Vətənə xidmətin şərəfli yolu

 

İkiqat paralimpiya çempionu İlham Zəkiyev sinəsində yurd sevgisi və həyat eşqi gəzdirən və bunun da nəticəsində iradənin, dözümün ucalığında dayanan vətən oğludur. O, 18 yaşında hərbi xidmətdə olarkən torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda döyüşmüş qəhrəmandır. 1999-cu ildə Füzuli rayonunda öz vətən borcunu yerinə yetirərkən erməni snayperinin gülləsinə tuş gəlmişdi. Bununla da, görmə qabiliyyətini itirən İlham Zəkiyev onu tapmış ağrı-acılara, taleyin qəfil hökmünə əyilmədi. Sinəsində gəzdirdiyi vətən eşqi, həyata bağlılıq onu başqa səmtə çəkdi. Ən böyük arzusu Qarabağda yüksəkliklərə qələbə bayrağını taxmaq idi. Lakin tale ona bu imkanı vermədi. Əvəzində İlham Zəkiyev dözüm göstərərək başqa bir sahədə - idmanda elə uğurlar qazandı ki, tunc biləkli igidimizin sorağı uzaq-uzaq ölkələrdə keçirilən paralimpiya yarışlarından gəldi.

 

Qüdrəti, şücaəti nəticəsində dəfələrlə Azərbaycan bayrağı qaldırıldı, himnimiz çalındı. Yüzlərlə, minlərlə pərəstişkarın alqışı, sevinci bir ünvana - İlham Zəkiyevin adına qanadlandı. Hər kəs bu vətən oğlu ilə qürur duydu, sevinc tapdı. İlham Zəkiyev yenə də döyüş meydanında idi. Bu dəfə ona heç kim arxadan zərbə vura, kol dalından atəş aça bilməzdi. Üzbəüz dayandığı rəqibini qolunun, biləyinin gücünə, ürəyinin eşqinə, ağlının qüdrətinə görə müvəffəqiyyətsizliyə uğratdı. Bu, adi qələbə deyildi. Bu, minlərin gözü qarşısında qaranlıqla döyüşən, ona qələbə çalan bir igidin vətən məhəbbəti və böyük hünəri idi.

Biz nəsil orta məktəb illərində bədii ədəbiyyatda oxumuşduq ki, gözlərini, qollarını itirən insanlar inamdan yapışaraq xarüqələr yarada biliblər. Nikolay Ostrovskinin "Polad necə bərkidi" romanını sevə-sevə və dəfələrlə oxumuşduq. Pavel Korçaginlərin dəyanətinə, əzminə heyran qalsaq da, həyatda belə insanlara rast gəlməmişdik. Məhz İlham Zəkiyev öz fədakarlığı, inadı, dözümü və mərdliyi ilə bir daha sübut etdi ki, göz işığını itirmək hər şeyi itirmək deyil. Təki ümidin sona yetməsin, iradən möhkəm olsun! Köksündə yaratmağa, yaşamağa sönməz həvəsin qərar tutsun! Onda bütün pisliklərə, namərdliklərə üstün gəlmək olar. İlham Zəkiyev belə mərd ürəklə dəfələrlə təsdiqlədi ki, o, içində işıq gəzdirən bir igiddir. Bu işığın nuru onun yollarına elə aydınlıq gətirir ki, o, bizim hər birimizdən belə, yaxşı görür. O insan xoşbəxtdir ki, onun köksünün altında işıq dolu bir dünya var.

Bu günlərdə ikiqat paralimpiya çempionu ilə redaksiyamızda görüş keçirildi.

 

Çoxdan arzulanan görüş

 

Bəxtiyar SADIQOV,

"Azərbaycan" qəzetinin

baş redaktoru:

