Dünya tarixində maliyyə və
iqtisadi böhran ili kimi qalacaq 2008-ci il Azərbaycan
üçün növbəti uğurlu il olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ildə
sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş
iclası keçirilmişdir.
Dövlətimizin başçısı iclası
giriş nitqi ilə açdı.
Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi
- Bugünkü iclas 2008-ci
ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr
olunmuşdur. 2008-ci il dünya tarixində maliyyə və
iqtisadi böhran ili kimi qalacaqdır. Azərbaycan
üçün isə 2008-ci il növbəti uğurlu il
olmuşdur. 2008-ci ildə nəzərdə tutulmuş
bütün proqramlar uğurla icra edilmişdir. Azərbaycan
iqtisadiyyatı yüksək sürətlə
inkişafını davam etdirmiş və ölkədə
infrastruktur və digər layihələr vaxtlı-vaxtında
icra olunmuşdur. Bir sözlə, Azərbaycanda son illər ərzində
aparılan uğurlu iqtisadi islahatlar 2008-ci ilin yekunlarında da
özünü göstərmişdir. Bizim
iqtisadiyyatımız təxminən 11 faiz artmışdır.
Bildiyiniz kimi, dünyanı
bürümüş maliyyə və iqtisadi böhran
böyük çətinliklər gətirmişdir. Müxtəlif
ölkələrdə iqtisadiyyat tənəzzülə
uğrayır, müəssisələr dayanır, işsizlik
artır və ölkələr böyük problemlərlə
üzləşirlər. Azərbaycanda isə 2008-ci ildə
yeni müəssisələr açılmış,
iqtisadiyyat artmış, həm dövlət investisiyaları,
həm də özəl sektorun fəaliyyəti nəticəsində
böyük, nəhəng infrastruktur layihələri icra
olunmuşdur. Bir sözlə, bizim iqtisadiyyatımız hərtərəfli
inkişaf etmişdir və bunun nəticəsidir ki, ölkə
2008-ci ildə daha da güclənmişdir. Bizi narahat edən
yeganə məsələ inflyasiyanın yüksək səviyyədə
- 20 faizdən çox olmasıdır. Ancaq bununla bərabər,
əhalinin pul gəlirləri ondan qat-qat çoxdur, daha
böyük rəqəmlərlə ölçülür. Əhalinin
pul gəlirləri 2008-ci ildə 36 faiz artmışdır. Bu,
çox yaxşı göstəricidir. Nəzərə alsaq
ki, son illər ərzində bu rəqəm təxminən bu həddədir,
demək olar ki, insanların rifah halının
yaxşılaşdırılması istiqamətində
atılan addımlar öz gözəl nəticələrini
verir. Bunun əyani təzahürü ondan ibarətdir ki,
2008-ci ilin yekunlarına görə, Azərbaycanda
yoxsulluğun səviyyəsi daha da aşağı
düşübdür. Bu gün Azərbaycanda yoxsulluğun səviyyəsi
13,2 faiz təşkil edir. Bu, çox böyük nailiyyətdir.
Nəzərə alsaq ki, 2003-cü ildə yoxsulluğun səviyyəsi
49 faiz idi, bu 13,2 faiz böyük nailiyyətdir. Bu, bir daha onu
göstərir ki, ölkədə aparılan əsaslı,
köklü iqtisadi islahatlar həm ölkənin iqtisadi
potensialının möhkəmlənməsinə yönəldilib,
eyni zamanda və ilk növbədə, insanların rifah
halının yaxşılaşmasında özünü
göstərir.
Biz öz sosial siyasətimizi
bundan sonra da uğurla davam etdirəcəyik. Bütün sosial
proqramlar icra olunur. 2008-ci ildə minimum əmək haqqı və
minimum pensiyaların baza həddi 50 faiz
artırılmışdır və indi Azərbaycanda orta əmək
haqqı 335 dollar, orta pensiya 120 dollar səviyyəsindədir.
