Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Bəyanatı

 

Kütləvi informasiya vasitələrinin məlumatlarına əsasən, Rusiya Federasiyası Ermənistana 800 milyon ABŞ dolları dəyərində hərbi texnika və sursat vermişdir. İnternet şəbəkəsində (www.mediaforum.az) Rusiya Federasiyasının Ermənistan Respublikasının Gümrü şəhərində yerləşən 102 saylı hərbi hissəsindən Ermənistan Respublikasının silahlı qüvvələrinə silah-sursatın ötürülməsini sübut edən sənədlər yayılmışdır. Məsələnin araşdırılması üzrə aparılmış işlər silah-sursatın ötürülməsinin həqiqətən baş verdiyi qənaətinə gəlmək üçün yetərli əsas verir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu faktla bağlı öz dərin narahatlığını bildirir. Belə ki, Ermənistana ötürülmüş silah-sursat Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini işğal edən ölkənin hərbi potensialını əhəmiyyətli dərəcədə gücləndirəcəkdir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi hesab edir ki, silahların ötürülməsi bu işğalın davamına güclənməsinə imkan yaradacaqdır.

Bu ötürmələr BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul etdiyi müvafiq qətnamələrin BMT Baş Məclisində 14 mart 2008-ci il tarixdə qəbul olunmuş "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamənin bilavasitə pozulmasıdır. Burada söhbət ilk növbədə Rusiya Federasiyası tərəfindən Azərbaycan ərazilərinin işğalının davamına güclənməsinə hər hansı addımları ilə yardım etməməyə dair öhdəliyinin pozulmasından gedir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu ötürmələrlə bağlı Azərbaycanla Rusiya Federasiyasını birləşdirən dostluq sıx strateji tərəfdaşlıq münasibətləri, həmçinin Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında vasitəçi rolu ilə bağlı Azərbaycanın bəslədiyi ümidlər kontekstində öz xüsusi narahatlığını bildirir. Xarici İşlər Nazirliyi hesab edir ki, yuxarıda qeyd olunanlar münaqişənin nizamlanması ilə bağlı vəziyyətin gələcək inkişafına görə Rusiya Federasiyasının üzərinə xüsusi məsuliyyət qoyur.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan ərazilərinin işğalının güclənməsinə yardımçı olan bu cür addımlara qarşı öz etirazını bildirir. Azərbaycan tərəfi Rusiya Federasiyasını silahların ötürülməsinin nəticələrinin aradan qaldırılması məqsədilə bütün mümkün tədbirlərin həyata keçirilməsinə çağırır.

 

 

Bakı, 15 yanvar 2009-cu il

 

 

Azərbaycan.-2009.-16 yanvar.-S.5.