"2008-ci il Milli Məclisin fəaliyyəti üçün uğurlu il olmuşdur"

 

2008-ci il müstəqil Azərbaycan dövlətinin tarixində ölkənin sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsinin başlanğıcı, müasir və mütərəqqi dünya ənənələri əsasında vətəndaş cəmiyyətinin inkişafı və milli inkişaf strategiyasının aparıcı xəttinə çevrilməsi, bütövlükdə ölkənin davamlı və sabit inkişafının təmin olunması üçün həyata keçirilmiş islahatlar ili kimi yadda qaldı. Bu islahatlar mahiyyətinə görə, əslində möhtəşəm bir quruculuq prosesi olub, Azərbaycanın yeni, daha sürətli və davamlı inkişafını təmin etmək kimi strateji mahiyyət daşıyan yeni siyasətdir. Bu siyasət ölkənin keçdiyi inkişaf yolunda qazandığı nailiyyətlərə və artıq sistemli surətdə qurulmuş, əsas strateji hədəfləri bəlli və möhkəm ənənələrə əsaslanan, ölkənin yeni inkişaf perspektivlərindən doğan zərurəti nəzərə alaraq inkişafda olan siyasətdir.

 

Heç şübhəsiz, ötən ilin ən böyük siyasi hadisəsi oktyabrın 15-də keçirilmiş prezident seçkiləri oldu. Demokratik, hüquqi və sivil dövlət quruculuğu prosesinin artıq dönməz xarakter aldığı Azərbaycanda 15 oktyabr seçkilərinə ölkədə və onun hüdudlarından kənarda maraq böyük idi. Bu maraq Azərbaycanın iqtisadi inkişaf sürəti, ölkədə davam etməkdə olan demokratik islahatların xarakteri və bir sıra digər regional xarakterli səbəblərlə şərtləşirdi. Cənab İlham Əliyevin bu seçkilərdə tam demokratik şəraitdə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq, ikinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsi nəticə etibarilə cəmiyyətin bütün təbəqələrinin mənafelərini özündə ehtiva edən Heydər Əliyev siyasi kursunun davamlılığını və alternativsizliyini şərtləndirən amillərin sosial sifarişə əsaslandığını sübuta yetirdi. Bu möhtəşəm uğuru təmin edən amillərin praktiki təcəssümü olan işləri cənab Prezident bu gün də davam etdirir. Təbii ki, Azərbaycan Respublikasının Milli Məclisi ölkədəki quruculuq proseslərinin, həyata keçirilmiş islahatların hüquqi bazasının yaradılması işinə öz töhfəsini vermişdir. Milli Məclisin bu sahədəki fəaliyyəti ilk növbədə ölkənin siyasi sisteminin daha da inkişafı, iqtisadi qüdrətinin artması və demokratik proseslərin dərinləşməsi üçün mühüm əhəmiyyəti olan yeni qanunvericilik aktlarının qəbul olunması və mövcud qanunların daha da təkmilləşdirilməsi ilə bağlı oldu. Bu mənada xüsusi maraq doğurmuş bəzi konkret qanunvericilik aktlarının, məsələn, "Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə", "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna əlavələr edilməsi barədə qanun layihələrinin konstruktiv müzakirələr şəraitində qəbul edilməsi xüsusilə qeyd olunmalıdır. Bu qeyd olunan hüquqi sənədlərə əlavə və dəyişikliklərin edilməsi zərurəti ölkədəki siyasi islahatların və demokratik dəyişikliklərin xarakterindən irəli gəlirdi. Həmin qanun layihələri ətrafında cəmiyyətin ayrı-ayrı kəsimlərinin, o cümlədən müxalifət dairələrinin münasibətinin öyrənilməsi və təhlil olunması yekun sənədlərin qəbul edilməsində nəzərə alınmışdır. Bu prosesdə parlament müvafiq beynəlxalq təşkilatların rəyini öyrənməklə bərabər, bu işləri həmin təşkilatlarla konstruktiv əməkdaşlıq şəraitində həyata keçirmişdir. Parlamentin və icra orqanlarının müvafiq strukturlarının bu müzakirələrdə səbirli və təmkinli münasibəti göstərdi ki, seçilən taktika doğrudur və bu istiqamətdə görülən işlər bütövlükdə ölkənin daha da demokratikləşdirilməsi məramına xidmət edir. 15 oktyabr seçkilərinin gedişi və nəticələri də göstərdi ki, müvafiq qanunvericilik aktlarına parlamentin qəbul etdiyi dəyişikliklər tamamilə doğrudur və deyildiyi kimi, ölkənin inkişafına xidmət edir. Eyni fikirləri "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavələr və dəyişikliklər edilməsi barədə ötən il mayın 30-da parlamentdə qəbul olunmuş qanunun layihəsi barədə də söyləmək mümkündür. Sözügedən qanunlara edilmiş əlavələr və dəyişikliklər praktikası göstərdi ki, parlament və bütövlükdə Azərbaycan hakimiyyəti ölkənin daha da demokratikləşməsi istiqamətində cəmiyyətdən gələn sosial sifarişlə müvafiq beynəlxalq təşkilatların tövsiyələri arasında ən optimal tənasüb əsasında işini qura bilir və bunun faydasını artıq ölkənin praktiki inkişafı göstərir. Bu, həm də ölkənin beynəlxalq imicinin yüksəlməsi üçün vacibdir. 15 oktyabr prezident seçkilərinin nəticələrinin təhlili göstərdi ki, Azərbaycan hakimiyyəti bu məqsədinə nail olmuşdur. Bunu beynəlxalq seçki müşahidə missiyasının seçkilərdən sonrakı hesabatlarında aydın görmək mümkündür. Azərbaycan Milli Məclisinin, Xarici İşlər Nazirliyinin, Mərkəzi Seçki Komissiyasının və digər qurumların dəvəti ilə ölkədəki seçkiləri müşahidə etmiş beynəlxalq müşahidəçilər (ATƏT-in Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti, MDB Parlament Assambleyası, ayrı-ayrı xarici ölkələrin deputatları və digər müşahidəçiləri) prezident seçkilərinin nəticələrini müsbət qiymətləndirmiş, onların seçkilərin nəticələri ilə bağlı müxtəlif bəyanatlarında prezident seçkilərinin sakit və əhəmiyyətli irəliləyişlə keçdiyi, seçkilərin yaxşı hazırlandığı əks olunmuşdur. Bir sıra xarici ölkələrdən gəlmiş müşahidəçi parlamentarilər də Azərbaycanda keçirilən prezident seçkilərinin yüksək səviyyədə keçirildiyini mətbuat konfranslarında və ayrı-ayrı çıxışlarında dönə-dönə qeyd etmişlər. Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Havyer Solana bəyanatında Azərbaycanda keçirilmiş prezident seçkilərini yüksək qiymətləndirib, seçkilərin yaxşı təşkil edildiyini, qanun pozuntularının qeydə alınmadığını bildirib, müxalifətdən olan namizədlər üçün ədalətli şəraitin yaradılmasını xüsusi vurğulayıb.