Bu, yaxşı göstəricidir. Ancaq əlbəttə ki,
növbəti illərdə bizim iqtisadiyyatımız
artdıqca, bütün sosial məsələlər daha da
uğurla icra olunacaqdır. Ünvanlı sosial yardım
proqramı uğurla icra edilir və 2009-cu ildə davam etdirilməlidir.
Bütövlükdə 2009-cu ilin vəzifələri
haqqında biz hələ danışacağıq. Amma
bütövlükdə demək istəyirəm ki, 2009-cu ildə
bütün sosial proqramlar yüksək səviyyədə
icra edilməlidir və əminəm ki, belə də
olacaqdır.
Kənd təsərrüfatı,
sənaye istehsalı sahəsində böyük nailiyyətlər
var. Azərbaycanda yeni, böyük müəssisələr
açılır. 2008-ci ildə Bakıda və bütün
bölgələrdə yeni müəssisələrin
açılışında iştirak etmişdik.
Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı uğurla başa çatıbdır. 2004-cü
ilin əvvəlində qəbul edilmiş proqram tam şəkildə
yerinə yetirilib və proqrama o vaxt nəzərdə
tutulmamış bir çox məsələ əlavə
olunub və uğurla icra edilibdir. Proqramın icrası nəticəsində
ölkə iqtisadiyyatı şaxələndirilib,
bütün bölgələrdə yeni infrastruktur layihələri
həyata keçirilib, iş yerləri
açılıbdır, yeni müəssisələr fəaliyyətə
başlayıbdır. Son beş ildə 766 min yeni iş yeri
açılıb ki, bunların 548 mini daimidir. 2008-ci ildə
120 mindən çox yeni iş yeri
açılmışdır.
Bir daha demək istəyirəm,
bilirsiniz ki, indi bizim bölgədə, postsovet məkanında
və bütövlükdə dünyada işsizlik və
yoxsulluq ən böyük problemə çevrilir.
İnkişaf etmiş ölkələrdə işsizlərin
sayı yüz minlərlə, bizim bölgədə isə on
minlərlə artıb. Azərbaycanda isə keçən il
iş yerlərinin açılması istiqamətində
çox vacib addımlar atılıbdır.
Bütün bunlar bizim
uğurlu iqtisadi siyasətimizin nəticəsidir. Azərbaycanda
aparılan iqtisadi islahatların, sosial məsələlərin
həllinin nəticəsidir. Bizim uğurlarımızı bəzi
bədxahlar, yaxud da ki, bizdə olan vəziyyəti yaxından
bilməyən, ya da ki, hansısa paxıllıq hissləri ilə
yaşayan insanlar bəzi hallarda neft amilinə bağlamaq istəyirlər.
Əlbəttə ki, Azərbaycanın uğurlu neft
strategiyası ölkə iqtisadiyyatının
inkişafında çox böyük rol oynamışdır.
Bu rol davam edir və gələcəkdə də davam edəcəkdir.
Bizim enerji siyasətimiz ölkəmizə çox
böyük fayda gətiribdir. Bütün
uğurlarımızı ancaq neft amili ilə bağlamaq
tamamilə yanlış bir yanaşmadır. Neft və qaz hasil
edən ölkələr kifayət qədər çoxdur.
Bizim bölgədə - Xəzər hövzəsində yerləşən
ölkələrin neft-qaz potensialı Azərbaycandakından
bir neçə dəfə böyükdür və hasilat da
bir neçə dəfə çoxdur. Ona görə bizim
uğurlarımızı ancaq neft-qaz amili ilə bağlamaq, əlbəttə
ki, tamamilə qəbuledilməzdir. Bizim iqtisadi
uğurlarımızın təməlində
düşünülmüş siyasət dayanır, ölkənin
milli maraqlarının qorunması dayanır, siyasi islahatlar,
demokratik proseslər dayanır, iqtisadi islahatlar dayanır və
bütün bunları görməmək mümkün deyildir.
Əgər dünyanın ən birinci, ən qabaqcıl maliyyə
qurumu olan Dünya Bankı Azərbaycanı 2008-ci ilin
yekunlarına görə ilin bir nömrəli
islahatçı ölkəsi kimi tanıyırsa və bunu bəyan
edirsə, bu, özü-özlüyündə göstərir
ki, uğurlarımızın təməlində bizim siyasətimiz,
düzgün xəttimiz və Azərbaycanda gedən müsbət
proseslər dayanır.
