Dünya tarixində maliyyə və
iqtisadi böhran ili kimi qalacaq 2008-ci Azərbaycan
üçün növbəti uğurlu il olmuşdur: Azərbaycan Prezidenti İlham
Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci
ildə sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş geniş
iclası keçirilmişdir
Milli Bankın İdarə Heyətinin sədri Elman
Rüstəmovun çıxışı
- Möhtərəm cənab
Prezident!
Hörmətli iclas
iştirakçıları!
Ötən 2008-ci il
iqtisadi inkişaf və quruculuq tariximizdə çox uğurlu
bir il kimi artıq öz yerini tutubdur. 2008-ci ildə də
ölkə öz yüksək inkişaf dinamikasını və
bu sahədə dünyada liderlik mövqeyini qoruyub saxlamağa
müvəffəq olmuşdur.
Həyata keçirilən
iqtisadi islahatların miqyası, dərinliyi və keyfiyyəti
imkan vermişdir ki, ölkə dünyada bu sahədə də
liderlik mövqeyinə çıxsın və
özünü artıq yeni bir keyfiyyətdə - lider
islahatçı dövlət kimi təqdim etsin. Nəhayət,
bu nəticələr dünyada dərinləşən
iqtisadi və maliyyə böhranı şəraitində əldə
olunmuşdur. Mürəkkəb xarici risklər və
çağırışlar şəraitində milli
iqtisadiyyatımız ötən il yüksək dayanıqlılıq
və sabitlik nümayiş etdirmişdir.
Bütün bunlar son
beş ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
rəhbərliyi altında reallaşdırılan, dərin
milli maraqlara əsaslanan, hərtərəfli
düşünülmüş iqtisadi strategiyanın və
iqtisadi siyasətin məntiqi nəticəsidir.
Möhtərəm cənab
Prezident!
Qlobal iqtisadi böhran
şəraitində milli iqtisadiyyat nəinki öz
tarazlığını qorumuş, hətta qeyri-neft sektoru
tarixdə ən yüksək - 16 faizə qədər
artım sürəti nümayiş etdirmişdir. Ölkədə
illik inflyasiya ötən ilə nisbətən bir qədər
səngiməyə doğru getmişdir. Bildiyiniz kimi, ilin
birinci yarısında bəzi beynəlxalq təşkilatlar
ölkədə inflyasiyanın 25-27 faiz səviyyəsində
olacağını proqnozlaşdırırdılar. Qlobal amillərin,
o cümlədən daxili siyasətin nəticəsində
inflyasiya səviyyəsi proqnozlaşdırılan səviyyədən
aşağı - 20 faiz olmuşdur. Bu ilə olan inflyasiya isə
təxminən 16 faiz səviyyəsindədir. Bu bizə bu ilin
inflyasiya nəticələrinə nikbinliklə baxmağa imkan
verir. Bizim hesablamalarımıza görə, bu il
inflyasiyanın birrəqəmli səviyyəsinə nail olmaq
realdır və biz bu nəticəni əldə etməyə
çalışacağıq. Milli valyutanın məzənnəsi
aparıcı valyutalara nisbətən sabit
qalmışdır, manat dollara nisbətdə dəyərini 5
faizdən çox, avroya nisbətdə isə 9 faizdən
çox möhkəmləndirmişdir. Bildiyiniz kimi,
dünyanın bir sıra aparıcı ölkələrində
valyuta məzənnəsində olduqca kəskin dəyişmələr
var. Qonşu ölkələrdəki vəziyyət isə yəqin
ki, hamıya yaxşı məlumdur.
Bir çox ölkələrdən
fərqli olaraq, Azərbaycanın xarici maliyyə mövqeyi
daha da yaxşılaşmışdır. 2007-ci illə
müqayisədə ölkənin ödəmə
balansının profisiti 2 dəfə artmış, ilkin qiymətləndirməyə
görə 18 milyard ABŞ dolları təşkil etmişdir.
