Azərbaycan Avropa Şurası qarşısında götürdüyü bütün öhdəliklərə sadiqdir

 

Müstəqillik əldə etdikdən sonra Avrostrukturların inteqrasiya prosesinə fəal surətdə qoşulan respublikamız bu geosiyasi arealda əməkdaşlıq təşəbbüslərinin birbaşa iştirakçısına çevrilmiş, demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının prioritetliyinə əsaslanan siyasi sistemin formalaşdırılması istiqamətində inamlı addımlar atmışdır. Düzdür, 1991-1993-cü illərdə respublikada obyektiv əsas olmadan demokratikləşmə xəttinin populist şüar kimi bəyan edilməsi, total siyasi şüurun fundamental dəyişikliklərə, yeniliklərə hazır olmaması bu demokratik sistemə transformasiyanı müəyyən qədər ləngitdi. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra həyata keçirilən kompleks tədbirlər ölkəmizdə vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesinə başlamaq imkanı yaratmışdır.

 

Ulu öndərin rəhbərliyi altında ictimai-siyasi sabitliyin, qanunçuluğun və hüquq qaydalarının təmin edilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər respublikanın Avropada və ümumilikdə dünyada qeyri-sabit dövlət imicini aradan qaldırmış, regionun siyasi simasını və taleyini müəyyənləşdirən mühüm demokratik institut və təşkilatlarla əməkdaşlığına təkan vermişdir. Avropa regionunun nüfuzlu beynəlxalq təşkilatı sayılan Avropa Şurası ilə əməkdaşlıq da həmin dövrdən zəruri məsələ kimi gündəmə gəlmiş, yenicə müstəqillik qazanmış respublikamız öz maraqlarını qorumaq, ölkə həqiqətlərini dünyaya çatdırmaq, demokratikləşmə prosesini sürətləndirmək məqsədilə təşkilata üzvlüyü vacib saymışdır. Sonrakı mərhələdə bir daha təsdiqlənmişdir ki, Azərbaycanın demokratik siyasi sistemə transformasiyasında Avropa Şurası ilə əməkdaşlıq mühüm rol oynamışdır.

Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzvlükdə əsas məqsədi, ölkənin milli maraq və mənafelərinin bu geosiyasi arealda etibarlı qorunmasından, habelə Ermənistanın təcavüzkar siyasətinin ifşası və ona qarşı ciddi sanksiyaların qəbulundan ibarət olmuşdur. Ermənistanın işğalçılıq siyasətini, ermənilərin məkrli məqsədini dünyaya açıb göstərmək üçün bu nüfuzlu təşkilatın tribunası əvəzsiz imkanlar yaradır. Sivil dünyanın siyasi-hüquqi atmosferinin təmin olunmasında Avropa Şurasının yeri kifayət qədər yüksəkdir. Avropa Şurası çərçivəsində əldə edilən nəticə yekun etibarilə beynəlxalq rezonans doğurur. Təşkilatın bu və ya digər qərarları üzv ölkələr barəsində beynəlxalq miqyaslı rəyin formalaşmasına rəvac verir.

Təşkilata üzvlüyün ölkəmiz üçün müstəsna əhəmiyyətini düzgün dəyərləndirən ulu öndər Heydər Əliyev 90-cı illərin ortalarında hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olmasına çalışmışdır. 1995-ci ildə Əsas Qanunun qəbulundan sonra ölkədə hüquqi islahatların keyfiyyətcə yeni mərhələsi başlanmış, yeni dövrün tələblərinə cavab verən bir sıra qanunvericilik aktları hazırlanmışdır. Ümummilli lider Heydər Əliyevin 8 iyun 1996-cı il tarixli "Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında", 20 yanvar 1998-ci il tarixli "Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında", habelə 14 may 1999-cu il tarixli "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin təmin edilməsi haqqında" sərəncamları ölkəmizin Avropa Şurasına üzvlüyünə real zəmin yaratmışdır. 1996-2000-ci illərdə respublikamız insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdur.

