Dünya tarixində maliyyə və
iqtisadi böhran ili kimi qalacaq 2008-ci Azərbaycan
üçün növbəti
uğurlu il olmuşdur:
Azərbaycan
Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin
2008-ci ildə
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş
geniş
iclası keçirilmişdir
Maliyyə naziri Samir Şərifovun
çıxışı
- Möhtərəm cənab
Prezident!
Hörmətli iclas
iştirakçıları!
Yola saldığımız 2008-ci il Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən 2003-cü ildə müəyyən edilmiş iqtisadiyyatın inkişaf tempinin sürətləndirilməsi strategiyasının həyata keçirilməsinin növbəti uğurlu mərhələsi kimi ölkəmizin çağdaş tarixinə daxil olmuşdur.
2008-ci ilin dövlət və icmal büdcələrinin operativ icra göstəricilərində də bunu aydın şəkildə görmək olar.
Belə ki,
2008-ci ildə dövlət büdcəsinin mədaxil proqnozu
10 milyard 484 milyon manata qarşı 10 milyard 763 miylon manat və
ya 102,7 faiz icra olunmuşdur. Bu da 2007-ci ilə nisbətən 4 milyard 756 milyon manat və
ya 79,2 faiz çoxdur.
Vergilər Nazirliyi tərəfindən
5 milyard 380 milyon manat proqnoza qarşı icra 5 milyard 694 milyon
manat və ya 105,8 faiz olmuşdur ki, bu da proqnoza nisbətən
314 milyon manat, 2007-ci illə müqayisədə isə 1,2
milyard manat və ya 26,2 faiz çoxdur.
Dövlət Gömrük
Komitəsi tərəfindən proqnoza 100 faiz əməl edilməklə,
dövlət büdcəsinə 1 milyard 110 milyon manat vəsait
daxil olmuşdur ki, bu da 2007-ci illə müqayisədə 338
milyon manat və ya 43,8 faiz çox deməkdir.
Dövlət
Neft Fondundan dövlət büdcəsinə nəzərdə
tutulmuş miqdarda, yəni 3 milyard 800 milyon manat məbləğində
transfert daxil olmuşdur.
2008-ci il dövlət
büdcəsinin xərcləri 10 milyard 680 milyon manat və ya
96,6 faiz icra edilsə də, bu, 2007-ci ildəkindən
4 milyard 594 milyon manat və ya 75,5 faiz çoxdur.
2008-ci ildə
də sosialyönümlü tədbirlər üzrə xərclərin
maliyyələşdirilməsi diqqətdə olmuşdur. Bu məqsəd
üçün 2 milyard 312 milyon manat vəsait sərf
edilmişdir ki, bu da 2007-ci illə müqayisədə 642
milyon manat və ya 38,4 faiz çoxdur.
2008-ci ildə 2007-ci illə
müqayisədə dövlət büdcəsinin cari xərclərində
sosialyönümlü tədbirlər üzrə xərclərin
tərkib hissəsi olan sosial müdafiə və sosial təminat
xərcləri 42,2 faiz, səhiyyə xərcləri 34,6 faiz, təhsil
xərcləri 35,5 faiz, mədəniyyət, incəsənət,
informasiya, bədən tərbiyəsi xərcləri 47,1 faiz
artmışdır.
2008-ci ildə əhalinin
rifahının yaxşılaşdırılması, büdcədən
maliyyələşən təşkilatlarda
çalışan işçilərin əmək
haqlarının artırılması üçün ölkə
Prezidenti tərəfindən bir sıra sərəncamlar
imzalanmışdır. Bu sərəncamlarla elm, təhsil, səhiyyə, sosial
təminat, mədəniyyət sahələrində, habelə
dövlət büdcəsindən maliyyələşən
digər təşkilatlarda çalışanların
aylıq əmək haqları orta hesabla 50 faiz, Milli Elmlər
Akademiyasının tabeliyində olan elmi tədqiqat müəssisələrində
çalışanların əmək haqları 50 faiz, ali təhsil
müəssisələrində çalışanların əmək
haqları iş stajından və tələbələrin
sayından asılı olaraq 50 faizdən 2 dəfəyə qədər,
aspirantlara, ali, orta ixtisas, peşə məktəbləri və
peşə liseylərinin tələbələrinə və
şagirdlərinə verilən təqaüdlərin aylıq
məbləği orta hesabla 40 faiz artırılmış,
minimum aylıq əmək haqqının, əmək
pensiyalarının baza hissəsinin məbləğləri 50
faiz artırılaraq 75 manata çatdırılmış, məcburi
köçkünlərə verilən aylıq müavinətin
məbləği 50 faiz artırılmışdır.
