Sahibkarlığın inkişafı iqtisadi siyasətdə prioritet istiqamətdir

 

Yola saldığımız 2008-ci ildə Azərbaycanda müşahidə olunan dinamik yüksəliş və tərəqqi, iqtisadiyyatın sürətli artım tempi respublikada həyata keçirilən uğuru islahatların nəticəsi olmaqla yanaşı, milli sahibkarlığa göstərilən yüksək diqqət və qayğı nəticəsində mümkün olmuşdur.

Özəl sektorun inkişafı üçün dövlət səviyyəsində bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsi, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması məqsədilə əsaslı islahatların aparılması Azərbaycanda sağlam əsaslarla təməli qoyulan sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətindən irəli gəlmişdir.

Prezident İlham Əliyevin ötən beş illik fəaliyyətində qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılması məqsədilə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar ardıcıllığı, səmərəliliyi və sistemliliyi ilə diqqəti cəlb edir. Hələ 2004-cü il fevralın 1-də Bakı Biznes Mərkəzində yerli sahibkarlarla görüşən dövlət başçısı onları narahat edən məsələləri diqqətlə dinləmiş, sahibkarları dəstəklədiyini, iş adamlarına gələcəkdə də lazımi kömək göstərəcəyini bəyan etmişdir. Dövlət rəhbəri inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunmuşdur. Antiinhisar fəaliyyətinin gücləndirilməsi, inflyasiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsi, qeydiyyat sisteminin sadələşdirilməsi, yerlərdə regional iqtisad məhkəmələrinin yaradılması və s. kimi tədbirlər də bunun əyani təcəssümüdür. Dövlət başçısı iqtisadiyyatın liberallaşdırılması, bazarın inhisardan, haqsız rəqabətdən azad olunması, özəl sektorun dəstəklənməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində ciddi addımlar atmış, verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirmişdir.

Cənab İlham Əliyevin son beş ildə imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər), "Korrupsiyaya qarşı mübarizə haqqında", "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" və s. fərman və sərəncamlar, qanunlar, dövlət proqramları sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında daim xüsusi vurğulayır ki, ölkədəki dinamik uğurların əldə olunmasında sahibkarların, iş adamlarının da böyük rolu vardır: "...Kiçik və orta sahibkarlığın inkişafı daha da sürətlə getməlidir, burada süni müdaxilələr olmamalıdır. Baxmayaraq ki, onlar azalıb, amma yenə də faktlar var. Məlumatlar gəlir ki, hüquq-mühafizə orqanları biznes strukturlarına müdaxilə edirlər, incidirlər, əsassız tələblər irəli sürürlər. Bunu yığışdırın. Düzdür, indi azalıbdır, amma var. Unutmayın ki, yeni iş yerlərinin tam əksəriyyəti özəl sektorda yaradılıbdır. İndi dövlət müəssisəsi tikmirik ki, orada iş yeri yaradılsın. Yaxud da dövlət araratını artırmırıq ki, orada iş yeri açılsın. Bu, özəl sektorda yaradılır. Yaxşı, belə olan halda, biz gərək özəl sektora bütün şəraiti yaradaq. Mənim siyasətim bundan ibarətdir... Unutmayın ki, mən bu sahəyə ciddi yanaşıram və iş adamlarını dəstəkləyirəm".

Bazar iqtisadiyyatının tələblərinə uyğun funksional idarəetmə mexanizmlərinin formalaşdırılması, liberal iqtisadi münasibətlərin inkişaf etdirilməsi və dövlət strukturlarının iqtisadi fəaliyyət sahələrinə nəzarətin təkmilləşdirilməsi nəticəsində azad bazar prinsiplərinin daha geniş vüsət alması özəl sektorun inkişafına təkan vermiş, iş adamlarının fəaliyyətini stimullaşdırmışdır.

Bu tədbirlərin mahiyyəti və konseptual məzmunu iqtisadiyyatın liberallaşdırılması və sərbəst bazar prinsiplərinin dərinləşdirilməsindən ibarət olmuş, nəticədə milli sahibkarların ümumi daxili məhsuldakı xüsusi çəkisi 84 faizə çatmışdır. Hazırda aqrar sektor, sənaye, ticarət, mehmanxana və iaşə xidməti, tikinti, nəqliyyat, rabitə kimi istehsal və xidmət sahələrində qeyri-dövlət bölməsinin payı 70-99 faiz arasında dəyişir. Sahibkarlar yeni iş yerlərinin açılması prosesində, habelə büdcə gəlirlərinin yarıdan çoxunun formalaşmasında yaxından iştirak edirlər.

