Dünya tarixində maliyyə və iqtisadi böhran ili kimi qalacaq 2008-ci il Azərbaycan üçün növbəti uğurlu il olmuşdur

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası keçirilmişdir: Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi

 

Beləliklə, 2008-ci ilin yekunlarına qayıtsaq, bir daha demək olar ki, əvvəlki illər kimi, 2008-ci il də Azərbaycan üçün çox uğurlu olmuşdur. Bunu biz həm statistik göstəricilərdə, həm də real həyatda görürük və elə etməliyik ki, bu müsbət dinamika bundan sonrakı illərdə də davam etsin. Xüsusilə 2009-cu ildə, çünki burada da qeyd olunduğu kimi və biz bunu beynəlxalq mətbuatdan da izləyirik - 2009-cu il dünya iqtisadiyyatı üçün çox ağır il olacaqdır. Hamıya bəllidir ki, maliyyə və iqtisadi böhran, demək olar ki, bütün dünyaya təsir etməyə başlamışdır. Bu böhranın səbəbkarı biz olmamışıq. Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişaf edirdi və bu gün də biz bunu görürük. Ancaq Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır və dünya iqtisadiyyatına uğurla inteqrasiya edir və bizim iqtisadi imkanlarımız, potensialımız güclənir. Bütün bu amillər istər-istəməz, Azərbaycana da mənfi təsir göstərə bilər. 2009-cu il üçün bizim əsas vəzifəmiz ondan ibarət olacaq ki, bu beynəlxalq dünya maliyyə və iqtisadi böhranının Azərbaycana ola biləcək mənfi təsirinin nəticələrini minimuma endirək. Bununla bərabər, mən bir daha qeyd etmək istəyirəm ki, 2009-cu il üçün nəzərdə tutulmuş infrastruktur layihələri və digər sosial və iqtisadi proqramlar icra olunmalıdır.

Burada qeyd olundu və biz bunu izləyirik, görürük ki, Azərbaycanda aparılan infrastruktur layihələrinin uğurla icrası bu proqramın düzgünlüyünü bu gün bir daha sübut etmişdir. Çünki bütün bu dövrdə beynəlxalq maliyyə qurumları ilə bu sahədə diskussiyalar aparılmışdır və bizim bu istiqamətdə çox ciddi və fəal siyasətimiz bəzi hallarda beynəlxalq maliyyə qurumlarında müəyyən narahatlıq yaradırdı, bizə xoş niyyətlə müəyyən məsləhətlər verirdilər. Ancaq bugünkü gün və xüsusilə inkişaf etmiş ölkələrin böhrana münasibəti və bu münasibətin təzahürü olan infrastruktur və sosial obyektlərin tikintisi niyyətləri bir daha onu göstərir ki, biz düzgün yoldaydıq. Əgər son beş ildə bu nəhəng infrastruktur layihələri icra olunmasaydı, indi onları icra etmək, bəlkə də, daha da ağır, daha da çətin olardı. Bütün infrastruktur layihələrinə bunu şamil etmək olar. İndi əgər biz son beş il ərzində güclü enerji potensialı yaratmasaydıq, bu gün bizim vəziyyətimiz necə olacaqdı? Son beş il ərzində Azərbaycanda elektrik enerjisi sahəsində çox böyük nailiyyətlər əldə edilibdir. Mən ilin sonunda Səngəçal elektrik stansiyasının açılışında bunların hamısını qeyd etdim. Yəni, bu bizə imkan verdi ki, biz elektrik enerjisini idxal edən ölkədən onu ixrac edən ölkəyə çevrilək.