Beləliklə, Azərbaycan xalqının iradəsinin təcəssümü olan 15 oktyabr prezident seçkiləri dünyanın bir sıra ölkələrinə nümunə ola biləcək bir nəticəni ortaya qoydu ki, bunu seçkiləri müşahidə etmiş bir neçə xarici ölkə nümayəndəsi Azərbaycan KİV-lərinə müsahibələrində etiraf etdilər.

2008-ci il həm də müstəqil dövlətimizin tarixi, onun siyasi inkişaf mərhələləri baxımından yubileylər ili olmuşdur. Qədirbilən xalqımız may ayının 10-da Ulu öndər Heydər Əliyevin 85 illik yubileyini, mayın 28-də müsəlman Şərq aləmində ilk demokratik respublikanın yaranmasının 90 illiyini, iyunun 15-də isə öz Milli qurtuluşunun 15 illiyini böyük təntənə ilə qeyd etmişdir. Azərbaycan Respublikasının Milli Məclisi dövlətimiz və xalqımız üçün böyük əhəmiyyət daşıyan bu tədbirlərdən kənarda qalmamış, Azərbaycan parlamentinin 90 illiyi ilə əlaqədar xüsusi iclas keçirmişdir ki, bu tədbirlər ölkə və bir sıra xarici KİV-lərdə işıqlandırılmışdır.

Tariximizin son yarım əsrdən artıq bir dövrü Heydər Əliyevin parlaq fəaliyyəti ilə bağlıdır. Yalnız onun sayəsində xalqımız əvvəlcə siyasi və dövlət müstəqilliyinin möhkəm təməlini yaratmış, daha sonra isə bu təməl üzərində qurulan müstəqil dövlətini qoruyub saxlaya bilmişdir. Misilsiz xidmətləri ilə Azərbaycan xalqının qəlbində əbədi bir heykəl ucaltmış bu fenomen şəxsiyyətin həyat və fəaliyyətinin hər anı araşdırılmalı, təhlil olunmalı, ən vacibi isə gələcək nəsillərə çatdırılmalıdır. Bu mənada 2008-ci ilin may ayının 6-da Milli Məclisdə Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar keçirilən geniş iclas parlamentimizin tarixində əhəmiyyətli bir səhifəyə çevrildi. Elə həmin gün Milli Məclisdə "Heydər Əliyev müasir Azərbaycan parlamentinin banisidir" kitabının təqdimatı oldu. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabda əsasən Heydər Əliyevin siyasi fəaliyyəti dövründə ölkəmizdə parlamentarizm ənənələrinin bərpası və inkişafındakı rolu, müasir Azərbaycan parlamentinin yaradıcısı kimi xidmətləri, demokratik və hüquqi dövlət quruculuğunda, ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmlənməsində əvəzolunmaz missiyası və digər məsələlər öz əksini tapmışdır.

2008-ci ilin ən böyük yubileylərindən biri Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi idi. Dövlət başçısının sərəncamına əsasən yubiley tədbirləri ölkənin bütün ərazisində təntənə ilə qeyd olundu.

İyunun 19-da Şərqdə ilk parlamentin yaranmasının 90 illiyi ilə əlaqədar ölkə Prezidentinin də iştirak etdiyi Milli Məclisin təntənəli yığıncağı olmuşdur. Milli Məclisdə Azərbaycan parlamentinin 90 illik yubileyinin keçirilməsi ölkədə və onun hüdudlarından kənarda əhəmiyyətli rezonans doğurdu. Həmin iclasda xarici ölkələrdən 9 parlament sədri, 18 sədr müavini, 102 parlament üzvü, 4 beynəlxalq parlament təşkilatının, eləcə də xarici dövlətlərin Bakıdakı diplomatik korpusunun nümayəndələri iştirak etmişlər. Dünyanın əksər parlamentlərinin tanınmış və nüfuzlu nümayəndələrinin Azərbaycan parlamentinin 90 illik yubileyində iştirak etməsi, təbii ki, Azərbaycan xalqının, dövlətinin və parlamentinin beynəlxalq nüfuzunun göstəricisidir. Bu möhtəşəm yubiley tədbirlərinin parlamentdə keçirilməsi həm də xalqın və dövlətin öz şərəfli tarixinin əzəmətli hadisələrinə, müstəqil Azərbaycan dövlətinin yaradıcısının əvəzolunmaz tarixi roluna hörmətin və minnətdarlığın ifadə olunmasında Milli Məclisin töhfəsi oldu. Parlamentin fəaliyyətinə həmişə yüksək qiymət vermiş cənab Prezident həmin yubiley iclasındakı çıxışında demişdir: "...Azərbaycan parlamenti öz beynəlxalq əlaqələrini genişləndirir və bu gün bu tədbirdə müxtəlif ölkələrdən gələn qonaqların timsalında bunu görürük. Biz görürük ki, Azərbaycan dünya birliyinə çox sürətlə inteqrasiya edir, Azərbaycanda hakimiyyətin bütün qolları vahid komanda kimi fəaliyyət göstərir və vahid amal uğrunda birləşibdir. Bu amal ondan ibarətdir ki, Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənsin, ölkə daha da inkişaf etsin və inkişaf etmiş ölkələrin sıralarına daxil olsun".

Beləliklə, bütün bunlar deməyə əsas verir ki, Azərbaycan parlamentinin 90 illik yubileyi ümumən dövlətimizin beynəlxalq nüfuzunun artması və mövqeyinin möhkəmlənməsi mənasında ciddi, əhəmiyyətli siyasi hadisə oldu. Bunu yubiley tədbirlərində iştirak etmiş bir sıra nüfuzlu xarici parlamentarilərin ölkələrinə qayıdandan sonra verdikləri müsahibələrindən də görmək mümkündür.

