"Neft Daşları"nda
qaz-kompressor stansiyası
genişləndirilir
1994-cü ilin
sentyabrında istismara buraxılmış stansiya əsasən
"Günəşli" və "Çıraq"
yataqlarından daxil olan aşağı təzyiqli səmt
qazının sıxılması üçün nəzərdə
tutulmuşdur. Stansiyaya 5 atmosferlə daxil olan qaz buradan 55
atmosfer təzyiqlə çıxır. 11 qat artıq enerji
alan mavi yanacaq borular vasitəsilə yüksək sürətlə
sahilə nəql edilir.
Stansiya inşa edilməmişdən
əvvəl bütün aşağı təzyiqli qaz boruya
yığılması mümkün olmadığından
atmosferə buraxılırdı. SKS-2 öz fəaliyyətinin
ilk dövründə 9 iri qaz-turbin kompressor aqreqatından ibarət
olmuş, onun ümumi gücü sutkada 4,2 milyon kubmetr təşkil
etmişdi. Lakin qaz hasilatı artırıldığından
yeni güclər tələb olunurdu. 1998-ci ildə
stansiyanın işi dayandırılmadan kompressor aqreqatları
konstruksiyalarının dəyişdirilməsi ilə burada
modernləşdirmə aparılmışdır. Bu,
sutkalıq gücü 4,2 milyon kubmetrdən 5,8 milyon kubmetrədək
artırmağa imkan vermişdir. 2001-ci ilin martında daha 3
aqreqat işə salınaraq, stansiyanın gücü 7,4
milyon kubmetrə çatdırılmışdır. Hazırda
stansiyada 12 aqreqat fəaliyyət göstərir. Lakin hələ
ki, stansiyada profilaktika və baxış zamanı işə
salmaq üçün rezerv maşınlar mövcud deyil.
Qeyd edilməlidir ki,
ötən müddət ərzində "Günəşli"
yatağından qaz hasilatı iki dəfə
artırılmışdır. Buraya həmçinin
"Çıraq" yatağından sutkada 1 milyon kubmetr səmt
qazı daxil olur. Bu səbəbdən ARDNŞ rəhbərliyi
2 nömrəli SKS-in sutkalıq gücünü daha 3,6 milyon
kubmetr artırmaq məqsədilə stansiyada 4 yeni aqreqat
işə salaraq, onu genişləndirmək qərarı
vermişdir. İnşa işlərinin baş
podratçısı "Neftqaztikinti" trestidir. Artıq fəaliyyətdə
olan stansiyada əlavə meydançanın tikintisi başa
çatdırılmışdır.
Hazırda qaz-turbin
aqreqatları üçün özüllərin
inşası aparılır. Obyektin sifarişçisi "28 May"
NQÇİ-dir. İstifadə edilən avadanlıq
ABŞ-ın "Solar" şirkətinə aiddir. Təkmilləşdirilmiş konstruksiyaya malik
bu aqreqatlar yüksək etibarlılığa
malikdir və bütün mərhələlərdə
avtomatik idarəetmə
sistemi ilə təchiz edilib.
Yaxın aylarda quraşdırma işlərinə başlanacaq. Stansiyanın bu ilin aprel
ayında ümumilikdə
11 milyon kubmetr sutkalıq güclə istifadəyə veriləcəyi
gözlənilir.
Azərbaycan.-2009.-13 yanvar.-S.6.