Halbuki bir çox qonşu ölkələr ödəmə və
xarici ticarət balansının kəskin pisləşməsi
və ölkədən əhəmiyyətli kapital
axını ilə üzləşibdir.
Ən ümumi
makroiqtisadi göstərici olan adambaşına düşən
ümumi daxili məhsulun həcminə və Beynəlxalq
Valyuta Fondunun qiymətləndirmələrinə görə,
manatın paritet qiymətlərində bu rəqəm 10000
ABŞ dolları səviyyəsinə
çatmışdır.
Cənab Prezident, nominal rəqəm
6000 dollar, amma paritet qiymətlərdə 10000 dollardır. Budur 2008-ci ilin əsas nəticələri və
bütövlükdə beşillik bir dövrün
başlıca yekunları.
Ölkə
qlobal maliyyə-iqtisadi böhranını kifayət qədər
hazırlıqlı qarşılamışdır. Beynəlxalq təşkilatların
fikrincə, Azərbaycan iqtisadiyyatı böhrana davamlı
ölkələrin aparıcı qrupundadır. Uğurla həyata keçirilən neft
strategiyasından əldə edilən gəlirlər
hesabına ölkənin etibarlı təhlükəsizlik
"yastığı" formalaşmışdır. Bu "yastıq" ortamüddətli dövrdə
ölkənin büdcə-valyuta sabitliyinin təmin edilməsi
üçün yetərli səviyyədədir.
Ölkənin
strateji valyuta ehtiyatları 18 milyard ABŞ dollarından
artıqdır. Bu, dövlət borcundan 3 dəfədən
çox, özəl sektorun da borcu nəzərə
alınmaqla, məcmu xarici borcdan 2 dəfədən
çoxdur. Ehtiyatlar qeyri-neft sektorunun əmtəə
və xidmət idxalını 27 ay ərzində maliyyələşdirmək
üçün kifayət edir. Toplanmış
ehtiyatlar hesabına ölkə ən kritik qlobal şəraitdə
belə yaxın illər ərzində öz maliyyə
ehtiyaclarını fasiləsiz ödəmək
iqtidarındadır.
Bəzən
belə bir fikir yürüdülür ki, milli
iqtisadiyyatımızın nümayiş etdirdiyi sabitlik onun
qlobal iqtisadiyyata nisbətən zəif inteqrasiyası ilə əlaqədardır. Fikrimizcə,
bu fikir yanlışdır. Ölkə
qlobal iqtisadiyyata kifayət qədər sıx inteqrasiya olunur.
Məsələn, ölkənin xarici ticarət
dövriyyəsi ÜDM-in 90 faizini təşkil edir. Ölkənin başlıca ixrac məhsulu olan neftin
bir barelinin qiymətinin 10 dolları həcmində tərəddüd
etməsi ilə onun dəyəri 2.2 milyard ABŞ
dollarıdır. Gördüyünüz
kimi, bu olduqca yüksək inteqrasiya səviyyəsidir. Milli iqtisadiyyatımızın gücü onun zəif
inteqrasiyasında deyil, potensialında və güclü tərəflərindədir.
2008-ci ildə
bank sektoru da ciddi qlobal çağırışlarla üzləşmişdir. Əgər
biz dünyada baş verən böhranın məntiqinə
baxsaq görərik ki, o, başlıca olaraq maliyyə
sektorundan başlayır, sonra real sektora, sosial sektora sirayət
edir. İndi müşahidə etdiyimiz bir
sıra ölkələrdə isə çox ciddi sosial və
siyasi böhranlara keçir.