Bu gün nəinki Azərbaycan elektrik enerjisini ixrac edir, hətta vaxtı ilə işıqsız, qazsız qalan Naxçıvan indi Türkiyəyə 17 meqavat gücündə elektrik enerjisi ixrac edir. Yəni, bütün bunlar son illər ərzində əldə edilmiş nailiyyətlərdir, bizim iqtisadi və enerji potensialımızın güclənməsidir. Mən Səngəçal elektrik stansiyasının açılışında xatırlatdım ki, Sumqayıt elektrik stansiyasının təməlqoyma mərasimində biz ondan sonra başlanmış və ondan da əvvəl icra olunmuş layihələr haqqında, bəlkə də, heç ciddi düşünmürdük. Sumqayıt elektrik stansiyası xarici kredit hesabına və xarici podratçı tərəfindən inşa edilir. O stansiyanın təməlini biz 2004-cü ildə qoyduq. Amma o vaxtdan bu günə qədər Azərbaycanda 6 modul tipli elektrik stansiyası tikilmişdir. Azərbaycanın öz imkanları, vəsaiti hesabına, öz şirkətləri tərəfindən inşa olunmuş bu stansiyalar indi bizim enerji potensialımızı böyük dərəcədə gücləndirir. Bu stansiyaların ümumi istehsal gücü 900 meqavata yaxındır. Bununla bərabər, digər mövcud olan enerji qurğularında aparılmış yenidənqurma işləri nəticəsində əlavə enerji mənbələri əldə edilibdir. İndi biz İran İslam Respublikası ilə elektrik enerjisi mübadiləsi edirik. İmişli-Parsabad yüksək gərginlikli xəttinin çəkilməsi nəticəsində əlavə 500 meqavat gücündə elektrik enerjisi əldə edəcəyik.

Əgər bunlar olmasaydı, bugünkü Azərbaycanın vəziyyəti necə olacaqdı? Tam əminliklə deyə bilərəm ki, bu gün Azərbaycanda enerji böhranı hökm sürəcəkdi və bunun nəticəsində bütün iqtisadiyyat çox ağır vəziyyətə düşə bilərdi. Hazırda, bayaq qeyd etdiyim kimi, Sumqayıtda elektrik stansiyasının tikintisi davam edir və yaxın zamanlarda istismara veriləcəkdir. Şirvanda və Qubada da inşa edilir. Yəni üçünün birlikdə ümumi istehsal gücü 1500 meqavatdan çox olacaqdır. Biz bunu ona görə edirik ki, özümüzü növbəti illərdə də tam sığortalayaq. Azərbaycanın artan imkanları, artan iqtisadiyyatı yeni elektrik enerjisi tələb edir.

Eyni zamanda, biz əgər bir neçə il bundan əvvəl qaz təsərrüfatında baş vermiş hadisələri bir daha gözümüzün önündən keçirsək görərik ki, Azərbaycan beş il bundan əvvəl qaz idxal edən ölkə idi. Öz hasilatımız bizi təmin etmirdi və böyük həcmdə, demək olar ki, istehlak olunan qazın yarısını biz xaricdən alırdıq. 2006-cı ildə Azərbaycan xaricdən 4 milyard 500 milyon kubmetr qaz alırdı və böyük vəsait də ödəyirdi. Xatırlayıram, 2006-cı ilin qiyməti 110 dollar təşkil edirdi. Ancaq 2006-cı ilin sonunda bizə qazı satan tərəf birdən-birə qiyməti 2 dəfədən çox artırdı və 2007-ci il üçün bizə elan olunmuş qiymət 230 dollar səviyyəsində idi. Bunu biz böyük sürpriz kimi qəbul etdik və dərhal danışıqlara başlamaq niyyətimizi göstərdik. Danışıqlar nəticəsində nəinki qiymət aşağı düşdü, qiymət daha da qalxdı. Bizə dedilər ki, 230 dollara almaq istəmirsinizə, onda 235 dollara alacaqsınız. Bu, tamamilə dözülməz bir yanaşma idi. Heç bir normal, sivil münasibətlərə sığmayan bir yanaşma idi və belə olan halda, əlbəttə ki, Azərbaycan bundan imtina etdi. Biz əməli-praktik tədbirlər gördük. Baxmayaraq ki, bu tədbirlərin görülməsi üçün cəmi 1 ay, ondan da az vaxtımız var idi. Çünki bu danışıqlar 2006-cı ilin noyabrında başlanmışdı və son cavabı biz dekabr ayında almışdıq. Yəni, budur reallıq və Azərbaycan bütün imkanlarını səfərbər edib, 2007-ci ilin qışını da uğurla yola verdi və bununla bərabər, 2007-ci ildə hətta Gürcüstana qaz nəqlinə başladı. Bax, budur bizim imkanlarımız, budur reallıq!

