Dünya tarixində maliyyə və iqtisadi böhran ili kimi qalacaq 2008-ci Azərbaycan

 üçün növbəti uğurlu il olmuşdur

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin

 2008-ci ildə   sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclası keçirilmişdir

 

İqtisadi inkişaf naziri Şahin Mustafayevin çıxışı

 

- Möhtərəm cənab Prezident!

Hörmətli iclas iştirakçıları!

2008-ci ilin oktyabr ayında keçirilmiş prezident seçkilərində xalqımız yenidən özünün layiqli gələcəyinə, iqtisadi inkişafına, sülhə və əmin-amanlığa səs verərək dahi Heydər Əliyev yolundan dönməzliyini və cənab Prezident, Sizin hər bir azərbaycanlının ən layiqli Prezidenti olduğunu bir daha təntənəli şəkildə sübut etdi. Müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində ölkəmiz son illərdə iqtisadi artım üzrə dünyada lider dövlətə çevrilmişdir. 2008-ci ildə də iqtisadiyyatın bütün sahələrində irimiqyaslı islahatların sistemli və düşünülmüş şəkildə davam etdirilməsi Azərbaycanı dünyanın ən islahatçı ölkəsi kimi tanıtmışdır.

Bu gün ölkəmiz regionun və dünyanın böyük iqtisadi layihələrinin əsas tərəfdaşına çevrilmişdir. Cənab Prezident, bütün bunlar Sizin uzaqgörən siyasətiniz, sosial-iqtisadi inkişafın bütün sahələrini əhatə edən dövlət proqramları, fərman və sərəncamlarınız sayəsində mümkün olmuşdur, Sizin yorulmaz fəaliyyətiniz və qətiyyətinizin nəticəsidir. Sizin şəxsi təşəbbüsünüzlə və nəzarətiniz altında müasir dünya standartlarına cavab verən çoxsaylı sənaye müəssisələrinin, səhiyyə, təhsil, idman, nəqliyyat, enerji və rabitə infrastrukturlarının, qaçqınlar üçün qəsəbələrin, bir sözlə, ölkəmizin abadlaşması və inkişafı ilə bağlı mühüm obyektlərin tikintisi, bu obyektlərin istismara verilməsi mərasimlərində şəxsən iştirakınız, bütün işlərin həyata keçirilməsini yerində izləməyiniz, əhalinin həyat səviyyəsi ilə tanış olmaq üçün regionlara çoxsaylı səfərləriniz, Azərbaycanın daha yüksək inkişafı və xalqımızın xoşbəxt gələcəyi naminə gördüyünüz işlərdəndir.

Hörmətli iclas iştirakçıları, bu gün dünyada dərinləşən maliyyə böhranının təsiri nəticəsində hətta bir çox aparıcı ölkələrin iqtisadiyyatında yaranan durğunluğa baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf etməkdədir. Dünya iqtisadiyyatı 2003-cü illə müqayisədə, ümumilikdə 25,4 faiz, o cümlədən ABŞ-da 13,3 faiz, Avropa İttifaqında 13,7 faiz, MDB ölkələrində 45,4 faiz, Çində 66,5 faiz artdığı halda, Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artmışdır. 2008-ci ildə ÜDM-in real həcmi 2003-cü illə müqayisədə qeyd olunduğu kimi, 2,6 dəfə artaraq 38 milyard manat olmuş, o cümlədən qeyri-neft sektoru 1,8 dəfə, neft sektoru isə 4,1 dəfə artmışdır.

ÜDM-də özəl sektorun payı 2008-ci ildə 84,5 faiz təşkil etmişdir. İl ərzində ÜDM-in real artımı 10,8 faiz, o cümlədən neft sektoru üzrə 7 faiz, qeyri-neft sektoru üzrə isə 15,7 faiz olmuşdur. ÜDM-in adambaşına düşən nominal həcmi 2003-cü ilə nisbətən 5 dəfə artaraq 4.440 manat təşkil etmişdir.

Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hesabatlarında Azərbaycanda həyata keçirilən sistemli iqtisadi islahatlar və 2009-cu il üçün ölkəmizin iqtisadi inkişaf perspektivləri, hazırlanmış büdcə sənədləri, dünya maliyyə böhranının ölkə iqtisadiyyatına təsirinin qarşısının alınması ilə bağlı görülən tədbirlər müsbət qiymətləndirilmişdir.