2008-ci il
məcburi köçkünlərin sosial-məişət
şəraitinin yaxşılaşdırılması istiqamətində
də mühüm mərhələ olmuşdur. İl ərzində
məcburi köçkünlərin yeni, hər cür sosial
infrastruktura malik qəsəbələrə
köçürülməsi məqsədlərinə 145
milyon manat vəsait sərf olunmuş, son çadır
düşərgəsi ləğv edilmiş, beləliklə,
ölkə Prezidentinin Azərbaycanda bir dənə də
çadır düşərgəsi qalmayacağına dair
tapşırığı tam icra edilmişdir.
Gənc nəslin idmana və
sağlam həyat tərzinə marağının
artırılması məqsədi ilə bilavasitə Prezident
İlham Əliyevin şəxsi təşəbbüsü və
göstərişi əsasında idmanın inkişafına
2008-ci il dövlət büdcəsindən,
investisiya xərcləri də daxil olmaqla 125 milyon manat vəsait
ayrılmışdır. Bunun nəticəsində hesabat ilində
bir çox irimiqyaslı və nüfuzlu beynəlxalq
yarışların ölkəmizdə keçirilməsinə
nail olunmuş, öz növbəsində,
idmançılarımız tərəfindən beynəlxalq
yarışlarda, xüsusilə də Pekin Olimpiadasında
qazanılan mükafatların sayı artmışdır.
Hesabat ilində aqrar sektora
dövlət qayğısı daha da artırılmış,
fermer təsərrüfatlarına güzəştli şərtlərlə
kreditlərin verilməsi, lizinq xidmətinin
yaxşılaşdırılması, sahibkarlığın
inkişaf etdirilməsi üçün büdcədən
Sahibkarlığa Kömək Milli Fonduna 80 milyon manat,
"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə
40 milyon manat, Kənd Təsərrüfatı Kreditləri
üzrə Dövlət Agentliyinə 5 milyon manat vəsaitin
ayrılması təmin edilmişdir. Bundan əlavə, cins
damazlıq mal-qaraya və mineral gübrələr
alınmasına, mineral gübrələrin və texnikanın
saxlanması üçün xüsusi anbarların tikintisinə
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 25 milyon
manat vəsait ayrılması təmin edilmiş, ərzaq təhlükəsizliyi
tədbirlərinin görülməsi məqsədlərinə
50 milyon manat yönəldilmişdir.
Kənd təsərrüfatı
məhsulları istehsalçılarına dövlət tərəfindən
maliyyə dəstəyi tədbirlərinin davamı olaraq 652
min fiziki və hüquqi şəxsə əkin sahəsinin
becərilməsində istifadə edilmiş yanacaq və motor
yağlarına, mineral gübrələrin güzəştlə
satılmasına, buğda və çəltik
istehsalçılarına səpilən hər hektar sahəyə
görə yardımın verilməsi təmin edilmiş, bu məqsədə
76,5 milyon manat vəsait sərf olunmuşdur. Bunun
nəticəsində kənd təsərrüfatında becərilən
əkin sahələri və məhsuldarlıq nəzərəçarpacaq
dərəcədə artmışdır.
Azərbaycanın beynəlxalq
münasibətlərdə mövqelərinin möhkəmlənməsi,
Prezident İlham Əliyevin beynəlxalq aləmdə sürətlə
artan nüfuzunun məntiqi nəticəsi kimi 2008-ci il ərzində ölkəmizdə bir sıra
mötəbər beynəlxalq tədbirlərin keçirilməsi,
habelə ölkəmizin Suriya Ərəb Respublikasında yeni
səfirliyinin və Qazaxıstanın Aktau şəhərində
Baş konsulluğunun fəaliyyətə başlaması ilə
bağlı xərclər dövlət büdcəsindən
maliyyələşdirilmişdir. Eyni zamanda
Qırğızıstanda, Myanma İttifaqında, Pakistan
İslam Respublikasında, Çin Xalq Respublikasında, Yəmən
Respublikasında, Tacikistan Respublikasında və Fələstin
Muxtariyyətində baş vermiş təbii və humanitar fəlakətlərin
aradan qaldırılması ilə bağlı maliyyə
yardımları üçün dövlət büdcəsindən
vəsait ayrılması təmin edilmişdir.