- "Azərbaycan" qəzetinin redaksiyasında Sizi görməkdə çox şadıq. Kollektivimizin görkəmli şəxsiyyətlər və müxtəlif titullu insanlarla çoxsaylı görüşləri olub. Amma ilk dəfədir ki, Sizin kimi bir qəhrəmanla görüşürük. Bizim üçün qeyri-adi görüşdür və biz bu görüşü çoxdan gözləyirdik. Fikrimcə, ən böyük qələbə insanın öz üzərində qələbəsidir! Doğrudur, dinimizə görə ən böyük qələbə nəfs üzərindəkidir. Bu, əslində, qələbənin bir hissəsidir. Amma insanın öz üzərində qələbəsi daha əzəmətlidir. İlham, qardaşım, Siz, ilk növbədə, öz üzərinizdə böyük qələbə çalmış insansınız və bu qələbəniz iki dəfə dünya miqyasında paralimpiya oyunlarında öz təsdiqini tapıb. Çox şadıq və bu qələbə münasibətilə də Sizi təbrik edirik! Azərbaycan tarixində Siz ikiqat paralimpiya çempionu olmuş ilk idmançısınız. Bu günlərdə möhtərəm Prezident İlham Əliyev tərəfindən "Şöhrət" ordeninə layiq görüldünüz. Bu ali mükafatınızı da təbrik edirik. Biz Sizə inanırıq! Sizdə ki bu iradə var, bu əzm, qüdrət, şücaət və qüvvə var, bilirik ki, hələ neçə dəfə paralimpiya çempionu olacaqsınız. Üçrəngli bayrağımızın dünyanın bir çox bölgələrində, olimpiya yarışlarında, digər tədbirlərdə ucalmasına, himnimizin səsləndirilməsinə nail olacaqsınız! Ona görə də "Azərbaycan" qəzetinin kollektivi adından Sizi həm təbrik edir, həm də təşəkkürümüzü bildiririk.

Haqqınızda eşitmişdik, qəzetlərdə oxumuşduq, yarışlardakı şücaətinizi, qələbənizi televiziya vasitəsilə izləmişdik. Qürur duyuruq ki, indi Siz redaksiyamızın qonağısınız. Sizin sözünüzü eşitmək bizə daha xoşdur.

 

İlham ZƏKİYEV,

İkiqat paralimpiya çempionu:

- Əvvəlcə, bu görüş üçün sizə öz minnətdarlığımı bildirirəm. "Azərbaycan" qəzeti ölkəmizdə birincidir. Fəxr edirəm ki, belə bir nüfuzlu qəzetin kollektivi ilə görüşə gəlmişəm. Mənə çox xoş oldu. Hamınızı ürəkdən salamlayıram və diqqətinizə görə təşəkkür edirəm.

Bu gün bütün idmançılarımızın qələbəsinin arxasında Prezident İlham Əliyevin qayğısı durur. Mənim uğurlarımda möhtərəm Prezidentin xüsusi zəhməti olub. Eləcə də, məşqçim Əhməd Rəcəbli, Milli Paralimpiya Komitəsi, "Neftçi" İdman-Sağlamlıq Mərkəzi, İdman və Gənclər Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti bu qələbənin qazanılması üçün bizə lazım olan şəraiti yaradıblar. Qələbədə əməyi, dəstəyi olanların hamısına minnətdaram. İnsan nə qədər güclü olsa da, tək heç nə edə bilməz! Bir xoş söz də adama ruh verir, enerji gətirir. Biz məhz məhəbbətə, inama söykənərək bu qələbəni qazandıq. Cənab İlham Əliyev bizim çəkdiyimiz zəhməti artıqlaması ilə qiymətləndirdi. Bu da bizə yeni ruh verir. Azərbaycan idmançıları çox xoşbəxtdirlər ki, onların belə idmansevər Prezidenti var!

 

"Azərbaycan" qəzeti redaksiyasında görüş

 

 "Anamın səsinə ayıldım"

 

Bəxtiyar SADIQOV:

- Çox sağ olun ki, Siz bu cür düşüncənin və təfəkkürün sahibisiniz. Bizim üçün çox maraqlıdır. İdmana necə gəldiniz? Bildiyimə görə, Siz həm də orduda xidmət etmisiniz. Sizə deyim ki, vaxtilə mən də hərbi müxbir kimi Qarabağ bölgəsində olmuşam. İnsanların hansı əzabı çəkdiklərini, hansı zillətə dözüm gətirdiklərini, əsgərlərin hansı çətinliklərlə üzləşdiklərini gözlərimlə görmüşəm. Hətta mənim bu mövzuda bir neçə kitabım da çıxıb. İlk belə kitabım da "Qeyrət və xəyanət" adlanır. Vətənin müdafiəsinə qalxan oğullarımızı Qarabağ müharibəsi ac qurd kimi yedi. Vətən uğrunda çəkinmədən canlarını əsirgəməyən oğullar heç vaxt unudulmurlar. Bilirik ki, Siz də təsadüfən sağ qalmış həmin qəhrəman övladlardansınız.

