Təşəbbüs qruplarının yaradılması ilə bağlı yazılı bildirişlərin MSK-ya təqdim olunması prosesi davam edir

 

Martın 18-də keçiriləcək referendumla əlaqədar təşəbbüs qruplarının yaradılması ilə bağlı yazılı bildirişlərin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunması davam edir.

MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, bu vaxtadək komissiyaya 6 təşəbbüs qrupu yazılı bildiriş təqdim etmişdir. Onlar imza vərəqləri ilə təmin olunublar. Bu qruplardan yalnız biri - "Yeni Azərbaycan" təşəbbüs qrupu təşviqat qrupu kimi qeydiyyata alınmaq üçün imza vərəqələrini digər zəruri sənədləri MSK-ya təqdim etmişdir.

Seçki Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq, referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün lazım olan sənədlərin müvafiq seçki komissiyasına təqdim olunması prosesi səsvermə gününə azı 45 gün qalmış başa çatacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-16 yanvar.-S.4.