Yəni, mən bütün bu məsələləri ona görə bir daha qeyd edirəm ki, bunu yaddan çıxarmaq lazım deyildir. Bu gün biz özümüzü elektrik enerjisi ilə, neftlə, qazla tamamilə təmin edirik. Ona görə biz arxayın yaşayırıq, ona görə də bu sahədəki böhranlı münasibətlər bizə təsir etmir. Ancaq biz hər şeyi xatırlamalıyıq və nəticə çıxarmalıyıq.

Beləliklə, qazı idxal edən Azərbaycan bu gün qazı ixrac edir və bizdən qaz almaq istəyən tərəflər artır. Əgər 2007-ci il üçün bizə elan edilmiş qiymət 235 dollar idisə, - baxmayaraq ki, həmin il üçün Ermənistana təklif olunan qiymət 110 dollar idi, - indi təsəvvür edin ki, 2009-cu ilə bizə hansı qiyməti oxuyacaqdılar. Ən azı, - yəni mən belə hesab edirəm, - 1000 kubmetr qaza 450, bəlkə də 500 dollar! Nəzərə alsaq ki, əgər biz burada əməli, praktik işlərə başlamasaydıq və vaxtlı-vaxtında bunları etməsəydik, - burada mən xüsusilə neft şirkətinin fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm, - bizim artan tələbatımız, ehtiyacımız 4 milyard 500 kubmetr yox, bəlkə 5 milyard, 6 milyard kubmetr olacaqdı. Onu da 500 dollara vuranda, Azərbaycan bu gün ancaq idxal qazına 2,5-3 milyard dollar pul ödəməli idi.

Bax budur, bizim gördüyümüz işlər və indi Azərbaycan özünü tamamilə qazla təmin edir, qazlaşdırma prosesi gedir, qazlaşdırılmayan rayonlar yoxdur. Heç sovet tarixində də elə olmamışdır ki, bütün rayonlar qazlaşdırılsın. İndi hər bir rayon mərkəzinə qaz verilir və növbəti illərdə o həcm daha da artacaq, yeni kəndlər qaz alır və bütövlükdə Azərbaycanda qazlaşdırma 85 faiz təşkil edir. Bizdən daha çox qaz hasil edən və ixrac edən ölkələrdə qazlaşdırma 50-60 faiz səviyyəsindədir. Bizdə isə 85 faizdir və biz gələcəkdə bunu daha da artıracağıq. Bu gün nəinki özümüzütəmin edirik, hətta Azərbaycan dünya qaz bazarında öz rolunu oynamağa başlamışdır, bizim qazımız bu gün qonşu ölkələrə nəql edilir. Bu gün Azərbaycan qazı Gürcüstanda, Türkiyədə, Yunanıstanda istehlak olunur. Bu coğrafiya daha da genişlənə bilər. Yəni, bu gün dünyada əlavə qaz mənbəyinə maraq, tələbat artır və biz də buna hazır olmalıyıq. Biz vaxtlı-vaxtında bütün işləri gördük, lazım olan nəhəng infrastrukturu - neft-qaz kəmərlərini inşa etdik. Bayaq qeyd etdiyim kimi, bütün istiqamətlərə neft-qaz kəmərlərimiz var və istənilən istiqamətə biz istənilən həcmdə enerji resurslarımızı ötürə bilərik.

Hesab edirəm ki, 2009-cu ildə biz Azərbaycan qazının nəqli ilə bağlı tranzit anlaşmasını tezliklə imzalamalıyıq. Aparılan danışıqlar onu göstərir ki, bu gün Avropada, xüsusilə Yunanıstanda və Bolqarıstanda Azərbaycan qazına böyük ehtiyac var. Bu iki ölkə ilə və eyni zamanda, İtaliya ilə bizim danışıqlarımız aparılır. Bizim imkanlarımız elədir ki, 2009-cu ildə əgər tranzit anlaşması - beynəlxalq normalara və beynəlxalq təcrübəyə əsaslanmış tranzit müqaviləsi imzalanarsa, biz 2009-cu ildə həm Yunanıstana, həm də Bolqarıstana Azərbaycan qazını ixrac edə biləcəyik. Əlbəttə ki, bu, təkcə bizdən asılı deyil, çünki tranzit müqaviləsinin bütün tərəfləri razılığa gəlməlidirlər. Ancaq bu razılıq, bir də qeyd etmək istəyirəm ki, beynəlxalq təcrübəyə, beynəlxalq hüquq normalarına, enerji xartiyasına əsaslanmalıdır.

