Azadlıq fədailəri
1990-cı ilin ilk
günlərində adamlar fərəh hissi keçirirdilər.
Çünki il at
üstündə təhvil olmuşdu. Uşaqdan böyüyə
bütün insanlar bəxtlərinə şirin qismət
çıxacağına güman edirdilər. Yanvarın
ikinci yarısı idi. "Azadlıq" meydanı nərildəyir,
guruldayırdı. Əsarətdən xilas olmaq istəyən
soydaşlarımızın haray-həşiri dünyaya
yayılırdı. Lakin bu, Azərbaycan KP Mərkəzi Komitəsinin
binasına çatmırdı. Bəlkə də
çatırdı, amma respublika rəhbərliyi xalqın tələbini,
istəyini eşitmirdi. Belə qənaət yaranırdı
onlarda milli duyum, milli hiss ərşə çəkilib.
Çalışırdılar ki, yarınmaq, yaltaqlanmaq yolu ilə
layiq olmadıqları, amma sahib çıxdıqları vəzifədən
kənar düşməsinlər.
O dövrün rəhbərləri
xalqdan büsbütün təcrid olunmuşdu. Meydana,
küçəyə, teleekrana çıxıb təskinlik
vermək, vəziyyətdən çıxış yolu tapmaq
əvəzinə bağlı qapılar arxasında camaatı
susdurmaq, hətta lazım gələrsə, əzmək
planları hazırlayırdılar. Zirehli, vahiməli tanklar
paytaxtın girəcəyində göstəriş gözləyirdi.
Bakının küçələrində, meydanlarında əlləri
silahlı hərbçilər dolaşırdılar.
Doğrudanmı Ə.Vəzirovun, A.Mütəllibovun,
V.Hüseynovun bu olaylardan xəbərləri yox idi? Bu sual
meydana yığışanları da
düşündürürdü: bəlkə məsafə
aralıdır, səsləri, tələbləri eşidilmir?
Bu qənaətə gəldilər ki, Mərkəzi Komitənin
binası önünə toplaşsınlar. Orada aramsız
mitinqlər başladı. İradlarını, istəklərini
bildirənlərin çıxışları biri digərini
əvəz etdi. Lakin rəhbərlik yenə susdu. Tankların
bir neçəsi artıq şəhərə daxil
olmuşdu. Havadan qan qoxusu gəlirdi. 1990-cı il yanvarın
19-u saat 18 radələri idi.
Bu sətirlərin müəllifi
həmin vaxtlar Azərbaycan Dövlət Televiziya və Radio
Verilişləri Şirkətində işləyirdi. Məhz
həmin gün dünyada bənzəri olmayan bu cinayətkar
hadisənin canlı şahidi olduq. Bir vətəndaş, jurnalist
kimi hadisədən sonra baş verənlərə bir daha nəzər
salıram: iş yerimiz gözləri ayaqlarının
altını görməyən sovet ordusunun hərbi kontingenti
tərəfindən zəbt edilmişdi. İşçilər
onların hədələri, qorxuları altında
uzaqlaşdırılmışdı. Mərkəzi Komitənin
nömrəli, nömrəsiz maşınları şirkətin
həyətinə gəlib-gedirdi. Maşından düşənlərin,
sovet zabitləri ilə pıçıldaşanların əksəriyyətini
üzdən tanıyırdıq... Sonradan məlum oldu ki,
enerji blokunun partladılması, sıradan
çıxarılması planı qurulurmuş. Təbii ki,
onların qarşısını kimsə ala bilməzdi.
Enerji bloku niyə, nə
üçün partladılmalıydı? Bunun səbəbləri
çoxdur. Ə.Vəzirov Kremlin itaətkar buyruqçusu
olmuşdu. Onu mərkəzdən məcbur edirdilər ki, dinc əhali,
vətəndaşlar baş verən hadisələrdən xəbər
tutmasınlar. Televiziya, radio susmalıydı, vəssalam! Buna
görə istək və tələb yerinə yetirildi. Beləliklə,
XX əsrdə ilk dəfə təbliğat obyekti Ə.Vəzirovun
təşəbbüsü ilə Bakıda partladıldı.
Həmin gün hadisənin şahidi olanların dediklərindən:
İbrahim Hüseynov, enerji
blokunun növbə rəisi: - İçəri iki nəfər
daxil oldu. Birinin əlində avtomat silah vardı, o birinin əlində
iki çanta. Məndən gərginlik xəttinin hardan gəlib,
hardan çıxdığını soruşdular. Blokda nələr
vardısa, hamısı ilə maraqlandılar. Sonra məni və
Romanovu ordan araladılar. Soruşduq ki, nə baş verir? Cavab
verdilər ki, qorxmayın, sizə heç nə olmayacaq. Xeyli
aralanmışdıq ki, birdən güclü titrəyiş,
partlayış oldu. Dedim ki, Viktor, bloku partlatdılar...