Bu yubileylər sırasında Milli Məclisin orqanı olan "Azərbaycan" qəzetinin 90 illiyini də xüsusi qeyd etmək lazımdır. Azərbaycan Xalq Cümhuriyyəti ilə yaşıd olan bu qəzet parlamentin fəaliyyətini geniş və ardıcıl işıqlandırmaqla bərabər, ölkəmizdəki ictimai-siyasi prosesləri, siyasi, iqtisadi, mədəni islahatların gedişini, Azərbaycanda hüquqi, dünyəvi və demokratik dövlət quruculuğu istiqamətində görülən işləri daim diqqət mərkəzində saxlamış və bu işlərə öz töhfəsini vermişdir.

2008-ci ildə bütövlükdə parlamentin qanun yaradıcılığı fəaliyyətindən danışarkən qeyd etmək lazımdır ki, Milli Məclis həmin il üçün nəzərdə tutulmuş qanunvericilik fəaliyyətini tam həcmdə yerinə yetirmişdir. Parlamentin qanunvericilk fəaliyyəti müvafiq dövlət orqanları, eləcə də elm, təhsil, səhiyyə və yaradıcılıq mərkəzləri ilə sıx əməkdaşlıq şəraitində keçmişdir.

Burada bəzi statistik rəqəmlərə müraciət etmək lazım gəlir. Milli Məclisin yaz sessiyasında (01 fevral - 30 may) 13 iclas keçirilmiş, 85 qanun və qərar, o cümlədən 1 Konstitusiya qanununa dəyişikliklər və əlavələr və 12 qərar qəbul olunmuşdur. Bu dövrdə parlamentdə 22 beynəlxalq müqavilə və konvensiya ratifikasiya olunmuş, 36 qanuna dəyişikliklər və əlavələr edilmişdir. Bununla yanaşı, bir sıra qanun layihələrinə birinci və ikinci oxunuşlarda münasibət bildirilmişdir. Növbədənkənar sessiya dövründə (2 iyun - 4 iyul 2008-ci il) isə Milli Məclisin 5 iclası keçirilmiş, 60 qanun və qərar qəbul olunmuşdur.

Milli Məclisin 2008-ci il yaz və növbədənkənar sessiyaları dövründə ümumilikdə parlamentin 18 iclası keçirilmiş, 145 qanun və qərar qəbul edilmişdir. Bu hüquqi sənədlər ölkə həyatının ən müxtəlif sahələrində aparılan islahatların qanunvericilik bazasının daha da möhkəmləndirilməsinə və təkmilləşdirilməsinə xidmət edir.

Parlamentin fəaliyyəti üçün 2008-ci ilin payız sessiyası (2 oktyabr - 30 dekabr) da uğurlu olmuşdur. Bu dövrdə Milli Məclisin 13 iclası keçirilmiş, 90 qanun və qərar qəbul edilmişdir. Payız sessiyası dövründə 2 Konstitusiya qanununa dəyişikliklər və əlavələr olunmuş, 7 qanun, 14 qərar qəbul edilmiş, 30 beynəlxalq müqavilə və Konvensiya təsdiq olunmuşdur. Bununla yanaşı, həmin dövrdə 37 qanuna dəyişikliklər və əlavələr edilmişdir.

Milli Məclisin iclaslarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin hesabatı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), bələdiyyələrə inzibati nəzarəti həyata keçirən Ədliyyə Nazirliyinin illik məruzələri dinlənilmişdir.

Milli Məclisdə 2008-ci ildə qəbul olunmuş mühüm sənədlərdən biri "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin (Referendumun) keçirilməsi haqqında" Qərar olmuşdur. Ölkənin gələcək inkişafı üçün olduqca böyük əhəmiyyətə malik bu sənədin qəbul olunmasına ölkə ictimaiyyətinin marağı böyük idi. Bunu nəzərə alan parlament həmin sənədin müvafiq müzakirələrdən sonra Milli Məclisin 2008-ci il dekabrın 19-da keçirilmiş iclasında Referendum aktı layihəsinin Azərbaycan Respublikasının Konstitusiyasının 153-cü maddəsinin tələbinə əsasən rəy alınması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə və Konstitusiya Məhkəməsindən müvafiq rəy alındıqdan sonra dekabrın 26-da insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha səmərəli qorunması, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi, demokratiyanın genişləndirilməsi, yerli özünüidarənin inkişafı ilə bağlı müddəaların Azərbaycan Respublikasının Konstitusiyasında əks etdirilməsi zərurətini əsas tutaraq Referendum aktı layihəsini 2009-cu ilin martın 18-də ümumxalq səsverməsinə çıxarmaq barədə qərar qəbul etmişdir. Bu qərarların qəbul edilməsi ərəfəsində aparılmış müzakirələrin təhlili göstərdi ki, parlamentin qəbul etdiyi qərarlar demokratik şəraitdə və xalqın mütləq əksəriyyətinin iradəsinə əsaslanan və onu ifadə edən təşəbbüslərin və müraciətlərin əsasında qəbul edilmiş sənədlərdir.

Azərbaycan qanunvericiliyində insan hüquqları və azadlıqlarının təmin olunmasının hüquqi bazasının yaradılması və onun təkmilləşdirilməsi çox mühüm istiqamətlərdən biridir. Çünki bizim cəmiyyətdə çox aydın dərk edilir ki, cəmiyyətin və dövlətin demokratik xarakteri insanların konstitusiya ilə təsbit edilmiş hüquqları və azadlıqları sisteminin miqyası, təminatı və mexanizminin səmərəliliyi ilə müəyyən edilir. Parlament bu istiqamətdə qanunvericilik aktları qəbul və yaxud onlara dəyişikliklər və əlavələr edərkən həmin fundamental prinsipləri və müvafiq beynəlxalq hüquqi sənədlərdən irəli gələn vəzifə və öhdəlikləri rəhbər tutur. Bu proses müvafiq beynəlxalq təşkilatlarla səmərəli və konstruktiv əməkdaşlıq şəraitində həyata keçirilməkdədir.