Yəni bu potensial bizdə var, Azərbaycanın qaz ehtiyatlarının ən minimum həcmi 2 trilyon kubmetrdir. Yəni ki, növbəti illərdə biz bu imkanlardan səmərəli istifadə etməliyik.

Bir daha demək istəyirəm ki, bu məsələ indi dünyada, dünyanın gündəliyində bir nömrəli məsələdir və şübhə yox ki, növbəti illərdə enerji resurslarına olan tələbat daha da artacaqdır. Çünki həm dünyada yeni mənbələr aşkar olunmur, həm də ki, mövcud olan mənbələr və nəqletmə sistemləri bu gün artıq tam şəkildə fəaliyyət göstərə bilmir. Müəyyən səbəblər üzündən - bu, bizim işimiz deyildir. Amma bu, reallıqdır. İstehlakçı üçün səbəb önəmli deyil, istehlakçı üçün o önəmlidir ki, o qazı, yaxud da ki, başqa yanacağı vaxtlı-vaxtında alsın və dünya qiymətinə alsın. Hamı çalışır ki, daha da ucuz qiymətə alsın. Amma əsas odur ki, əmniyyətli təminat olsun. Azərbaycan bu günə qədər özünü çox etibarlı tərəfdaş kimi göstərmişdir və bir daha demək istəyirəm ki, bizim enerji siyasətimiz dostluğa, əməkdaşlığa və qarşılıqlı maraqların təmin olunmasına yönəldilibdir.

2009-cu ildə, əlbəttə ki, dünyanı bürümüş böhranla bağlı müxtəlif ölkələrdə müxtəlif tədbirlər görülür. Azərbaycanda da o cümlədən. Baxmayaraq ki, ölkəmizdə bu böhranın nəticələri hiss olunmur, deyə bilərəm ki, bəzi hallarda əksinə, istehlak qiymətlərinin aşağı düşməsi, hesab edirəm ki, ölkə vətəndaşları üçün çox müsbət bir haldır. Bir vaxt inflyasiya yüksək hədlərə çatanda, yaxud da qiymətlər qalxanda və biz izah edəndə ki, bunun əsas səbəbi neftin bahalaşmasıdır, digər səbəbi ölkə iqtisadiyyatının uğurla inkişafıdır - bəzi hallarda buna şübhə ilə yanaşırdılar. Amma reallıq bunu göstərir. Neftin qiyməti aşağı düşməyə başlayan kimi, istehlak qiymətləri də aşağı düşməyə başlamışdır. İndi də bu, Azərbaycanda reallıqdır. Biz sadəcə olaraq, istehlak bazarına daha da ciddi nəzarət etməliyik, elə etməliyik ki, süni qiymət şişirtmələri olmasın. Hesab edirəm ki, qiymətlərin aşağı düşməsi daha da sürətlə getməlidir. Həm ərzaq məhsullarının, həm tikinti materiallarının qiymətləri daha da aşağı düşməlidir və bunu etmək üçün, əlbəttə ki, bütün bu sahəyə ciddi nəzarət olmalıdır. Antiinhisar fəaliyyəti gücləndirməliyik. Əsassız inhisarçılığa, qeyri-sağlam rəqabətə son qoyulmalıdır. Bu işlərlə məşğul olan tərəflər ciddi şəkildə cəzalandırılmalıdırlar ki, bu sahədə biz ciddi dönüş yaradaq. Bu sahədə maksimum şəffaflıq olmalıdır, dövlət qurumları tərəfindən bütün qanunsuz tələblər, xoşagəlməz hallar, qanunsuz müdaxilələr dərhal dayandırılmalıdır. Bu qanunsuz işlərlə məşğul olanlar cinayət məsuliyyətinə cəlb olunmalıdır. Artıq olunur və daha geniş və daha ciddi şəkildə olmalıdır. Hamı bilməlidir ki, dövlət əleyhinə fəaliyyət göstərməyə, əsassız iddiada olmağa, yaxud da ki, qanunsuz yolla varlanmağa heç kimə icazə verilmir. Buna görə həm nəzarət, həm də inzibati tədbirlər və ciddi cəza tədbirləri tətbiq olunmalıdır. Xüsusilə 2009-cu ildə və ondan sonrakı illərdə bu siyasət davam etdiriləcəkdir.

