Prezident İlham Əliyev Prezident Toomas Hendrik İlves Bakıda keçirilmiş Azərbaycan-Estoniya biznes forumunda iştirak etmişlər

 

Yanvarın 13-də Bakıda Azərbaycan-Estoniya biznes forumu keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və Estoniya Prezidenti Toomas Hendrik İlves forumun açılışında iştirak etmişlər.

Biznes forumunda Estoniya tərəfdən 20 nəfərlik heyət, Azərbaycan tərəfdən isə 100-dək iş adamı təmsil olunmuşdu. Estoniya biznesmenləri informasiya-kommunikasiya texnologiyaları, maliyyə, daşınmaz əmlak, nəqliyyat, logistika və bir sıra digər sektorları təmsil edirdilər.

Dövlət başçıları forumda çıxış etdilər.

Prezident İlham Əliyev Estoniya Prezidenti Toomas Hendrik İlvesin Azərbaycana rəsmi səfərinin iki ölkə arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin genişlənməsinə təkan verəcəyini bildirdi. Dövlətimizin başçısı iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olmasının buna hərtərəfli imkanlar yaratdığını xüsusi vurğuladı. O, biznes forumunun, iş adamlarının aparacaqları konkret fikir mübadiləsinin əməkdaşlığın daha da genişləndirilməsi üçün potensial imkanların müəyyənləşdirilməsində böyük əhəmiyyət kəsb edəcəyini söylədi.

Prezident İlham Əliyev Azərbaycan dövlətinin real layihələri hərtərəfli dəstəkləyəcəyini bildirdi. Azərbaycanın müstəqillikdən sonra keçdiyi inkişaf yolunu xarakterizə edərək dedi ki, respublikamız iqtisadi artımın sürətinə görə son 5 ildə dünyada liderdir. Həmin dövrdə ölkəmizdə ümumi daxili məhsul 2,5 dəfədən çox artmışdır. Sənayedə də artım bir o qədər olubdur. 2003-2008-ci illərdə dövlət büdcəsi xərclərinin artımı isə 12 dəfə təşkil edibdir. Dünyada iqtisadi və maliyyə böhranının tüğyan etməsinə baxmayaraq, Azərbaycan 2009-cu və sonrakı illərdə də uğurlu inkişafını davam etdirmək əzmindədir. Prezident İlham Əliyev respublikamızda istər yerli, istərsə də xarici sərmayələr üçün əlverişli imkanlar yaradıldığını, 2009-cu ilin dövlət büdcəsində 5 milyard manatdan çox məbləğdə dövlət sərmayəsinin nəzərdə tutulduğunu bildirdi.

Dövlətimizin başçısı estoniyalı iş adamlarını azərbaycanlı tərəfdaşları ilə birgə iqtisadi layihələr yerinə yetirməklə yanaşı, dövlət sərmayəsi hesabına reallaşdırılacaq layihələrdə də yaxından iştiraka dəvət etdi. O dedi ki, estoniyalı biznesmenlər istər sərmayədar, istərsə də podratçı qismində belə layihələrdə iştirak edə bilərlər.

Prezident İlham Əliyev iqtisadi imkanları artan Azərbaycanın artıq xarici ölkələrə də sərmayə qoyduğunu xatırlatdı, bildirdi ki, indi azərbaycanlı iş adamları da xaricə investisiya yönəltməyə başlamışlar.

Respublikamızın bugünkü uğurlarında ardıcıllıqla həyata keçirilən enerji siyasətinin mühüm rolunu xüsusi vurğulayan dövlətimizin başçısı dedi ki, bu uğurların yalnız zəngin neft və qaz ehtiyatlarının olması ilə əlaqələndirilməsi düzgün deyildir. Bir sıra ölkələr Azərbaycandan qat-qat çox neft və qaz ehtiyatlarına malik olsalar da, onlarda Azərbaycandakı səviyyədə inkişaf qeydə alınmayıbdır. Azərbaycanın uğurlarının kökündə neft və qazdan əldə olunan gəlir hesabına qeyri-neft sektorunun hərtərəfli inkişaf etdirilməsi və mükəmməl iqtisadi siyasət dayanır.

Prezident İlham Əliyev planetdə enerji təhlükəsizliyinin ciddi problemə çevrildiyi indiki vaxtda ölkəmizin Qərbin enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak etdiyini də xüsusi vurğuladı. Bildirdi ki, Azərbaycan enerji daşıyıcılarının nəqli və qiymət məsələsində istər hasilatçı, istər istehlakçı, istərsə də tranzit ölkələrin maraqlarının ədalətli şəkildə uzlaşdırılmasının tərəfdarıdır. Dövlətimizin başçısı Azərbaycan Dövlət Neft Fondunun 2007-ci ildə BMT tərəfindən şəffaflığa görə xüsusi mükafata layiq görülməsini, 2008-ci ildə isə Dünya Bankı kimi mötəbər qurumun Azərbaycanı dünyada bir nömrəli islahatçı ölkə elan etməsini vurğuladı.

Azərbaycan Prezidenti forum iştirakçılarına uğurlar arzuladı.

Estoniya Prezidenti Toomas Hendrik İlves yüksək qonaqpərvərliyə görə Azərbaycanın dövlət başçısına dərin minnətdarlığını çatdırdı. Azərbaycanda 2000-ci ildə xarici işlər naziri kimi səfərdə olduğunu xatırladan Estoniya rəhbəri ötən müddətdə respublikamızda böyük dəyişikliklərin baş verdiyini, Bakının tanınmaz dərəcədə inkişaf etdiyini vurğuladı.

Estoniya Prezidenti zəngin təbii ehtiyatları olmayan ölkəsinin informasiya-kommunikasiya texnologiyaları sahəsində qısa müddətdə böyük uğurlar qazandığını, öz təcrübəsini dost Azərbaycanla yaxından bölüşməyə və bu sahədə sıx əməkdaşlığa hazır olduğunu bildirdi. O, elektron hökumət və bir sıra digər layihələrlə bağlı ölkəsində reallaşdırılan tədbirləri də geniş xarakterizə etdi. Estoniyanın dövlət idarəçiliyi, polis, səhiyyə, vergi və digər sistemlərində, habelə seçkilərdə informasiya-kommunikasiya texnologiyalarının hərtərəfli və dərindən tətbiq olunduğunu xatırlatdı.

Prezident Toomas Hendrik İlves Estoniya və Azərbaycanın iş adamlarını potensial imkanların müəyyənləşdirilməsi və real layihələrin həyata keçirilməsi üçün sıx əməkdaşlığa çağırdı.

Sonra biznes forumu işini davam etdirdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-14 yanvar.-S.3.