2008-ci ildə parlamentdə qəbul olunmuş mühüm qanunvericilik aktlarından biri də Dövlət büdcəsi haqqında qanun olmuşdur. Parlament müvafiq dövlət orqanları ilə sıx əməkdaşlıq şəraitində geniş və konstruktiv müzakirələr şəraitində bu sənədi qəbul etdi. Məlumdur ki, qlobal maliyyə böhranı bütövlükdə dünya üçün, xüsusən maliyyə sahəsində ciddi problemlər yaratmışdır. Azərbaycan geniş və hərtərəfli istiqamətlər üzrə dünyaya inteqrasiya olunan bir dövlət kimi özünün maliyyə və iqtisadi təhlükəsizliyini təmin etmək, ölkənin cari və perspektiv inkişafı üçün elan etdiyi proqramları həyata keçirmək məqsədilə ciddi tədbirlər görməli idi. Büdcə qanununun qəbulundan ötən dövrün təhlili göstərdi ki, Azərbaycan hakimiyyəti sözügedən istiqamətlər üzrə müəyyənləşdirdiyi siyasəti mümkün çətinliklərə və problemlərə baxmayaraq, həyata keçirməyə qadirdir. Bu əminliyi yaradan isə ümumən dövlətin iqtisadi inkişaf strategiyasının doğru seçilməsi, bu strategiyanın tələb etdiyi iqtisadi qanunvericilik bazasının yaradılması, zamanın və şəraitin tələblərinə uyğun onun təkmilləşdirilməsidir.

Ölkənin getdikcə artmaqda olan iqtisadi qüdrəti, yeni inkişaf təmayülləri, o cümlədən qeyri-neft sektorunun inkişaf etdirilməsi, Azərbaycanda sahibkarlığın inkişafı üçün daha münbit şəraitin yaradılması məqsədilə Milli Məclis 2008-ci ildə bütövlükdə iqtisadi qanunvericilikdə aktual istiqamətlər üzrə yeni qanunvericilik sənədləri qəbul etmişdir.

Ötən dövrdə parlamentdə iqtisadi sahədə qəbul edilən bu qanunlar Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına yaxın gələcəkdə qəbulu ilə əlaqədar hüquqi bazanın təkmilləşdirilməsinə, ölkədə sahibkarlıq fəaliyyəti üçün daha əlverişli münbit şəraitin yaradılmasına, idxal-ixrac əməliyyatlarında sənədləşmənin çevik və operativ həyata keçirilməsinə, dövlət orqanlarında bürokratik amillərin qarşısının alınmasına, Azərbaycan iqtisadiyyatının Avropa və dünya iqtisadi məkanına inteqrasiyasının sürətlənməsinə xidmət edir.

Qəbul olunmuş qanunlar Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsaitlərin daha səmərəli və təyinatı üzrə istifadəsinə nəzarəti gücləndirəcək, neft gəlirlərindən istifadədə şəffaflığı təmin edəcək, korrupsiya ilə mübarizədə dövlətin müəyyən etdiyi tədbirlərin icrasına yardım göstərəcəkdir.

Dövlət başçısı tərəfindən qəbul olunan və bu gün icrasına başlanan ölkə əhalisinin ərzaq təhlükəsizliyi ilə bağlı Dövlət Proqramının həyata keçirilməsində lazımi hüquqi bazanın yaradılması və onun tətbiqi aqrar qanunvericiliyin təkmilləşdirilməsini zəruri edir. Bu sahədə ötən il qəbul olunmuş və hazırda hazırlanmaqda olan normativ hüquqi aktlarımız sahənin inkişafına öz müsbət təsirini göstərəcəkdir. Bunların həyata keçirilməsi ölkədə etibarlı ərzaq təminatının yaradılması deməkdir.

Dövlət başçısı son dövrlər ətraf mühitin mühafizəsi və ölkədə mövcud olan ekoloji problemlərin həllinə diqqəti daha da artırmış, bununla bağlı müvafiq dövlət proqramları və kompleks tədbirlər planı qəbul etmişdir. Bu sənədlərdə ekoloji qanunvericiliyin təkmilləşdirilməsi tədbirləri də nəzərdə tutulur. Bu baxımdan "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Qanun qəbul edilmiş, ekologiya sahəsində qüvvədə olan bir sıra qanunlarımıza Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalardan irəli gələn və Avropa qanunvericiliyinə cavab verən əlavə və dəyişikliklər edilmişdir. İqtisadi və ekoloji qanunvericilik sahəsində qəbul edilən və hazırlanmaqda olan normativ-hüquqi aktlar Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrinin, xüsusilə qeyri-neft sektorunun inkişafına əsaslı kömək edəcək, ölkədə ətraf mühitin daha etibarlı mühafizəsinə, ekoloji problemlərin sürətli həllinə şərait yaradacaq, ölkə iqtisadiyyatının bu gün dünyada mövcud olan maliyyə böhranından daha təsirsiz ötməsinə şərait yaradacaqdır.

Bu bir həqiqətdir ki, dövlət başçısı sosial sahəyə və onun problemlərinə xüsusi diqqətlə yanaşır, həmin sahədəki məsələlərin operativ nizama salınmasına xüsusi qayğı göstərir, təbii ki, dövlət büdcə siyasətində sosial sahəni bir an belə unutmur, əvvəlki illərdə də həyata keçirdiyi sosialyönümlü siyasətini davam etdirir. Bu siyasətin nəticəsidir ki, son illərdə ölkəmizin həyatındakı dinamik inkişaf sosial sahədə də ardıcıl islahatların aparılmasına böyük imkanlar açmışdır. Azərbaycanda bütün sosial proqramlar uğurla icra olunmuş və bu istiqamətdə işlər hazırda da davam etdirilir. Dövlət başçısı tərəfindən son beş il ərzində qəbul edilmiş çoxsaylı dövlət proqramları bölgələrdə həyatın canlanmasına, sahibkarlıq fəaliyyətinə geniş imkanların yaradılmasına, özəl sektorun inkişafına, yeni iş yerlərinin açılmasına, ölkədə yoxsulluğun ciddi surətdə azaldılmasına səbəb olmuşdur. Milli Məclis Azərbaycan vətəndaşlarının sosial mənafeyinə xidmət göstərən islahatlar kursunun uğurla davam etdirilməsi üçün mütərəqqi qanunların qəbulunu 2008-ci ildə də davam etdirmişdir.

