Azərbaycan ilə Hindistan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Azərbaycan ilə Hindistan arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edən səfir D.Şou, ölkələrimizin yüksək səviyyəli nümayəndə heyətlərinin səfərlərinin, həmçinin XİN-lər arasında məsləhətləşmələrin, ikitərəfli hökumətlərarası iqtisadi komissiyanın işinin fəallaşdırılmasının vacibliyini, habelə Hindistanın respublikamızla enerji, ticarət, informasiya texnologiyaları, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd etmişdir.

Nazir E.Məmmədyarov Azərbaycan ilə Hindistan arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin qarşılıqlı faydalı şəkildə qurulmasının vacibliyini diqqətə çatdırmışdır.

Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinin Azərbaycanın xarici siyasətində ən prioritet məsələ olduğunu bildirən nazir, beynəlxalq birliyin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ədalətli mövqe tutmasının əhəmiyyətini diqqətə çatdırmışdır.

Etimadnamələrinin surətini nazir Elmar Məmmədyarova təqdim edən səfir D.Şou, fəaliyyəti müddətində ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.

 

 

Azərbaycan.-2009.-13 yanvar.-S.4.