Dövlət büdcəsi xərclərinin
strukturu üzrə 2008-ci ildə 2007-ci ilə nisbətən
sənaye və tikinti xərcləri 2,2 dəfə, mənzil
və kommunal təsərrüfatı xərcləri 69,5 faiz,
müdafiə xərcləri 62,8 faiz, ümumi dövlət
xidməti xərcləri 41 faiz, məhkəmə hakimiyyəti,
hüquq-mühafizə və prokurorluq orqanlarının
saxlanılması xərcləri 23,8 faiz, aqrar və ətraf
mühitin mühafizəsi xərcləri 13,9 faiz çox
olmuşdur.
2008-ci ildə həlli vacib
hesab olunan tədbirlərin maliyyələşdirilməsinə
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 154 milyon
manat, dövlət büdcəsində nəzərdə
tutulmayan bir sıra tədbirlərin maliyyələşdirilməsinə
isə dövlət büdcəsinin ehtiyat fondundan 115,7 milyon
manat vəsait ayrılmışdır.
Möhtərəm cənab
Prezident!
Son illər
dünya əmtəə bazarlarında yaranmış əlverişli
konyuktura nəticəsində dövlət büdcəsinin və
Dövlət Neft Fondunun gəlirləri əhəmiyyətli dərəcədə
artmışdır. Artan gəlirlər iqtisadiyyata, ilk növbədə,
sosial və fiziki infrastruktur sahələrinə investisiya
qoyuluşuna yönəldilmişdir.
2008-ci ildə dövlət
investisiya qoyuluşu xərclərinə dövlət büdcəsindən
4 milyard 276 milyon manat (2007-ci illə müqayisədə 2,2 dəfə çox), Dövlət Neft
Fondundan 453 milyon manat, dövlət zəmanəti ilə
alınmış xarici kreditlər hesabına 430 milyon manat vəsait
ayrılmışdır.
Ötən ildə dövlət
investisiya xərclərindən təhsil obyektlərinin tikintisi
və təmirinə 214 milyon manat, səhiyyə obyektlərinin
tikintisi və təmirinə 204 milyon manat vəsait istifadə
olunmuşdur.
Mədəniyyət və
turizm obyektlərinin tikintisi və əsaslı təmirinə,
o cümlədən mədəni-tarixi irsimizin qorunub
saxlanılmasına, tarixi, dini abidələrin bərpası və
yenidən qurulmasına, milli ifaçılıq sənətinin
inkişafına 171,6 milyon manat vəsait xərclənmişdir.
2008-ci ildə
nəqliyyat infrastrukturuna 1 milyard 582 milyon manat vəsait
ayrılmışdır. Bu vəsait hesabına ölkə ərazisində
respublika əhəmiyyətli avtomobil yollarının, yol
qovşaqlarının, piyada keçidlərinin, regionlarda
çaylar üzərində körpülərin, yeni və
mövcud metro stansiyalarının tikintisi və yenidən
qurulması, habelə yeni gəmi-bərələrin və
tankerlərin, dəmir yolu və metro vaqonlarının və
ixtisaslaşmış avadanlıqların alışı həyata
keçirilmiş, Lənkəran və Zaqatalada beynəlxalq
statusa malik hava limanları istismara verilmişdir.
Penitensiar müəssisələrinin
maddi-texniki təminatının
yaxşılaşdırılması, cəzaçəkmə
və islah-müalicə müəssisələrinin əsaslı
təmir və yenidənqurma işlərinə 69,9 milyon manat, müdafiə və
hüquq-mühafizə orqanlarının maddi-texniki
bazasının möhkəmləndirilməsinə 315 milyon
manat vəsait ayrılmışdır.