Bütövlükdə bizim maliyyə sektorunda, bank sistemində vəziyyət normaldır, yaxşıdır. Başqa ölkələrə nisbətən, ümumiyyətlə, vəziyyət çox müsbətdir. Ancaq biz, əlbəttə ki, təhlil üçün bu müqayisələri aparırıq. Lakin biz ancaq və ancaq Azərbaycanın daxili işləri ilə məşğul oluruq. Əgər hansısa ölkədə vəziyyət bizdən pisdirsə, o, bizi sevindirməməlidir. Bizi o sevindirməlidir ki, burada vəziyyət həmişə olduğu kimi yaxşı olsun. Ona görə maliyyə və bank sektorunda görülən tədbirlər və Milli Bank tərəfindən aparılmış çox ciddi və ağıllı siyasət çox yüksək qiymətə layiqdir. Bu, davam etdirilməlidir. Maliyyə-bank sektoru iqtisadiyyatın əsasıdır.

Burada bəzi təkliflər irəli sürüldü. Biz bu barədə əvvəllər də danışmışdıq, mən müvafiq göstərişlər vermişdim. Hesab edirəm ki, yaxın zamanlarda biz bu təkliflərin bir neçəsini icra etməliyik. Bu məsələ - Azərbaycanın valyuta ehtiyatlarının bir hissəsini Azərbaycan banklarında yerləşdirmək məsələsi artıq müzakirə olunur. Əlbəttə, biz çalışırıq ki, Neft Fondunun aktivlərini maksimum əmniyyətlə saxlayaq və buna nail olmuşuq. Burada həm etibarlılıq, həm də, əlbəttə ki, o vəsaitin idarə olunmasından əldə edilmiş gəlir də vacib rol oynayır. Bizim banklarımız, yəni özəl banklarımız bu yaxınlarda 1 milyard dollar məbləğində kredit resurslarını qaytarmışlar və bu proses davam edir. Bank sektoru hər bir ölkənin iqtisadiyyatının inkişafında çox mühüm rol oynayır. Düzdür, bizim dövlət investisiya layihələrimiz, investisiya proqramımız çox böyükdür və milyardlarla vəsaitlə ölçülür, ancaq bununla bərabər, bank sektorundan verilən kreditlərin, xüsusilə iqtisadiyyatın real sektoruna verilən kredit resurslarının da çox böyük əhəmiyyəti var. Ona görə baxmaq lazımdır, mən hesab edirəm ki, xaricdə saxlanılan valyuta ehtiyatlarımızdan biz müəyyən həcmdə ən əmniyyətli, ən etibarlı yerli banklara yerləşdirə bilərik. Ancaq o şərtlə ki, bu vəsait yalnız iqtisadiyyatın real sektoruna yönəldilsin və bu vəsaitin xərclənməsində dövlət nəzarəti həddindən artıq güclü olsun. Burada həm Milli Bank, həm də Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və lazım olarsa digər dövlət qurumları xüsusilə ölkəyə gətiriləcək resursların idarə olunmasına nəinki nəzarət etməli, onlar qərarların qəbul olunmasında iştirak etməlidirlər. Ona görə ki, bir tərəfdən, bu vəsaitdən səmərəli istifadə olunsun, digər tərəfdən, bu vəsait iqtisadiyyatın bizə - dövlətə lazım olan sahələrinə yönəldilsin.

Biz xarici investisiyaları alqışlayırıq və çox şadıq ki, bu proses indi Azərbaycanda davam edir. Yəni Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz əhəmiyyətini saxlayır, bəlkə də, daha da artırır və xarici investorlar onlara maraqlı olan sahələrə vəsaiti yönəldirlər. Dövlət investisiya xərcləri daha çox infrastruktura - yollara, elektrik stansiyalarına, qazlaşdırmaya, su xətləri, məktəblər, xəstəxanalar və mədəniyyət, idman obyektlərinin tikintisinə yönəldilir. Bank sektoru da 2009-cu ildə xüsusilə ilk növbədə real iqtisadiyyata o resursları verməlidir. Özəl banklar öz maliyyə resurslarından istədiyi kimi istifadə edə bilər. Onların bəziləri daha çox ticarət əməliyyatlarına üstünlük verir. Yəni, müəyyən ticarət əməliyyatlarının kreditləşməsi ilə məşğuldur. Bu, onların öz işidir, amma əgər dövlət vəsaiti orada yerləşdirəcəksə, əlbəttə ki, burada çox ciddi nəzarət və bir daha qeyd etmək istəyirəm, dövlət qurumlarının həlledici sözü olmalıdır.

