“Notariat haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

I. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹1, maddə 10; 2001-ci il, ¹11, maddə 687, ¹12, maddə 740; 2002-ci il, ¹5, maddə 241, ¹6, maddə 328, ¹12, maddə 706; 2004-cü il, ¹5, maddə 318; 2005-ci il, ¹4, maddə 281, ¹8, maddə 699, ¹10, maddə 903, ¹11, maddə 993; 2007-ci il, ¹1, maddə 4, ¹2, maddə 69, ¹8, maddə 745, ¹11, maddə 1075; 2008-ci il, ¹6, maddə 462, ¹7, maddə 602) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 6-cı maddənin birinci və üçüncü hissələrində “Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının dövlət notariat kontorlarının və dövlət notariat arxivinin saxlanılması üçün xüsusi hesaba” sözləri “dövlət notariat kontorlarının və dövlət notariat arxivinin saxlanılması üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının xüsusi hesabına” sözləri ilə əvəz edilsin;

 

2. 20-ci maddənin dördüncü hissəsi aşağıdakı redaksiyada verilsin:

 

“Dövlət notariat kontorları şəhadətnamənin verilməsinə və dövlət notariusları tərəfindən notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə alınan və dövlət notariat kontorlarının və dövlət notariat arxivinin saxlanılması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının xüsusi hesabına daxil olan haqq, habelə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir.”.

 

3. 21-ci maddənin altıncı hissəsi aşağıdakı redaksiyada verilsin:

 

“Dövlət notariat arxivi şəhadətnamənin verilməsinə və dövlət notariusları tərəfindən notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə alınan və dövlət notariat kontorlarının və dövlət notariat arxivinin saxlanılması üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının xüsusi hesabına daxil olan haqq, habelə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir.”.

 

4. 29-cu maddə aşağıdakı redaksiyada verilsin:

 

“Maddə 29. Notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq

 

Dövlət notariusları bu Qanunun 17-ci maddəsinin birinci hissəsinin 6-cı və 8-ci bəndlərində nəzərdə tutulmuş notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə (məsləhətlərin verilməsi, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrinin tərtib edilməsi, texniki işlərin yerinə yetirilməsi) görə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğində, bu Qanunun 17-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə isə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğinin 15 faizi miqdarında haqq tuturlar.

 

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa görə notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar tətbiq edilən hallarda notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur.

 

Notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə alınan və dövlət notariat kontorlarının və dövlət notariat arxivinin saxlanılması üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının xüsusi hesabına daxil olan vəsaitlərdən istifadə edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir.

 

Xüsusi notariuslar tərəfindən notariat hərəkətlərinin aparılmasına görə dövlət notariusları tərəfindən notariat hərəkətlərinin aparılması üçün müəyyənləşdirilmiş dövlət rüsumu miqdarında haqq tutulur.

 

Notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqqın məbləğləri barədə məlumat lövhə şəklində hər bir dövlət notariat kontorunun, dövlət notariat arxivinin yerləşdiyi və ya xüsusi notariusun işlədiyi binanın (otağın) görkəmli yerində asılmalıdır.

 

Notarius iş yerindən kənarda notariat hərəkətlərini aparmaq üçün getdikdə faktiki nəqliyyat xərclərini maraqlı şəxslər ödəməlidirlər. ”.

 

5. 33-cü maddənin üçüncü hissəsində “əlavə xidmət haqqı” sözləri “dövlət rüsumu və haqq” sözləri ilə əvəz edilsin.

 

6. 34-cü maddənin birinci hissəsində “rüsum” sözü “dövlət rüsumu və haqq” sözləri ilə əvəz edilsin.

 

II. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunundan (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹12, maddə 740; 2002-ci il, ¹12, maddə 706; 2003-cü il, ¹1, maddə 23, ¹8, maddə 428, ¹12, I kitab, maddə 698; 2005-ci il, ¹1, maddə 1, ¹6, maddə 462, ¹8, maddə 684, ¹10, maddələr 873, 905, ¹12, maddə 1083; 2006-cı il, ¹3, maddələr 223, 225, ¹6, maddə 481, ¹12, maddə 1015; 2007-ci il, ¹2, maddə 80, ¹12, maddə 1203; 2008-ci il, ¹3, maddə 158, ¹6, maddə 462, ¹7, maddə 602) 10.22-ci və 10.23-cü maddələr çıxarılsın.

 

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 2 dekabr 2008-ci il.

 

Azərbaycan.-2009.-16 yanvar.-S.3.