Estoniya Azərbaycan ilə hərtərəfli
əlaqələrin inkişafında
maraqlıdır
Estoniyanın iqtisadiyyat
və kommunikasiya naziri Yuhan Parts Prezident Toomas Hendrik İlvesin
Azərbaycana rəsmi səfərinin yekunları ilə
bağlı keçirdiyi mətbuat konfransında demişdir:
"Estoniya Azərbaycan ilə hərtərəfli əlaqələrin
inkişafında maraqlıdır".
Ölkələrimiz
arasında olan münasibətlərin tarixində Estoniya
Prezidentinin Azərbaycana ilk dəfə səfər etdiyini diqqətə
çatdıran Y.Parts demişdir ki, bu geniş tərkibli səfərdən
əsas məqsəd dövlətlərimiz arasında
bütün sahələrdə əlaqələri genişləndirməkdir.
Əminliklə bildirirəm ki, buna yüz faizdən də
artıq nail olmuşuq. Səfər çərçivəsində
siyasi dialoq aparılmış, iqtisadi və ticari əlaqələrinin
genişləndirilməsi, investisiya qoyuluşu məsələləri
müzakirə edilmişdir. Deməliyəm ki, strateji,
uzunmüddətli və digər məsələlərdə
hər iki ölkənin maraqları üst-üstə
düşür. İqtisadi əməkdaşlığın
genişləndirilməsi istiqamətində atılan
addımlardan danışan nazir yanvarın 13-də
keçirilmiş Azərbaycan-Estoniya biznes forumunun sahibkarlar
arasında əlaqələrin yaradılmasında əhəmiyyətini
diqqətə çatdırmışdır. Ticarət sahəsində
əlaqələrin genişləndirilməsi
üçün böyük imkanların olduğu qeyd
edilmiş, bu istiqamətdə addımların
atılmasının vacibliyi vurğulanmışdır.
Yuhan Parts bildirmişdir
ki, hazırda Avropaya qazın nəqli ilə bağlı Rusiya
və Ukrayna arasında yaranmış problemlər Nabukko layihəsinin
həyata keçirilməsinin vacibliyini daha da
aktuallaşdırmışdır. O, Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında Azərbaycanın potensialından istifadə
edilməsinin əhəmiyyətindən
danışmış, informasiya-kommunikasiya texnologiyaları
sahəsində ölkəsinin Azərbaycana yaxından kömək
etməyə hazır olduğunu söyləmişdir. Nazir
regionda lider dövlət olan Azərbaycanın dinamik inkişafından
məmnunluğunu qeyd etmiş, Estoniyanın Azərbaycanla hərtərəfli
əlaqələrin inkişafında maraqlı olduğunu
vurğulamışdır.
Sonda KİV nümayəndələrinin
sualları cavablandırılmışdır.
Tədbirdə Estoniya
Prezidenti dəftərxanasının mətbuat katibi Toomas
Sildam, Estoniya Sahibkarlar və İşəgötürənlər
Federasiyasının sədri Enn Veskimaki və Estoniya-Azərbaycan
Ticarət Palatasının sədri xanım Yana Krimpe
iştirak etmişlər.
AzərTAc
Azərbaycan.-2009.-15 yanvar.-S.4.