Viktor Romanov, elektrik montyoru: -
Mən növbəyə yanvarın 19-da saat 19-da gəlmişdim.
Təxminən 15 dəqiqədən sonra bir neçə nəfər
sexə daxil oldu. Onlar enerji təchizatı sxemi ilə
maraqlanırdılar. Rabitə kabellərinin keçdiyi yerləri
açıb baxır, qəribə-qəribə suallar verirdilər.
Sonra mənə dedilər: "Səni komendant
çağırır". Dostumla (İbrahimlə) məni
apardılar. Bir neçə dəqiqədən sonra
partlayış oldu. Bizə susmağımızı
tapşırdılar, hədə-qorxu gəldilər.
"Komsomolskaya pravda" qəzeti
həmin il fevralın 10-u sayında yazmışdı ki, mərkəzin
birinci məqsədi Azərbaycanda teleradio şirkətini ələ
keçirmək idi. Sovet ordusu niyyətinə çatdı.
19 yanvar axşam saat 23 radələri
idi. Mərkəzi Komitənin qənşərində meydan
"rəhbərləri" bilirdilər ki, teleradionun enerji
bloku partladılıb. Sovet hərbi kontingenti bir işarəyə,
himə bənddir ki, şəhərə soxulsun. Deyirdilər
ki, yolları bağlamalıyıq, ordunun
qarşısını (!) almalıyıq. Şıxov, Biləcəri
enişinə, "Əzizbəyov" metrosu səmtə gedən
insanların vüqarlı, qürurlu, inamlı
addımları on doqquz ildən sonra da gözlərimiz
önündə canlananda onların qətiyyətlərinə
heyran olmaya bilmirik. Bəli, onlar azadlıq fədailəri idilər!
Lakin...
Biləcəri enişinə
gəldik. Orada tonqal qalanmışdı. Alov
üç-dörd metr hündürlüyə
qalxırdı. Ətrafda yüzlərlə adam vardı. Birdən
hay düşdü ki, bəs Nemət Pənahov bura gəlir.
Xəbər doğru çıxdı. "Bəy" gəldi,
ətrafı eyhamla nəzərdən keçirərək
handan-hana dedi: "Camaat, öldü var, döndü yoxdur. Biz
tanklara da, orduya da qalib gəlməliyik. Bir azdan bura silah-sursat
da gətirəcəklər..." Bu arada bir gənc irəli
çıxıb soruşdu: "Deyirsiniz yəni tankları
da susdura bilərik?" Nemət - "Bəli, son nəticə
ölümdür!" - deyib gəldiyi yolla geri
qayıtdı. Az keçmiş Biləcəri enişinin
aşağısında zirehli texnikanın mühərrikləri
işə düşdü...
Taleyin qismətinə bir bax:
on doqquz il əvvəl, yanvarın 19-da saat 24 radələrində
gördüyüm gənc Fuadla burada - Şəhidlər
xiyabanında məzarı ilə üz-üzə
dayanmışıq. Amma onun baxışları, təbəssümü
daşlaşıb. Daha heç vaxt, heç vədə Fuad
Yavər oğlu Babayev bu dünyada olmayacaq... Ancaq həmin
müdhiş gecədə Fuad ölməyə də bilərdi.
Əgər baş verən hadisələri
doğru-dürüst qiymətləndirən olsaydı və
bəziləri əliyalın insanları təpədən-dırnağacan
silahlanmış ordunun üstünə göndərib aradan
çıxmasaydılar.
...Tanklar üzü
yoxuşa, tonqalın yandığı, insanların cəm
olduğu səmtə doğru qalxırdı. İşıq
saçan güllələr sanki onlara bələdçilik
edirdi. İnsanlar isə durduqları yerdən tərpənmirdilər.
Ölümlə onların arasında qısa məsafə
qalmışdı. Bəlkə inanmırdılar ki, öz
ordumuz özümüzə qənim kəsilər,
qanımızı tökər?!. Yox!
Basqınçıların qənaəti qəti idi: azadlıq,
müstəqillik arzusunda olanları əzməli, qan tökməli,
öldürməliydilər. Həmin günün müsibəti
yaddan çıxmaz. Bu, kino deyildi, həqiqət idi. Filmlərdə
yaralanan, "ölən" aktyor kadr dəyişən kimi,
üst-başını çırpıb ayağa durur, burda
isə sinəsi, kürəyi gülləyə tuş gələnlərin
ağızlarından köpük, qan
fışqırırdı.