2008-ci ildə minimum əməkhaqqı və minimum pensiyanın həcmi 50 faiz artırılmışdır və bu tendensiya qarşıdakı illərdə də davam etdiriləcəkdir. Sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara dövlət daim diqqət və qayğı göstərməkdədir. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində də ötən illərdə mühüm işlər həyata keçirilmişdir. Qaçqınların, məcburi köçkünlərin və şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə ölkə Prezidenti tərəfindən müvafiq fərman və sərəncamlar imzalanmışdır.

Milli Məclisdə ölkədə mədəniyyət quruculuğu məsələlərinin tənzimlənməsi məqsədilə konkret işlər görülmüşdür. Çünki bu da ölkənin inkişafından doğan sosial sifariş xarakterli görülmüş işlərin, xüsusən Heydər Əliyev Fondunun həyata keçirdiyi genişmiqyaslı və olduqca əhəmiyyətli fəaliyyətin gerçəkləşməsi ilə bağlıdır.

Parlamentdə müzakirə olunmuş çox mühüm qanunvericilik aktlarından biri "Təhsil haqqında" qanun layihəsi olmuşdur. Ayrı-ayrı müvafiq təşkilatlar, maraqlı dövlət qurumları və geniş mənada ictimaiyyət tərəfindən bu qanunun müzakirəsinə maraq olduqca böyük idi və bu marağın səbəblərinin geniş izahına ehtiyac yoxdur, çünki təhsil sahəsi xalq və dövlət üçün strateji əhəmiyyət daşıyan sahələrdəndir. Məhz buna görə də parlament rəhbərliyi həmin qanunun müzakirəsində qətiyyən tələskənliyə yol vermək istəmədi, çalışdı ki, qanun layihəsi ayrı-ayrı təşkilatlarda, idarələrdə, geniş ictimaiyyət arasında mümkün qədər çox müzakirə olunsun, müzakirələrin bəzi hallarda daban-dabana zidd nəticələri araşdırılsın, təhlil edilsin. Ötən müddət və xüsusən qanun layihəsinin parlamentdə ikinci oxunuşda müzakirəsi göstərdi ki, bu yanaşma doğrudur. Deyildiyi kimi, çox geniş müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin payız sessiyasında ikinci oxunuşda qəbul olunmuşdur.

Hesab edirik ki, yeni Təhsil qanunu təhsildə keyfiyyətin artırılması, təhsil prosesinin tənzimlənməsinin hüquqi təminatının təkmilləşdirilməsi istiqamətində fundamental əsas olaraq bu sahədə digər qanunvericilik aktlarının qəbulunda mühüm baza rolunu oynayacaq.

Ölkənin milli təhlükəsizliyinin təmin olunması, daxili ictimai-siyasi sabitliyin qorunması, cəmiyyətdaxili proseslərin nizama salınmasının hüquqi tənzimlənməsinin təmin edilməsi zərurəti də sosial sifariş xarakteri daşıdığından ölkənin parlamenti həmin sahədə yeni qanunvericilik aktlarının qəbulu və mövcud qanunlara əlavə və dəyişikliklərin edilməsi məsələlərini də daim diqqətdə saxlayıb və müvafiq işlər görmüşdür. Konkret olaraq isə, ölkədə hüquq-mühafizə fəaliyyətinin həyata keçirilməsi, insan hüquqlarının qorunması, ordu quruculuğu və digər sahələrlə bağlı bir sıra yeni sənədlər də qəbul olunmuş və deyildiyi kimi, mövcud qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilmişdir. O da qeyd olunmalıdır ki, həmin qanun layihələrinin hazırlanmasında və müzakirələrində müvafiq beynəlxalq təşkilatların ekspertlərinin rəyi öyrənilmiş, konkret hallarda isə bəzi xarici ölkələrin mütəxəssislərinin iştirakı ilə keçirilmiş müzakirələr də nəzərə alınmışdır. Payız sessiyası dövründə "Azərbaycan polisinin 90 illiyi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" və "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalları təsis edilmişdir. Yeri gəlmişkən, 2008-ci ildə Azərbaycan parlamenti üçün əhəmiyyətli hadisələrdən biri də Milli Məclisdə "Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" Qərarın qəbul olunması idi.

Bu gün Azərbaycan dünyada baş verən proseslərdə yaxından iştirak edir. Təsadüfi deyildir ki, Azərbaycan hərbçiləri dünyanın qaynar bölgələrində sülhyaratma əməliyyatlarına qatılırlar. Onların Kosovoda, İraqda, Əfqanıstandakı fəaliyyətləri dünya ictimaiyyətinə yaxşı məlumdur. Milli Məclisin yaz sessiyasında "Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımının keçmiş Yuqoslaviyanın Kosovo regionundan geri çağırılması haqqında", payız sessiyasında isə "Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarına dəyişiklik edilməsi barədə" Qərar qəbul olunmuşdur.

Bu, bir həqiqətdir ki, Azərbaycandakı inkişaf, dərinləşməkdə olan demokratikləşmə prosesi müasir düşüncəli, bacarıqlı kadr potensialını yetişdirmək və onların xidmətindən istifadə etmək zərurətini yaradır. Ölkə Prezidenti cənab İlham Əliyev bütün başqa sahələrlə yanaşı, dövlət qulluğu ilə bağlı məsələlərə də böyük diqqət göstərir. Dövlət qulluğunun nüfuzunu yüksəltmək və onu zamanın tələblərinə uyğunlaşdırmaq məqsədilə bu mühüm sahədə çalışan əməkdaşların vəzifə maaşları və əlavə haqları "Dövlət qulluğu haqqında" qanunda nəzərdə tutulduğu kimi, dövlət qulluqçusunun layiqli həyatını təmin edən səviyyəyə qaldırılmışdır. Dövlət qulluqçularının məsuliyyət hissinin və dövlətçilik məfkurəsinin güclənməsinə təkan verən bu tədbirlər dövlət qulluqçularına göstərilən böyük qayğının təzahürü olmaqla yanaşı, həm də onların öhdələrinə düşən vəzifələri vicdanla yerinə yetirməyə, xalqa və Vətənə sədaqətlə xidmət etməyə ruhlandıran amillərdir.

Təbii ki, parlament də dövlət qulluğu sahəsinə aid olan bu yeni tendensiyaları nəzərə alaraq, "Dövlət qulluğu haqqında" qanunvericiliyi daha da təkmilləşdirmək istiqamətində konkret işlər görmüşdür.

