Yaxşı siyasi münasibətlərə söykənən Azərbaycan-Estoniya əlaqələri uğurla inkişaf edir

 

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Sizin hamınızı görməkdən çox şadam. Görürəm ki, cənab Prezidentin Azərbaycana səfəri məhsuldar keçir. Biz bu səfərə böyük əhəmiyyət veririk. Bu, sırf onunla bağlı deyil ki, dövlətlərimiz arasında münasibətlərin tarixində Estoniya dövlət başçısının Azərbaycana ilk səfəridir. Bu, həm də qarşılıqlı maraq doğuran məsələlərlə bağlıdır. Ölkələrimiz müstəqillik qazandıqdan sonrakı onilliklər ərzində uğurla əməkdaşlıq edibdir. İndi isə, hesab edirəm, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün vaxt artıq yetişibdir. Əlbəttə ki, ölkələrimiz arasındakı olduqca möhkəm siyasi münasibətlər müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı bünövrəni təmin edibdir. Cənab Prezidentin səfəri çərçivəsində Bakıda bu biznes forumun keçirilməsi həmin marağı nümayiş etdirən yaxşı əlamətdir.

Bu gün ikitərəfli görüşlərimiz zamanı müxtəlif məsələləri və iqtisadi əməkdaşlığı müzakirə etdik. Bu prosesləri irəlilətmək məqsədilə hansı işlərin görülməsi barədə fikir mübadiləsi apardıq. Bu işin öhdəsindən gəlmək üçün ən münasib yollardan biri bir-birimizi daha yaxşı tanımaqdır. Bu gün ölkəmizə səfər edən Estoniyanın iş adamları bir-birimizi daha yaxşı tanımaq, ölkəmizdə biznes imkanlarını araşdırmaq, potensial sərmayə layihələri barədə məlumat əldə etmək, qarşılıqlı təşəbbüslər, sərmayə imkanlarını bilmək üçün yaxşı fürsət qazanıblar. Bütün bunlar iqtisadi əməkdaşlığımızın çox vacib elementlərinə çevrilə bilər. Bu gün biz məmnunluqla qeyd edə bilərik ki, bu sahədə artıq müəyyən işlər görülübdür. Bilirəm ki, ölkələrimizin şirkətləri işbirliyi qurmağı planlaşdırır, bunu nəzərə alaraq, artıq görüşlər keçiriblər. Zənnimcə, bu gün prezidentlərin iştirakı ilə keçirilən bu görüşün nəticələri daha böyük olacaqdır.

Hüquq çərçivəsi, vergi sistemi, sərmayə qaydaları və biznes imkanları barədə məlumatı aldıqdan sonra biznesi aparmaq və əməkdaşlıq sahələrini müəyyən etmək daha asan olacaqdır. Biz bütün zəruri məlumatları verməyə və dövlətin dəstəyinin təmin edilməsinə hazırıq. Bütün bunlar ölkələrimiz arasında iqtisadi münasibətlərin irəliyə doğru aparılmasına yönəlibdir.

Son bir neçə ildə Azərbaycanın ümumi iqtisadi inkişafı çox müsbət olubdur. İqtisadi artıma gəldikdə, ölkəmiz ardıcıl olaraq 4 il ərzində dünyada birinci yerdədir. Son beş ildə ÜDM 2,5 dəfədən çox artıbdır. Sənaye istehsalında da artım eyni səviyyədədir. Bütün bunlar Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsi üçün imkanlar açıbdır. Son beş il ərzində dövlət büdcəsinin xərcləri 12 dəfə artıbdır. İqtisadi və maliyyə böhranına, o cümlədən bizə gəldikdə, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, bu gün də müsbət dinamikanı qoruyub saxlayırıq. Ümidvarıq ki, əvvəlki illər kimi, 2009-cu il də uğurlu olacaq və biz planlaşdırdığımız bütün işləri yerinə yetirəcəyik.

İqtisadi və sosial inkişaf, siyasi islahatlar hər hansı bir ölkə, xüsusən də müstəqillik baxımından gənc ölkə üçün vacibdir. Sovet İttifaqı dağılandan sonra ölkələrimiz - Estoniya və Azərbaycan, demək olar ki, eyni vəziyyətdə idi. O vaxt yalnız dövlətə məxsus iqtisadiyyat vardı, indi isə Azərbaycanda ümumi daxili məhsulun 85 faizdən çoxu özəl sektor tərəfindən təmin edilir. İqtisadiyyatın liberallaşdırılması, biznes qurmaq imkanları, yerli və xarici sərmayədarlar üçün çox münasib və asan qaydalar elə bir vəziyyət yaradıb ki, biz bu gün onun faydasını görürük.