Ölkədə hökm
sürən siyasi sabitlik, xalqla iqtidar arasında olan birlik,
iqtisadi islahatlar, regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramının uğurla icra olunması, sosial məsələlərin
həlli, insanların həyat səviyyəsinin
yaxşılaşdırılması, çoxsaylı sosial
obyektlərin tikilməsi, infrastruktur layihələri - bu
siyahını davam etdirmək mümkündür -
bütün bu amillər bir-biri ilə bağlıdır.
Budur bizim uğurlarımızın əsas səbəbi və
növbəti illərdə biz bu siyasəti davam etdirəcəyik.
2009-cu ilin dövlət büdcəsi
təsdiq edilibdir. Dünyada mövcud olan maliyyə və
iqtisadi böhrana, neftin qiymətinin 4-5 dəfə
aşağı düşməsinə baxmayaraq, 2009-cu ilin
dövlət büdcəsi 2008-ci ilə nisbətən həcm
baxımından daha da böyükdür. Dövlət
büdcəsinin xərcləri 15,4 milyard dollar, icmal büdcə
isə 18,4 milyard dollar təşkil edir. Bu büdcə bizə
imkan verəcək ki, 2009-cu ildə bütün sosial məsələlər
öz həllini tapsın, infrastruktur layihələri
uğurla davam etdirilsin və ölkə üçün
lazım olan bütün tədbirlər görülsün.
Bizim uğurlu neft
strategiyamız sayəsində Azərbaycanın valyuta
ehtiyatları çox yüksək səviyyədədir. Azərbaycanın
18 milyard dollardan çox valyuta ehtiyatları vardır, dövlət
borcu isə 2 milyard dollardan bir az çoxdur. Yəni, bu,
çox yüksək göstəricidir və bizə tamamilə
imkan verir ki, iqtisadi islahatlarımızı bundan sonra da davam
etdirək, ölkə qarşısında duran bütün vəzifələri
uğurla icra edək.
Enerji sahəsində əldə
edilmiş uğurlar Azərbaycanı həm siyasi, həm
iqtisadi cəhətdən daha da gücləndirir. Bu günlərdə
yaşanan enerji böhranı və enerji
qarşıdurması bir daha onu göstərir ki, enerji təhlükəsizliyini
təmin edə bilməmiş ölkələr böyük
problemlərlə üzləşirlər. Azərbaycan enerji təhlükəsizliyi
məsələlərini tam şəkildə həll edibdir.
Neft-qaz hasilatı, ixracı artır, Azərbaycanda həm
hasilatda, həm nəqldə, həm də tranzit məsələlərinin
həllində heç bir problem yoxdur. Azərbaycan etibarlı
tərəfdaşdır, bir dəfə də olmayıb ki,
öz öhdəliklərini yerinə yetirməsin.
Bütün tərəfdaşlar qarşısında
götürdüyümüz öhdəlikləri
vaxtlı-vaxtında, yüksək səviyyədə icra
edirik. Həm neft hasilatçısı, həm qaz
hasilatçısı, həm neft-qaz ixrac edən, həm də
tranzit ölkə kimi bizim heç bir problemimiz yoxdur və
etibarlı tərəfdaş kimi, dost ölkə kimi Azərbaycan
dünya miqyasında öz müsbət imicini daha da gücləndirir.
Hər şey müqayisədə
ölçülür. Hər şey yaxşı olanda bəzi
hallarda heç bəlli olmur ki, kimin siyasəti nədən
ibarətdir. Ölkələrin mövqeyi böhranlı,
çətin vəziyyətdə bilinir və
özünü göstərir. Biz bundan sonra da
özümüz üçün dost ölkələrin
enerji təhlükəsizliyi məsələlərinin həllinə
köməyimizi, töhfəmizi verəcəyik. Azərbaycanın
milli maraqları tam şəkildə müdafiə olunur, Azərbaycan
çox önəmli ölkəyə çevrilibdir, bu
bölgədə enerji siyasəti baxımından Azərbaycanın
əvəzolunmaz rolu vardır. İki ay bundan əvvəl
Bakıda keçirilmiş enerji sammiti bunu bir daha təsdiqlədi.