1998-ci il fevral ayının 10-da Azərbaycanda ölüm hökmü birdəfəlik ləğv edilmişdir. Azərbaycan bütövlükdə Şərqdə belə bir qətiyyətli və tarixi qərar verən ilk dövlət olmuşdur. O vaxt hətta Avropa Şurasının üzvü olan bir çox dövlətlər belə analoji addımı atmamışdılar. Yüksək insanpərvərliyin əyani təcəssümü olan bu addım Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzvlüyünün reallaşmasına da əsaslı təkan vermişdir. 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edilən Azərbaycan demokratik dövlətlər sırasında özünəlayiq yer tutduğunu bir daha sübuta yetirmişdir. Təşkilata tamhüquqlu üzvlük milli qanunvericiliyimizin Avropa standartları səviyyəsinə yüksəldilməsinin işlək mexanizmini hazırlamağa imkan vermişdir.

Ardıcıl və sistemli şəkildə həyata keçirilən bu və digər addımlar müsbət bəhrəsini vermiş, 2000-ci il mayın 15-də Avropa Şurası Siyasi Komitəsinin Dublin şəhərində keçirilmiş iclasında Azərbaycan üzrə məruzəçi olmuş Jak Bomelin hesabatı dinlənilərək respublikamızın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı rəy verilmişdir. AŞ PA-nın 2000-ci il iyunun 26-28-də keçirilmiş növbəti sessiyası zamanı isə 126 nəfər deputatın iştirak etdiyi səsvermədə 120 nəfər lehinə, 1 nəfər əleyhinə, 5 nəfər isə bitərəf qalmaqla Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsi məsələsi dəstəklənmişdir. 2000-ci il sentyabrın 6-da Avropa İttifaqının üzvü olan ölkələrin adından Azərbaycanın Avropa Şurasına üzvlük üçün müraciətləri ilə bağlı bəyanat qəbul edilmişdir. Və bunun nəticəsi kimi 1996-cı ildən təşkilatda xüsusi qonaq statusu ilə təmsil olunan Azərbaycan 2001-ci ilin 17 yanvarında qurumun Nazirlər Komitəsinin qərarı ilə Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilmişdir. 2001-ci il yanvarın 25-də Strasburqda Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə həsr olunmuş rəsmi mərasimdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti iştirak etmişdir.

Azərbaycan nümayəndə heyətinin müxtəlif siyasi baxışlı üzvlərini qısa müddətdə monolit komandaya çevirməyi bacaran cənab İlham Əliyev AŞ PA-da ermənilərə qarşı effektiv əks-hücumun təşkilinə nail olmuşdur. Bu məsələyə xüsusi önəm verilməsi də təsadüfi deyildi - Ermənistanın təcavüzü ilə üzləşmiş Azərbaycan erməni faşizminin gerçək mahiyyətini dünyaya açıb göstərmək üçün bu mötəbər təşkilatın tribunasından maksimum yararlanmağa çalışdı. Həmin dövrdə nümayəndə heyətimizə rəhbərlik edən cənab İlham Əliyev diplomatik ustalığı, səmimi ünsiyyət qurmaq bacarığı, işgüzarlığı, insanları inandırmaq səriştəsi ilə bütövlükdə AŞ PA-nın yüksək reytinqli parlamentarlarından biri kimi tanınmışdır. Bu etimadın yüksək nəticəsi olaraq 2003-cü il yanvar ayının 27-də cənab İlham Əliyevin AŞ PA-nın sədr müavini və Büro üzvü seçilməsi Azərbaycanın təşkilat çərçivəsində əldə etdiyi ən böyük uğurlardan idi. Bu, ölkəmizin Avropa Şurası ilə əlaqələrinin kifayət qədər yüksək səviyyədə inkişaf etdiyini, nümayəndə heyətimizə, xüsusən cənab İlham Əliyevə böyük rəğbətin mövcudluğunu təsdiqləyən mühüm hadisə oldu. Yeri gəlmişkən, sonrakı mərhələdə cənab İlham Əliyevin AŞ PA-nın fəxri üzvü seçilməsi və xüsusi medalla təltif olunması da böyük fərəh, qürur doğuran hadisə idi.