Sabahı gün axşam
müsibətlər gördüyümüz yerə - Tbilisi
prospektinə yenidən qayıtdıq. Tək-tək insan
görürdük. Onların gözləri ağlamaqdan qan
çanağına oxşayırdı. Kəsilmiş qollar
gördük. Üstəlik barmağının biri də yox
idi. Güman ki, o barmaqda üzük olub, çıxarda bilməyib,
onu dibindən üzüblər. Üzü duvaqlı gəlin
gördük. Yolun kənarına düşmüş bir tay
ayaqqabını sinəsinə basıb,
hıçqıra-hıçqıra deyirdi: "Bu onundur (həyat
yoldaşının), dünən almışdıq". 5-10
yaşlarında qız uşağı ilə
rastlaşdıq, fəryad qoparırdı: "Ata, ata,
hardasan?.."
Mikrorayonların girəcəyində
- 16 mərtəbəli binanın arxasında bədənindən
üzülmüş baş gördük. Ətrafda qəddi
bükülmüş yaşlı qadın haray çəkirdi:
"Küçələrə, səkilərə
tökülmüş qanı tapdalamayın,
günahdır..."
...Hara baxırdıq, qərənfil
görürdük. Qan gölməçələrini indi tək-tək,
dəstə-dəstə qərənfillər əvəz
edirdi. Hamısının da ləçəklərindən
göz yaşını xatırladan damcılar
süzülürdü. Sanki onlar da ağlayırdı.
Doğma Azərbaycanımızın başı üstündən
qapqara ələm asılmışdı. Bayraqlar
endirilmişdi. Ölkədə matəm elan olunmuşdu.
İnsanlar şəhid olmuş əzizlərinin dəfninə
hazırlaşırdılar...
Qışda gün
çıxar, istisi olmaz. Amma o gün çıxan günəş
başqa vaxtlarda olduğuna bənzəmirdi. Hərarəti az
olsa da, görünüşü dupduru idi. Bu, müqəddəs
yerə - Şəhidlər xiyabanına gələnlərin
üzünə gülümsəyirdi. İnsanlar
hıçqırtılarını gizlədə bilmirdilər.
Türk dünyasının böyük şəxsiyyəti
Mustafa Paşa Atatürkün kəlamı xatırlanır:
"Tarixi unutmaq - ananı unutmağa bərabərdir. O
göz yaşı müqəddəsdir ki, o, adamları daha
firavan, xoşbəxt sabahlara çağırır". Gələnlərin
ardı-arası kəsilmir. Onların ikisinə
yaxınlaşıb baş vermiş hadisələrə
münasibətlərini öyrəndik:
Tahir Hacıyev, ekspert: -
Qanlı günlərdə hüquq-mühafizə orqanlarından
heç bir göstəriş almadıq. Həmin qurumun icazəsi,
sərəncamı olmadan belə hadisələrlə
bağlı ekspertiza aparmağa ixtiyarımız yox idi. Lakin rəsmiyyətçiliyi
bir kənara qoyaraq, bizdən asılı olan, hətta deyərdim
ki, olmayanları da etməyə çalışdıq... Ölənlərin,
yaralıların arasında 14 yaşlı yeniyetmələrdən
tutmuş, 70-80 yaşlı ahıllar, müxtəlif millətlərin
nümayəndələri var idi... Tədqiqat nəticəsində
müəyyən etdik ki, Bakıda atılan güllələr
hətta Əfqanıstanda aparılan müharibə zamanı
da istifadə olunmamışdı. Bu güllələr beynəlxalq
konvensiyalarla qadağan edilmişdir. Həmin güllələr
insan bədənini ağlasığmaz dərəcədə
dağıdır, sümükləri qəlpələyir...
Vaqif Yusifov, həkim: - Gecə saat 12-dən səhər saat 6-dək 120 yaralı, 110 şəhid qəbul etdik. Səhər bu barədə Səhiyyə Nazirliyinə rəsmi məlumat verdik. Tədricən yaralıların sayı artırdı. Onların arasında 9-12 yaşlarında uşaqlar da vardı...
Bu, qan yaddaşımıza yazılmış faciəli tariximizdir, eyni zamanda qəhrəmanlıq salnaməmizdir. Əsrlər keçsə də, 1990-cı il 20 Yanvar qanlı hadisəsi heç vaxt, heç vədə yaddan çıxmayacaq, dönə-dönə xatırlanacaq. Şəhidlərimizin qanı hədər axmadı. O qanlar bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, tərəqqimizin bünövrəsini qoydu.
T.AĞAOĞLU
Azərbaycan.-2009.-16 yanvar.-S.5.