İqtisadi yüksəlişin əsas bazası olan sənaye sahəsində 2008-ci ildə istehsal olunmuş məhsulun həcmi 28 milyard manat təşkil etməklə, il ərzində 7 faiz, son beş ildə isə 2,5 dəfə artmışdır. Neft strategiyasının uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın tarixində rekord səviyyədə - kondensat da daxil olmaqla, 44,5 milyon ton neft hasil edilmiş və 16,3 milyard kubmetr qaz təhvil verilmişdir. Bu, ötən ildəkinə nisbətən müvafiq olaraq 4,6 faiz və 50,4 faiz çoxdur.

Ölkə iqtisadiyyatının inkişafına qoyulmuş investisiyaların həcmi son beş ildə 38 milyard manat təşkil etmişdir. Bunun 16 milyard manatı daxili, 22 milyard manatı isə xarici investisiyalar olmuşdur. Diqqətəlayiq məqam budur ki, 2003-cü ildə daxili investisiyaların payı 25 faiz olduğu halda, 2008-ci ildə bu göstərici 75 faiz təşkil etmişdir. Qeyri-neft sektoruna qoyulan investisiyalar son beş ildə 6,2 dəfə artmış və onun xüsusi çəkisi 2003-cü ildəki 26,8 faizdən, 2008-ci ildə 69 faizdən artıq olmuşdur. Bu da onu göstərir ki, hökumət iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində əməli tədbirlər həyata keçirməkdədir.

2008-ci ildə dövlət əsaslı vəsait qoyuluşunun ümumi məbləği 4,2 milyard manat təşkil etmişdir. Bu vəsaitlərin 60 faizə qədəri infrastruktur layihələrinə, 20 faizə qədəri isə sosialyönümlü layihələrə yatırılmışdır. Beynəlxalq maliyyə qurumları ilə nəqliyyat, energetika, su təchizatı, kənd təsərrüfatı, ekologiya, sosial təminat sahələri üzrə ümumi məbləği 1,3 milyard ABŞ dolları olan 8 layihə imzalanmışdır. Ölkəmizin strateji valyuta ehtiyatları 2003-cü ilə nisbətən 11 dəfə artmış və 18 milyard dollar təşkil edir. Bu isə 2008-ci ilin sonuna olan 2,9 milyard dollar məbləğində dövlət borcundan 6,2 dəfə çoxdur. Ölkə başçısının müəyyən etdiyi davamlı inkişaf strategiyasının başlıca istiqamətlərindən olan qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində bu sektorda ÜDM-in il ərzində real artımı proqnozlaşdırılan 12 faizə qarşı 15,7 faiz olmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların və vergi güzəştlərinin verilməsi nəticəsində son 5 il ərzində kənd təsərrüfatında məhsul istehsalının nominal dəyəri 2,4 dəfə artmış, bu dövr ərzində aqrar sahədə yaradılan əlavə dəyərin və real artım səviyyəsi 25,1 faiz təşkil etmişdir.

Qeyri-neft sektorunun, o cümlədən aqrar bölmənin inkişafında son 5 ildə həyata keçirilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının misilsiz rolu olmuşdur. Bu dövr ərzində proqramın icrasına yönəldilən investisiyaların həcmi 6 milyard manat, o cümlədən 2008-ci ildə 2 milyard manat təşkil etmişdir. Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində əhalinin, xüsusən də regionlarda yaşayan əhalinin məşğulluq səviyyəsi xeyli artmışdır. Belə ki, son beş ildə 26 min 641 yeni müəssisə yaradılmış, 766 min 300 yeni iş yeri açılmışdır ki, bunun da 547 min 600-ü daimidir.

2008-ci ildə əvvəlki ilə nisbətən rabitə sahəsi 28,2 faiz, nəqliyyat sektoru 13,5 faiz, tikinti 36 faiz, ticarət 17,5 faiz, pərakəndə əmtəə dövriyyəsi 16,1 faiz, əhaliyə göstərilən pullu xidmət 29,7 faiz artmışdır.

Ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün təsdiq edilmiş kompleks tədbirlər planının həyata keçirilməsi, o cümlədən Bakı şəhərində tikintisi 2009-cu ildə başlanacaq məişət tullantılarının emalı zavodunun işə düşməsi şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına öz töhfəsini verəcəkdir.

Cənab Prezident, Sizin göstərişinizə əsasən, ölkənin sosial-iqtisadi inkişafının davam etdirilməsi məqsədilə 2009-2013-cü illəri əhatə edəcək Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramının layihəsi hazırlanmış və yaxın günlərdə hökumətə təqdim olunacaqdır.

Hörmətli iclas iştirakçıları, Azərbaycan Prezidentinin müəyyən etdiyi iqtisadi siyasətin başlıca istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. 2008-ci ildən sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının "bir pəncərə" prinsipi üzrə təşkili nəticəsində qeydiyyatdan keçmiş hüquqi şəxslərin sayı 30 faiz artmışdır. Bu ildən idxal-ixrac əməliyyatlarında da "bir pəncərə" prinsipinin tətbiqinə başlanılmışdır. İxracın daha da artırılması və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə görülmüş tədbirlər nəticəsində Azərbaycan ABŞ və Norveçin "CSP", Avropa İttifaqının "CSP+" proqramlarına daxil edilmişdir. Bu proqramlar Azərbaycan sahibkarlarına 27 Avropa ölkəsi, ABŞ və Norveç bazarlarına rüsumsuz və ya çox aşağı rüsumlarla ixrac imkanları yaradır. 2008-ci ildən Dünya Ticarət Təşkilatına üzv olma ilə bağlı işlər davam etdirilmiş,11 ölkə ilə ikitərəfli danışıqlar aparılmış, 2 ölkə ilə ikitərəfli protokol imzalanmışdır.

Ötən 5 il ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 82,3 faizi regionlarda olmaqla, sahibkarlıq subyektlərinin 7350 investisiya layihəsinə verilmiş 335,6 milyon manat güzəştli kreditlər hesabına yeni istehsal və emal sahələri işə salınmış, bu layihələr üzrə 73 mindən artıq iş yeri açılmışdır. 2009-cu ildə fond tərəfindən bu məqsədlər üçün təqribən 120 milyon manat məbləğində, o cümlədən 40 milyon manat qaytarılan vəsaitlər hesabına kreditlərin verilməsi nəzərdə tutulur.

Azərbaycan İnvestisiya Şirkəti fəaliyyəti dövründə qeyri-neft sektoruna 55 milyon manat məbləğində investisiya qoyuluşu həyata keçirmiş və 600 milyon manat məbləğində əlavə investisiyanın cəlb edilməsi prosesini davam etdirir. Bundan əlavə, şirkət tərəfindən 761 milyon manat məbləğində investisiya paketi üzərində iş aparılır ki, bunun da 697 milyon manatının yerli və xarici investorlar tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur.

Şirkətin qeyri-neft sektorunun inkişafı və investorların layihələrə cəlb edilməsi sahəsində fəaliyyəti daha da təkmilləşdiriləcək və bu istiqamətdə görülən işlərin effektivliyi artırılacaqdır.

Hörmətli iclas iştirakçıları, ölkənin dinamik inkişafı və maliyyə imkanlarının genişlənməsi, yuxarıda qeyd olunan tədbirlərin həyata keçirilməsi sosial sahələrə yönəldilən resursların əhəmiyyətli dərəcədə artırılmasını, əhalinin rifah halının davamı olaraq yüksəldilməsini, yoxsulluğun azaldılmasını təmin etmişdir. 2008-ci ilin dövlət büdcəsindən əhalinin sosial müdafiəsinə yönəldilmiş xərclərin məbləği 2003-cü illə müqayisədə 5,2 dəfə çox olmuşdur.

Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamları ilə minimum aylıq əmək haqqı və əmək pensiyalarının baza hissəsi il ərzində artırılaraq 75 manata çatdırılmışdır. Bunun nəticəsində təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 faizdən çox artaraq 96 manata çatmışdır. Bundan əlavə, büdcə təşkilatlarında əmək haqları orta hesabla 50 faiz artırılmış, 2008-ci il üçün ehtiyac meyarının həddi 55 manat, 2009-cu il yanvarın 1-dən 60 manat məbləğində təsdiq edilmişdir.

