Faciəyə ilk etiraz səsini ucaldan və siyasi-hüquqi qiymət verən ümummilli lider Heydər Əliyev oldu

 

1990-cı ilin 20 Yanvar günü tariximizin həm kədərli, həm də qəhrəmanlıq səhifəsini təşkil edir. Həmin gün xalqımız böyük faciə ilə üzləşsə də, özünün vətənə, torpağa sədaqətini, qəhrəmanlığını və azadlıq, müstəqillik uğrunda mübarizliyini, sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. Qanlı yanvar faciəsindən 19 il ötür. On doqquzuncu ildir ki, Azərbaycan xalqı bu faciənin ağrısı ilə yaşayır.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilən sovet hərbi hissələri Ermənistanın respublikamıza qarşı ərazi iddialarının SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar dəstəklənməsinə və Azərbaycanın o zamankı rəhbərliyinin xəyanətkar siyasətinə etiraz əlaməti olaraq ayağa qalxmış xalqımıza vəhşicəsinə divan tutdu. Əvvəlcədən hazırlanıb planlı şəkildə həyata keçirilən Yanvar faciəsi torpaqlarının bütövlüyü uğrunda mübarizəyə qalxmış və azadlıq idealları ilə yaşayan xalqımıza qarşı yönəldilmiş qəsd idi. Bu hücumun məqsədi isə xalqın milli-azadlıq əzmini boğmaq idi. Xəbərdarlıq edilmədən milliyətindən, yaşından, cinsindən asılı olmayaraq insanlar gülləbarana tutuldu, tankların tırtılları altına salındı. Vəhşiləşmiş hərbiçilər tərəfindən o müdhiş qış gecəsində rəsmi məlumata görə, Bakı şəhərində 131 nəfər xüsusi amansızlıqla qətlə yetirildi, 800 nəfərdən çox adam yaralandı. 200 ev və mənzil talan edilərək yandırıldı, 80 avtomaşın, o cümlədən təcili yardım maşını, külli miqdarda şəxsi və dövlət əmlakı məhv edildi. Faciə SSRİ Daxili İşlər və Müdafiə nazirliklərinin və Dövlət Təhlükəsizlik Komitəsinin təşkilatçılığı ilə müdafiə naziri Yazovun komandanlığı altında törədildi.

O dövrdə respublika rəhbərliyi də əvvəlcədən xalqa xəyanət yolu tutaraq bu qəsdin qarşısını almaq üçün heç bir tədbir görmədi, cinayətin iştirakçısı ola-ola zahirən hadisələrdən kənarda qalmağa çalışdı. Kremlin qarşısında həmişə mütilik və satqınlıq nümunəsi göstərən, faciə törənən gecə isə qorxusundan tələm-tələsik respublikadan qaçan Ə.Vəzirov, həmin günlərdə əli xalqın qanına boyansa da, Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi seçilən A.Mütəllibov bu dəhşətli faciənin izlərini nəyin bahasına olursa-olsun ört-basdır etməyə, xalqın haqq səsini fövqəladə rejim tətbiq etməklə boğmağa çalışırdılar.

O ağır günlərdə faciə ətrafında xəyanət sükutunu ilk və mütəmadi olaraq yaran Heydər Əliyevin haqq səsi oldu. Faciənin ertəsi günü ilk dəfə olaraq məhz Heydər Əliyevin Azərbaycan xalqına qarşı törədilən cinayətə, qanlı təcavüzə qarşı etiraz səsi ucaldı. Milli-azadlıq istəyi ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilən bu müdhiş faciə qəlbi vətən eşqi ilə döyünən xalqın mərd və mübariz oğlunu narahat etməyə bilməzdi. Çünki dahi insan, uzaqgörən şəxsiyyət yaxşı bilirdi ki, bu faciə totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayətidir. Ulu öndər Heydər Əliyev hadisənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gəlmiş, mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun baş vermə səbəblərini açıqlamış, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etmişdir. Həmin vaxt İttifaq rəhbərlərinin kəskin təzyiq və təsirlərinə məruz qalacağını bilsə də, Heydər Əliyev özünəməxsus qətiyyət və cəsarətlə deyirdi: "Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən M.S.Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətin nəticəsidir".

Həyatının hər an təhlükədə olduğununa baxmayaraq Heydər Əliyev qətiyyətlə bütün dünyaya faciənin hüquqi-demokratik prinsiplərə zidd olduğunu, Azərbaycan xalqına qarşı hərbi təcavüzün SSRİ və Azərbaycan SSR rəhbərliyi tərəfindən həyata keçirildiyini bəyan etdi: "Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm".