İlham ZƏKİYEV:

- Mən 1980-ci ildə Sumqayıt şəhərində fəhlə ailəsində anadan olmuşam. Dörd qardaşıq. Bir bacımız var. Məndən iki yaş böyük qardaşım güləşçi idi. Mən də onun sayəsində idmana gəldim. 15 yaşında ikən cüdo ilə məşğul olmuşam. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşqçi Əhməd Rəcəblinin köməyi ilə məşqlərə başladım. Çox qısa müddət ərzində respublikada uğurlar qazandım, şəhər çempionu oldum. Hərbi xidmətə gedənədək son yarışım 1998-ci ildə oldu. Həmin yarışda da qələbə qazandım, sonra orduya getdim. Fiziki göstəricimə görə yaşıdlarımdan seçilirdim. Ona görə də məni kəşfiyyatçı seçdilər. 1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində döyüş tapşırığını yerinə yetirərkən erməni snayperinin gülləsinə tuş gəldim. Güllə sol gicgahımdan girib sağdan çıxmışdı. Nəticədə hər iki gözümün işığını itirdim. Allahın məsləhətinə şükür. Həkimlərin dediyinə görə, bu cür güllə yarasından sonra mənim sağ qalmağım möcüzədir. Beş gün koma vəziyyətində olmuşam. Sağ qalacağıma heç kimin ümidi olmayıb. Hətta həkimlər də ümidverici söz deməyiblər. Beşinci gün anamın səsinə ayılmışam. Amma dünyanı qara rəngdə gördüm. Beləliklə də, evimizə birinci qrup Qarabağ əlili kimi qayıtdım. İlk günlər çox çətin idi! 19 yaşlı bir gəncin bu ağır itkiyə dözməsi həqiqətən, zor işdir. Şükürlər olsun, mən çox çətinlik çəkmədim. Dostlarımın və ailəmin sayəsində hər şeyə nikbinliklə yanaşdım. Bu faciəni özümə böyük dərd etmədim. Həmin vaxtlarda idmana gəlişim fantastik görünə bilərdi. Mən yollar axtarırdım. Görəsən, idmanın hansı növü ilə məşğul ola bilərəm. 2002-ci ildə İdman və Gənclər Nazirliyində nazir Əbülfəs Qarayevlə görüşdüm. O, mənim müalicəmlə bağlı kömək göstərdi. Moskva şəhərinə müayinəyə göndərildim. Hələ ki tibb elmi bu sahədə müəyyən çətinliklər çəkir. Amma axtarışlar, inkişaf təsdiqləyir ki, gələcəkdə mənim kimi gözlərini itirmiş insanlar da əvvəlki görmə qabiliyyətini bərpa edə biləcəklər. Buna inanıram. Moskvadan qayıtdıqdan sonra yenə nazirlikdə məsləhət etdim ki, paralimpiya oyunlarında mən idmanın hansı növü ilə məşğul ola bilərəm. Bildirdilər ki, birbaşa mənim məşğul olduğum cüdo güləşi var. Beləliklə, arzuma qovuşdum. Bu da taleyin qisməti imiş.

