Azaflı yaradıcılığına
salınan işıq
Bu sənət XV-XVI əsrlərdə ədəbiyyata Şah İsmayıl Xətaini verib, XVIII əsrdə M.P.Vaqifi, XIX əsrdə Q.B.Zakiri, XX əsrdə S.Vurğunu, O.Sarıvəllini, H.Arifi və nəhayət, Z.Yaqubu bəxş edib. Bu üslub şifahi ədəbiyyatla yazılı ədəbiyyat arasında mövqe tutan orta üslubdur. Bu üslubun nümayəndələrinin yaratdığı sənət əsərləri xalq ruhuna son dərəcə yaxındır və xüsusilə, yazı-pozunun nisbətən az olduğu keçmiş dövrlərdə onların əsərləri asanlıqla öz müəllifini itirib şifahiləşə bilirdi. Onlar əsl el sənətkarı, el şairləridir. Onların şeirlərinin çoxunu yazılı ədəbiyyat nümunələrindən fərqli olaraq, xalq əzbər bilir.
Aşıqlıq onların yüksək saz havaları bilməsi, bəstəkarlığı, saz çalıb-oxuma sənətkarlığı ilə bağlıdır. Bizim böyük saz ustaları ozanlardan gələn bu qabiliyyəti daim mühafizə etmişlər - saz çalıb-oxumaq, oynamaq, şeir demək. Mikayıl Azaflı XX əsrin ikinci yarısında xalqın yetişdirdiyi görkəmli el sənətkarıdır, şairdir, eyni zamanda, görkəmli saz havaları yaradan ustaddır.
Sovet dövründə Mikayıl Azaflının əsərləri toplu şəkildə işıq
üzü görə
bilməyib.
Qoca Azaflıyam,
dilim var, lalam,
Təbrizdə
qardaşım, Sibirdə balam.
Elə dərd varmı ki, çəkməmiş
olam,
Bax, onlar ağartdı
başımı mənim
- deyən
aşığın əsərlərini təbii ki çap etmək
mümkün olmazdı. Bı günlərdə Musiqili
Komediya Teatrında yüksək səviyyədə təqdimatı
keçirilən 760 səhifəlik "Qoca Azaflıyam"
kitabı ədəbi ictimaiyyətə böyük hədiyyədir.
Kitab İraq-türkman folklorunun Azərbaycanda və bir
sıra Şərq ölkələrində geniş yayılmasında
xüsusi xidmətləri olan professor Qəzənfər
Paşayevin geniş ön sözü ilə çap
olunmuşdur. Redaktorlar: professor Məhərrəm
Qasımlı və Gülarə Azaflı, rəyçilər:
xalq şairi Zəlimxan Yaqub və filologiya elmləri namizədi
Elxan Məmmədlidir. Belə bir kitabın işıq
üzü görməsində maddi kömək göstərdiyinə
görə xeyriyyəçi ziyalı Namazalı Məmmədov
təşəkkürə layiqdir.
Kitab Mikayıl
Azaflının, demək olar ki, bütün poetik irsini əhatə
edir. Q.Paşayev ön sözdə Mikayıl Azaflının
keçdiyi enişli-yoxuşlu həyat yolunu ətraflı
işıqlandırmış və ilk dəfə olaraq sənətkarın
yaradıcılığının bir sıra mühüm
xüsusiyyətlərini
aydınlaşdırmışdır. "Qoca
Azaflıyam" kitabında aşıq
yaradıcılığı tarixində ilk dəfə olaraq
gəraylı, təsnif, qoşma, təcnis, müxəmməs,
divani, vücudnamə, sicilləmə, ustadnamə, cahannamə
və digər aşıq şeir şəkillərində hər
bölmədən əvvəl onun şəkli xüsusiyyətləri
barədə qısa məlumat verilmiş, eləcə də
həmin şeir şəklində Azaflının xidmətləri
açıqlanmışdır. Kitabda, eləcə də
aşıq poeziyasında Aşıq Şəmşir və
Azaflıya qədər az yer alan, bu səbəbdən də
indiyə qədər aşıq
yaradıcılığında, demək olar ki, tədqiqata cəlb
olunmayan ithaflar, nəzirələr, mərsiyələr,
şeir-məktublar haqqında ilk dəfə olaraq ətraflı
danışılmış, onlar ayrı-ayrı bölmələrdə
verilmişdir. Aşığın bağlama-qıfılbəndləri,
deyişmələri, bayatıları, rübailəri, qəzəlləri,
zindan şeirləri, poemaları və "Səlim
Şah" dastanı ayrıca bölmələrdə
verilmişdir.
Mən Azaflı ilə
keçən əsrin 80-ci illərinin əvvəllərindən
tanış idim. Kəlbəcərdə - İstisuda
tanış olmuşduq. El sənətinin tarixinə dair xeyli
söhbət etmişdik. Onun özünəməxsus bilik və
ifadə tərzi, yaxşı yaddaşı vardı.