Heydər Əliyev 1990-cı ildə Naxçıvana gəldi və həmin ilin payızında keçirilən seçkilərdə Naxçıvan və Azərbaycan parlamentinə deputat seçildi. 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin verilməməsi ulu öndəri ciddi narahat edirdi. 1990-cı ilin noyabr ayında Heydər Əliyevin böyük siyasi nüfuzu sayəsində 20 Yanvar faciəsinə qiymət verilməsi məsələsi yenidən gündəliyə gəldi. Bu mənada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin noyabrın 21-də keçirilən iclası yadda qaldı. Heydər Əliyev xalq deputatı kimi "1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar layihəsini işləyib Ali Məclisin müzakirəsinə təqdim etdi. Elə həmin sessiyadakı çıxışında xalqımızın hərbi, siyasi, mənəvi təcavüzə məruz qalmasından narahatlıqla danışan Heydər Əliyev ürək yanğısı və qətiyyətlə deyirdi: "Başımıza böyük bəla gəlib, millət əzilib, millətə qarşı təcavüz olub, ancaq indiyə qədər Azərbaycan xalqının həyatında baş vermiş bu faciəli hadisəyə qiymət verilməyib... Bu qədər qanunsuzluğa, demokratiyanın pozulmasına dözmək olmaz. Bu məsələyə biz özümüz siyasi qiymət verməliyik, respublikanın ali hakimiyyət orqanından tələb etməliyik ki, bu məsələyə baxsın və günahkarlar cəzalandırılsın".

Heydər Əliyevin xalqın milli faciəsi ilə bağlı qaldırdığı taleyüklü məsələ xalq deputatları tərəfindən qətiyyətlə müdafiə olunurdu. Naxçıvan Ali Məclisi "1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar qəbul etdi.

Naxçıvan MR Ali Məclisinin 21 noyabr 1990-cı il tarixli qərarından:

"Yanvar faciələrinin səbəbkarlarının - istər İttifaq, istərsə də respublika rəhbər partiya, sovet, hüquq-mühafizə orqanı işçilərinin, hərbçilərin bu günədək aşkar edilib qanunla məsuliyyətə cəlb olunmaması xalqda dərin hiddət və etiraz doğurmuşdur.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bütün bunları işğalçı siyasət və dəqiq düşünülmüş hərbi təcavüz kimi qiymətləndirərək insan hüquqları bəyannaməsinin kobud şəkildə pozulması kimi nəzərdə tutaraq qərara alır:

1. 1990-cı ilin yanvar ayında Bakı şəhərində törədilmiş qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilsin.

2. Dinc əhaliyə, silahsız kütləyə, heç bir müqavimət göstərməyən günahsız adamlara qarşı müasir silahla, hərbi texnika ilə zorakılıq edilməsi, qocaların, qadınların, uşaqların qətlə yetirilməsi Azərbaycan xalqına qarşı açıq təcavüz kimi ittiham edilsin.

3. Bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, Bakı faciələrinə Azərbaycan SSR ali hakimiyyət orqanları tərəfindən siyasi qiymət verilməməsinə, bununla əlaqədar yaradılmış Xüsusi Deputat Komissiyasının işinin qeyri-müəyyən səbəblərdən başa çatdırılmamasına, qanlı hadisələrin günahkarlarının aşkara çıxarılıb qanuni məsuliyyətə verilməməsinə qəti etiraz olunsun.

Azərbaycan SSR Ali Sovetindən tələb edilsin ki, ən qısa müddətdə həmin məsələni parlamentin müzakirəsinə çıxarsın.

4. Bu qərar qəbul edilən andan 20 Yanvar günü hər il Naxçıvan Muxtar Respublikasında Milli Matəm Günü kimi qeyd edilsin.

5. Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin ki, 20 Yanvar günü hər il Azərbaycan SSR-də Milli Matəm Günü kimi qeyd edilsin".

Göründüyü kimi, qərarda 20 Yanvar hadisələri Azərbaycanın suveren hüquqlarına, dinc əhaliyə, heç bir müqavimət göstərməyən günahsız adamlara, Azərbaycan xalqına qarşı açıq təcavüz kimi qiymətləndirilir. Həmçinin Azərbaycanın o vaxtkı rəhbərliyinin cinayətkar fəaliyyəti bir daha qeyd olunaraq deyilir ki, qanlı 20 Yanvar hadisələrinin günahkarlarını üzə çıxarmaq, onu təhlil etmək və siyasi qiymət vermək üçün respublika əhalisinin təkidli tələbinə baxmayaraq faktiki olaraq faciədən ötən müddət ərzində heç bir tədbir görülməmişdir. Qəribə idi ki, respublika Ali Sovetinin 20 Yanvar hadisələrini təhqiq etməli olan komissiyası da öz işi ilə məşğul olmamışdır. Respublika rəhbərliyinin bu etinasızlığı haqlı olaraq xalqda hiddət və etiraz doğururdu.

