Böyük xeyriyyəçi
İnsanlar tarixdə öz gözəl, xeyirxah əməllərinə görə yaşayır və gələcək nəsillərə örnək olurlar. Böyük xeyriyyəçi, qayğıkeş insan, maarifçi, sərvətini ölkənin milli-mədəni, sosial-iqtisadi inkişafı yolunda əsirgəməyən səxavət sahibi Hacı Zeynalabdin Tağıyev məhz belə insanlardan biri idi.
Düz bir əsr şərəfli və keşməkeşli ömür yaşamış böyük xeyriyyəçi H.Z.Tağıyev "Təzə həyat" qəzetinin 1908-ci il nömrələrindən birinə verdiyi müsahibədə deyirdi: "Allah-təalanın iradəsi ilə fikrim-zikrim xalqımı xoşbəxtliyə çatdırmaqdır. Buna görə gecə- gündüz əlləşirəm. Məqsədə çatmaq üçün çoxlu məktəb açmaq, çoxlu kitab, məcmuə və qəzet çap etdirmək lazımdır..." Lakin təəssüflər olsun ki, hərtərəfli dünyagörüşə malik H.Z.Tağıyev haqqında müasirlərimiz, xüsusilə gənc nəsil az bilgiyə malikdir. O, XIX əsrin 60-cı illərindən başlayaraq ömrünün sonuna kimi (1 sentyabr 1924-cü il) daim Rusiyada, dünyada və Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələri diqqətlə izləmiş, Bakı Şəhər Dumasının üzvü, dövlət müşaviri, bir sıra cəmiyyət və birliklərin yaradılmasının təşəbbüskarı, mütərəqqi yeniliklərin müdafiəçisi və çoxsaylı cəsarətli və xeyirxah işlərin müəllifi olmuşdur. Hacının qürur duymalı və öyünməli xidmətləri o qədər geniş və çoxtərəflidir ki, onların hələ 1900-cü ildə Nəriman Nərimanov bir milyon manat qızıl pul dəyərində olduğunu qeyd etmişdir. Bu haqda o, "Hacı Zeynalabdin Tağıyevin 50 illik məişəti və cəmaətə xidmətləri" kitabında yazmışdır: "Qeyrətli Hacının vətənə, millətə və insana olan hümmətindən sonra xarici millət deyə bilərmi müsəlmanlar nadan, vəhşi, camaat və dövlət işinə yaramayan tayfadır?" Axund Yusif Talıbzadə (Abdulla Şaiqin qardaşı) N.Nərimanovun bu əsərini fars dilinə tərcümə etməklə yanaşı, özü də 1903-cü ildə "Sərvət və səxavətdə məşhur cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-əhvalı" adlı bir əsər yazıb onu Azərbaycan və fars dillərində ayrıca kitab kimi çap etdirmişdir. Hacı haqqında 1904 və 1906-cı illərdə "Himət ər-ricat" ("Kişilərin himməti") adlı ikicildlik kitab çap olunmuşdur. Bu kitablara H.Z.Tağıyevin millət və dövlət xadimi kimi çoxillik fəaliyyətini işıqlandıran sənədlər, Yaxın Şərqdə ilk yeni qız məktəbinin açılması münasibətilə ona göndərilən məktub və teleqramlar, Hacıya həsr edilmiş məqalə və şeirlər toplanmışdır. Hacının həyat və fəaliyyətinə aid bu sənədlərdən məlum olur ki, o, bütün Rusiyada və müsəlman Şərqində yaxşı tanınmış və sevilmişdir. Bununla yanaşı, Hacının düşmənləri, rəqibləri və əleyhdarları da çox olmuşdur. Xüsusilə erməni sahibkarları əlbir şəkildə gizlincə daim Hacının əleyhinə iş aparmış, onu şərləmək, hörmətdən salmaq, müflisləşdirmək, zəhərləyərək cismən məhv etmək istəmişlər. H.Z.Tağıyevi xalq arasında və çar hökuməti yanında nüfuzdan salmaq, müxtəlif hiylələrlə əmlakını qarət etmək, özünü qətlə yetirmək üçün erməni-daşnak qruplaşması zaman-zaman müxtəlif vasitələrə əl atmış, lakin Hacının zəkası və ağlı müqabilində iyrənc niyyətlərinə çata bilməmişlər. Bütün bunlar o dövrün Azərbaycan, rus, ingilis, alman, fransız, İran və türk mətbuatında, eyni zamanda xarici kəşfiyyatın arxiv materiallarında öz əksini tapmışdır. Çox təəssüf ki, H.Z.Tağıyevin 1920-1924-cü illərdə N.Nərimanovun təkid və tövsiyəsi ilə ona təyin olunmuş mirzəyə diktə edib yazdırdığı "Xatirələr" adlı əlyazma bugünə kimi tapılmamışdır. Hacı Zeynalabdin Tağıyev Azərbaycan tarixinin unikal bir dövründə - xalqın milli təşəkkül dövründə yaşamış bir şəxsiyyətdir. Onun keşməkeşli həyat yolunu araşdırmaq, eyni zamanda o dövrün tarixini öyrənmək deməkdir. Belə ki, H.Z.Tağıyev