2009-cu ildə bütün sosial məsələlər həll olunmalıdır, buna söz ola bilməz. Əlbəttə ki, maaşlar, pensiyalar - heç vaxt Azərbaycanda bu sahədə heç bir problem olmamışdır. Eyni zamanda, bizim üçün vacib olan bütün sosial proqramlar maksimum şəkildə icra edilməlidir. Məktəb tikintisi, xəstəxanaların tikintisi, təmiri. Son beş il ərzində 1600-dən çox məktəb tikilib, yüzlərlə xəstəxana, tibb müəssisəsi tikilib, təmir olunub, yəni bu sahədə çox ciddi irəliləyiş var. İdman qurğuları, mədəniyyət obyektləri - bütün bunlar dövlət investisiya proqramında öz əksini tapmalıdır. Ancaq o da heç kimə sirr deyil ki, neftin qiymətinin ucuzlaşması, əlbəttə, ölkəyə daxil ediləcək gəlirləri də azaldacaqdır. Ona görə dövlət investisiya proqramında mütləq prioritetlər göstərilməlidir. Əvvəlki illərdə dövlət investisiya proqramı qəbul olunur və o, bütün sahələri əhatə edirdi. Bu gün də belədir, belə də olacaqdır. Amma bununla bərabər, orada hər bir sahə üzrə prioritet layihələr göstərilməlidir. Hər bir qurum da öz daxilində bu prioritetləri müəyyən etməli və bunları Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi ilə və hökumətlə razılaşdırmalıdır. Mən hesab edirəm ki, biz dövlət investisiya proqramını maksimum dərəcədə icra edəcəyik. Ancaq vəziyyətlə bağlı biz, əlbəttə ki, bu məsələlərə qənaətlə baxmalıyıq. Hansı məsələlər mütləq icra olunmalıdırsa, onlar icra olunmalıdır, hansılar, misal üçün, bir il gözləyə bilər, o qədər də vacib deyil, onları biz saxlaya bilərik.

Vacib olan məsələlərdən biri məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması Dövlət Proqramının icrasıdır. Bildiyiniz kimi, proqrama əlavələr edilibdir. Biz böyük sosial məsələnin həllinə nail ola bilmişik. İndi Azərbaycanda bir dənə də çadır şəhərciyi yoxdur və növbəti proqramda soydaşlarımızın yataqxanalardan, hərbi hissələrdən, məktəblərdən, digər yararsız binalardan köçürülməsi məsələləri dayanır. Bu da çox böyük əhəmiyyət daşıyır. Biz bunu 2009-cu ildə də mütləq uğurla davam etdirməliyik.

Dünya böhranının Azərbaycana ola biləcək ən ciddi təsiri ondan ibarət ola bilər ki, bu gün ixrac məhsulu istehsal edən müəssisələrdə ixrac imkanları azala bilər və biz bunu artıq görürük. Bu, reallıqdır və bizdən asılı deyildir. Daxili bazara işləyən müəssisələrdə heç bir problem yoxdur və olmayacaqdır.

Bu, əlbəttə ki, bizim üçün çox gözlənilməz olmuşdur. Çünki bizim istəyimiz həmişə ondan ibarət olmuşdur ki, Azərbaycanda rəqabətqabiliyyətli ixrac məhsulları buraxaq. Həm xarici investorları bu işlərə yönəldirdik, həm də Dövlət İnvestisiya Şirkəti xətti ilə görülən işlər və cəlb olunan xarici kreditlərlə bərabər, yeni layihələrin icra olunması da o istiqamətə yönəldilmişdi.