Biz 90-cı illərin əvvəlində - 1994-cü ildə dünyanın ən iri neft şirkətlərini ölkəmizə dəvət etdik. Həmin vaxtdan bu günə qədər bizim onlarla heç bir ciddi mübahisəmiz və ya narazılıq doğuran məsələmiz olmayıbdır. Bu onu göstərir ki, biz yerli və xarici sərmayədarlarla dövlət qurumları arasında əməkdaşlığın çox səmərəli formatını yarada bilmişik. Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə regionda liderdir. Bizim neft ehtiyatlarımız inkişaf üçün yeni perspektivlər açır. 2009-cu il üçün nəzərdə tutulan dövlət sərmayə proqramlarının həcmi 5 milyard dollardan çox olacaq, həmin layihələr dövlət büdcəsindən maliyyələşdiriləcəkdir. Bundan əlavə, yerli şirkətlər daha da möhkəmlənir, Azərbaycanda və xaricdə sərmayə yatırırlar. Son illərdə şirkətlərimiz qonşu ölkələrin iqtisadiyyatına bir neçə milyard dollar sərmayə yatırıblar. Təbii ki, sərmayə yatırılan ölkələrlə bizim yaxşı siyasi əlaqələrimiz var. Ona görə də mən bir daha xatırlatmaq istəyirəm ki, fəal iqtisadi əməkdaşlıq üçün ölkələrimiz arasında yaxşı və möhkəm əlaqələrin olması ilkin şərtdir.

Biz eston şirkətlərini Azərbaycanın sərmayə proqramlarında iştiraka dəvət edirik. Yeri gəlmişkən, bu məsələni biz bu gün ikitərəfli müzakirələrimiz zamanı nəzərdən keçirdik. Əgər onlar sərmayədar kimi iştirak etmək istəyirlərsə, biz bundan çox şad olarıq. Əgər onlar dövlət büdcəsindən maliyyələşən layihələrdə podratçı olmağa üstünlük verirlərsə, biz yenə də məmnun olarıq. Çünki bizim planlaşdırdığımız layihələrin həyata keçirilməsi üçün peşəkar və bacarıqlı şirkətlərə ehtiyacımız var. Eyni zamanda, burada və ya Estoniyada, yaxud da digər ölkələrdə bəzi müştərək layihələr barədə düşünə bilərik.

Siz öz regionunuzda, biz isə öz regionumuzda güclü mövqelərə malikik. Müxtəlif enerji təşəbbüsləri sayəsində bu gün biz artıq Xəzər-Qara dəniz və Baltik dənizi regionları arasında güclü əlaqələr haqqında danışa bilərik. Biz enerji nəqli marşrutları üzərində sıx işləyirik. Enerji təchizatının şaxələndirilməsi sahəsində planlaşdırdığımız işlərə artıq nail olmuşuq. Lakin eyni zamanda, Xəzər dənizindən çıxarılan neft və qazın Baltik regionunun bazarlarına yeni marşrutlar vasitəsilə çatdırılması üzərində düşünə bilərik. Bu məsələ ilə bağlı biz Estoniya ilə, o cümlədən digər tərəfdaşlarımız və dostlarımızla ciddi şəkildə işləməyə hazırıq. Fikrimcə, bu gün imkanları araşdırmaq üçün münasib fürsət yaranıb və biz əməkdaşlığımızın real perspektivlərini nəzərdən keçirə bilərik. Azərbaycanda artan bazar imkanları cəlbedici ola bilər. Bir çox digər imkanlar da mövcuddur. Əminəm ki, dövlət qurumları şirkətlər arasında qurulan biznes əlaqələrinə dəstək verməlidir və bu baxımdan biz daha fəal əməkdaşlığı görmək istərdik.

Bu gün enerji amili daha böyük əhəmiyyətə malikdir. Biz bunu bugünkü xəbərlərdən görürük. İndiki vəziyyəti təhlil etsək, Azərbaycanda 50 il öncə neft hasilatı bu qədər böyük deyildi. İttifaq dağıldıqdan sonra isə sənaye durğunluq vəziyyətinə düşmüşdü, ölkənin ümumi inkişafı sual altında idi, iqtisadiyyat işləmirdi, sovet vaxtında fəaliyyət göstərən bütün zavodlar bağlanmışdı. Ona görə də ölkəmiz üçün enerji siyasəti sürətli inkişaf üçün əsas alət hesab edildi.

