Görkəmli yazıçı
Mir Cəlal Paşayevin yaradıcılığından
bəhs edən kitabın təqdimatı keçirilmişdir
Azərbaycan
Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda
şair-publisist Mahirə Abdullanın görkəmli Azərbaycan
yazıçısı Mir Cəlal Paşayevin
yaradıcılığında milli şüur və həmrəylik
probleminin, humanizm fəlsəfəsinin, böyük ədibin
erməni məsələsinə münasibətinin əks
olunduğu "Əbədiyyət. AN" kitabının təqdimat
mərasimi keçirilmişdir.
AYB-nin katibi, xalq
şairi Fikrət Qoca müəllifin böyük
yazıçı, alim, pedaqoq Mir Cəlal Paşayevin "Bir
gəncin manifesti", "Dirilən adam" əsərlərinin
müasirliyini və aktuallığını nəzərə
çatdırmasını, bu əsərləri haqlı
olaraq əbədiyyətin yaddaş dərsi
adlandırmasını yeni tapıntı kimi qiymətləndirmişdir.
Nahid Hacızadə,
Abbas Abdulla, Firuz Mustafa və başqaları Mir Cəlal
yaradıcılığında mənəvi dəyərlərin,
milli problemlərin ağrısının, sovet senzura sisteminin
təzyiqlərinə baxmayaraq, vətəndaş məsuliyyəti
ilə əsl kişilik məktəbi yaratmasının incəliklə
tərənnüm olunduğunu bildirmişlər.
Sonda müəllif tədbirə
toplaşanlara minnətdarlığını bildirmiş, yeni
şeirlərini oxumuşdur.
AzərTAc
Azərbaycan.-2009.-16 yanvar.-S.4.