Elm ölkənin
sosial-iqtisadi dirçəlişinə
və müdafiə qüdrətinin artmasına
xidmət etməlidir
Müstəqil Azərbaycan
hazırda özünün sürətli inkişaf
dövrünü yaşayır. Sosial-iqtisadi sahədə
elmin, mədəniyyətin, səhiyyənin, təhsilin,
idmanın inkişafında, bir sıra regional layihələrin
tətbiqində, əhalinin sosial rifahının
yaxşılaşdırılmasında, işsizliyin aradan
qaldırılmasında, ümumən ölkə
başçısının son vaxtlar imzaladığı bir
sıra dövlət proqramlarının
reallaşdırılmasında nəzərəçarpan
nailiyyətlər qazanılmışdır. Bu inkişaf
özünün çoxspektrliliyi, əhatəliliyi və
miqyası ilə dünyanın bir sıra aparıcı
dövlətlərində qeydə alınan nəticələr
fonunda diqqəti daha çox çəkir.
Ölkəmizdə həyata
keçirilən sosial-iqtisadi islahatların yüksək səmərə
verməsi, insanların sosial güzəranının
yaxşılaşdırılması istiqamətində
atılan addımların uğurla nəticələnməsi
xeyli dərəcədə alim və
konstruktorlarımızın yaradıcılıq
axtarışlarının intensivləşdirilməsini, əldə
olunan nailiyyətlərin istehsalata ardıcıllıqla tətbiqini
zəruri edir. AMEA-nın birinci vitse-prezidenti, MEA Fizika
İnstitutunun direktoru, akademik Arif Həşimov
başçılıq etdiyi kollektivin öz işini məhz
bu prinsiplər əsasında qurduğunu, elmi kəşflərin
və axtarışların Azərbaycan vətəndaşlarının
daha xoş gələcəyinə hesablandığını
bildirir:
- Son illər kollektivimiz
yaradıcılıq imkanlarını daha geniş radiusda
reallaşdırmaq istiqamətində uğurlu nəticələr
əldə edib. 2008-ci ildə üç əsas istiqaməti
əhatə edən fundamental və tətbiqi xarakterli elmi-tədqiqat
işlərinin yerinə yetirilməsində 7 akademikin, 3
müxbir üzvün, 78 elmlər doktorunun, 197 elmlər namizədinin,
443 elmi işçinin, o cümlədən 34 aspirant və 37
dissertantın iştirak etməsi fəaliyyətimizin
miqyasını aydın əks etdirir.
Kondensə olunmuş hal
fizikası, optoelektronikanın fiziki əsasları və
texnikası, nüvə fizikası və energetikanın
fiziki-texniki problemləri ötənilki elmi fəaliyyətimizin
əsas istiqamətlərindəndir. AMEA-nın elmi müəssisələrində
başa çatdırılmış elmi-tədqiqat və təcrübi-konstruktor
işlərinin 2008-ci il tətbiq planına Fizika
İnstitutunun 8 işi daxil edilmişdi. Bunların arasında
akustooptik razılaşdırılmış süzgəc qəbuledicini,
ionlaşdırıcı şuaların dedektorları
üçün yeni spisilyator materiallarının, mikropikselli
selvari fotodiodların nümunələrinin
hazırlanmasını, yüksək tezlikli ifrat gərginlikdən
mühafizə tədbirlərinin ilkin variantının tətbiqini
və digərlərini misal çəkmək olar. Alınmış
nəticələr sınaqdan uğurla
çıxmış, tətbiqinə yaşıl
işıq yandırılmışdır. Fizika İnstitutu əməkdaşlarının
ixtiralarına dair iddia sənədləri Patent işi
şöbəsi tərəfindən sənədləşdirilmiş
və Azərbaycan Respublikası Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinə
göndərilmişdir. Hazırda bu qurumda əməkdaşlarımızın
ixtiralarına dair 16 sənədin ekspertizası
aparılır. 11 ixtiraya ilkinlik haqqında sənəd
verilmişdir. Onu da deyim ki, hesabat ilində institutumuzun əməkdaşları
Azərbaycan Respublikasının 4 patentini alıblar.