anadan olanda Azərbaycan üçün yeni tarix hələ başlanmamışdır. Həmin vaxtda, yəni XIX əsrin birinci rübündə yeni tarixin Avropada 150 ildən çox, Rusiyada 100-dən artıq yaşı vardı, Azərbaycan isə qapılarını hələ yenicə açmaq istəyirdi, xanlıq-xudmanilik pərakəndəliyindən xilas olub bütövləşmək, bölünməz çağlarına qayıtmaq istəyirdi. Lakin cənubda İran, şimalda Rusiya, kənarda İngiltərə, Fransa, Türkiyə strateqləri, daxildə isə erməni keşişləri üçün bu istək məqbul sayılmırdı. H.Z.Tağıyev anadan olandan cəmi 5 il sonra Azərbaycan bütövlüklə çar Rusiyasının müstəmləkəsinə çevrildi. Türkmənçay müqaviləsi ilə xanlıqlar ləğv edildi. Feodal ölkəsi kapitalizm quruluşuna, əhali natural təsərrüfatdan əmtəə-pul münasibətlərinə keçirdi. Bu insan müsibətləri ilə dolu olan müdhiş bir keçid dövrü idi. Belə bir dövrdə Hacı Zeynalabdin Tağıyev və onun yüzlərlə, minlərlə müasiri real həyatdan çox ideal həyata ehtiyac hiss edir və ona can atırdılar. Uzaq, azad gələcəyə boylanan belə vətənpərvər soydaşlarımızdan biri məhz H.Z.Tağıyev idi. Hacının böyüklüyünü hamıdan əvvəl dərk edib qələmə alan N.Nərimanov onu 1920-ci ildə bolşevik maskası taxmış erməni-daşnak "inqilabçılarının" hücumlarından müdafiə edərkən demişdir: "Hacı elə-belə, adi adam deyil. O, Azərbaycan xalqının heç bir qatışığı olmayan təmiz, saf məhsuludur. Bu böyük insan hər birimizdən on dəfə artıq vətənpərvər, on dəfə artıq maarifçi, on dəfə artıq demokrat və on dəfə artıq inqilabçıdır".
Hacı həm sağlığında, həm də vəfatından sonra onu tanıyanların əzizi və istəklisi olub. Erməni millətçiləri H.Z.Tağıyevi xəlvətdə nə qədər şərləyib şəxsiyyətini hörmətdən salmaq istəsələr də, bunu bacarmayıblar. Çünki "elin gözü tərəzidir" - deyiblər. Hacının xalq yolunda öz malını, pulunu necə xərclədiyini hər kəs yaxşı görür və qiymətləndirirdi. Onun milyonlar hesabına tikdirdiyi Şərq memarlıq üslubunun ən gözəl elementlərini özündə cəmləşdirən bir neçə mərtəbəli, gözoxşayan binalar bu gün də Bakıya yaraşıq verir.
Ölkə Prezidenti cənab İlham Əliyev 1895-1897-ci illərdə H.Z.Tağıyev tərəfindən tikdirilmiş və 1920-ci ilə kimi Tağıyevlər ailəsinin yaşadığı ünvanda olmuş və hazırda Azərbaycanın Tarix Muzeyi kimi fəaliyyət göstərən bu möhtəşəm və əzəmətli binanın əsaslı təmir-bərpa işlərindən sonra onun açılışında iştirak etmişdir. Ölkə başçısı 300 mindən artıq eksponatı olan muzeydə xalqımızın bir çox görkəmli şəxsiyyətlərinin təhsil almasına, onların mənəvi və maddi yüksəlişinə yardımçı olmuş H.Z.Tağıyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, tarixi sənədlər, ona məxsus kitabxana və qiymətli əşyalarla tanışlıqdan sonra muzeyin şəxsi qonaqlar kitabına yazmışdır: "Azərbaycan xalqının böyük oğlu Hacı Zeynalabdin Tağıyevin evinin bərpası bizim mənəvi borcumuz idi. Öz zəhməti hesabına böyük maliyyə imkanları qazanmış bu şəxsiyyət Azərbaycan xalqı haqqında müsbət fikir formalaşdırmışdır, gənclərin maarifləndirilməsinə böyük töhfələr vermişdir".
Xeyriyyəçi və səxavətli insan, böyük şəxsiyyət, müdrik el ağsaqqalı Hacı Zeynalabdin Tağıyevin vəfatından 85 il ötür. Zaman məsafəsi bizləri nə qədər o geniş qəlb sahibindən ayırsa, onun xeyirxah əməllərini daha dürüst qiymətləndirmək imkanımız artıq olur. Bu gün bir milyondan çox qaçqını və məcburi köçkünü olan ölkəmizdə Hacının həyat və xeyriyyəçilik fəaliyyətinin daha ətraflı tədqiq olunmasına və ondan örnək götürülməsinə böyük ehtiyac var. "Əl tutmaq Əlidən qalıb" - deyiblər. H.Z.Tağıyev bütün şərəfli ömrünü bu deyimə uyğun yaşayaraq məxsus olduğu xalqın qəlbində əbədi yer tutmuşdur.
Adilə QOCAYEVA
Azərbaycan.-2009.-11 yanvar.-S.7.