Sovet hakimiyyətinin süqutundan, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra bir müddət başları hakimiyyət uğrunda mübarizəyə qarışmış siyasətbazlar xalqımıza qarşı törədilmiş bu ağır cinayətin səbəblərinin araşdırılması, ona siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Onlar bu məsələdə heç maraqlı da deyildilər, çünki həmin cinayətin törədilməsinin məsuliyyəti bu və ya digər dərəcədə onların da üzərinə düşürdü. Düzdür, həmin dövrdə müxtəlif siyasi platformalardan çıxış edən ayrı-ayrı siyasi partiyalar 20 Yanvar faciəsi ilə bağlı bütün günahları Moskvanın üzərinə atmağa cəhd göstərmişdilər. Amma Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışına qədər nə A.Mütəllibov, nə də AXC-Müsavat iqtidarı tərəfindən faciəyə siyasi qiymət verilməsi üçün heç bir iş görülməmişdi.

Heydər Əliyev isə Azərbaycan xalqına qarşı soyqırımı siyasətini həyata keçirməyə rəvac verənlərlə mübarizəsini Ali Sovetdə və digər istiqamətlərdə davam etdirir, böyükdən kiçiyə qədər hər kəsə məlum olan qatillərin hüquqi müstəvidə aşkar olunmasını, faciəyə siyasi qiymətin verilməsini tələb edirdi. Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışında deyirdi: "1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür. Təəssüf ki, bu təcavüz indiyə qədər davam edir. Bir ildən artıqdır ki, Azərbaycanın paytaxtı fövqəladə vəziyyət şəraitində yaşayır. Bizim sessiyamız da bu şəraitdə keçirilir. Bir ildən artıqdır ki, Azərbaycan xalqı şəhidlərə matəm saxlayır. Respublikanın şəhərlərində, qəsəbələrində, kəndlərində şəhidlərin xatirəsinə abidələr ucaldılır. Fəqət, qatillər indiyə qədər aşkar olunmayıb. Buna heç vəchlə bəraət qazandırmaq olmaz. Bu məsələ müzakirə olunmalıdır. 20 Yanvar faciəsinə Ali Sovetin sessiyası siyasi qiymət verməlidir, onun günahkarlarını müəyyən etməlidir".

Heydər Əliyev 1991-ci il iyunun 19-da SSRİ Nazirlər Kabinetinə göndərdiyi məktubunda yazırdı: "Yanvar hadisələrində yüzlərlə adam öldürüldü və şikəst edildi. Artıq il yarım keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, zaman keçdikcə bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil".

Azərbaycan Ali Sovetinin 29 avqust 1991-ci il tarixli sessiyasında çıxışında isə ulu öndər Heydər Əliyev deyirdi: "20 Yanvar faciəsi dövründən il yarımdan çox vaxt keçir. Bu gün burada da, bu salonda cürbəcür söhbətlər gedir. Bir qrup bir fikirdədir, məndən qabaq çıxış edən Rəhimov başqa fikirdədir. Mən sual verirəm, Ali Sovetin sədri Elmira Qafarovaya, Azərbaycan prezidenti Ayaz Mütəllibova: nə üçün indiyə qədər bu məsələyə siyasi qiymət verilməyib? Bu məsələnin həm siyasi tərəfi var, həm hüquqi tərəfi var. Bu məsələyə dərhal siyasi qiymət vermək olardı. O ki qaldı hüquqi cəhəti, ayrı-ayrı adamların məsuliyyətə cəlb olunması, onu şübhəsiz ki, istintaq yolu ilə aydınlaşdırmaq lazımdır. Buna siyasi qiymət verilmədiyinə görə, başqa tədbirlər həyata keçirmək mümkün olmur".

Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymətin verilməsi gündəmə gəldi. Ulu öndər dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəblərinin və günahkarlarının araşdırılması ilə də məşğul oldu. Heydər Əliyevin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı verdiyi fərmanda Milli Məclisə faciəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Yalnız bundan sonra aparılan araşdırmalar nəticəsində məlum oldu ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməməsində maraqlı olan qüvvələr var imiş. O dövrdə hakimiyyətdə qalmaq istəyən iqtidar, hakimiyyətə gəlmək istəyən müxalifət nümayəndələri bu dəhşətli faciədən öz maraqlarına uyğun yararlanmaq istəyirmişlər. Heydər Əliyev 1994-cü il yanvarın 12-də Dövlət komissiyasının geniş iclasında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırlayaraq həmin sənəddə yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində qərarın özünün yerinə yetirilmədiyini nəzərə çatdırdı. Respublika səviyyəsində 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymətin verilməməsini ciddi tənqid edən Heydər Əliyev 1992-ci ildə Milli Şura tərəfindən qəbul edilmiş səthi və başdansovdu qərarın xalqa xəyanət olduğunu bəyan etdi: "Bu qərarı oxuyanda, doğrusu, çox həyəcanlandım. Düşündüm ki, Milli Şura nə üçün öz millətinin, öz xalqının aqibətinə, taleyinə bu qədər biganə qalıb? Qərarı oxuyandan sonra bir daha qəti fikrə gəldim ki, bu faciəyə, bu hadisəyə niyə indiyə qədər siyasi qiymət verilməyib... Mənim fikrim belədir ki, bu qərarın qəbul edilməsi Azərbaycan xalqına bəlkə də 20 yanvar 1990-cı ildə olan faciə kimi böyük xəyanətdir. İki il keçəndən sonra deputat-istintaq komissiyasının ortaya bir şey çıxarmaması, boş-boş sözlərlə camaatı aldatması, qərarda bu komissiyanın işinin qənaətbəxş hesab edilməsi yenə də deyirəm, xəyanətdir".

1994-cü il martın 29-da Milli Məclis tərəfindən "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" adlı xüsusi qərar qəbul edildi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, demokratik və suveren dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Sənəddə Sovet İttifaqı Kommunist Partiyasının, sovet dövləti və hökumətinin, şəxsən M.Qorbaçovun Azərbaycana qarşı ağır cinayət törətdikləri, Ə.Vəzirovun, A.Mütəllibovun, V.Polyaniçkonun, V.Hüseynovun xalqımıza xəyanət etdikləri siyasi-hüquqi müstəvidə öz əksini tapdı. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri E.Qafarovanın, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi M.Məmmədovun bu qanlı faciənin törədilməsində məsuliyyət daşıdıqları və digər məsələlər də sənəddə qeyd olundu. Beləliklə, Heydər Əliyevin təkidi və təşəbbüsü sayəsində xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya siyasi-hüquqi qiymət verildi.

Təəssüf ki, zamanın və şəraitin doğurduğu səbəblərdən 20 Yanvar faciəsini törədənlər hüquqi müstəvidə layiq olduqları cəzanı almadılar. Ulu öndər Heydər Əliyevin 2000-ci ildə 20 Yanvar faciəsinin 10-cu ildönümü ilə bağlı imzaladığı fərmanda bu barədə deyilir: "XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir. Həmin cinayəti törədənlər indiyədək öz cəzalarını almamışlar. Xalqımız əmindir ki, müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar."

Heydər Əliyev 20 Yanvar faciəsinin bütün dünyada tanıdılmasına, hər zaman şəhidlərin xatirəsinin əziz tutulmasına diqqətlə yanaşırdı. Bakının yüksək ərazisində yerləşən Şəhidlər xiyabınında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm "Əbədi məşəl" abidə-kompleksi də məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə tikilib. Ulu öndər bu abidənin ucaldılmasını şəhidlərin qarşısında Azərbaycan xalqının müqəddəs və mənəvi borcunun yerinə yetirilməsi kimi dəyərləndirirdi. 1998-ci ilin oktyabrında abidənin açılışında Heydər Əliyev deyirdi: "Mən çox məmnunam ki, ötən illərdə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün və onların qəhrəmanlıq nümunələrini Azərbaycanda təbliğ etmək üçün, gənc nəslə, yeni-yeni nəsillərə çatdırmaq üçün bütün işləri görmüşük və bundan sonra da görəcəyik".

Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı fərmanla isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza "20 Yanvar şəhidi" fəxri adı verilib.

20 Yanvar hadisələri Azərbaycanın müstəqillik mübarizəsi tarixinə faciə və xalqımızın qəhrəmanlıq salnaməsi kimi yazıldı. Həmin ağrılı günlər həm də sınaq dövrü kimi yadda qaldı. Bu faciə kimin kim olduğunu üzə çıxardı. Ulu öndər Heydər Əliyev həmin dövrdə təqib olunmasına baxmayaraq, həyatını təhlükə altında qoyub 20 Yanvar faciəsinin günahkarlarını cəsarətlə ifşa etməklə xalqını dərindən sevdiyini nümayiş etdirdi.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2009.-13 yanvar.-S.3.