AMEA-nın Fizika
İnstitutunun kollektivi xarici ölkələrin nüfuzlu
elmi-tədqiqat və təhsil mərkəzləri ilə əməkdaşlığa
da üstünlük verir. Akademik Arif Həşimov bildirir ki,
bu cür əlaqələr elmi axtarışların səmərəsini
artırır, alimlərimizin beynəlxalq arenada daha
yaxşı tanınmasına stimul yaradır. İnstitutun
alimləri 2008-ci ildə bir sıra xarici ölkələrdə
qısa və uzunmüddətli ezamiyyətlərdə
olmuş, beynəlxalq konfranslarda, seminarlarda və simpoziumlarda
məruzələrlə çıxış etmişlər.
Azərbaycan alimləri elmi əməkdaşlıq haqqında
ikitərəfli müqavilələr əsasında elmi-tədqiqat
işləri aparmış, gənc alimlər
üçün təşkil olunmuş xüsusi kurslarda
iştirak etmişlər. Xatırladaq ki, hesabat ilində
institutun 50 alimi və 10 gənc mütəxəssisi 20 xarici
ölkədə ezamiyyətdə olub. 2008-ci ilin mayında
Vyana şəhərində Azərbaycan Respublikası ilə
Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı,
sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq
üzrə Qarışıq Komissiyanın V iclası
keçirilmişdir. Dövlət
başçısının müvafiq sərəncamına əsasən
Azərbaycan tərəfindən komissiya üzvlərinin və
respublikanın digər qurumlarının səlahiyyətli nümayəndələri
arasında AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimovun
da olması iki ölkə arasında elmi əlaqələrin
perspektivlərindən xəbər verir. Akademik A.Həşimov
ötən ilin martında ABŞ-da keçirilən Beynəlxalq
Vaşinqton Konfransında da iştirak etmişdir. Bu tədbirdə
ABŞ Prezidenti Corc Buşun da məruzəsi dinlənilmişdir.
Həmin konfransın nümayəndələri tərəfindən
bərpa olunan enerji mənbələrindən istifadənin
genişləndirilməsi haqqında öhdəlik
götürülmüşdür.
Beynəlxalq əməkdaşlıq
çərçivəsində AMEA-nın birinci
vitse-prezidenti, akademik A.Həşimovun və MEA-nın Fizika
İnstitutunun laboratoriya rəhbəri, fizika-riyaziyyat elmləri
doktoru Ö.Abdinovun ötən ilin oktyabrında
İsveçrənin Cenevrə şəhərindəki Avropa
Nüvə Tədqiqatları Mərkəzində (CERN)
Böyük Adron Kollayderin (LHC) rəsmi
açılışında iştirakını da qeyd etmək
lazımdır. Açılışda İsveçrənin
Prezidenti Paskal Konsepin, Fransanın Baş naziri Fransua Fillon və
CERN-ə daxil olan iştirakçı ölkələrin -
Türkiyənin, ABŞ-ın, Avstriyanın,
Belçikanın, Bolqarıstanın, Çexiyanın,
Danimarkanın, Finlandiyanın, Fransanın, Almaniyanın,
İtaliyanın, İsveçin, İngiltərənin və
digər nüfuzlu dövlətlərin nümayəndə heyətləri
iştirak edirdilər. Tədbirdə çıxış edənlər
bildiriblər ki LHC-nin işə salınması elementar zərrəciklər
fizikasının inkişafında yeni tarix olaraq kütlənin,
qara maddənin və kainatın yaranmasına aydınlıq gətirə
biləcək. Bir faktı da xatırladaq ki, 2007-ci il mayın
22-də AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, Fizika
İnstitutunun direktoru, akademik Arif Həşimov və Cenevrə