Amma indi belə çıxır ki, xaricdə yaranmış çətinliklərlə bağlı bizim ən gözəl ixracyönümlü müəssisələrimiz zərər çəkəcəkdir. Yəni, bunu heç kim gözləyə bilməzdi. Ancaq bu, reallıqdır. Bir daha demək istəyirəm ki, bu, bizdən asılı deyildir. Amma bununla bərabər, biz bu müəssisələrə, yəni ixracqabiliyyətli müəssisələrə, - istər dövlət, istər özəl olsun, heç bir fərq qoyulmamalıdır, - biz dövlət yardımı etməliyik. Biz artıq bunu etməyə başlamışıq, əvvəllər də strateji əhəmiyyət daşıyan və həm böyük işçi qüvvəsini cəmləşdirən, həm də böyük potensiala malik olan müəssisələrə güzəştli şərtlərlə elektrik enerjisi verilirdi, qaz verilirdi. Ancaq indiki şəraitdə daha da ciddi yardım tədbirləri görülməlidir. Biz bunu etməyə başlamışıq. Artıq bu məsələ ilə bağlı mən bir neçə göstəriş vermişəm. Biz mövcud olan və gələcəkdə mənfi perspektivi ola biləcək ixracyönümlü müəssisələri müəyyən etməliyik, indidən bilməliyik ki, hansı müəssisədə problem yarana bilər və o problemləri qabaqlamalıyıq.

Bunun müxtəlif yolları ola bilər. Əlbəttə, ən gözəl yol ondan ibarət ola bilər ki, həmin o ixrac məhsulları Azərbaycanın daxilində satılsın. Bunu etmək üçün artıq çox ciddi emal müəssisələri, müasir emal müəssisələri yaradılmalıdır. Bəzi hallarda biz məhsulları ona görə ixrac edirik ki, daxildə onları emal etmək üçün imkan yoxdur. Yəni, hökumət gərək bu məsələ ilə ciddi məşğul olsun və konkret təkliflər versin ki, 2009-cu ildə biz bunu edək. Bu, həm bu müəssisələrə bir yardım kimi müsbət rol oynayacaq, həm də ki, ümumiyyətlə, ölkə iqtisadiyyatının sağlamlaşdırılmasına gətirib çıxaracaqdır.

Bu böhran bütün ölkələr üçün bir növ sınaqdır. Bu böhran zamanında hər bir ölkə göstərəcək ki, o, nəyə qadirdir, böhrandan hansı nəticələrlə çıxacaqdır. Əminəm ki, Azərbaycan bu böhrandan daha da güclü çıxacaqdır. Yəni bu, bizi daha da səfərbər edəcəkdir. Biz həm maliyyə intizamının, həm istehlak bazarına nəzarətin gücləndirilməsi, həm də strateji istehsal sahələrinin sağlamlaşdırılması ilə daha da güclü olmalıyıq. Bütün bu görüləcək tədbirlər böhran başa çatandan sonra da Azərbaycan iqtisadiyyatına ancaq müsbət təsir göstərəcəkdir.

Həmişə olduğu kimi, ərzaq təhlükəsizliyi məsələlərinə çox böyük diqqət göstərilməlidir. Sahibkarlara kreditlərin verilməsi davam etdiriləcəkdir. İndiyədək Sahibkarlığa Kömək Milli Fondu, yəni dövlət tərəfindən yerli sahibkarlara 400 milyon dollara qədər kredit resursları verilibdir. Böyük məbləğdir. Artıq bu ildən o kreditlərin bir hissəsi qayıdacaq və hesab edirəm ki, o qayıdan vəsait yenidən kredit şəklində, amma daha da böyük həcmdə ölkə iqtisadiyyatına yatırılmalıdır. Biz bu yolla həm sahibkarları dəstəkləyəcəyik, həm də ki, kredit resurslarımız daha da artacaqdır. Gələn ilin planlarında sahibkarlara veriləcək kreditlərin həcmi daha da artmalıdır. 120 milyon manat həcmində olacaqdır. Bununla bərabər, fermerlərə subsidiyalar davam etdiriləcəkdir, güzəştli şərtlərlə gübrə veriləcəkdir. Yəni, kənd təsərrüfatının inkişafı üçün bütün lazımi tədbirlər görüləcəkdir.