Azərbaycanın
bank sektoru ötən ildə iki ciddi amillə üzləşmişdir. Bunların hər
ikisi xarici aləmdən gəlmişdir. Birincisi,
dünya maliyyə bazarlarında, ümumiyyətlə, pul
bazarının birdən yoxa çıxmasıdır. Yəni, ilin birinci yarısında pul bazarında
kifayət qədər təklif var idi və Azərbaycan
bankları bundan əhəmiyyətli dərəcədə
istifadə edirdilər. Birdən-birə bu
bazar dayandı. İkincisi, təbii ki, biz
psixoloji inteqrasiyadan, informasiya inteqrasiyasından
danışmalıyıq. Azərbaycan
vahid dünya informasiya məkanındadır. Dünyada maliyyə nəhənglərində
baş verən hadisələr, onların müflisləşməsi,
dövlət tərəfindən onların milliləşdirilməsi,
təbii ki, Azərbaycanın maliyyə sektoruna, əmanətçilərə,
bankların kreditorlarına və sahiblərinə də mənfi
təsir göstərmişdir.
Cənab Prezident,
bütün bunları nəzərə alaraq, 2007-ci ilin sonunda
mən bank sektorundakı vəziyyəti Sizə məruzə
edəndə, Siz bir sıra göstərişlər verdiniz. Bu göstərişlər başlıca olaraq, bank
sektorundakı vəziyyətlə, oradakı olduqca yüksək
artım sürəti ilə əlaqədar idi. Həyat göstərir ki, Sizin bu göstərişləriniz
və onların həyata keçirilməsi,
reallaşdırılması ona gətirib çıxardı
ki, Azərbaycanın bank sektoru da böhrana yaxşı
hazırlaşmış şəkildə daxil oldu.
Sektor xarici bazarlardan 2,5 milyard dollara qədər
zəmanətsiz kredit cəlb etmişdi. Bu,
bütövlükdə öhdəliklərin 25 faizi səviyyəsində
idi və biz bunu həmin səviyyədə sabitləşdirməyə
nail olduq. Bir sıra ölkələrdə
bu göstərici 70 faizə və bəzən ÜDM-in 90-100
faizinə çatmışdır. Məsələn,
qonşu Qazaxıstan böhranın ən ilk
başladığı dövlət idi. Biz bu təcrübəni
nəzərə alaraq çox konservativ səviyyədə
borcu saxladıq və keçən il Azərbaycan
bankları xarici borcların bir hissəsini - 1 milyard
dollarını geri qaytardılar. Cari ildə də 1,5 milyard dollar qaytarılacaqdır. Artıq yanvarın ilk günlərində 100 milyon
dollar qaytarılıb və bununla əlaqədar heç bir
problem yoxdur.
Bir sıra
qabaqlayıcı tədbirlər həyata keçirildi,
banklara olan tələblər sərtləşdirildi. Lakin bu tələblər
təkcə sərtləşdirmə istiqamətində
deyildi. Bank sektoruna fəal yardım
göstərildi. Bildiyiniz kimi, il ərzində
Milli Bankın pul siyasəti yumşaldıldı, faiz dərəcələri
bir neçə dəfə aşağı salındı. Biz
məzənnə siyasətində dəyişkənliyi bank
sektorunda, maliyyə sektorunda sabitliyin təmin edilməsinə
yönəltdik və ehtiyat tələblərinin
aşağı salınması nəticəsində banklara əlavə
olaraq 400 milyon manatdan yuxarı, yəni yarım milyard dollara qədər
likvid vəsait verildi. Bu, bütövlükdə
vəziyyətin sabitləşməsində öz rolunu
oynadı.
11 ayın nəticələrinə
görə, iqtisadiyyata kredit qoyuluşu 46 faiz, əmanətlər
isə 32 faiz artmışdır. Bunlar yaxşı
göstəricilərdir. Bütövlükdə,
bank sektorunun likvidlik səviyyəsi onun xarici borcu səviyyəsindədir.
Bu da yaxşı sabitlik göstəricisidir.
Amma bizi narahat edən bir məsələ son
üç ayda bank sektorunda əsas göstəricilərin
sabitləşməsidir. Bu əmanət
bazasının sabitliyidir, o cümlədən kreditlərin
verilməsinin sabitləşməsidir. Bildiyiniz kimi, son beş ildə bank sektoru bütün göstəricilərini
10 dəfə artırmışdır. Bu
dövrdə ölkədə işgüzar fəallığın
formalaşmasında bank sektoru olduqca fəal rol
oynamışdır. Bu baxımdan biz hesab
edirik ki, bütövlükdə, bankların təklif etdiyi
xidmətlərdə, xüsusilə də kredit xidmətlərində
müəyyən məhsulların azalması və yaxud da
dayanması bir qədər həyəcanlı faktdır və
mən 2009-cu ilin vəzifələrində bu məsələyə
qayıdacağam.