Azərbaycanda Dövlət İnvestisiya Şirkətinin yaradılması barədə verilən qərar da Prezident İlham Əliyevin bu sahədə həyata keçirilən dövlət siyasətinin vahid mərkəzdən tənzimlənməsi, respublikanın investisiya cəlbediciliyinin daha da artırılması məqsədindən irəli gəlmişdir. Başlıca vəzifə kimi ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin edərək bu sahədə mövcud problemlərin aradan qaldırılmasına çalışan şirkət eyni zamanda xarici sərmayədarlarla birgə layihələr həyata keçirməklə, onlarda inam və etimadın güclənməsinə nail olmalıdır. Eyni zamanda şirkət Azərbaycanın sənaye potensialının güclənməsi yönümündə müəyyən addımlar atır. Şübhəsiz, ölkənin sənaye potensialının gücləndirilməsi məqsədilə istehsal-emal müəssisələrinin yaradılması heç də dövlətin vəzifəsi deyildir. Dövlət sadəcə bu prosesi həyata keçirən xarici və yerli sərmayədarlara yalnız dəstək verməyə çalışır. Yerlərdə icra edilən infrastruktur layihələri, sahibkarlığa kömək yönündə atılan addımlar, xarici sərmayədarlarla birgə qlobal layihələrin reallaşdırılması üçün etibarlı təminat mexanizmlərinin yaradılması dövlətin bu sahədə üzərinə düşən missiyanı uğurla yerinə yetirdiyini göstərir.

Azərbaycanın ildən-ilə əhəmiyyətli dərəcədə artan maliyyə imkanları onun həm də sərmayədar ölkəyə çevrilməsini, digər dövlətlərin iqtisadiyyatına kapital yatırmasını şərtləndirir. Türkiyə, Gürcüstan, Moldova ərazisində inşa edilən nəhəng sənaye obyektləri respublikamızın həmin ölkələrin bu məhsullara olan təminatında həlledici rol oynaması ilə bərabər, sərmayədar dövlət kimi dünya bazarında rəqabət imkanlarını artırır. Eyni zamanda azərbaycanlı iş adamları artıq Türkiyədə, Gürcüstanda və Orta Asiya respublikalarında öz bizneslərini qurur, fəaliyyət dairələrini ildən-ilə genişləndirirlər.

Respublikamızda sahibkarlığın inkişafına mane olan süni maneələrin aradan qaldırılması istiqamətindəki addımların ardıcıl və davamlı səciyyə daşıdığını Prezident İlham Əliyevin 30 aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərman bir daha təsdiqləmişdir. Bu fərmanla indiyə qədər çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlərin həlli, o cümlədən süründürməçilik hallarının, bürokratik əngəllərin aradan qaldırılması nəzərdə tutulmuşdur. Bu məqsədlə sərəncamda vahid kodlaşdırmanın aparılması, biznes strukturlarının "bir pəncərə" - vahid qeydiyyat orqanı tərəfindən qeydə alınması məsələləri əksini tapmışdır. Fərman həmçinin biznes strukturlarının fəaliyyəti üçün torpaq ayırmalarının, tikinti, yenidənqurma və bərpa işlərinə icazə verilməsi prosedurlarının sadələşdirilməsi, tikintinin ekspertizadan keçirilməsi sahəsindəki bürokratik əngəllərin aradan qaldırılmasına geniş imkanlar açır. Prezident İlham Əliyevin yeni dövrün tələbləri ilə tam səsləşən bu fərmanı sahibkarlar tərəfindən dəstəklənmiş və rəğbətlə qarşılanmışdır.

"Vahid pəncərə" sistemi elektron hökumətin əsas elementlərindən sayılır. O, məlumatların bir mərkəzdə cəmləşdirilməsini, eləcə bütün inzibati qeydiyyatların (vergi qeydiyyatı da daxil olmaqla) tamamilə sinxronlaşdırılmasını nəzərdə tutur. İş adamlarının mərkəzi sistemlə avtomatik, on-layn davamlı əlaqəsi yaranır. Faktiki olaraq bu, lisenziyaların mərkəzləşdirilmiş qaydada elektron şəkildə təqdim edilməsi deməkdir. Bu zaman, qeydiyyat üçün lazım olan prosedurların sayı azalır, vaxt itkisinin qarşısı alınır.