Eyni fikri yerli özünüidarə orqanlarının fəaliyyəti barədə də demək olar. Sözügedən orqanların fəaliyyətinin müasir tələblər səviyyəsində təkmilləşdirilməsi zərurəti ümumən ölkənin siyasi sisteminin inkişafından irəli gələn zərurət olduğunu nəzərə alan parlament 2008-ci ildə yerli özünüidarə orqanlarının fəaliyyətinin aktual istiqamətləri üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə müvafiq işləri görmüşdür və nəticədə həmin orqanların fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasının hüquqi bazası yaradılmışdır.

Təbii ki, ölkədə quruculuq işləri davam etdikcə, demokratik proseslər dərinləşdikcə Milli Məclis həmin sahələrdə fəaliyyətin adekvat təşkili üçün öhdəsinə düşən digər qanunvericilik işlərini də həyata keçirəcəkdir.

Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsində, beynəlxalq təşkilatlarla əməkdaşlığın dərinləşdirilməsində Azərbaycan Respublikasının Milli Məclisi də mühüm və faydalı işlər görməkdədir. Azərbaycan Respublikasının parlamenti beynəlxalq əlaqələr sahəsində fəaliyyətini genişləndirərək, dünyanın bir çox dövlətlərinin parlamentləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı əlaqələr qurmuşdur. Bu münasibətlər qanunvericilik fəaliyyətinin təkmilləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, parlamentlərarası əlaqələrin genişləndirilməsi, habelə milli qanunvericiliyin səmərəliliyinin yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Milli Məclisin beynəlxalq və regional parlament və qeyri-parlament təşkilatları ilə əməkdaşlığı Azərbaycanın dünyadakı mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. Bu mənada Azərbaycan Respublikası Milli Məclisinin rəhbərliyinin və deputatlarının beynəlxalq parlament təşkilatlarının tədbirlərində iştirakı, edilən çıxışlar, ölkəmizə dəvət olunan xarici ölkə parlament başçıları və müvafiq beynəlxalq institutların təmsilçiləri ilə keçirilən görüşlər və bu görüşlərdə müzakirə olunan məsələlər ümumən dövlətin xarici əlaqələrinin genişləndirilməsində faydalı rol oynayır. Bu bir həqiqətdir ki, Milli Məclis rəhbərliyinin xarici ölkələrə səfərləri zamanı, eləcə də Milli Məclisdə xarici ölkə təmsilçiləri ilə aparılan müzakirələrdə Dağlıq Qarabağ münaqişəsinin həll olunması problemi ən aparıcı mövzulardan biridir. Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qrupları da öz növbəsində müvafiq ölkələrlə qarşılıqlı əməkdaşlıq çərçivəsində ölkənin siyasi nüfuzunun artması üçün səmərəli fəaliyyət göstərməkdə davam edirlər. Azərbaycanın BMT, Avropa Şurası, ATƏT, eləcə də digər beynəlxalq təşkilatlardakı nümayəndəlikləri bu missiyanın həyata keçirilməsində əhəmiyyətli rola malikdirlər. Bu məqsədyönlü siyasətin nəticəsidir ki, adıçəkilən təşkilatlar çərçivəsində qəbul edilən sənədlərdə Azərbaycan maraqları daha çox öz əksini tapmağa başlamışdır.

Heç şübhəsiz, Azərbaycan parlamentinin beynəlxalq təşkilatlarla əməkdaşlıq edən nümayəndə heyətlərinin səmərəli fəaliyyətinin təşkil olunmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vaxtı ilə parlamentin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri olduğu dövrdə gördüyü işlər nəticəsində formalaşmış ənənə misilsiz əhəmiyyətə malikdir. Həmin ənənə bu gün də uğurla davam etdirilir.

Parlamentlərarası əlaqələrin inkişafında xarici ölkələrin ali qanunvericilik orqanları ilə dostluq qrupları xüsusi yer tutur. Milli Məclisdə 73 ölkənin qanunvericilik orqanı ilə əlaqələr üzrə işçi qrupları yaradılmışdır. Bu qrupların qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyəti böyükdür.

Hazırda Milli Məclis Parlamentlərarası İttifaqın, Avropa Şurası Parlament Assambleyasının, MDB Parlamentlərarası Assambleyanın, ATƏT Parlament Assambleyasının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin, İslam Konfransı Təşkilatı Parlament Məclisinin, GUAM Parlament Assambleyasının tamhüquqlu, NATO Parlament Assambleyasının isə assosiativ üzvüdür. Milli Məclis Avropa Parlamenti və digər mötəbər beynəlxalq qurumlarla da sıx əməkdaşlıq edir. Deputatlarımız mütəmadi olaraq bu təşkilatların işində yaxından iştirak edir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırırlar.

2008-ci ildə Milli Məclis Sədrinin başçılığı ilə nümayəndə heyəti Sankt-Peterburqda (MDB PA XXX plenar iclası, 2-4 aprel), Bolqarıstanda (rəsmi səfər, 19-21 may), Strasburqda (Avropa Şurası Parlament sədrlərinin konfransı, 22-25 may), Yunanıstanda (QDİƏT PM-nin Baş Assambleyasının 31-ci plenar sessiyası, 9-11 iyun), Polşada (Polşa Respublikasının yaranmasının 90 illik yubileyi, 10 - 12 noyabr), Türkiyədə (Türkdilli Ölkələrin Parlament Assambleyasının Təsis Konfransı, 21 - 22 noyabr) səfərlərdə olmuşdur.

Parlament nümayəndə heyətimiz ATƏT PA-nın, NATO PA-nın sessiyalarına, Ümummilli lider Heydər Əliyevin 85 illiyi ilə əlaqədar Türkiyədə keçirilən tədbirlərə, Türkdilli Dövlətlərin Parlamentlərarası Şurasının təsis konfransına qatılmış, Avrasiya İqtisadi Sammitində iştirak etmişdir. Deputatlarımız ABŞ-da, Türkiyədə, Rusiyada, Böyük Britaniyada, Fransada, Almaniyada, İtaliyada, Yunanıstanda, İran İslam Respublikasında, Qazaxıstanda, Ukraynada, Belarusda, Gürcüstanda, Mərakeşdə, Misirdə və digər ölkələrdə səfərlərdə olmuşlar.