Biz ərzaq təhlükəsizliyinə böyük dərəcədə nail ola bildik, amma hələ ki, tam şəkildə nail ola bilməmişik. Biz buna 100 faiz nail olmalıyıq. Dünyada gedən proseslər bizi buna vadar edir. Bir müddət bundan əvvəl dünyada taxıl qıtlığı yaranmışdı. Taxıl istehsalçıları taxılı satmırdılar, hətta əvvəllər bizim özəl şirkətlər tərəfindən imzalanmış müqavilələr də icrasız qalmışdı. Ona görə biz dərhal çalışmağa başladıq ki, yerli istehsalı gücləndirək. Bu gün isə, cəmi bir il keçəndən sonra vəziyyət tamamilə fərqlidir. İndi dünyada o qədər taxıl yığılıb ki, müştəri axtarırlar və bizə də müraciət edirlər ki, gəlin bizdən taxıl alın. Yəni, bu onu göstərir ki, bu gün belədir, sabah başqa cür ola bilər. Ona görə biz tam şəkildə özümüzü bütün strateji məhsullarla təmin etməliyik. Enerji təhlükəsizliyi təmin olunub, ərzaq təhlükəsizliyi təmin ediləcək və bizim üçün vacib olan nəqliyyat təhlükəsizliyi təmin edilir. Bu sahəyə də böyük investisiyalar qoyulub, nəqliyyat sektorunun bütün istiqamətlərində çox ciddi nəticələr, gözəl nailiyyətlər vardır.

Bir sözlə, 2009-cu ili biz planlaşdırdığımız kimi başa vurmalıyıq. Əlbəttə ki, maliyyə və iqtisadi böhran bütün ölkələrin siyasətinə öz təsirini göstərir - kiməsə çox, kiməsə az. Haradasa iqtisadiyyat daha möhkəmdir, haradasa möhkəm deyildir. Ölkələr var ki, onların iqtisadi uğuruna heç kim şübhə edə bilməzdi, ancaq bu gün onlar tam şəkildə xarici maliyyə yardımından asılıdır. Beynəlxalq Valyuta Fondunun dünyadakı rolu yenidən artmağa başlamışdır. Biz bir ara, Azərbaycan bütün borcları qaytarandan sonra artıq onlarla məsləhətləşmələr formatında işləyirdik, bu, indi də belədir və Azərbaycana xarici maliyyə resursları lazım deyildir. Ancaq ölkələr var ki, onlar iqtisadi cəhətdən oturuşmuş ölkələr hesab olunurdu. Lakin həyat göstərdi ki, xarici maliyyə yardımı olmasa, o ölkələr bu sınaqdan çıxa bilməz. Xarici maliyyə yardımının isə digər tərəfi var. Heç kim heç kimə müftə, hədiyyə kimi pul vermir. Bəzi hallarda kimsə kiməsə müftə nəsə verir. Bəzən açıq şəkildə, bəzən gizli şəkildə. Amma indiki zəmanədə heç nəyi gizlətmək mümkün deyildir. Ancaq bu yardımdan, əlbəttə ki, istifadə edənlər ondan sonra o borcu artıqlaması ilə, bu və ya digər şəkildə qaytaracaqdır. Bəziləri iqtisadi yollarla, bəziləri siyasi yollarla, bəziləri öz dövlət müstəqilliyini azaltmaqla, yaxud da ki, məhdudiyyətlərlə. Azərbaycan o ölkələrdəndir ki, öz problemlərini özü həll edir, heç kimə və heç nəyə möhtac deyildir. Heç kimdən asılı deyil, heç kimdən heç bir hədiyyə ummur, gözləmir və olsa da, heç qəbul etmir. Biz öz siyasətimizi davam etdirəcəyik. Azərbaycan güclü ölkədir və bu böhranlı vəziyyət hamıya bir daha göstərir ki, bizim ölkəmiz ən yüksək səviyyəyə gəlib çatıbdır.

Bir daha demək istəyirəm ki, 2009-cu ildə bütün nəzərdə tutulmuş vəzifələr icra edilməli və həmişə olduğu kimi, ilk növbədə diqqət mərkəzində Azərbaycan vətəndaşları olmalıdırlar. Onların rifah halı, təhlükəsizliyi, yaxşı yaşaması bizim hamımızın borcudur. Sizə və bütün Azərbaycan xalqına yeni ildə yeni uğurlar arzulayıram. Sağ olun.

 

 

Azərbaycan.-2009.-17 yanvar.-S.4.