Mən bilirdim ki,
Mikayıl Azaflının gəraylıları, təcnisləri,
qoşmaları var. Amma mən təsəvvür etməzdim
ki, Mikayıl Azaflı belə bir zəngin
yaradıcılığa malikdir. Onun bütün əsərlərini
ortalığa çıxarmaqla Qəzənfər müəllim
və Maral Azaflı aşığa yeni həyat bəxş
edib, ona əbədiyyət qazandırıb. Mikayıl
Azaflı üçün bundan böyük mükafat təsəvvür
etmirəm. Çünki adətən, el sənətkarı vəfat
etdikdən, onun əsərləri itib-batdıqdan, əldən-ələ
gəzib korlandıqdan sonra əl-ayağa düşüb
qırıq-quruq nə ələ gəldi toplamaq bizim vərdişimizdir.
Amma Qəzənfər müəllim və sənətkarın
qızı Maral Azaflının
yaradıcılığını, ədəbi irsini
olduğu kimi toplayıb çap etdirməklə şairə
heykəl ucaltmışlar. Q.Paşayev ön sözdə
yazır: "Aşığın şeir
bağçasında yer alan bir-birindən gözəl gəraylılar,
təcnislər, qoşmalar, müxəmməslər, divanilər,
vücudnamələr, cahannamələr, sicilləmələr,
ustadnamələr, ithaflar, nəzirələr,
bağlama-qıfılbənd deyişmələr, şeirlə
məktublaşmalar, bayatılar, hətta rübai və qəzəllər,
poema və dastanlar saz-söz pərəstişkarlarını
məftun edir. Bu onun həm klassik aşıq sənətinə
dərindən bələd olması, həm də
yazılı ədəbiyyatımızı yaxşı bilməsi
ilə bağlı idi".
Azaflının bir
kitablıq gəraylısı, qoşması, tərtibçilərin
"təsnif" adlandırdığı xeyli başqa
formalı şeirləri var. Bunların, demək olar ki,
hamısı orijinal şeirlərdir və klassik
aşıqlarımızdan iqtibaslara təsadüf edilmir. Mikayıl
Azaflının çətin janr olan təcnis
yaradıcılığı çox zəngindir. Aşıq
təcnisin 28 növündə şeirlər yazmış,
struktur-forma tələbləri ilə bərabər, mənaya
da ciddi diqqət yetirmişdir. Bunlar onun
yaradıcılığının nə qədər əlvan
olduğunu aydın göstərir.
Gənclik, illər təki
hey keçər gedər,
Silsilə dağları
ay aşa-aşa.
Xəyallarda keçən
tarix seyr edər,
Əllidən keçəndə
a yaşa, yaşa.
Mikayıl
Azaflının eyni zamanda, gözəl müxəmməsləri
də var. 16-lıq şəklində yazılmış bu
müxəmməslərin misralarını aşıqlar
asanlıqla 8 hecalı şeir kimi bölüb oxuyurlar. Adi
müxəmməslərlə yanaşı, qoşa yarpaq
cığalı müxəmməsləri də
maraqlıdır. Vücudnaməsi, divaniləri, sicilləmələri,
ustadnamələri, cahannamələri vardır.
Mikayıl Azaflı bir
vaxtlar "Dövlət Təhlükəsizlik
Komitəsinin qara siyahısına düşmüş" və
1961-1964-cü illərdə həbsxana
həyatı keçirmişdir. Həbsxanada bir sıra
şeirlər yazmışdır. Tərtibçilər həmin
şeirləri "Zindan şeirləri" adı altında
vermişlər. Zindan şeirləri
aşığın kədər və iztirablarını,
haqsızlıqdan şikayətlərini, dostlardan, qohumlardan
ayrı düşdüyünü, "dünyada ədalətin
olmadığını" göstərən şeirlərdir:
Azaflı nə desin belə dünyaya,
Olubdur qanunlar tələ
dünyaya.
Tarix söylədi ki, hələ
dünyaya
Bir doğru ədalət,
divan gəlməyib.
Azaflı Şəhriyara,
Səməd Vurğuna,
Qarslı Aşıq İslama, Hüseyn Bozalqanlıya, Aşıq
Ələsgərə, Aşıq
Alıya, Aşıq Şəmşirə, Aşıq
İmrana, qızı
Marala, Aşıq Pəri məclisinə, Mülkülü Həsənə,
Cahan Əfruza, Əli Kafkasiyalıya, Osman Sarıvəlliyə,
Aşıq Mrzəyə
və bir sıra başqa şəxslərə ithaflar
yazmışdır. Qarşılıqlı olaraq ona da
başqalarının ithafları
vardır. Bunlardan əlavə,
Azaflı bir sıra görkəmli aşıqların, şairlərin
ünvanına mərsiyələr
yazmışdır. Kitabın böyük
bir hissəsini Mikayıl Azaflının deyişmələri tutur.
Tərtibçilərin "bənzərsiz şeirlər" adlandırdıqları
şeirləri, qəzəlləri,
mənzum məktubları,
poemaları da göstərir ki, Azaflı məhsuldar yaradıcılıq yolu keçmişdir.
Bu abidə əsər Azaflı yaradıcılığına
əbədi işıq
tutur. Həmişə
xeyirxah əməllərlə,
dəyərli kitablarla
cəmiyyəti sevindirən
filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev
və Maral Azaflı fundamental “Qoca Azaflıyam" kitabını
nəşr etdirməklə
Mikayıl Azaflı yaradıcılığına yuxarıda
qeyd etdiyimiz kimi, yeni həyat
bəxş edib, aşığa əbədilik
qazandırıb.
Qəzənfər KAZIMOV,
professor
Azərbaycan.-2009.-13 yanvar.-S.7.