Ölkəmizin enerji təhlükəsizliyini
və regionların elektrik enerjisinə və qaza olan tələbatını
təmin etmək məqsədi ilə 312 milyon manat, o cümlədən
Səngəçalda gücü 300 MVt olan modul tipli elektrik
stansiyasının tikintisinə 262,8 milyon manat, habelə
paylayıcı elektrik şəbəkələrinin yenidən
qurulmasına 120 milyon manat vəsait sərf edilmiş, ölkənin
hər bir regionuna qaz çatdırılması barədə
ölkə Prezidentinin tapşırığı icra olunaraq,
regionların qazlaşdırılmasına 82,1 milyon manat vəsait
yönəldilmişdir.
2008-ci ildə meliorativ
işlərin yerinə yetirilməsinə, meliorasiya və su təsərrüfatı
obyektlərinin, içməli su təminatı və
kanalizasiya sistemlərinin tikintisi və əsaslı təmirinə
268,2 milyon manat vəsait sərf
edilmişdir. Həmçinin hesabat ilində
Naxçıvan Muxtar Respublikasında və ölkənin digər
rayon və şəhərlərində yenidənqurma və bərpa
işlərinin aparılmasına 33 milyon manat vəsait
ayrılmışdır.
Ötən il
ərzində Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi
köçkünlər üçün yaşayış qəsəbələrinin
tikintisi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması,
Oğuz-Qəbələ-Bakı su kəmərinin,
Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi layihələrinin
maliyyələşdirilməsi davam etdirilmişdir.
2008-ci ilin sonuna ölkəmizin
daxili və xarici dövlət borcu 2 milyard 686 milyon manat səviyyəsində
və ya ümumi daxili məhsulun 7,1 faizinə
bərabər olmuş, adambaşına düşən
dövlət borcumuz 310,5 manat, xarici dövlət borcumuz isə
330 ABŞ dolları təşkil etmişdir.
Möhtərəm cənab
Prezident!
Hörmətli iclas
iştirakçıları!
Ötən 2008-ci il 2003-cü ildə Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən təməli qoyulmuş
yeni siyasi-iqtisadi dövrün ilk 5 illik mərhələsini
yekunlaşdırmışdır. Əminliklə
demək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu
müddət ərzində həyata keçirdiyi xarici və
daxili siyasət nəticəsində Azərbaycan dövləti
üçün ən taleyüklü bir çox sosial-iqtisadi
məsələlər həll edilmişdir.
Ulu öndərimiz Heydər Əliyevin
adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin,
Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin istismara verilməsini
və digər transmilli layihələrin bünövrəsinin
qoyulmasını, dövlətimizin beynəlxalq miqyasda
nüfuzunun daha da artmasını, regionda aparıcı
mövqelərə çıxmasını, Dağlıq
Qarabağ münaqişəsinin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həllinə
yönəldilmiş möhtəşəm hərbi quruculuq və
diplomatik fəaliyyət üzrə səyləri, ölkədə
yoxsulluq səviyyəsinin 3 dəfədən çox
azaldılmasını, son çadır şəhərciyinin
ləğv edilməsini, Azərbaycanın iqtisadiyyatında
müstəsna ikidəfəlik real artımı, onun keyfiyyətcə
yeni səviyyəyə qaldırılmasını, xalqın
rifahının əhəmiyyətli dərəcədə
yaxşılaşdırılmasını və s. işləri
qətiyyətlə bunların sırasına aid etmək olar.
Müdrik xalqımız son
beş ildə əldə olunmuş nailiyyətləri və
tərəqqini, görülmüş işləri layiqincə
qiymətləndirərək cənab İlham Əliyevi ikinci
müddətə Azərbaycan Respublikasının Prezidenti
seçmiş, bununla da xalqın rifahının təmin edilməsinə
yönəlmiş siyasi-iqtisadi kursun növbəti illərdə
də davam etdirilməsinə tam dəstək vermişdir.
Möhtərəm cənab
Prezident!
2008-ci ilin
ikinci yarısında Azərbaycan iqtisadiyyatının
inkişafı əlverişsiz xarici mühit şəraitində
davam etmişdir. Belə ki, dünyanın aparıcı
iqtisadi gücü sayılan Amerika Birləşmiş
Ştatlarının qeyri-standart və riskli ipoteka kreditləri
bazarında hələ 2007-ci ildə yaranmış problemlər
bir sıra maliyyə-bank və əmlak bazarı
qurumlarını iflasa düçar edərək artıq
2008-ci ildə bütünlüklə ABŞ-da, sonradan isə
Avropa və Asiya ölkələrində kəskin maliyyə
böhranına gətirib çıxarmışdır.