İnflyasiyanın
stabilləşməsini və xarici likvidlik mənbələrinin
azalmasını nəzərə alaraq Milli Bank maliyyə
sabitliyini qorumaq üçün özünün pul-kredit
siyasətində mühüm təshihlər etdi, faiz dərəcələrini
yumşaltdı. Bu, bütün dünyada baş verir.
Bildiyiniz kimi,
indi aparıcı ölkələrdə faiz dərəcəsi
faktik olaraq sıfır səviyyəsindədir və bu istiqamətdə
işlər davam etdiriləcəkdir.
Xarici
çağırışlar və 2009-cu ilin əsas vəzifələri.
Cənab Prezident!
Siz öz
giriş nitqinizdə artıq bu vəzifələrin bir
neçəsini qeyd etdiniz. Bu gün bütün
dünyada böhrandan çıxmağın metodologiyası,
yolları axtarılır. Bu yaxınlarda
Beynəlxalq Valyuta Fondu ilə məsləhətləşmələrimiz
başa çatdı.
Cənab Prezident, bu günə
qədər olan diskussiyalara baxmayaraq, BVF bizim seçdiyimiz
inkişaf yolunun düzgünlüyünü faktik olaraq
dolayısı ilə etiraf etmişdir. Onların
əsas təklifi odur ki, bugünkü şəraitdə də
xərc siyasəti, fəal infrastruktur quruculuğu,
güclü sosial siyasət davam etdirilməlidir və Azərbaycanın
böhrana girməməsi üçün ən optimal yol
bundan ibarətdir. Bu gün yeni ABŞ
Administrasiyasının təqdim etdiyi planın quruluşuna,
siyasi dizaynına baxsaq görərik ki, məhz belə bir
inkişaf modeli təqdim olunub: infrastruktur, sosial siyasət,
ictimai işlər və s.
Hesab edirəm
ki, cari ildə də Azərbaycanın qarşısında
duran vəzifə doğrudan da nadirdir. Yəni,
başqa ölkələr böhrandan çıxmaq
yollarını axtarır, bizim isə vəzifəmiz
böhranın, xarici mənfi təsirlərin
neytrallaşdırılması yolu ilə mövcud inkişaf
xəttinin davam etdirilməsi əsasında böhrana girməməkdir.
Bunun üçün kifayət qədər zəmin
var, artıq mən bu haqda danışdım. Təsdiq olunmuş büdcə kifayət qədər
fəal ictimai xərclərin həyata keçirilməsinə
imkan verir. Bu, fəal infrastruktur layihələrinin
həyata keçirilməsidir. Büdcədə
25 faizdən çox sosial xərclər nəzərdə
tutulmuşdur.
Bütün
hökumət üzvlərinin burada olmasını nəzərə
alaraq mən xüsusilə qeyd etmək istərdim ki, ötən
illərdən fərqli olaraq, bu xərclərin çox
vaxtında düzgün bölüşdürülməsi və
iqtisadiyyata ötürülməsi olduqca vacibdir. Çünki ötən
illərdəkinə nisbətən bu il həmin
xərclərin vaxtında başlanması, bu layihələrin
vaxtında maliyyələşdirilməsi bütövlükdə
ölkədə işgüzar fəallığın təmin
edilməsi üçün olduqca əhəmiyyətlidir. Mən çox xahiş edərdim ki, məsələ
üzərində işlər tezliklə tamamlansın.
