"İrəli" İctimai Birliyi "Milli elita" mövzusunda ilk görüş keçirmişdir

 

"İrəli" İctimai Birliyi "Milli diskussiyalar" silsiləsindən "Qış debatları" çərçivəsində "Milli elita" mövzusunda ilk görüş keçirmişdir.

"İrəli" İctimai Birliyinin sədri Ceyhun Osmanlı görüşü açaraq bildirmişdir ki, rəhbərlik etdiyi təşkilat cəmiyyətdə baş verən prosesləri diqqət mərkəzində saxlamaqla yanaşı, ictimaiyyətin, o cümlədən gənclərin marağına səbəb olan mövzuların müzakirəsini təşkil etməyə başlamışdır. Bu istiqamətdə yanvardan etibarən "Milli diskussiyalar" adı ilə ziyalıların və gənclərin mütəmadi görüşləri keçiriləcəkdir. İndiki görüşdə isə son vaxtlar cəmiyyətdə geniş diskussiyaya səbəb olan "Milli elita" mövzusu müzakirə ediləcəkdir.

Görüşdə ekspert qismində Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev, Milli Məclisin deputatı Fazil Mustafayev, AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun direktoru İlham Məmmədzadə, həmin institutun dissertantı Rəna Mirzəzadə, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının şöbə müdiri Fariz İsmayılzadə, İslam Konfransı Təşkilatı (İKT) Gənclər Forumunun baş katibi Elşad İskəndərov, Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzinin direktoru Eldar İsmayılov, politoloq Rasim Musabəyli iştirak edirdilər.

Açıq diskussiya formatında təşkil edilmiş görüşdə ekspertlər "İrəli"nin fəallarının mövzu ilə bağlı suallarına və fikirlərinə aydınlıq gətirmişlər. Bildirilmişdir ki, "Milli elita" mövzusu daim cəmiyyətin diqqət mərkəzində olmuş, bununla bağlı müxtəlif araşdırmalar aparılmış, nəzəriyyələr irəli sürülmüşdür. Elitalogiya cəmiyyətin strukturunu araşdıran bir elm sahəsidir. Bu baxımdan yekdilliklə bildirilmişdir ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Zaman" haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalılıq" əsəri bu mövzuda çox dəyərli elmi-fəlsəfi araşdırmadır. Burada milli elitanın yaranma mexanizmləri, elementləri, milli elitanın formalaşmasında, qlobal elitaya inteqrasiyasında elmin, təhsilin, siyasi, iqtisadi və digər amillərin rolu geniş şərh olunmuşdur.

Cəmiyyətin canlı bir orqanizm olduğunun vurğulandığı görüşdə diqqətə çatdırılmışdır ki, bu orqanizmdə elitanın - seçilmişlərin üzərinə böyük vəzifələr düşür. Əgər əvvəllər zadəganlar, aristokratlar, sərkərdələr elita sayılırdısa, indi cəmiyyətin müxtəlif istiqamətlərində seçilmiş insanlar elitanı təşkil edirlər. Həmin şəxslər öz enerjisi ilə cəmiyyəti arxalarınca aparırlar. Milli elita qlobal elitanın bir hissəsidir. Elitanı xalq yaradır və o, milli amillərə söykənməlidir.

Görüşdə bu cür formatda müzakirələrin davam etdirilməsinin gənclər üçün əhəmiyyəti vurğulanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-15 yanvar.-S.5.