Estoniya Prezidenti Azərbaycanın sənaye
və energetika naziri ilə görüşmüşdür
Estoniya Prezidenti Toomas
Hendrik İlves Azərbaycanın sənaye və energetika naziri
Natiq Əliyevlə görüşmüşdür.
Estoniyanın Azərbaycanla
iqtisadi, xüsusən energetika və informasiya-kommunikasiya
texnologiyaları sahəsində əməkdaşlıqda
maraqlı olduğunu bildirən Prezident Toomas Hendrik İlves
ölkəsinin Avropanın enerji təhlükəsizliyi ilə
bağlı məsələlərə önəm verdiyini
vurğuladı. Son iki həftə ərzində baş
vermiş hadisələrin Nabukko layihəsini daha da
aktuallaşdırdığını deyən Estoniya dövlətinin
başçısı, Avropanın enerji tələbatlarının
təmin edilməsində Azərbaycanın mühüm rola
malik olduğunu söylədi. Estoniyanın Avropa
İttifaqında Azərbaycanın fəal dostu və tərəfdaşı
olduğunu vurğulayan Prezident Toomas Hendrik İlves
Avropanın enerji təchizatının şaxələndirilməsinin
vacibliyini bildirərək dedi ki, bu məsələdə biz
Azərbaycanı mühüm iştirakçılardan biri
hesab edirik.
Natiq Əliyev ali
qonağa ölkəmizin enerji potensialı, Xəzər dənizinin
Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının hasilatı
və ixracı ilə bağlı həyata keçirilən
layihələr barədə ətraflı məlumat verdi. Azərbaycanla
Estoniya arasında ikitərəfli əlaqələrin
uğurla inkişaf etdiyini deyən nazir ölkəmizin təbii
enerji ehtiyatlarını dünya bazarlarına
çıxarmaqda, Avropa ölkələrinin isə Azərbaycan
qazını almaqda maraqlı olduğunu söylədi.
Görüşdə
Avropanı təbii qazla təmin edəcək Nabukko layihəsinin
vacibliyi bildirildi.
AzərTAc
Azərbaycan.-2009.-15 yanvar.-S.4.