Qalan başqa
istiqamətlərə gəldikdə isə, cənab Prezident,
onlar hamısı büdcədə var, amma fikrimcə, əlavə
dəstək tələb edir. Bunlar
hansılardır? Hesab edirəm ki,
kiçik və orta sahibkarlığın əlavə maliyyəyə
ehtiyacı var, onları ödəmək lazımdır.
Biz bankar vasitəsilə sahibkarlarla
görüşürük.
Bu, ölkədə
məşğulluğu təmin edən ən başlıca
sahələrdən biridir. Sizin həyata
keçirdiyiniz siyasətdə, yəni məşğulluğun
təmin olunması, bunun vasitəsilə sosial siyasət və
işgüzar fəallıq siyasətində olduqca mühüm
rol oynayır. Bu sahə olduqca zəif
kapitallaşır və indi, xarici maliyyə mənbələrinin
məhdudlaşdığı bir şəraitdə daxili
maliyyə mənbələri vasitəsilə bu sektorın əlavə
kapitallaşmağa, əlavə yardıma ehtiyacı var. Əmlak
bazarındakı vəziyyəti xüsusi qeyd etmək istəyirəm.
Tikinti sektorunda 300 mindən çox adam
çalışır. Biz əmək və
sosial müdafiə naziri ilə fikirlərimizi
bölüşürdük və təxminən bizim qiymətləndirməmizə
görə, 200 min nəfər də bu sektorla əlaqədar
sahələrdə çalışır. Yəni, bu, yarım milyon nəfərə qədər
işçidir. Son beş ildə bu
sektorun işgüzar fəallığı ümumi iqtisadi
inkişafımızda, o cümlədən də işsizlik məsələsinin
həllində xüsusi rol oynayıbdır.
Bu sektorda indi vəziyyət
belədir ki, əmlak bazarında əhəmiyyətli dərəcədə
təklif var. Bu təklif lazımi tələblə
qarşılanmır. Bir sıra ölkələrin təcrübəsinə
əsasən, biz ipoteka bazarının yeni formalarının
axtarılması, onun kommersiyalaşdırılması istiqamətləri
barədə düşünürük. Hesab edirəm
ki, dövlət bu bazarın çox fəal
iştirakçısı ola bilər. Bir sıra dövlətlərin təcrübəsində
bu var. Bir sıra inzibati binaların, yaşayış evlərinin
tikintisi var. Məsələn, bu vəsaitlərin bilavasitə
bazara yönəldilməsi vasitəsilə bazarın sabitləşməsinə
ehtiyac vardır.
Ərzaq təhlükəsizliyi
proqramı üzrə hesab edirəm, kənd təsərrüfatını
əlavə maliyyələşdirməyə ehtiyac var. Bu
istiqamətdə biz kənd maliyyələşdirilməsi
bankının yaradılması üzərində
düşünürük və mikrokreditləşmənin
genişləndirilməsini planlaşdırırıq.
Cənab Prezident, indiki
böhran milli dövlətçiliyimiz tarixində Azərbaycanın
üzləşdiyi üçüncü böhrandır:
1993-1994-cü illərdə baş vermiş böhran, 1998-ci
ildəki böhran və indiki qlobal bir böhran. Hər iki böhrandan Azərbaycan daha güclü
çıxdı. Əgər bu
böhranlardan sonrakı iqtisadi inkişaf tariximizə baxsaq,
görərik ki, hər bir böhrandan Azərbaycan daha
ambisiyalı bir inkişaf proqramı ilə, böyük
nailiyyətlərlə çıxıbdır.
İcazə
verin, əmin edim ki, Sizin rəhbərliyiniz altında, Sizin
siyasi iradənizə əsaslanaraq, Azərbaycan bu qlobal
çağırışlara da layiqli cavab verəcək,
öz inkişaf yolundan dönməyəcək və bunu daha
da möhkəmləndirəcək və özünün
qlobal imicini daha da yaxşılaşdıracaqdır.
Diqqətinizə
görə sağ olun.
* * *
Prezident
İlham Əliyev iclasda yekun nitqi söylədi.
Azərbaycan.-2009.-17 yanvar.-S.3.