Aparılan müzakirələr sammitin nəticələri, qəbul
edilmiş qərarlar bir daha onu göstərdi ki, bu bölgədə
enerji məsələlərinin hansı istiqamətə
yönəldilməsinə Azərbaycanın çox
böyük təsiri vardır.
Azərbaycanın mövqeyi
birmənalıdır - bizim üçün ilk növbədə
milli maraqlarımız, Azərbaycanın enerji təhlükəsizliyinin
təmin olunması əsasdır. Biz indi deyə bilərik ki,
buna uğurla nail olmuşuq və növbəti illlərdə
enerji siyasətimiz həmişə olduğu kimi, əgər
belə demək mümkündürsə, sülhməramlı
olacaqdır. Biz enerji siyasətimizdən məharətlə
istifadə edib daha da çox dostlar qazanırıq. Azərbaycanın
enerji siyasəti əməkdaşlığa, dostluğa
yönəldilibdir, bölgədə regional əməkdaşlığın
güclənməsinə yönəldilibdir. Budur bizim
yanaşmamız, bizim siyasətimiz və geniş mənada
enerji fəlsəfəmiz. Hesab edirəm ki, Azərbaycanın
bu sahədəki uğurlu təcrübəsindən istifadə
başqa yerlərdə də yaranmış böhranlı vəziyyətdən
çıxış yolu tapmaq üçün yaxşı
fürsət ola bilər.
Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi nəhəng
transmilli layihələr ölkəmizin siyasi və iqtisadi
mövqelərini böyük dərəcədə möhkəmləndirmişdir.
Enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi
istiqamətində biz qarşıda duran bütün vəzifələri
uğurla icra etdik və bu gün Azərbaycan neftini və
qazını dünya bazarlarına çıxaran 7 kəmər
mövcuddur və onların hamısı da işlək vəziyyətdədir,
Azərbaycan neftini və qazını müxtəlif istiqamətlərə
nəql edir. Əlbəttə ki, enerji məsələləri
bu gün dünyanın gündəliyində birinci yerdədir
və Azərbaycan başda olmaqla, enerji təhlükəsizliyini
təmin edə bilən ölkələr növbəti illərdə
özlərini rahat hiss edəcək və çox inamla irəliyə
gedəcəkdir.
Nəqliyyat sektorunda, qeyd
etdiyim kimi, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir,
biz çox şadıq ki, bu layihə icra olunmağa
başlamışdır. Bildiyiniz kimi, uzun illər müzakirələrdən
sonra məsələ həll olunmağa
başlamışdır və bu dəmir yolunun iqtisadi, siyasi
və geostrateji əhəmiyyəti hamıya bəllidir. Bu,
bir daha onu göstərir ki, Azərbaycan tərəfindən
irəli sürülmüş bütün təşəbbüslər
həyatda öz əksini tapır. Əgər biz hansısa təşəbbüsü
irəli sürürüksə, əminik ki, onu icra edəcəyik.
Çünki bunun arxasında düşünülmüş
siyasət, ölçülüb-biçilmiş addımlar,
hesablamalar dayanır. Bizim güclü iradəmiz, o cümlədən
bizim fəal iştirakımızla bölgədə
yaranmış gözəl əməkdaşlıq şəraiti
- bütün bunlar bu regional məsələlərin həllində
müsbət rol oynayır. Əlbəttə ki, burada təşəbbüs
göstərmək də çox böyük əhəmiyyət
daşıyır. Təşəbbüs bir ideya, bir fikir kimi
irəli sürüləndə, bəzi hallarda ona yanaşma
müxtəlif olur. Ancaq biz təşəbbüsləri
gerçəkliyə çeviririk. Biz öz əməlimizlə,
öz işimizlə nəhəng transmilli, dünya
üçün böyük əhəmiyyət kəsb edən
enerji, nəqliyyat layihələrini icra edirik. Vəsait
qoymaqla, investisiya qoymaqla, bütün təşkilati məsələlərin
həllinə öz töhfəmizi verməklə və
bütün başqa yollarla bu layihələri icra edirik.