Ötən 8 ildə Azərbaycanı AŞ PA-da təmsil edən parlament nümayəndə heyətinin əsas fəaliyyəti təkcə ölkəmizin nüfuzunun artmasına deyil, həmçinin Ermənistanın təcavüzkarlıq siyasətinin ifşasına, saxta erməni təbliğatının qarşısının alınmasına yönəlmişdir. AŞ PA-da yayılan rəsmi sənədlərdə erməni təcavüzü nəticəsində əsir və girov götürülmüş azərbaycanlıların vəziyyəti, Dağlıq Qarabağda narkotik bitkilərin yetişdirilməsi və qanunsuz dövriyyəsi, terror qruplaşmalarının təşkilatlanması, tarixi-mədəni abidələrinin məhv edilməsi, habelə ekoloji fəlakətin yaranması barədə çoxsaylı faktlar öz əksini tapmışdır. AŞ PA-nın 2005-ci ilin yanvarında keçirilmiş qış sessiyasında Ermənistanın təcavüzkar dövlət kimi tanınması da bunun əyani təsdiqidir.

28-29 aprel 2004-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Strasburqa səfər etmiş və Avropa Şurasının bir sıra yüksək rütbəli nümayəndələri ilə görüşmüşdür. Səfər zamanı Avropa Şurası Parlament Assambleyasının sədri Piter Şider Azərbaycan Prezidentinə AŞ PA-nın fəxri üzvü diplomunu və medalını təqdim etmişdir. Cənab İlham Əliyev AŞ PA-da fəaliyyət göstərdiyi illərin onun üçün çox qiymətli olduğunu vurğulamışdır: "Həyatımın bu dövrü mənim üçün bəlkə də ən maraqlı, mühüm zaman kəsiyidir və bu dövr gələcək fəaliyyətimdə, əlbəttə ki, bugünkü vəzifəmdə də vacib rol oynadı".

Azərbaycan Respublikasının 2001-ci ilin yanvar ayında Avropa Şurasına daxil olması, daha sonra "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasını ratifikasiya etməsi demokratik ənənələrə, ədalətə, insanların əsas hüquq və əsas azadlıqlarının təmininə sadiqliyinin təcəssümüdür. Avropa Şurasına üzvlük Azərbaycana həm də Avropa İnsan Hüquqları Məhkəməsi ilə sıx əməkdaşlıq imkanı vermişdir. Azərbaycan vətəndaşlarının Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququnu həyata keçirmək üçünsə üzvlükdən sonra müəyyən prosedurun keçilməsi tələb olunurdu. 25 dekabr 2005-ci il tarixdə respublikamızın qanunverici orqanı olan Milli Məclis İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında Konvensiyanı ratifikasiya etmişdir. 15 aprel 2002-ci il tarixdə isə ratifikasiya sənədi depozitə edilmək üçün Avropa Şurasının Baş katibinə təqdim olunduqdan sonra Azərbaycan vətəndaşlarının Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək imkanı reallaşmışdır.

8 il öncə insan hüquqlarının, liberal dəyərlərin hakim olduğu Avropa Şurasının binası qarşısında üçrəngli bayrağını ucaldan Azərbaycan ötən müddətdə yüksək tolerantlığa əsaslanan ictimai düşüncə tərzi ilə sivil Qərb dəyərlərinə heç də yabançı olmadığını bir daha təsdiqləmişdir. Respublikamız təşkilat qarşısında götürdüyü öhdəliklərin, demək olar ki, hamısını icra etmiş, demokratikləşmə və insan hüquq və azadlıqlarının təminatı sahəsində mühüm uğurlara imza atmışdır. Bütün bunlar isə deməyə əsas verir ki, Avropa Şurası ilə Azərbaycan arasındakı qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da yüksələn xətlə inkişaf edəcək, rəsmi Bakı təşkilat çərçivəsində qarşıya qoyduğu bütün məqsədləri gerçəkləşdirəcəkdir.

 

 

Samir ELMANOĞLU

 

Azərbaycan.-2009.-17 yanvar.-S.6.