İnformasiya-kommunikasiya texnologiyaları sahəsində Estoniya-Azərbaycan hökumətlərarası müqavilə imzalanacaqdır

 

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Estoniya nümayəndə heyəti ilə keçirilən görüşdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində Estoniya-Azərbaycan hökumətlərarası müqavilədə nəzərdə tutulan məsələlər müzakirə olunmuşdur.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov demişdir: "Müqavilənin ilkin variantı üzərində iş başa çatdırılmışdır. Hazırda sənəd Estoniya tərəfindən Avropa İttifaqının tələbləri əsasında təkmilləşdirilir. Hesab edirəm ki, müqavilə bu ilin birinci yarısında imzalanacaqdır".

Görüşdə Əli Abbasov Azərbaycanda informasiya texnologiyalarının inkişafı, informasiya cəmiyyətinin formalaşdırılması istiqamətində aparılan işlər barədə məlumat vermişdir.

Estoniyanın iqtisadiyyat və kommunikasiya naziri Yuhan Parts ölkəsində elektron hökumət, elektron sənəd mübadiləsinin tətbiqi və digər istiqamətlərdə həyata keçirilən tədbirlər, eləcə də İKT sektorunun ümumi inkişafı barədə ətraflı danışmışdır. Estoniyalı nazir demişdir ki, dövlət idarəçiliyində və özəl sektorda informasiya-kommunikasiya texnologiyalarının inkişafı hökumətləri maraqlandıran əsas sahələrdir.

Görüşdə Bakıda keçirilmiş biznes forumunda İKT sahəsi üzrə qaldırılan məsələlər müzakirə olunmuşdur. Tərəflər ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmış, İKT şirkətlərinin əməkdaşlıq imkanları və perspektivlərinə dair təkliflər vermişlər.

Tədbirdə bir sıra nazirlik və müəssisələrin informasiya texnologiyaları mütəxəssisləri və İKT şirkətlərinin nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-15 yanvar.-S.4.