Sosial sahədə, qeyd
etdiyim kimi, 2009-cu ildə də öz siyasətimizi davam etdirəcəyik.
Son beş il ərzində bu sahədə çox
böyük nailiyyətlər əldə edilibdir. Azərbaycanda
təhsil, səhiyyə, mədəniyyət, idman sahəsindəki
nailiyyətlər haqqında qürurla danışa bilərik.
Bu sahədə, sözün əsl mənasında,
böyük dönüş yarandı və artıq əldə
edilmiş nailiyyətlər əsasında biz növbəti illərdə
də bu siyasəti davam etdirməliyik. Yəni son beş il ərzindəki
uğurlar, nailiyyətlər növbəti beş il
üçün də həm əsasdır, həm də
örnəkdir. Son beş il ərzində müxtəlif məqamlarda
bizim siyasətimizə mane olmaq istəyənlər, yaxud da,
daxili işlərimizə qarışmaq istəyənlər və
ya hansısa formadasa siyasətimizi bəyənməyən dairələr
vaxtaşırı öz səslərini qaldırmağa
çalışmışlar. Bizə bəzi hallarda daha
çox 4-5 il bundan əvvəl məsləhət vermək və
ya yol göstərmək, ya da ki, tövsiyə etmək, yaxud
göstəriş vermək cəhdləri olmuşdur. Biz
bütün bunları yaxşı xatırlayırıq. Əgər
biz o vaxt bu sözlərə baxsaydıq və öz yolumuzdan
dönsəydik, iradə göstərməsəydik, bu gün
Azərbaycanın vəziyyəti sözə baxanların vəziyyətinə
yaxın ola bilərdi.
Bütün təzyiqlərə,
bütün əsassız ittihamlara baxmayaraq, bəzi hallarda
çirkin böhtan kampaniyalarına baxmayaraq, biz yolumuzdan
dönmədik. Ona görə ki, Azərbaycan xalqı bizi dəstəklədi,
Azərbaycan xalqı bizə bu inamı, bu qüvvəni verdi
və son beş ilin tarixi göstərir ki, kim haqlı olub,
kim isə əbəs yerə səylər göstəribdir.
Azərbaycan müstəqil
dövlətdir. Azərbaycanın müstəqil siyasəti
var. Bu siyasət Azərbaycanı son beş ildə
böyük dərəcədə gücləndirmişdir.
Bugünkü və beş il bundan əvvəlki Azərbaycan
başqa-başqa ölkələrdir demək olar. Həm
iqtisadi, həm siyasi baxımdan bölgədəki rolumuzun
artması - bütün bunlar Azərbaycanı çox
yüksək pilləyə qaldırıb və bundan sonra da
Azərbaycan xalqının iradəsi, milli maraqları, Azərbaycan
dövlətinin milli maraqları, dövlətçilik
prinsipləri bizim üçün əsas olacaqdır.
Biz bütün sahələrdə
əməkdaşlığa hazırıq, bütün
ölkələrlə qarşılıqlı əsaslar
üzərində, qarşılıqlı hörmət və
bir-birinin işlərinə qarışmamaq prinsipləri əsasında
bundan sonra da münasibətləri davam etdirmək fikrindəyik.
Ancaq bu münasibətlər bu gün olduğu kimi, gələcəkdə
də dünyada qəbul olunmuş və demokratik prinsipləri
əks etdirən əsaslar üzərində qurulacaqdır.
Bizim planlarımız çoxdur. Ölkəmizi bundan sonra da
uğurla inkişaf etdirməliyik. 2009-cu ildə və ondan
sonrakı illərdə nəzərdə tutulmuş
bütün proqramlar icra olunacaqdır.
Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının uğurla icra
olunması bunun əyani sübutudur. Növbəti beş il
üçün yeni geniş proqram hazırlanır və yəqin
ki, yaxın vaxtlarda biz onu qəbul edəcəyik.
2008-ci ildə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
işində əməli-praktik nəticələr olmasa da,
bizim mövqeyimiz daha da möhkəmlənmişdir. Mart
ayında BMT Baş Məclisində Azərbaycanın
işğal olunmuş ərazilərində vəziyyətlə
bağlı qətnamənin böyük səs
çoxluğu ilə qəbul edilməsi həm bizim
gücümüzü göstərdi, həm də haqq-ədaləti
göstərdi. Yəni, onu göstərdi ki, dünya birliyi,
dünya ictimaiyyəti Azərbaycanın tərəfindədir.
Baxmayaraq ki, bir daha vurğulamaq istəyirəm, Minsk qrupunun həmsədr
ölkələri, vasitəçilik missiyası ilə
birbaşa məşğul olan ölkələr - Amerika Birləşmiş
Ştatları, Rusiya və Fransa bizə məlum olmayan səbəblər
üzündən bu qətnamənin əleyhinə
çıxmışdı və bəzi hallarda başqa
ölkələri də buna təhrik etmək istəmişdilər,
ancaq Azərbaycan tərəfindən irəli
sürülmüş qətnamə böyük səs
çoxluğu ilə qəbul edildi. Bu, bizim böyük
siyasi və diplomatik uğurumuzdur. Bu, növbəti sənəddir,
ciddi sənəddir.
Bildiyiniz kimi, 15 il bundan əvvəl
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi
qəbul edilmişdir. Bu qətnamə bizim növbəti siyasi
uğurumuzdur. Bunun əsasında münaqişə öz həllini
tapa bilər. Ermənistan və Azərbaycan prezidentlərinin
birgə imzaladıqları bəyannamə BMT Baş Məclisində
qəbul edilmiş bəyannamənin məntiqi nəticəsidir.
Baxmayaraq ki, Ermənistan təbii olaraq, BMT-də qətnamənin
qəbul olunmasına etiraz etməyə
çalışırdı. Buna baxmayaraq, Ermənistan rəhbəri
o əsasda müştərək bəyannaməyə qol
çəkmişdir. Orada nə göstərilir? Orada, ilk
növbədə, göstərilir ki, münaqişə beynəlxalq
hüquq prinsipləri əsasında, beynəlxalq təşkilatların
qərarları və sənədləri əsasında öz
həllini tapmalıdır. Hansı qərarlar və sənədlər?
Bu, tamamilə aydın məsələdir. Qeyd etdiyim BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsi, BMT Baş Məclisinin qətnaməsi,
ATƏT-in sənədləri, Lissabon sammitinin sənədləri
- bütün bunlardır sənədlər. Yəni, məsələ
bunların əsasında öz həllini tapmalıdır və
Ermənistan rəhbərinin buna qol çəkməsi hesab
edirəm ki, çox müsbət bir haldır.
Digər tərəfdən,
birgə bəyannamə Ermənistan-Azərbaycan prezidentləri
tərəfindən imzalanmışdır. Yəni, onu göstərir
ki, bu ölkələr münaqişənin tərəfləridir,
münaqişənin heç bir başqa tərəfi yoxdur.
Halbuki uzun illər ərzində Ermənistan tərəfi həmişə
çalışırdı ki, qondarma Dağlıq Qarabağ
qurumunun nümayəndələrini də bu prosesə daxil
etsin. Biz haqlı olaraq, buna həmişə etiraz edirdik. Əminəm
ki, Ermənistan rəhbərinin münaqişənin tərəfi
kimi birgə bəyannaməyə qol çəkməsi
artıq növbəti illərdə Dağlıq
Qarabağın prosesə qoşulması cəhdlərinə
son qoyacaqdır.
