Estoniya Prezidenti
Toomas Hendrik İlvesin İctimai televiziyaya müsahibəsi
- Axşamınız
xeyir, cənab Prezident!
Proqramımıza xoş gəlmisiniz. Vaxt ayırıb İctimai televiziyaya məxsusi müsahibə verdiyinizə
görə Sizə təşəkkürümüzü bildiririk. Sizə ilk sualımız iki ölkə arasındakı
münasibətlər barədə
olacaq. İkitərəfli
münasibətlərin hazırkı
vəziyyətini necə
qiymətləndirirsiniz?
- Münasibətlərimiz
çox yaxşıdır,
bizim dostluq münasibətlərimiz var. Bu, mənim Azərbaycana ikinci səfərimdir. Birinci səfərimi xarici işlər naziri kimi 2000-ci ildə etmişəm. Bir daha deyim
ki, münasibətlərimiz
yaxşıdır. Amma
biz daha intensiv şəkildə çox
işlər görməliyik.
İqtisadi sahədə
əlaqələrin daha
da genişləndirilməsi
üçün mənimlə
özəl sektoru təmsil edən 30 nəfər gəlibdir. Siyasi baxımdan isə Estoniya lap əvvəldən Azərbaycanı
güclü şəkildə
dəstəkləyən ölkə
olubdur.
Xatırladım ki, 1995,
1996, 1997-ci illərdə də
biz Azərbaycanı Avropa
Şurasına qəbul
olunması üçün
dəstəkləmişik. Münasibətlərimiz yaxın
olub, amma bir daha deyim
ki, siyasi və ticarət əlaqələrimizin genişləndirilməsi
üçün daha çox işlər görməliyik.
- Estoniya
Avropa İttifaqının
üzvüdür, eyni
zamanda Azərbaycan da yeni qonşuluq
siyasətində fəal
iştirak edir. Ölkələrimiz arasındakı
münasibətlər Avropa
İttifaqı çərçivəsində
əməkdaşlığın genişləndirilməsinə nə
kimi töhfə verə bilər?
- Mən
istərdim ki, Avropa İttifaqının
qonşuluq siyasəti
indikindən daha güclü olsun. Şəxsən mən özüm və Estoniya Avropa qonşuluq siyasətinin təkmilləşdirilməsinə cəlb olunmuşuq. Səmimi olaraq onu da deyim
ki, həyata keçirilən Avropa qonşuluq siyasətinin səviyyəsi ilə razı deyilik. Biz fikirləşirik ki, daha çox işlər görülməlidir.
Biz həmçinin Azərbaycanın
bu prosesdə daha yaxından iştirakında çox maraqlıyıq. Bu barədə
bu gün Prezident İlham Əliyevlə də müzakirələr apardıq
ki, daha nə edə bilərik? İnanırıq
ki, Avropa xarici siyasətində bizə daha çox diqqət ayıracaqdır.
Bu, bizim üçün də önəmlidir. Bu mənada
Azərbaycan vacib ölkədir. Avropanın
hazırkı enerji durumuna nəzər saldıqda, Azərbaycanın
vacibliyini görməmək
mümkün deyildir.
- Azərbaycan
torpaqlarının 20 faizi
Ermənistanın işğalı
altındadır. Ölkəmizin
ərazi bütövlüyü
dünya dövlətləri,
eləcə də beynəlxalq təşkilatlar
tərəfindən tanınıbdır.
Ermənistan isə beynəlxalq hüquqa nə əməl, nə də hörmət edir. Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
ədalətli həllində
Estoniyanın mövqeyi
yəqin ki, indi bizə baxan tamaşaçıları
ən çox düşündürən sualın
cavabı olardı.
- Estoniya
hər zaman ölkələrin ərazi
bütövlüyünə hörmət edibdir. Müharibə məqsədə
nail olmaq üçün
vasitə deyildir. Ötən ilin avqustunda baş verən hadisələr də göstərdi ki, ərazi bütövlüyünə güc
yolu ilə müdaxilə necə də təhlükəlidir.
Mən Azərbaycanın
İctimai televiziyasına
müsahibə verdiyim
üçün belə
demirəm. Həqiqətən
də, ərazi bütövlüyünün pozulması
yalnız həmin ölkənin deyil, bütün ölkələrin
problemidir. Dağlıq
Qarabağ tək sizin yox, hamımızın
problemidir.
İstər Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ,
istərsə də digər münaqişələr
tezliklə danışıqlar
yolu ilə həllini tapmalıdır.
Əks təqdirdə,
bütün dünyanı
müharibələr bürüyər.
Bir daha bildirmək istəyirəm
ki, Estoniya dövlətlərin sərhədlərinin
toxunulmazlığı prinsipini
qəti şəkildə
dəstəkləyir.
- Humanitar
sahədə əlaqələrin
daha da genişlənməsi
üçün yaxşı
potensial var, Siz bu fikirlə
razısınızmı?
