Azərbaycan və Estoniya prezidentlərinin geniş tərkibdə görüşü
Azərbaycan dövlətinin
başçısı İLHAM ƏLİYEV görüş
iştirakçılarına müraciətlə dedi:
- Cənab Prezident!
Əziz qonaqlar!
Sizi bir daha Azərbaycanda
salamlayıram və ölkəmizdə xoş vaxt keçirməyinizi
arzulayıram.
Biz indicə hər iki tərəf
üçün maraq doğuran məsələləri - ikitərəfli
və regional inkişafla bağlı məsələləri
geniş müzakirə etdik. Bütün bu məsələlər
bir-biri ilə bağlıdır və əlbəttə ki,
Sizin bizim ölkəyə səfərinizin əhəmiyyətini
vurğulamaq istərdim. Estoniya Prezidentinin Azərbaycana ilk rəsmi
səfəri ikitərəfli əlaqələrin
inkişafını nəzərdən keçirmək
üçün çox gözəl imkandır. Ölkələrimiz
arasındakı siyasi əlaqələr çox
yaxşıdır və əminəm ki, bu səfər əlaqələrimizi
daha da möhkəmləndirəcəkdir. Tərəfdaşlığın
praktik tərəflərinə diqqət daha da
artırılmalıdır.
Biz bu gün iqtisadi əlaqələrin
perspektivlərini müzakirə etdik və hər iki ölkədən
olan iş adamlarının bunları daha geniş müzakirə
etməyə imkanları olacaqdır. Əlbəttə ki,
regional inkişaf, regionda vəziyyət və təhlükəsizlik,
enerji məsələləri, - bunlar hamısı bir-biri ilə
əlaqəlidir. Avropa İttifaqı ilə Azərbaycan
arasında əlaqələr, bu əlaqələrin daha da
inkişaf etdirilməsi bizim üçün çox
mühümdür. Avropa İttifaqı ilə əlaqələrin
inkişafını nəzərdə tutan təşəbbüslərimizi
və fəaliyyətimizi dəstəklədiyi
üçün biz Estoniyaya minnətdarıq.
Ümidvarıq ki, bu,
belə də davam edəcəkdir. Əminəm ki, bu səfər
hər bir cəhətdən uğurlu olacaqdır.
Bir daha xoş gəlmisiniz.
Estoniya Prezidenti TOOMAS
HENDRİK İLVES səmimi qəbul üçün təşəkkür
edərək dedi:
- Çox
sağ olun,
cənab Prezident!
Yenidən Sizin ölkəyə səfər etdiyimə görə çox şadam. Ona görə yenidən deyirəm ki, mən təxminən
on il öncə
Azərbaycana ölkəmizin
xarici işlər naziri kimi səfər
etmişdim.
Əvvəlcə, icazə verin, Sizi bu müddət
ərzində Azərbaycanda
gedən müsbət
dəyişikliklərə görə təbrik edim. Mən aeroportu, Bakını
tanımadım, Qız
qalasından başqa heç yeri tanımadım. Hər şey
tamamilə dəyişibdir.
Biz də bu
mərhələni keçmişik.
Bir tərəfdən, hər
şey fərqli görünür, digər
tərəfdən, bu
hisslər bizə tanışdır. Mən bir
daha deyirəm ki, burada olmağıma
çox şadam.
AzərTAc
Azərbaycan.-2009.-14 yanvar.-S.1-2.