Zənnimcə, biz planlaşdırdığımız məqsədlərə nail olduq. Neft və qaz hasilatına böyük sərmayələr yatırıldı, nəhəng neft-qaz yataqları aşkar edildi. Qaz ehtiyatlarına gəldikdə, onların həcmi qarşıdakı 100 il üçün kifayətdir. Neft və qazın nəqli üçün bizim yaratdığımız müasir nəqletmə yolları və infrastruktur neft və qazımızı böyük həcmdə dünya bazarlarına çıxarır. Enerji siyasəti, əgər belə demək olarsa, enerji fəlsəfəsi ondan ibarətdir ki, enerji xalqları bir-birindən ayırmalı deyil, birləşdirməlidir. Biz öz imkanlarımızdan istifadə edərək tərəfdaş və dostlarımızla işbirliyi qururuq. Biz enerji resurslarını heç vaxt başqa məqsədlər üçün istifadə etməmişik və etməyəcəyik. Onlar yalnız dəstək, yardım, bu və ya digər ölkənin siyasi və iqtisadi maraqları üçün sərf olunacaqdır. Bu günə qədər Azərbaycan özünü enerji ehtiyatlarının hasilatçısı, nəqlinin təminatçısı və tranzit ölkə kimi nümayiş etdirmişdir. Əminəm ki, bu siyasət vəziyyətin proqnozlaşdırılmasına və əməkdaşlığa, ölkələr arasında daha yaxşı anlaşmaya xidmət edəcəkdir.

Ona görə Azərbaycanın bu regionda və daha geniş məkanda enerji inkişafı sayəsində oynayacağı rol, təbii ki, artacaqdır. Bu, sırf coğrafiya ilə bağlı deyil, ölkəmiz Mərkəzi Asiya ilə Avropa arasında körpüdür. Azərbaycan nəhəng daxili resurslara, müasir nəqletmə infrastrukturuna malikdir. Biz Xəzər dənizində çox güclü daşıma qurğularını yaratmışıq. Bundan istifadə edərək biz xoş məramla dostlarımızla işləməyə hazırıq.

Qiymət məsələsinə gəldikdə, bu, hasilatçı və istehlakçı üçün münasib olmalıdır. Qiymət ehtiyacı olan ölkələrin iqtisadiyyatını böhrana sürükləməli deyil. Biz bu məsələlərə bu cür yanaşırıq. Hətta bir neçə il bundan öncə, yəni 90-cı illərin sonlarında neft və qaz yataqlarının istismarına sərmayələrə başladığımız bir dövrdə də bizim siyasətimiz dəyişməz qalırdı. Qeyd etdiyim kimi, biz dünyanın əsas enerji şirkətləri ilə yaxşı münasibətlər qurmuşuq. Biz hasilat sənayesində şəffaflıq üzrə lider ölkələr sırasındayıq. 2007-ci ildə Azərbaycanın Dövlət Neft Fonduna BMT-nin şəffaflıq mükafatı verilibdir. Bu qurum dünyada digər bu kimi müstəqil fondlar arasında ən şəffaf qurumdur. Biz bundan qürur duyuruq. Azərbaycanın hər bir vətəndaşı və dünyanın istənilən vətəndaşı həmin qurumun fəaliyyəti və orada toplanan vəsaitlər barədə məlumat əldə edə bilər. Biz iqtisadiyyatın şaxələndirilməsinə və iqtisadi islahatlara çox böyük diqqət yetiririk. Bəzi hallarda buradakı vəziyyəti yaxşı bilməyən şəxslər sürətli iqtisadi inkişafımızı yalnız neft və qaz amili ilə bağlayırlar. Lakin Azərbaycanla müqayisədə digər ölkələrdə daha böyük həcmdə neft və qaz var. Lakin bu, avtomatik şəkildə uğura, tərəqqiyə və ümumi daxili məhsulun artımına aparmır. Bizim timsalımızda neft və qaz iqtisadi inkişafımızda çox vacib rol oynayıbdır. Lakin bu, yeganə mühüm amil deyildir. Bundan əlavə, deyim ki, Dünya Bankı Azərbaycanı 2008-ci ildə bir nömrəli islahatçı ölkə kimi tanıyıbdır. Bu, iqtisadiyyatımızda islahatların aparılmasına və Azərbaycanın güclü, müasir dövlətə çevrilməsinə yönələn səylərimizə verilən yüksək qiymətdir.

Mən sizin vaxtınızı çox almaq istəmirəm, ölkəmiz haqqında çox danışa bilərdim. Sadəcə, görülən və planlaşdırılan işlər, o cümlədən iqtisadi və enerji sahələrində digər ölkələrlə qurduğumuz əlaqələr haqqında məlumat vermək istədim. Əminəm ki, biz cənab Prezidentlə tədbiri tərk etdikdən sonra aparacağınız müzakirələr praktik nəticələrə səbəb olacaq və yaxın vaxtlarda bugünkü tədbirin nəticələrini görəcəyik. Diqqətinizə görə çox sağ olun.

 

 

Azərbaycan.-2009.-15 yanvar.-S.1.