- Bunun üçün həqiqətən
də güclü baza mövcuddur. Estoniyada 2 mindən çox azərbaycanlı
yaşayır. Amma təəssüf ki, Azərbaycanda o qədər
də çox eston yaşamır. Bu 2 min
nəfər də Azərbaycan mədəniyyət
mərkəzində çox
fəal iştirak edir. Bu yaxınlarda biz estonca-azərbaycanca lüğətin
nəşrinin şahidi
olduq. Yəni, ünsiyyət qurmaq üçün artıq lüğətimiz də
var. Amma gördüyünüz
kimi, biz artıq ingilis dilində rahat söhbət edirik. Bununla yanaşı, humanitar və mədəni sahələrdə də bir çox işlər görülməlidir.
Bütün bunları
iqtisadi sahəyə də aid etmək olar.
- Estoniyadakı
Azərbaycan diasporu ölkənizin ictimai həyatında və digər sahələrdə
fəal iştirak edir. İkitərəfli münasibətlərin genişlənməsində,
xalqlarımızın bir-birinə
daha da yaxınlaşmasında
diasporun rolunu necə qiymətləndirirsiniz?
- Düşünürəm
ki, bu sahədə
xeyli iş görülə bilər.
Əlaqələrin qurulmasında
diasporun böyük rolu var. Mənimlə gələn 30 nəfər
özəl sektor nümayəndəsi sadə
estoniyalılardır və
onlar iqtisadi əlaqələrin genişləndirilməsində
maraqlıdırlar. Mədəniyyət
sahəsində isə
daha çox imkanlar var. Hər iki dildə danışan insanlar bu işdə daha böyük rol oynaya bilərlər.
Biz Estoniyada yaşayan
azərbaycanlılarla fəxr
edirik. Onlar həm də ölkənin siyasi həyatında fəaldırlar.
Azərbaycanlı Eldar
Əfəndiyev parlamentin
üzvüdür. Bu, bizim
ölkə üçün
çox normaldır və insanları bu cür fəaliyyətə
həvəsləndiririk.
Hazırkı böhran
göstərir ki, enerji, təbii qaz mənbəyindən asılılıq Avropa üçün ziyanlıdır.
Ümid edirəm ki, bu, bizim
üçün bir siqnal olacaq ki,
Azərbaycanın əsas
iştirakçı sayıldığı
Nabukko layihəsinə,
Cənub dəhlizinə
daha ciddi yanaşaq.
- Avropa enerji təhlükəsizliyinin
təmin olunması məsələsində Azərbaycanın
potensialına böyük
önəm verir. Bu barədə nə deyə bilərsiniz?
- Mən
enerji mənbələrinin
şaxələndirilməsi barədə Avropada bir neçə dəfə danışıqlar
aparmışam. Ümid
edirəm ki, gələcək illərdə
Nabukko layihəsinə
daha çox diqqət yetiriləcəkdir.
Mən düşünürəm
ki, buna nail olacağıq. Hətta deyərdim ki, bir qədər gecikmişik. Ötən bir neçə həftə də növbəti bir siqnal olubdur. Avropadakı bu problem ona bənzəyir ki, sizi səhər
yuxudan ayıldacaq zəngi hər dəfə bir az sonraya dəyişirsiniz.
5-10 dəqiqədən sonra
yenidən zəng çalınır və siz yenidən oyanırsınız. Biz də
bu cür yeni siqnal gözləməməliyik.
Estoniya bu məsələyə digər
ölkələrdən daha
ayıq yanaşır.
Biz Avropa İttifaqı
ilə bu məsələyə dair
bağlı müzakirələri
davam etdirəcəyik.
- Cənab
Prezident, biz enerji sahəsi barədə danışdıq. Bizim üçün o da maraqlıdır ki, Estoniya Azərbaycanla konkret hansı sahələrdə iqtisadi
əlaqələrin inkişaf
etdirilməsini istərdi?
- Sonuncu olmayacaq bu səfərimdə,
nümayəndə heyəti,
əsasən, informasiya
texnologiyaları sektorunu
təmsil edir. Bu sahə bizim inkişafımızın göstəricisidir.
Çünki Estoniya təbii resurslarla zəngin deyildir. Yəni, Allah tərəfindən
verilən neft və qazımız, başqa təbii sərvətlərimiz yoxdur.
Ona görə də biz informasiya texnologiyaları sahəsinə
arxalanmalıyıq. Məncə,
Azərbaycanda çox
az adam bilir
ki, Skayp internet telefonu Estoniyanın məhsuludur. Nümayəndə
heyətində də
bu sahənin təmsilçiləri var. Bizim
Azərbaycanla rabitə
və digər sahələrdə birgə
işləməklə bağlı
çoxlu ideyalarımız
var. Məncə, bütün
bunlar ölkəni daha da müasirləşdirməyə
və şəffaflığı
artırmağa kömək
edəcəkdir.
- Cənab
Prezident, vaxt tapıb bizim proqramımıza qatıldığınıza
görə Sizə bir daha təşəkkürümüzü
bildiririk.
AzərTAc
Azərbaycan.-2009.-15 yanvar.-S.2-4.