Bununla bərabər, birgə
bəyannamədə göstərilir ki, məsələnin həllinin
bütün mərhələləri beynəlxalq zəmanətlə
təmin olunmalıdır. Bu da açıq-aydın onu
göstərir ki, məsələ yalnız mərhələli
şəkildə öz həllini tapa bilər. Bütün
dövrlərdə Azərbaycanın mövqeyi ondan ibarət
olmuşdur ki, məsələ ancaq addım-addım öz həllini
tapa bilər. İlk növbədə, Ermənistan
işğalçı qüvvələri bütün
işğal olunmuş torpaqlardan çıxarılmalı,
beynəlxalq zəmanət əsasında təhlükəsizlik
məsələləri həll olunmalıdır. Ondan sonra
Dağlıq Qarabağın statusu haqqında
danışıqlar aparıla bilər, bir şərtlə
ki, o status ancaq Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
olmalıdır. Bu, Azərbaycanın prinsipial və dəyişməz
mövqeyidir. Mərhələli həllin üstün
olması onu göstərir ki, Azərbaycanın uzun illər ərzində
dediyi sözlər və təklif etdiyi yanaşmalar bu gün
Ermənistan tərəfindən də qəbul edilir. Əks
halda, Ermənistan tərəfi mərhələli həlli nəzərdə
tutan bəyannaməyə heç vaxt qol çəkməzdi.
Bildiyiniz kimi, onların mövqeyi paket variantından ibarət
olmuşdur. Yəni mən onu ona görə bir az daha geniş
işıqlandırıram ki, heç kimdə heç bir
şübhə olmasın - bu bəyannamə Azərbaycanın
milli maraqlarına xidmət göstərir. Əslində, Azərbaycanın
mövqeyini əks etdirir və ümid etmək istəyirəm
ki, bu siyasi niyyət 2009-cu ildə real nəticələrə
çevriləcəkdir. Hər halda, biz öz mövqeyimizi dəfələrlə
bəyan etmişik və bu gün mən bir daha bunu
açıqlayıram. Biz çalışırıq ki, məsələ
danışıqlar yolu ilə öz həllini tapsın.
Ancaq bununla bərabər, o
da heç kimə sirr deyil ki, biz ordu gücümüzü də
artırırıq və böyük dərəcədə
artırmışıq. Son beş il ərzində ordu
quruculuğu istiqamətində atılmış addımlar Azərbaycanı
çox gücləndirmişdir. Növbəti illərdə
orduya ayrılan xərclər daha da artacaqdır. Mən bunu
bir daha demək istəyirəm ki, biz bu sahəyə prioritet
diqqət göstəririk və 2009-cu ildə bütün hərbi
xərclərimiz 2,3 milyard dollar təşkil etməlidir. Bu,
böyük rəqəmdir. Ancaq bizim qarşımızda
böyük vəzifələr dayanır. Biz istənilən
anda, istənilən yolla öz doğma
torpaqlarımızı azad etməyə hazır
olmalıyıq, hazırıq, ancaq özümüzü daha
da gücləndirməliyik.
Mən bir daha demək istəyirəm
ki, 2008-ci ilin yekunları bir daha Azərbaycanda aparılan siyasətin
təntənəsini göstərir. 2008-ci ilin yekunları,
eyni zamanda, son beş il ərzində görülən işlərə
vurulan yekundur. Azərbaycan xalqı bu işlərə mənim
üçün ən vacib olan münasibətini keçən
ilin oktyabr ayında prezident seçkilərində
bildirmişdir. Bu, bizim üçün ən böyük
göstəricidir. Bizim işlərimizin düzgün
aparılmasına ən böyük işarədir, ən
böyük sübutdur. Elə etməliyik ki, növbəti
illərdə xalqın etimadını doğruldaq, Azərbaycanın
qarşısında duran bütün məsələləri
uğurla həll edək, Azərbaycanı daha da gücləndirək,
bölgədə və dünyada mövqelərimizi möhkəmləndirək,
iqtisadi sahədə daha ciddi nailiyyətlərə çataq,
bütün sosial məsələləri həll edək və
beləliklə, ölkəmizi uğurla irəliyə aparaq.
İndi isə keçək
müzakirələrə və söz verilir maliyyə naziri
Samir Şərifova.
Azərbaycan.-2009.-17 yanvar.-S.1.