"Tərəqqi"
referendumla bağlı
təbliğatda fəal
iştirak edəcəkdir
Azərbaycan
Respublikası Milli Məclisinin 26 dekabr 2008-ci il tarixli qərarına
əsasən, "Azərbaycan Respublikasının
Konstitusiyasına əlavə və dəyişikliklər
edilməsi üçün 2009-cu il martın 18-nə təyin
edilmiş ümumxalq səsverməsi"nin (referendumun)
keçirilməsi ilə əlaqədar təşəbbüs
qrupunu yaratmaq məqsədilə Binəqədi rayonunun Biləcəri
qəsəbəsində 150-dən çox ziyalının, gəncin,
ağsaqqalın və digər ictimaiyyət nümayəndələrinin
iştirakı ilə təşəbbüs qrupunun ilkin
iclası keçirilmişdir.
Toplantıda "Tərəqqi"
ilkin təşviqat qrupu yaradılmış və bu təşəbbüsə
qoşulmaq üçün digər qəsəbələrin
sakinlərinə müraciət qəbul olunmuşdur. Ötən
müddət ərzində respublikanın bir sıra şəhər
və kəndlərində, qəsəbələrdə də
ilkin təşəbbüs qrupunun toplantıları
keçirilmiş, referendum üzrə təşəbbüs
qrupunun yığıncağına nümayəndələr
seçilmişdir.
Dünən isə
müxtəlif təşəbbüs qruplarının
referendum üzrə birgə təşəbbüs qrupunun
yaradılması ilə bağlı toplantısı
keçirildi. Tədbiri giriş sözü ilə açan Qəsəbə
Bələdiyyələri Assosiasiyasının sədri
İlham Xəlilov bildirdi ki, Konstitusiyanın 29 maddəsinə
təklif edilən əlavə və dəyişikliklər cəmiyyət
tərəfindən irəli sürülən təşəbbüslər
əsasında formalaşıb. Bu təkliflər son illər
respublikamızda demokraktik proseslərin və vətəndaş
cəmiyyətinin inkişafında əldə edilən nailiyyətlərlə
əlaqədardır. İlham Xəlilov əlavə etdi ki, təşəbbüs
qrupunun əsas vəzifəsi həmin əlavə və dəyişikliklərin
aydın şəkildə seçicilərə
çatdrılmasından və bununla əlaqədar geniş
izahat işlərinin aparılmasından ibarətdir: "Təşəbbüs
qrupu maarifləndirmə və təbliğat işlərinin
aparılmasında da vacib rol oynayacaqdır".
Milli Məclisin
deputatı Rafael Cəbrayılov bildirdi ki, zaman keçdikcə
qanunun inkişaf edən, tərəqqi edən cəmiyyətlə
uyğunlaşdırılması normal hal kimi qəbul edilir. Buna
görə də zaman-zaman qanunlara əlavə və dəyişikliklər
edilir. Azərbaycan Respublikasının Konstitusiyasına da
zamanın tələbinə uyğun əlavə və dəyişikliklərin
edilməsi zərurəti yaranıb. R.Cəbrayılov qeyd etdi
ki, 1995-ci ilin 12 noyabrında Konstitusiyanın qəbulundan sonra
Azərbaycan böyük inkişaf yolu keçib.
Milli Məclisin
deputatı bildirdi ki, Konstitusiyaya nəzərdə tutulan əlavə
və dəyişikliklər Əsas Qanunun təkmilləşməsi
və cəmiyyətin demokratikləşməsi istiqamətində
olan yeniliklərdir: "Qanunun demokratikləşməsi, təkmilləşdirilməsi
dedikdə, orada insan hüquq və azadlıqlarının
genişləndirilməsindən söhbət gedir. Belə bir
şəraitdə dövlətin üzərinə həmin
hüquq və azadlıqların təminatı vəzifəsi
qoyulur". Rafael Cəbrayılov qeyd etdi ki hazırda irəli
sürülən təkliflər sırasında Konstitusiyada
olmayan belə bir müddəa var ki, respublikamızın
hüdudlarından kənarda yaşayan vətəndaşlar Azərbaycan
dövlətinin himayəsindən və köməyindən
istifadə etmək hüququna malikdirlər.
Milli Məclsin
deputatı əlavə və dəyişikliklərin bir
qisminin Konstitusiya üçün yeni olduğunu qeyd etdi:
"Uşaq hüquqları ilə bağlı Əsas Qanunda
müddəa yox idi. Düşünürəm ki, insan
hüquqlarının bütün dünya ölkələrində
aktual olduğu bir dövrdə Konstitusiyada uşaq
hüquqları ilə bağlı müddəanın
olmaması normal hal deyil". Rafael Cəbrayılov Azərbaycan
Prezidenti vəzifəsinə bir şəxsin iki dəfədən
artıq seçilməsinə qoyulan məhdudiyyətin aradan
qaldırılması zəruriliyinə toxunaraq bildirdi ki, Əsas
Qanunun birinci maddəsinə görə hakimiyyətin mənbəyi
Azərbaycan xalqıdır: "Lakin xalq istədiyi şəxsi
iki dəfədən artıq seçə bilmir. Əgər vətəndaşlar
dəstəklədikləri şəxsi iki dəfədən
artıq Prezident seçmək istəyirsə, bu hüquq niyə
onlara verilməsin? Əgər insanlar etimad göstərdikləri
şəxsi iki dəfədən artıq seçə bilmirlərsə
onda, istəmədikləri namizədlərin arasından kimi
isə dəstəkləmək məcburiyyəti ilə
üzləşirlər. Bu isə demokratik prinsiplərə
uyğun deyil". Milli Məclisin deputatı təklif etdi ki,
referendum üzrə təşəbbüs qrupu "Tərəqqi"
adlandırılsın.
Tədbirdə
çıxış edən Binəqədi qəsəbəsinin
sakini Hacı Elman Salmanov Konstitusiyaya təklif edilən əlavə
və dəyişikliklərin vətəndaşlar tərəfindən
dəstəklənildiyni söyləyərək bunun Əsas
Qanunun təkmilləşdirilməsi istiqamətində
mühüm addım olduğunu söylədi. M.Ə. Rəsulzadə
qəsəbəsinin sakini Hümbət Hüseynov əlavə
etdi ki, ötən müddətdə respublikamız sürətlə
inkişaf etdiyindən Əsas Qanuna bir sıra əlavə və
dəyişikliklərin edilməsi ictimai zərurətə
çevrilib.
Toplantı
iştirakçıları referendum üzrə təşəbbüs
qrupunun "Tərəqqi" adlandırılmasını qərara
aldılar və qarşıdakı dövrdə fəaliyyətin
əsas istiqamətlərini müəyyənləşdirdilər.
Anar RASİMOĞLU
Azərbaycan.-2009.-11 yanvar.-S.4.