Səngəçal neft terminalı ilə tanışlıq
Estoniya Prezidenti Toomas Hendrik İlves və ölkəmizə səfərdə onu müşayiət edən nümayəndə heyəti Səngəçal neft terminalında olmuşdur.
Xəzər Enerji Mərkəzindən başlanmış tanışlıq zamanı terminalın rəhbərləri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə qonaqlara mərkəz barədə ətraflı məlumat vermişlər.
Estoniya Prezidenti karbohidrogenlərin yaranması, onların kəşfiyyatı, hasilatı, nəqli, emalı və s. məsələləri əhatə edən zəngin eksponatlara, kosmosdan çəkilmiş nadir görüntülərə, eləcə də ölkəmizin neft-qaz sənayesi haqqında dolğun məlumatları əks etdirən şəkillərə, qlobal enerji layihələri haqqında slaydlara maraqla baxdı.
Qonaqlara bildirildi ki, inşasına 2001-ci ildən başlanmış terminalda tutumu 880 min barel olan 3 xam neft çəni, baş nasos stansiyası, separatorlar, emal qurğuları və idarəetmə məntəqəsi vardır. Buraya fiberoptik rabitə kabelləri, sahildən 187 kilometr aralıda yerləşən dəniz yataqlarından sualtı neft və qaz kəmərləri çəkilmişdir.
Estoniyalı qonaqlar avtobusla terminalın ərazisini də gəzdilər, onlara buradakı texnoloji proseslər barədə məlumat verildi.
Toomas Hendrik İlves terminalda gedən texnoloji proseslərlə, nəzarət-idarəetmə məntəqəsinin iş sistemi ilə də tanış oldu. Ali qonağa bildirildi ki, bu məntəqədən Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft boru kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin ölkə ərazisindəki hissələrində bütün prosesləri izləmək, hər hansı qəza, nasazlıq barədə dərhal xəbər tutmaq və müvafiq tədbir görmək mümkündür.
Terminalla tanışlıqdan xatirə olaraq, Estoniyanın Prezidentinə hədiyyə təqdim edildi.
Dünyanın ən nəhəng terminallarından biri ilə tanışlıq qonaqlarda xoş təəssürat doğurdu.
AzərTAc
Azərbaycan.-2009.-15 yanvar.-S.4.