2002-ci ilin noyabrından mən məşqlərə başladım. 2003-cü ildə Kanadada keçirilən dünya çempionatında iştirak etməli idim. Bu yarışın mötəbərliyi onda idi ki, Afinada keçiriləcək paralimpiya oyunlarına lisenziya verilirdi. Bu, mənim ilk yarışım oldu, hazırlığım da elə yüksək deyildi. Buna baxmayaraq, vətənə bürünc medalla döndüm və Afina yarışına qatıldım. Qələbələri çox çətinliklə qazanmışam. İlk görüşdə rəqibim kubalı idmançı idi. Ona dünya çempionatında uduzmuşdum. Lakin Yunanıstanın paytaxtında onu 1 dəqiqə 40 saniyə ərzində tam üstünlüklə məğlub etdim. Yarımfinalda ispaniyalı cüdoçunu 37 saniyəyə məğlubiyyətə uğratdım. Finalda isə britaniyalı döyüşçüyə 1 dəqiqə 2 saniyəyə ippon fəndi ilə qalib gəldim. Beləliklə, cəmi 2 dəqiqə 59 saniyə ərzində paralimpiya çempionu oldum. 2008-ci ildə Pekində isə rəqiblərim mənə qarşı çox ciddi hazırlaşmışdılar. İlk rəqibim fransız idi. Onunla əvvəllər Avropa çempionatlarında qarşılaşmışdım. Bir-birimizə bələd idik. Lakin 5 saniyədə onu ipponla məğlub etdim. Mənim hələ indi də o yarışda eşitdiyim səslər qulağıma gəlir. Finalda rəqibim çinli olduğundan yerli azarkeşlər ona böyük dəstək verirdilər. Lakin 40 saniyədən sonra onların dəstəyi kəsildi. Əvəzində idman zalını doğma səslər - "Azərbaycan, Azərbaycan!" sədaları bürüdü. İlk dəfə olaraq Pekin paralimpiyadasında Azərbaycan himni səsləndirildi. Bir idmançı kimi mən özümü xoşbəxt sanıram. Hər bir idmançıya bu hissləri yaşamağı arzulayıram. Ümumiyyətlə, cüdoçularımız Pekin olimpiadası və paralimpiyadasında çox yaxşı təsir bağışladılar. Mən sevinirəm ki, ölkə başçısı cənab İlham Əliyevin qayğısı sayəsində Sumqayıtda Paralimpiya Kompleksi istifadəyə verildi. Onun açılış mərasimində ölkə Prezidenti İlham Əliyev də iştirak edirdi. Bir məsələni də qeyd edim ki, paralimpiya oyunlarının olimpiadadan yeganə fərqi mübarizliyin çox olmasıdır. Paralimpiyaçı həm idmanda, həm də həyatda mübarizə aparır. Mənə göstərilən dəstək və qayğı bu mübarizədə qələbəmi şərtləndirir. Prezident İlham Əliyev tərəfindən mənə mənzil verilib, maşın bağışlanıb. 2005-ci ildə cənab İlham Əliyev tərəfindən gözlərimin yenidən müayinəsi ilə bağlı İsrailə göndərildim. Müayinədən sonra bildirdilər ki, görmə qabiliyyətimi bərpa etmək hələlik mümkün deyil. Lakin tədqiqatlar gedir. Söylədilər ki, bu, yaxın gələcəkdə mümkün olacaq. İnşallah, yenilik olan təqdirdə məni özləri dəvət edəcəklər. İdmanın inkişafında göstərdiyim xidmətlərə görə, "Şöhrət" ordeni ilə təltif olunmuşam. Bütün bunlar isə məsuliyyətimi daha da artırır.

2005-ci ildə elimizin adət-ənənəsi ilə ailə həyatı qurdum. Xoşbəxt ailə sahibiyəm. İki övladım və yaxşı dostlarım var. Oğlum İlkin harada Azərbaycan bayrağı görsə, tez bərkdən deyir: "Ata çempion". İnanıram ki, dövlətə hərbi qulluqda xidmətim yarımçıq qalsa da, bu qulluğu idman sahəsində həmişə ləyaqətlə həyata keçirəcəyəm.

Bəxtiyar Sadıqov:

- Çox sağ olun ki, Siz dövlətimizə bu sahədə də yüksək səviyyədə qulluq edirsiniz. Əslində, Sizin uğurlarınız Ginnesin "Rekordlar" kitabına uyğun gələn rəqəmlərdir. Nə vaxtsa bu, mütləq olacaq. Siz Vətənə xidmətin şərəfli yolunda çox mətinlə addımlayırsınız. Tanrıdan arzumuz budur ki, nəinki paralimpiya, hətta olimpiya oyunlarında da neçəqat çempion olasınız. Bunun üçün də Allahdan Sizə şəfa arzulayırıq.

İlham Zəkiyev:

- Mənim də ən böyük arzularımdan biri bu şəfamı tapmaq diləyidir. Bəlkə də Tanrı məni seçərək sınağa çəkib. Ona görə də bu ağır imtahandan üzüağ çıxmaq üçün çalışıram. Allahın izni olandan sonra hər şeyin düzələcəyinə əminəm. Mən öz gözlərimlə təkcə idman meydanlarında deyil, Qarabağda ucalan qələbə bayrağımızı da görmək istəyirəm...

 

 

Ucaboylu İlham Zəkiyevin arzuları sinəsinə sığmır. Redaksiya əməkdaşlarının müxtəlif suallarına əhatəli və mükəmməl cavab verən idmançı qardaşımız bir daha zəngin mənəviyyata, düşünmə tərzinə malik olduğunu da nümayiş etdirdi. Redaksiya kollektivi adından Vətənin çempion oğluna "Panasonik" markalı maqnitofon və dvd bağışlandı. Sonda redaksiya əməkdaşları ilə şəkil çəkdirən paralimpiya çempionu İlham Zəkiyev maraqlı görüş üçün yaradıcı kollektivə öz minnətdarlığını bildirdi.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.-2009.-16 yanvar.-S.1-4.