MSK referendumda əhalinin iştirak fəallığını artırmaq üçün maarifləndirmə tədbirlərinə başlamışdır

 

Mərkəzi Seçki Komissiyası (MSK) martın 18-də keçiriləcək ümumxalq səsverməsində (referendumda) əhalinin iştirak fəallığını artırmaq üçün maarifləndirmə tədbirlərinə başlamışdır.

MSK üzvləri maarifləndirmə proqramının birinci mərhələsinə əsasən İctimai televiziyada çıxışlara başlamışlar. Çıxışlar üçün həftənin çərşənbə axşamı cümə günləri 30 dəqiqə efir vaxtı ayrılmışdır.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, ümumilikdə, 10 mövzu üzrə çıxışlar nəzərdə tutulmuşdur. Həmçinin komissiya üzvləri dövri nəşrlərdə müxtəlif məqalələrlə çıxış edəcəklər. Vətəndaşların maarifləndirilməsi proqramı çərçivəsində bildirişlər hazırlanacaqdır. Bildirişlərdə referendumla bağlı müddəalar əks olunacaqdır.

Televiziya vasitəsilə maarifləndirmə proqramının 1-ci mərhələsi fevralın 17-də başa çatacaqdır. Mərkəzi Seçki Komissiyası plakatlar da çap etdirmişdir.

Bundan başqa, fevralın ikinci yarısından başlayaraq aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər təşkil olunacaqdır.

 

 

Azərbaycan.-2009.-16 yanvar.-S.4.