Ötən il bir sıra xarici ölkələrin, beynəlxalq təşkilatların nümayəndələri Milli Məclisdə olmuşlar. Moldova Prezidenti Vladimir Voronin, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpen, Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Boris Qrızlov, TBMM-nin sədri Köksal Toptan, Belarus Respublikası Nümayəndələr Palatasının sədri Vadim Popov, AŞ PA-nın sədri Luis Maria de Puç, AŞ PA-nın Dağlıq Qarabağ üzrə Xüsusi Komitəsinin sədri mərhum Lord Rassel Conston, NATO PA-nın Prezidenti Joze Lello, Almaniya Dövlət katibi Frans Tönnes, İnsan Haqları üzrə Avropa Məhkəməsinin sədri Jan Pol Kosta və digər şəxslər ilə Milli Məclisdə görüşlər keçirilmiş, faydalı fikir mübadiləsi aparılmışdır.

Payız sessiyası dövründə Macarıstan Milli Assambleyasının sədri xanım Katalin Szili, Əfqanıstan İslam Respublikası Milli Assambleyasının sədri Məhəmməd Yunis Qanuni, Avropa Şurasının Baş katibi Terri Devis, ATƏT PA Prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə Xüsusi nümayəndəsi Qoran Lennmarker, Türkiyə Respublikası Baş Qərargah rəisi, Ordu Generalı İlker Başbuğ Milli Məclisdə olmuşdur. Təbii ki, bu cür qarşılıqlı səfərlər Azərbaycanın ümumilikdə Avropa və dünya birliyinə inteqrasiyasının daha da sürətləndirilməsində, dünyanın ayrı-ayrı ölkələri ilə hərtərəfli əməkdaşlığın daha da yaxınlaşmasında və ən başlıcası Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanınmasında və qəbul edilməsində mühüm rol oynayır. Bu baxımdan ötən il iyulun 1-də Azərbaycana səfərə gələn Avropa Şurası Parlament Assambleyasının sədri Luis Maria de Puçun səfər çərçivəsində keçirdiyi görüşlər, apardığı danışıqlar xüsusi ilə diqqəti cəlb edir. AŞ PA sədri ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, Nazirlər Kabinetində, Milli Məclisdə bir sıra görüşlər keçirmişdir. Bu görüşlərdə Luis Maria de Puç Azərbaycana səfərindən məmnunluq ifadə etməklə yanaşı, ölkəmizin onun rəhbərlik etdiyi qurumla əməkdaşlığına çox yüksək qiymət vermişdir. Onun bəzi fikirlərini bir daha yada salmaq istərdim. O, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin fəaliyyətindən danışarkən quruma üzv olduğumuz ilk vaxtları, Prezident İlham Əliyevin nümayəndə heyətinin rəhbəri olduğu illəri xatırladı. Qeyd etdi ki, həmin illər Prezident İlham Əliyev nümayəndə heyətinə layiqincə rəhbərlik etməklə yanaşı, keçirilən müzakirələrdə aparılan debatlarda peşəkar diplomat kimi çıxış edib və onun çıxışları həmişə maraqla qarşılanıb. AŞ PA sədri ölkəmizdə demokratiya və insan hüquqları sahələrində əldə olunmuş nailiyyətlərin rəhbərlik etdiyi təşkilatda yüksək qiymətləndirildiyini demişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən o, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini söyləmiş və Ermənistanın silahlı birləşmələrinin işğal olunmuş ərazilərdən dərhal çıxarılması tələbinin qurumun yay sessiyasında qəbul olunmuş qətnamədə öz əksini tapdığını bildirmişdir. AŞ PA sədri Luis Maria de Puç Azərbaycana səfəri çərçivəsində ölkəmizin şimal bölgəsində olmuş, Quba rayonundakı kütləvi məzarlığa da baş çəkmişdir. Gördüklərindən və eşitdiklərindən təsirlənən AŞ PA sədrinin dediyi bəzi fikirləri yada salmaq yerinə düşərdi: "Qeyri-insani hərəkət mənə çox ağır təsir etdi. Gördüklərim haqqında həmkarlarıma, Avropa Şurasına, müvafiq komissiyalara məlumat verəcəyəm. Avropada da belə yerlər aşkarlanıb. Quba kütləvi məzarlığı isə daha aydın və göz qabağında olan faktdır".

Bu cür misalları çox çəkmək olar. Bütün bunlar bir həqiqətə söykənir ki, Azərbaycan artıq dünya dövlətləri sırasında özünə layiqli yer tutub, ikitərəfli və çoxtərəfli əlaqələrimiz gündən-günə artmaqdadır, ölkəmizdə aparılan siyasi, iqtisadi, hüquqi, mədəni və digər sahələrdəki islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir, xarici və daxili siyasət kursumuz doğru istiqamətdə həyata keçirilir.

Milli Məclis bəzi beynəlxalq təşkilatlarla əlaqələrini konkret layihələr üzrə də davam etdirmişdir.

USAİD-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) Azərbaycan Parlament Proqramı layihəsi çərçivəsində Milli Məclisin deputatları ilə köməkçilər və Aparat arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər keçirilmişdir. Bunlardan 2008-ci ilin may ayında "Deputatlarla parlamentin Aparat işçiləri arasında əlaqələrin inkişaf etdirilməsi" mövzusunda seminar, 2008-ci ilin iyul ayında "Parlamentdə informasiya və tədqiqatlar" mövzusunda "dəyirmi masa"nı göstərmək olar. Bu tədbirlərdə deputatlar başqa ölkələrdə parlament işinin təşkili, daimi komissiyaların fəaliyyəti, qanunvericilik işinin müxtəlif aspektləri barədə müfəssəl məlumat almış, Milli Məclisdə daimi komissiyaların işinin təşkili, qanunvericiliklə bağlı informasiya və tədqiqatlar məsələlərinə dair maraqlı təkliflər səsləndirmişlər.

Azərbaycan Respublikası Milli Məclisinə texniki dəstəyin verilməsinə dair Azərbaycan Respublikası Milli Məclisi ilə Britaniyanın "LİNKS" təşkilatı arasında 2006-cı ildə imzalanmış Anlaşma Memorandumu 2008-ci ildə başa çatmışdır. "LİNKS" Birləşmiş Krallıqda qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatıdır. Layihəyə əsasən Milli Məclis Aparatının işçilərinin təcrübə mübadiləsi məqsədilə səfərləri təşkil edilmiş, deputatlarımız Böyük Britaniyaya işçi səfəri etmiş, müxtəlif mövzulu seminarlar təşkil olunmuş, konfranslar keçirilmiş, 2007-ci ildən "Parlament monitoru" jurnalı nəşrə başlamış, ingilisdilli kurslar təşkil edilmiş və tələbələrin Milli Məclislə tanışlığı həyata keçirilmişdir.