şəhərindəki Avropa Nüvə Tədqiqatları Mərkəzinin
baş direktoru, doktor Robert Aymar tərəfindən CERN ilə
Azərbaycan Respublikası arasında əməkdaşlıq
haqqında imzalanmış müqaviləyə əsasən
2008-ci ildə Böyük Adron Kollayderin layihəsində
iştirak etmək üçün Fizika İnstitutunda
Güclü İdarəolunan İnformasiya Sistemi və təcrübi
qiymətlərin öyrənilməsi məqsədilə
GRİD sisteminin yaradılması və kadr
hazırlığı nəzərdə tutulmuşdu. Bu məqsədlə
CERN-dən 347 prosessorlu kompüter və müvafiq avadanlıq
alınıb, institutun ikinci korpusunda
quraşdırılmışdır. Bu mərkəzin tam
gücü ilə işləməsi və "Atlas"
qurğusundan alınan təcrübi nəticələrin tətbiqi
üçün beynəlxalq GRİD sisteminə qoşulmaq
lazımdır. Akademik A.Həşimov bildirir ki, buna görə
institutda 5 Cbe/san ayrıca optolifli xəttin olması vacibdir. Akademik
onu da vurğulayır ki, gənc kadrların hazırlanması
məqsədilə xarici ölkələrin elmi mərkəzlərində
müasir qurğuların işləmə prinsiplərinin
öyrənilməsi, təcrübələrdə yaxından
iştirakı, birgə elmi tədqiqatların aparılması
və alınan nəticələrin müzakirəsi
üçün əlavə maliyyə vəsaitinin
ayrılması da məqsədəuyğun olardı.
Ötən il bir
sıra xarici ölkələrin alimləri, elmi təşkilatların
nümayəndələri AMEA-nın Fizika İnstitutunda
olmuş, institut rəhbərliyi və alimlərlə bir
sıra görüşlər keçirmişlər. 2008-ci
ilin may ayında Ukrayna Elmi Texnoloji Mərkəzinin bir qrup alimi
Bakıya gəlmiş, Fizika İnstitutunda aparılan elmi-tədqiqat
işləri ilə maraqlanmışdır. İnstitutun elmi
işlər üzrə direktor müavini K.Qurbanov qonaqlara
aparılan elmi tədqiqatların istiqamətləri və
problemləri, tətbiq olunmuş işlər barədə məlumat
vermişdir. Elmi katib Z.Süleymanovun elmi şuranın,
elmi-texniki şuranın və dissertasiya şurasının fəaliyyəti,
aspirantura və dissertantura yolu ilə elmi kadrların
hazırlanması, Bakı Dövlət Universitetinin və digər
təhsil ocaqlarının magistr pilləsini bitirən gənc
kadrların Fizika İnstitutuna cəlb edilməsi, beynəlxalq
elmi əlaqələrin genişlənməsi, beynəlxalq
qrantların alınması, patent və elmi-təşkilati
işin vəziyyəti haqqında məlumatlar ukraynalı
qonaqlarda böyük maraq doğurmuşdur.
Hesabat ilində yüksək
ixtisaslı elmi kadrların hazırlanması aspirantura,
dissertantura, dünyanın tanınmış elm mərkəzlərindəki
məktəb-seminarlar, ali kurslar, gənc alimlər
üçün nəzərdə tutulan beynəlxalq layihələrdə
və qrantlarda iştirak etmək yolu ilə həyata
keçirilmişdir.
AMEA-nın Fizika
İnstitutunun kollektivi 2009-cu ildə bir sıra problemlər
üzrə elmi-tədqiqat işlərini uğurla davam etdirmək,
bundan sonra da öz yaradıcılıq potensialını Azərbaycan
elminin inkişafına həsr etmək, ölkəmizin
sosial-iqtisadi inkişafına və müdafiə qüdrətinin
möhkəmlənməsinə yeni-yeni töhfələr vermək
niyyətindədir.
Akif CABBARLI
Azərbaycan.-2009.-16 yanvar.-S.7.