Dünya maliyyə böhranı aparıcı
iqtisadiyyatlarda maliyyə-bank sektorunu sarsıtmış, bir
çox nəhəng maliyyə qurumlarının iflasa
uğraması, tam və ya qismən milliləşdirilməsi
ilə nəticələnmişdir. Maliyyə
böhranının törətdiyi fəsadlar iqtisadiyyatın
real sektoruna mənfi təsiri gücləndirmiş, iqtisadi
artım templərinin aşağı düşməsinə
və nəticə etibarilə qlobal iqtisadiyyatın tənəzzül
dövrünə keçməsinə, istehlakın və tələbatın
qlobal miqyasda kəskin enməsinə səbəb olmuşdur.
Təkcə
onu göstərmək kifayətdir ki, 2008-ci ilin sonuna
dünyanın aparıcı fond birjalarının indeksləri
dəyərini ən azı 40 faiz itirmişdir. İnkişaf
etməkdə olan ölkələrin fond birjalarına dəyən
ziyan isə daha güclü olmuş və bu birjaların
indeksləri 50-75 faiz arasında aşağı
düşmüşdür. Qlobal tələbatın
azalması səbəbindən dünya əmtəə
bazarlarında da kəskin qiymət ucuzlaşması baş
vermişdir. Bu baxımdan ötən müddət ərzində
neftin qiymətinin 4 dəfə, əlvan və qara
metalların və digər əmtəə mallarının
qiymətinin isə 2-2,5 dəfə
ucuzlaşması xüsusilə vurğulanmalıdır.
Bunların nəticəsində
bir çox sənaye müəssisələri istehsal həcmini
əhəmiyyətli dərəcədə azaltmış və
ya tam dayandırmış, habelə yük
daşımalarının həcmi aşağı
düşmüşdür. Tənəzzülün
məntiqi nəticəsi olaraq həm maliyyə, həm də
sənaye sektorunda çalışan işçilərin
çoxsaylı ixtisarı qaçılmaz olmuşdur.
Dünyada
baş verən maliyyə böhranı, istisnasız olaraq,
bütün ölkələri, o cümlədən Azərbaycan
iqtisadiyyatını da ciddi sınaqlarla üz-üzə
qoymuşdur.
2008-ci il üzrə ölkəmizdə
ümumi daxili məhsulun artım səviyyəsi ikirəqəmli
olsa da, son iki ay ərzində iqtisadi artım tempinin
azalması səbəbindən hesabat ilinin ortasında
proqnozlaşdırıldığından aşağı
olmuşdur.
2008-ci ildə qlobal
böhranın fəsadları Azərbaycan iqtisadiyyatına
sirayət etsə də, qeyd edilməlidir ki, ölkə
Prezidentinin tapşırığı ilə həyata
keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində
böhranın mənfi təsirləri ötən il ərzində ölkə iqtisadiyyatında
praktiki olaraq hiss olunmamışdır. Bununla belə,
son təhlillər göstərir ki, artıq bütün
dünya ölkələrinin üzləşdiyi maliyyə və
iqtisadi böhran ehtimal edildiyindən daha dərin,
sarsıdıcı və uzunmüddətli olacaqdır. Ən optimal ssenarilərə əsasən onun
yalnız 2010-cu ilin sonu, 2011-ci ilin əvvəlində başa
çatacağı gözlənilir. Bu isə
2009-cu ildə böhranın ölkə iqtisadiyyatına təsirinin
daha qabarıq olacağı ehtimalını gücləndirir.
