2008-ci il ölkəmiz üçün
inkişafın yeni mərhələsi oldu
Nazirlər Kabinetinin
2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr
olunmuş iclasında müxtəlif sahələrdə
qazanılan nailiyyətlər açıqlanıb. Ölkə Prezidenti
İlham Əliyevin tədbirdəki giriş və yekun nitqlərində
Azərbaycanın ötən
il, eləcə
də son beş ildə enerji sahəsində gördüyü
misilsiz işlər bir daha vurğulanıb.
Belə ki, bu gün
Azərbaycan özünü
elektrik enerjisi ilə, neft və qazla təmin
edən bir ölkəyə çevrilib.
Dünyada qaza olan tələbatın
artdığı, bir
çox ölkələrin
bu yanacaq növünə kəskin
ehtiyac duyduğu bir zamanda qaz
hasilatının ildən-ilə
çoxalması böyük
əhəmiyyət kəsb
edir. Təsadüfi deyil ki, ölkə başçısının
çıxışında məhz bu məsələ
barəsində də
geniş söhbət
açılıb. Vurğulanıb
ki, bir neçə
il əvvəl
biz istehlak etdiyimiz qazın bir hissəsini xaricdən alırdıq. Özü də çox
baha qiymətə.
Xəzərin Azərbaycan bölməsindəki
"Şahdəniz" yatağından
qaz hasilatına başlanması ilə vəziyyət tədricən
dəyişdi. Eyni zamanda ARDNŞ işlədiyi
köhnə yataqlardan
qaz hasilatını müvəffəqiyyətlə davam etdirir. "Azəri-Çıraq-Günəşli"
layihəsi çərçivəsində
çıxarılan səmt
qazının bir hissəsi də Azərbaycan dövlətinə
təhvil verilir.
"Şahdəniz" yatağının
ikinci mərhələsinin
yaxın illərdə
işlənməsi nəticəsində
ölkəmiz daha çox qaz əldə edəcək. Hazırda "Ümid" qaz-kondensat yatağında aparılan
işlər də tezliklə öz bəhrəsini verəcək.
Odur ki, qaz ehtiyatlarımız
hələ çoxdur
və bu, bizə həm öz tələbatımızı
ödəməyə, həm
də qonşu ölkələrə qaz ixrac etməyə imkan yaradır.
Sözügedən iclasda ölkə Prezidenti İlham Əliyev bu barədə belə demişdir: "Bax, budur bizim
gördüyümüz işlər
və indi Azərbaycan özünü
tamamilə qazla təmin edir, qazlaşdırma prosesi gedir, qazlaşdırılmayan
rayonlar yoxdur. Heç sovet tarixində də elə olmamışdır ki, bütün rayonlar qazlaşdırılsın".
İndi ölkənin rayon mərkəzlərinin
hamısı qaz alır. Qazlaşdırma ən ucqar kəndləri belə əhatə etməkdədir.
Ölkədə qazlaşdırma 85 faizə çatır.
Növbəti illərdə qaz
verilməsinin həcmi
daha da artacaq.
Xatırlatmaq yerinə
düşər ki, Azərbaycandan xeyli çox qaz hasil və ixrac
edən ölkələr
var. Lakin onların bəzilərinin şəhər
və kəndlərinin
yalnız yarısı,
yaxud yarıdan bir az çoxu qazlaşdırılıb.
Azərbaycan dünyanın qaz bazarında da öz mövqelərini möhkəmləndirir. "Şahdəniz" qazı
Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Gürcüstana
ötürülür. Gürcüstan Azərbaycan qazının
alıcısıdır, həm
də onun Türkiyəyə nəqlində
tranzit ölkə kimi çıxış edir. Gürcüstan-Türkiyə sərhədindən Azərbaycan qazı Ərzuruma çatdırılır.
Odur ki, bu xətt
bütövlükdə Bakı-Tbilisi-Ərzurum
kəməri adlandırılır.
Türkiyənin ərazisindən isə Azərbaycan qazının
Avropaya uzanan yolları başlanır. Hazırda ölkəmiz
Gürcüstan və
Türkiyə ilə yanaşı, Yunanıstana
da qaz satır.
Bir sözlə, cəmi beş
il əvvəl işlətdiyi qazın yarısını başqa
dövlətlərdən alan
Azərbaycan bu gün özü qaz ixrac edən
ölkəyə çevrilib.
Dövlət başçısı
İlham Əliyevin dediyi kimi: "Aparılan danışıqlar
onu göstərir ki, bu gün
Avropada, xüsusilə
Yunanıstanda və Bolqarıstanda Azərbaycan
qazına böyük
ehtiyac var. Bu iki ölkə ilə və eyni zamanda İtaliya ilə bizim danışıqlarımız aparılır.
Bizim imkanlarımız elədir
ki, 2009-cu ildə əgər tranzit anlaşması - beynəlxalq
normalara və beynəlxalq təcrübəyə
əsaslanmış tranzit
müqaviləsi imzalanarsa,
biz 2009-cu ildə həm
Yunanıstana, həm də Bolqarıstana Azərbaycan qazını ixrac edə biləcəyik".
Ölkəmizin qaz ehtiyatlarının
minimum həcmi 2 trilyon
kubmetrdir. Odur ki, dünyanın
bu yanacaq növünə tələbatının
çoxaldığı şəraitdə
Azərbaycan qazına
maraq da artmaqdadır. Çünki heç də hər yerdə yeni mənbələr aşkar olunmur. Köhnə yataqlar və nəql sistemləri isə gündən-günə
artan ehtiyacı, təbii ki, ödəyə bilmir.
Ona görə də Azərbaycan qazı hasil və ixrac
edən, həm də tranzit imkanlarına malik olan bir ölkə
kimi getdikcə daha çox maraq doğurmaqdadır.
Ölkəmiz özünün zəngin
karbohidrogen ehtiyatlarını,
o cümlədən qazını
ixrac etmək üçün geniş infrastruktura da malikdir. Bizim alternativ neft
və qaz kəmərlərimiz var. Bu isə
iqtisadiyyatımızın digər
sahələri kimi, enerji sisteminin də möhkəm təməl üzərində
inkişaf etdiyini göstərir. Deməli, gələcək
uğurlarımız da
şəksizdir.
Flora SADIQLI
Azərbaycan.-2009.-18 yanvar.-S.1.