayəndələrinin təyin edilməsi, bu qrupun səlahiyyətli
nümayəndələrinə təşəbbüs qrupu
adından notariat qaydasında təsdiq edilmiş vəkalətnaməni
imzalamaq hüququnun verilməsi, qrupun yaradılması barədə
bildirişlə Mərkəzi Seçki Komissiyasına
müraciət edilməsi məsələləri daxil edilib.
Bəxtiyar Sadıqov
bildirdi ki, Konstitusiya ictimai münasibətləri tənzimləyən
qanunların və normativ-hüquqi aktların əsas
hüquqi istinad nöqtəsidir. Əsas Qanunun qüvvəyə
mindiyi 1995-ci ildən ötən 14 il müddətində cəmiyyətin
həyatında fundamental dəyişikliklərin baş verməsi
- sosial-iqtisadi sahədə həlledici uğurların əldə
olunması, demokratikləşmə, insan hüquq və
azadlıqlarının təminatı istiqamətində
prinsipial tədbirlərin görülməsi, iqtisadi və
siyasi islahatların paralel şəkildə gerçəkləşdirilməsi
Konstitusiyaya zamanın tələbi ilə səsləşən
bir sıra əlavə və dəyişikliklərin edilməsini
zərurətə çevirib. Milli Məclisin deputatı
vurğuladı ki, "Azərbaycan Respublikası
Konstitusiyasına əlavə və dəyişikliklər
edilməsi haqqında" Referendum Aktının ictimai
müzakirəyə çıxarılması obyektiv
reallıqdan irəli gəlib, təklif olunan mütərəqqi
dəyişikliklər Milli Məclis tərəfindən dəstəklənib.
Konstitusiya Məhkəməsinin rəyi, Milli Məclisin qərarı
ilə ümumxalq referendumuna çıxarılan bu əlavə
və dəyişikliklər mahiyyətcə Əsas Qanunun da
təkmilləşdirilməsinə, insan və vətəndaş
hüquq-azadlıqları ilə bağlı prinsipial əhəmiyyətli
məsələlərin sənəddə daha dolğun ifadəsini
tapmasına xidmət etməklə yanaşı,
liberallığı, demokratik səciyyə
daşıması ilə seçilir.
"Azərbaycan" qəzetinin
baş redaktoru qeyd etdi ki, Konstitusiyaya təklif olunan əlavə
və dəyişikliklərin mühüm bir qismi Azərbaycan
dövlətinin insan və şəxsiyyət amilini yüksək
tutaraq yeritdiyi sosialyönümlü siyasət
strategiyasının daha dolğun, hərtərəfli ifadəsinə,
vətəndaşların bu sahədə hüquq və səlahiyyətlərinin
genişləndirilməsinə xidmət edir. Onun sözlərinə
görə, təklif olunan 29 əlavə və dəyişikliklərin
böyük qismi məhz insan hüquq və
azadlıqlarının daha yüksək səviyyədə təminatı
ilə bağlı olduğundan, cəmiyyətdən də
ciddi dəstək alır. Bəxtiyar Sadıqov son günlər
respublikanın paytaxtında və bölgələrində
referendumla əlaqədar çoxsaylı təşəbbüs
qruplarının yaradılmasını da məhz bu dəstəyin
bariz təcəssümü kimi dəyərləndirdi.
Jurnalistlərin hər
zaman ölkədə cərəyan edən ictimai-siyasi proseslərin
önündə getdiyini deyən Bəxtiyar Sadıqov
referendumla əlaqədar onların da üzərinə
mühüm vəzifələrin düşdüyünü
vurğuladı. "Azərbaycan" qəzetinin baş
redaktoru bildirdi ki, referenduma çıxarılan əlavə və
dəyişikliklərin əsil mahiyyətinin xalqa hərtərəfli,
dolğun şəkildə çatdırılması, bu sahədə
obyektiv ictimai fikrin formalaşması baxımından jurnalistlərin
üzərinə mühüm vəzifələr
düşür. Onun sözlərinə görə, xalqın
dəstəyindən tamamilə məhrum olmuş bəzi
müxalifət partiyaları və onların nəzarətində
olan qəzetlər referenduma çıxarılmış
mütərəqqi əlavə və dəyişikliklərin
mahiyyətini təhrif etməyə, əhalini
çaşdırmağa çalışırlar. "Bəzi
müxalifət qrupları Konstitusiyada əlavə və dəyişiklikləri
normal qarşılamırlar. Mən hesab edirəm ki, onlar bu dəyişikliklərin
mahiyyətini cəmiyyətə düzgün təqdim etmirlər.
Bununla da, cəmiyyətdə çaşqınlıq
yaradırlar" - deyən Bəxtiyar Sadıqov sözügedən
əlavə və dəyişikliklərin KİV vasitəsi
ilə cəmiyyətə düzgün
çatdırılmasının vacibliyini diqqətə
çəkdi. O, referendum ərəfəsində jurnalistlərin
təşəbbüs qrupunun yaradılmasını da bu
baxımdan xüsusi əhəmiyyətə malik olduğunu
qeyd etdi.
Tədbirdə
çıxış edən "525-ci qəzet"in baş
redaktoru Rəşad Məcid, "Səs" qəzetinin
baş redaktoru Bəhruz Quliyev, "Yeni Azərbaycan" qəzetinin
baş redaktoru Hikmət Məmmədov Konstitusiyaya təklif
edilən əlavə və dəyişikliklərin sosial tələbatdan
irəli gəldiyini, cəmiyyətin inkişaf tempinə
adekvat olduğunu vurğuladılar. Qeyd olundu ki, Konstitusiyaya təklif
olunan əlavə və dəyişikliklər
respublikamızda insan hüquq və azadlıqlarının
daha etibarlı təminatına yönəlib.
Müzakirələrdən
sonra toplantının gündəliyinə daxil olunan məsələlər
ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi. Təşəbbüs
qrupunun "Azad söz" adlandırılması ilə
bağlı təklif yekdilliklə qəbul olundu. Səsvermə
yolu ilə 21 nəfərlik qrupun tərkibi də təsdiqləndi.
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev
maliyyə məsələləri üzrə, "İki
sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə vəkalətlərin
imzalanması üzrə səlahiyyətli nümayəndə
seçildilər.
Toplantının sonunda
bildirildi ki, yaxın günlərdə "Azad söz" təşəbbüs
qrupu qeydiyyatdan keçmək üçün Mərkəzi
Seçki Komissiyasına rəsmi müraciət edəcəkdir.
S.ELMANOĞLU
Azərbaycan.-2009.-11 yanvar.-S.4.