Konstitusiyaya əlavə dəyişikliklər edilməsi zamanın tələbidir

 

Son illər ölkəmizdə aparılan ardıcıl və məqsədyönlü siyasi, iqtisadi islahatlar, demokratik proseslər, ölkəmizin Avropaya sıx inteqrasiyası Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsinə hüquqi zərurət yaratmışdır. Siyasi analitiklər və müşahidəçilər bu fikirdədirlər ki, nəzərdə tutulan əlavə və dəyişikliklər tam mütərəqqi xarakter daşımaqla ölkəmizdə insan hüquq və azadlıqlarının daha möhkəm qorunmasına, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına və inkişafına xidmət edəcəkdir.

Yanvarın 10-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) iclas salonunda referendum üzrə təşəbbüs qrupunun yaradılması ilə əlaqədar keçirilən yığıncağa ölkənin bir sıra ictimai və qeyri-hökumət təşkilatlarının təmsilçiləri toplaşmışdı. İclasa sədrlik edən AHİK-nın sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev xatırlatdı ki, parlamentin 26 dekabr 2008-ci il tarixli iclasında Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında Referendum Aktı layihəsinin ümumxalq səsverməsinə (referenduma) çıxarılması barədə qərar qəbul edilmiş, referendum günü 2009-cu il martın 18-nə təyin olunmuşdur. Mərkəzi Seçki Komissiyası ümumxalq səsverməsinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planını təsdiq etmişdir. Səttar Mehbalıyev əmin olduğunu bildirmişdir ki, ictimai və qeyri-hökumət təşkilatları nümayəndələrinin yaratdığı təşəbbüs qrupunun üzvləri də üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəklər. İclasda qeyd olundu ki, referendumla bağlı təşviqat qrupunun yaradılması məqsədilə ictimai birliklər və təşkilatlar yığıncaqlar keçirmiş, təşəbbüs qrupları yaradılması üçün nümayəndələrini müəyyən etmişlər. Yığıncaq iştirakçıları isə 17 ilkin təşəbbüs qrupunun təmsilçiləridirlər. İclasda çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni, "İrəli" İctimi Birliyinin sədri Ceyhun Osmanlı, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Yolçuyev və başqaları martın 18-də keçiriləcək ümumxalq səsverməsinin ölkənin siyasi həyatına mühüm yeniliklər gətirəcəyinə, Konstitusiyaya edilən dəyişikliklərin Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunmasına, onların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edəcəyinə əminliklərini bildirmişlər.

Tədbirdə "Vətəndaş Cəmiyyəti" adlandırılan təşəbbüs qrupunun tərkibi təsdiq edilmiş, qrupun səlahiyyətli maliyyə məsələləri üzrə nümayəndələri təyin olunmuşdur. Təşəbbüs qrupunun yaradılması barədə bildirişlə müvafiq seçki komissiyasına müraciət edilməsi qərara alınmışdır.

 

 

Azərbaycan.-2009.-11 yanvar.-S.4.