Avropa İttifaqının ölkəmizdə həyata keçirdiyi "Milli Məclisə dəstək" adlı TVİNNİNQ layihəsini qanunvericilik bazamızın daha da təkmilləşdirilməsinə töhfə kimi qiymətləndirmək olar. Layihənin əsas məqsədi Azərbaycan Respublikası qanunlarının Avropa İttifaqı qanunvericiliyinə yaxınlaşdırılması prosesini dərinləşdirmək və sürətləndirmək üçün Azərbaycan Respublikası Milli Məclisində və Milli Məclislə İcra hakimiyyəti orqanları arasında qanun layihələrinin hazırlanması prosedurlarında istifadə olunan iş metodlarını və alətlərini təkmilləşdirməkdir.

Avropa İttifaqı tərəfindən elan olunmuş tenderdə 6 ölkənin parlamenti iştirak etmişdir - Fransa, İtaliya, Macarıstan, Polşa, Latviya, Litva. Tenderin nəticələrinə görə Litva parlamenti TVİNNİNQ layihəsində Azərbaycan Milli Məclisinin tərəf müqabili olacaq.

Ötən il Milli Məclisə vətəndaşlardan 5452 təklif, ərizə və şikayət daxil olmuşdur. Milli Məclisin daimi komissiyalarında, Aparatda bu müddət ərzində 5318 vətəndaş qəbul edilmişdir. Qəbula gəlmiş vətəndaşların bir qismi elektron poçt vasitəsi ilə qəbula yazılmışdır. Ötən illərlə müqayisədə şikayətlərin azalması müşahidə olunmuşdur. Bu isə yerlərdə deputat köməkçilərinin fəaliyyəti ilə birbaşa bağlıdır. Parlamentin xətti ilə keçirilən seminar treninqlərdə deputat köməkçilərinə müxtəlif mövzularda mühazirələr oxunmuş və interaktiv debatlar təşkil edilmişdir.

Parlamentin qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün Milli Məclisin Aparatı da üzərinə düşən vəzifələri kifayət qədər peşəkarlıqla yerinə yetirir. Parlament Aparatında işin müasir tələblər səviyyəsində qurulması istiqamətində də məqsədyönlü fəaliyyət davam etdirilmişdir. Görülmüş işlər nəticəsində parlamentin Aparatı ilə Milli Məclisin daimi komissiyaları arasındakı əlaqə daha da möhkəmlənmişdir ki, bu da özünü ilk növbədə qanun layihələrinin hazırlanması prosesində və parlamentin müzakirəsinə təqdim olunan sənədlərin keyfiyyətində göstərir. Milli Məclisdə daxili veb səhifə yaradılmış və ayrı-ayrı sistemlər bir səhifədə yerləşdirilmiş, nəticədə isə istifadəçilərin bu səhifədən parlamentə aid olan bütün informasiya resurslarına birbaşa çıxışı təmin edilmişdir.

Bundan başqa, Milli Məclisdə müstəqillik dövründə qəbul edilən bütün qanun və qərarların elektron qanunvericilik bazası yaradılmışdır. Bu ildən parlament kitabxanasında "Elektron kitabxana" layihəsi üzərində işə başlanmışdır. Hazırda mövcud normativ hüquqi baza informasiya texnologiyaları sahəsində qəbul edilmiş proqramlar "Elektron parlament" layihəsi üzərində ciddi düşünməyi zəruri edir.

Milli Məclisdə müxtəlif mövzularda "dəyirmi masa"lar və seminarlar keçirilmiş, geniş ictimaiyyəti və deputatları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Bakıda NATO PA-nın "Xəzər regionunda təhlükəsizlik" mövzusunda 68-ci Rouz-Rout seminarı (6-8 mart 2008-ci il), qadın zorakılığına qarşı mübarizə çərçivəsində Estoniya parlamentinin vitse-spikeri Kristina Oyulandın, Qeyri-hökumət təşkilatları və müvafiq dövlət qurumları nümayəndələrinin iştirakı ilə "Ailə münasibətlərində zorakılığın qorunmasının hüquqi aspektləri" mövzusunda parlament dinləmələri (31 mart 2008-ci il), Milli Məclis və YUNİSEF-in birgə təşkilatçılığı ilə "Uşaqlar üçün büdcə siyasəti və investisiyalar" mövzusunda konfrans (21 iyun 2008-ci il) keçirilmişdir.

2005-ci il seçkilərindən sonra Azərbaycan parlamentinin binası və maddi-texniki bazası yenidən qurulmuş, ən müasir elektron avadanlıqlarla təchiz olunmuşdur. Parlament müasir iclas zalı, ümummilli lider Heydər Əliyev Xatirə zalı, zəngin kitabxana, rahat iş şəraiti yaradan qabaqcıl elektron sistemə malikdir. Ötən dövrdə Milli Məclisdə deputatların və Aparat əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə aparılan yenidənqurma, təmir-bərpa işləri və yeni korpusun tikintisi davam etdirilmişdir.

Bəli, Ulu öndərin müasir dövlət quruculuğu ideyalarının tərənnümçüsü olan bugünkü Milli Məclis müstəqil Azərbaycanın yeni-yeni uğurlar qazanmasına öz töhfəsini verməklə ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir.

Azərbaycan Respublikasının Milli Məclisi dünyanın mötəbər beynəlxalq təşkilatları və parlamentləri ilə uğurlu əməkdaşlığı davam etdirərək, müstəqilliyimizin və xalqımızın haqq işinin beynəlxalq aləmdə dəstəklənməsi üçün bundan sonra da əlindən gələni edəcək.

Qədirbilən xalqımız əmindir ki, ölkə rəhbərinin müdrik, qətiyyətli və milli maraqların təmin olunmasına yönəlmiş uzaqgörən siyasəti doğma Azərbaycanımızı daha parlaq gələcəyə qovuşduracaqdır. Ölkənin Milli Məclisi əsası Ulu öndər tərəfindən qoyulmuş bu siyasətin təntənəsi naminə bundan sonra da öz üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəkdir!

 

 

Azərbaycan.-2009.-17 yanvar.-S. 5-6.