Təsdiq olunmuş qaydalara əsasən 2008-ci il yanvarın 1-dən etibarən vahid qeydiyyat orqanı funksiyasını Vergilər Nazirliyi həyata keçirir. Nazirliyin hazırkı texniki imkanları bu funksiyanı qısa zamanda səmərəli həyata keçirmək imkanı yaradır. Azərbaycan Prezidenti "vahid pəncərə" sisteminin sahibkarlığın inkişafında əhəmiyyətini xüsusi önə çəkir: "İqtisadiyyatımız liberallaşır. İndi əlavə tədbirlər nəticəsində Azərbaycanda biznes qurmaq üçün daha da əlverişli şərait olacaqdır. Biz qeydiyyat məsələlərini sadələşdiririk. Azərbaycanda biznes yaratmaq istəyən şirkətlər vahid pəncərə prinsipi əsasında çox qısa bir müddətdə bütün icazələri, qeydiyyatları ala biləcəklər".

Sahibkarlığın inkişafına xidmət edən kompleks tədbirlər 2008-ci ildə uğurla davam etdirilmiş, özəl sektorun stimullaşdırılması, investisiyaların təşviqi istiqamətində mühüm addımlar atılmışdır. Görülmüş tədbirlərin nəticəsi olaraq bu gün Azərbaycan xarici investisiya cəlbediciliyinə görə dünya ölkələri sırasında ön sıralardadır. 2008-ci ilin dövlət büdcəsinin, əsasən, investisiyayönümlü olması ölkəmizə xarici sərmayələrin cəlbi baxımından vacib əhəmiyyət daşımışdır. Adətən, dövlətin payı birbaşa sərmayəsi olan qlobal biznes layihələri adamları, xüsusilə xarici sərmayədarlar üçün daha cəlbedici görünür. Hökumətin investisiya layihələrinə, o cümlədən infrastrukturun yeniləşdirilməsinə xüsusi diqqət yetirməsi, bu sahədə əməli tədbirlərin həyata keçirilməsi sahibkarların normal fəaliyyətinə şərait yaradır. Daxili sərmayələrin xarici sərmayələri üstələməsi ölkədə əlverişli biznes mühitinin mövcudluğunu, eyni zamanda yerli adamlarının imkanlarının genişləndiyini göstərir.

2008-ci ildə sahibkarlığa güzəştli kreditlərin verilməsi məqsədilə dövlət büdcəsindən 80 milyon vəsait ayrılmış, bu vəsaitin 70 milyon manatı güzəştli kreditlər şəklində sahibkarlara paylanmışdır. Sahibkarlığa Kömək Milli Fonduna ayrılan vəsaitin güzəştli kredit şəklində sahibkarlıq subyektlərinə verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı 4 kredit ittifaqı tərəfindən həyata keçirilmişdir.

Sahibkarlığın inkişafı ilə bağlı kompleks tədbirlərin davam etdirilməsi məqsədi ilə "2009-2015-ci illər üçün Sahibkarlığın inkişafı Dövlət Proqramı"nın layihəsi hazırlanmışdır hazırda aidiyyəti dövlət qurumları ilə razılaşdırılır. Eyni zamanda cari ilin dövlət büdcəsində sahibkarlığa güzəştli kreditlərin verilməsi üçün 160 milyon manatın ayrılması adamlarına daha geniş fəaliyyət imkanları açır.

Sahibkarlığın inkişafı təkcə ölkənin sosial-iqtisadi inkişafına deyil, həm ictimai-siyasi sabitliyin möhkəmlənməsinə, demokratikləşmə proseslərinin sürətlənməsinə, vətəndaş cəmiyyəti quruculuğuna təkan verən mütərəqqi prosesdir. Eyni zamanda adamlarının sayının çoxalması yerli xarakterli bir çox sosial problemlərin həllinə yaxşı imkanlar açır. Sevindirici haldır ki, dövlətin hərtərəfli dəstəyi müqabilində öz məsuliyyətini düzgün dərk edərək xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan, əhalinin problemlərinin həllində iştirak edən sahibkarların sayı da getdikcə artır.

 

 

S.ELMANOĞLU

 

Azərbaycan.-2009.-13 yanvar.-S.1-4.