Hazırda ölkədə orta aylıq əmək haqqı 268 manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 24,2 faiz çoxdur. 2008-ci ildə əhalinin adambaşına düşən gəlirləri ötən illə müqayisədə 36,2 faiz artaraq 2343 manat təşkil etmişdir. Bu dövrdə əhalinin sərəncamında 18 milyard manat və ya ötən ildəkindən 42 faiz çox vəsait qalmışdır. 2003-cü illə müqayisədə 2008-ci ildə əhalinin gəlirləri 3,5 dəfə, onun adambaşına düşən həcmi isə 3,3 dəfə artmışdır. 2003-cü il ərzində əhalinin adambaşına düşən gəlirləri inflyasiyanın səviyyəsini 11,3 faizi üstələdiyi halda, 2008-ci ildə 15,4 faiz üstələmişdir. Həyata keçirilmiş genişmiqyaslı tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2008-ci ildə 13,2 faizə enmişdir.

Hörmətli iclas iştirakçıları, ölkə başçısının müəyyən etdiyi mükəmməl iqtisadi siyasətə uyğun olaraq iqtisadiyyatın davamlı inkişafı, Azərbaycan xalqının həyat səviyyəsinin yüksəldilməsi və dünya iqtisadiyyatına səmərəli inteqrasiyanın təmin olunması 2009-cu və sonrakı üç il üçün hazırlanmış sosial-iqtisadi inkişaf konsepsiyasında iqtisadi siyasətin əsas məqsədləri kimi müəyyən edilmişdir. Qlobal iqtisadi böhran şəraitində bu məqsədlərə nail olmaq üçün iqtisadi qurumlar qarşısında makroiqtisadi sabitliyin qorunması, müvafiq qabaqlayıcı tədbirlərin görülməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirlərinin davam etdirilməsi kimi mühüm vəzifələr qoyulmuşdur.

Möhtərəm cənab Prezident, məlum olduğu kimi, müasir Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyev ölkənin durmadan inkişaf edərək dünya dövlətləri arasında öz layiqli yerini tutmasına və əhalinin sosial rifah halının yüksəldilməsinə nail olmaq məqsədilə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, investisiyaların cəlb edilməsi, xarici iqtisadi əlaqələr, sahibkarlığın inkişafı, dövlət əmlakının özəlləşdirilməsi, haqsız rəqabətin və inhisarçılığın aradan qaldırılması sahəsində dövlətin fəaliyyətinin təkmilləşdirilməsi üçün 2001-ci ildə bir neçə dövlət qurumlarının bazasında İqtisadi İnkişaf Nazirliyini yaratmışdır. Lakin təəssüflər olsun ki, həm əvvəllər, həm də son üç ildə nazirliyə rəhbərlik etmiş şəxslərin səriştəsizliyi, işi günün tələbləri səviyyəsində qura bilməmələri, kadr siyasətindəki nöqsanları və qarşıya qoyulmuş vəzifələri tam dərk etməmələri dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı və sahibkarlığa dövlət yardımı, haqsız rəqabətin və inhisarçılığın aradan qaldırılması sahəsində ciddi pozuntulara və cinayət xarakterli əməllərə yol verilməsinə gətirib çıxarmışdır. Bütün bunların nəticəsidir ki, antiinhisar və istehlak bazarına nəzarət, dövlət xidmətlərinin fəaliyyəti ilə bağlı müvafiq orqanlar tərəfindən cinayət işi açılmış və istintaq aparılır.

Bundan əlavə, məruzə edirəm ki, ötən ay ərzində nazirlik tərəfindən Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti araşdırılmış və cinayət xarakterli bir sıra faktlar aşkar edilərək toplanmış materiallar respublika Prokurorluğuna göndərilmişdir.

Möhtərəm cənab Prezident, əmin edirəm ki, İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətində yol verilmiş mənfi hallar qısa müddətdə aradan qaldırılacaq, ölkəmizin sürətli və dinamik inkişafı ilə bağlı Sizin nazirlik qarşısında qoyduğunuz vəzifələrin və verdiyiniz tapşırıqların yerinə yetirilməsi üçün kollektivin bütün imkanları səfərbər ediləcəkdir.

Diqqətinizə görə minnətdaram.

 

 

Azərbaycan.-2009.-17 yanvar.-S.3.