Bakının Nəsimi rayonundakı beşmərtəbəli binada partlayış baş vermişdir

 

Yanvarın 16-da saat 16.40 radələrində Bakının Nəsimi rayonunun Cavadxan küçəsindəki 30 nömrəli beşmərtəbəli yaşayış binasının 4-cü blokunda partlayış baş vermişdir. Ölən yaralananlar vardır.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri xilasediciləri, təcili tibbi yardım işçiləri gəlmişlər. İlkin araşdırmalardan sonra məlum olmuşdur ki, partlayış təbii qazın sızmasından baş vermişdir. Hadisə nəticəsində binanın 4-cü blokundakı mənzillər yararsız vəziyyətə düşmüşdür.

Fövqəladə hallar nazirinin müavini, general-mayor Etibar Mirzəyev bildirmişdir ki, partlayış barədə 16.40 radələrində nazirliyin 112 xidmətinə məlumat daxil olmuşdur. FHN-nin xüsusi qurumlarının əməliyyat qrupları dərhal hadisə yerinə gəlmişlər. Partlayış nəticəsində 3 nəfər ölmüş, 9 nəfər yaralanmışdır.Yaralılardan 4-ü ambulator yardım aldıqdan sonra xəstəxanalardan evə buraxılmışdır. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Nazir müavini bildirmişdir ki, binanın 4-cü blokundakı mənzillər yaşayış üçün tamamilə yararsız hala düşmüşdür. Yerli icra hakimiyyəti orqanları həmin mənzillərin sakinlərinin yerləşdirilməsi üçün tədbirlər görür.

E.Mirzəyev bildirmişdir ki, onlarda olan məlumata görə, dağıntılar altında qalan yoxdur.

Fövqəladə Hallar Nazirliyinin briqadaları dağıntıların nəticələrinin aradan qaldırılması işini davam etdirirlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-17 yanvar.-S.7.