Lakin, zənnimizcə,
bu, hər hansı təşvişə düşməyi
deyil, reallığı qəbul edərək böhran şəraitinə
uyğun müvafiq iqtisadi siyasətin həyata keçirilməsini
və davranış qaydalarına ciddi riayət edilməsini tələb
edir. Belə ki, büdcədən maliyyələşən
təşkilatlarda maliyyə nizam-intizamına diqqət
artırılmalı, lüzumsuz xərclər, təxirə
salına biləcək səfərlər, malalmaları, tədbirlər
ixtisar olunmalıdır. Kommunal, istehlak,
enerji, yanacaq, qaz, su sərfiyyatı qənaətlə
aparılmalıdır. Kommunal sektorda fəaliyyət
göstərən təşkilatlar tərəfindən
alınan materialların və yanacağın dəyərinin
vaxtında və tam ödənilməsi, fiskal orqanlar tərəfindən
vergi və rüsumların dövlət büdcəsinə
toplanması şəksiz təmin olunmalıdır.
Onu da qeyd etmək
yerinə düşər ki, böhranın
yaratdığı iqtisadi problemlərin universal həlli
yolları mövcud deyildir. Başqa dövlətlərin
təcrübəsi nəzərə alınsa da, onun bilavasitə
təkrar edilməsi məqsədəuyğun hesab oluna bilməz.
Böhrana qarşı görülən tədbirlər
hər bir ölkənin iqtisadiyyatının özəl
xüsusiyyətləri nəzərə alınmaqla həyata
keçirilməlidir.
2008-ci ildə böhranla
mübarizə məqsədi ilə dünyada həyata
keçirilmiş tədbirlərin təhlili göstərir
ki, xarici və daxili borcu az olan, eyni zamanda
yüksək maliyyə-valyuta ehtiyatlarına malik olan ölkələr
böhrana daha hazırlıqlı və dayanıqlı
olmuşlar. Məhz buna görə həm Beynəlxalq Valyuta
Fondunun, həm də dünyanın aparıcı reytinq
agentliyi olan "Standart&Poors" şirkətinin qənaətlərinə
görə, Azərbaycan iqtisadiyyatının böyük
imkanlara malik olması və dayanıqlılığı,
habelə ölkə rəhbərliyi tərəfindən həyata
keçirilən iqtisadi siyasət respublikamızın
dünya böhranının nəticələrini digər
ölkələrlə müqayisədə daha asan dəf edəcəyinə
zəmin yaradır. Ötən ilin dekabrında
"Standart&Poors" şirkətinin Azərbaycana verdiyi
reytinq də bunu təsdiqləyir.
Qeyd edilənlərə
son illər ərzində Heydər Əliyev neft strategiyasının
həyata keçirilməsi nəticəsində Azərbaycanda
xarici valyuta ehtiyatlarının ildən-ilə
artmasını, xarici və daxili dövlət borcunun səviyyəsini
aşağı həddə saxlamaqla səlis idarə
olunmasını əsas kimi göstərmək olar.
2009-cu ildə
dövlət büdcəsi gəlirlərinin sabit icra edilməsində
Dövlət Neft Fondunun müstəsna rolu olacaqdır. Belə ki, dünya
bazarında neftin qiymətinin dəyişkənliyinə
baxmayaraq, Neft Fondundan dövlət büdcəsinə manatla
edilən transfertlər dövlət büdcəsində nəzərdə
tutulmuş maliyyə öhdəliklərinin tam və şəksiz
təmin edilməsinə, ilk növbədə pensiyaların,
təqaüdlərin, sosial müavinətlərin, əmək
haqlarının tam ödənilməsinə, ən vacib sosial
əhəmiyyətli proqram və tədbirlərin maliyyələşdirilməsinə,
habelə icrasına əvvəlki illərdə
başlanılmış investisiya layihələrinin başa
çatdırılmasına, qəbul edilmiş inkişaf
proqramlarının həyata keçirilməsinə imkan verəcəkdir.
Möhtərəm cənab
Prezident!
Hörmətli iclas
iştirakçıları!
İcazə verin, əminliyimi
bildirim ki, cənab Prezident, Sizin rəhbərliyiniz altında
Azərbaycan hökuməti zamanın
çağırışlarına layiqli cavab verəcək,
ölkəmizin maliyyə orqanları Azərbaycan
xalqının rifahının təmin edilməsinə yönəldilmiş
siyasi-iqtisadi kursunuzun 2009-cu ildə də əzm və peşəkarlıqla
həyata keçirilməsində səylərini əsirgəməyəcəklər.
Diqqətinizə görə
təşəkkür edirəm!
Azərbaycan.-2009.-17 yanvar.-S.2.