Estoniya Azərbaycanın Avropadakı mühüm müttəfiqlərindən birinə çevrilir

 

Postsovet məkanında yerləşən respublikalarla qarşılıqlı faydalı əməkdaşlığı müasir tələblər səviyyəsində inkişaf etdirmək rəsmi Bakının xarici siyasətində daim vacib məsələlərdən biri kimi nəzərdən keçirilir. Avratlantik məkana inteqrasiya sahəsində mühüm nailiyyətlərə imza atmış Estoniya ilə əlaqələr də bu baxımdan diqqəti xüsusilə cəlb edir. Estoniya Prezidenti Toomas Hendrik İlvesin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya gerçəkləşən rəsmi səfəri iki ölkə arasında hərtərəfli əməkdaşlıq üçün geniş potensialın mövcudluğunu təsdiqləməklə yanaşı, mövcud əlaqələrin dərinləşdirilməsi məqsədilə atılmış bir sıra praktik addımlarla yadda qalmışdır.

 

Səfərin nəticələri bir daha göstərir ki, rəsmi Bakı Avropanın bu dövləti ilə qarşılıqlı faydalı münasibətlərin yüksələn xətlə inkişafında maraqlıdır. Bu maraq eyni zamanda Estoniyanın yeni müstəqil dövlət kimi keçid dövrünü sürətlə başa vuraraq demokratikləşmə prosesində, sosial-iqtisadi inkişaf, habelə Avratlantik strukturlara inteqrasiya sahəsində uğurlar qazanması ilə şərtlənir. Postsovet respublikası olmasına rəğmən, qısa müddətdə dünyanın iki mötəbər təşkilatına - NATO və Avropa İttifaqına sıx inteqrasiya etmiş Estoniyanın bu sahədəki təcrübəsinin mənimsənilməsi Azərbaycan üçün də maraqlıdır.

İki ölkə arasındakı münasibətlərin fundamental hüquqi əsası hələ ötən əsrin 90-cı illərinin əvvəlində qoyulmuş, bu müddətdə əlaqələrin genişləndirilməsinə hesablanmış bir sıra qarşılıqlı addımlar atılmışdır. Estoniya 20 fevral 1992-ci ildə Azərbaycanın dövlət müstəqilliyini tanımaqla respublikamızla əməkdaşlığa olan yüksək diqqətini nümayiş etdirmişdir. Ölkələrimiz arasında diplomatik əlaqələrin əsası isə 20 iyun 1992-ci il tarixdə qurulmuş, ilkin əlaqələr isə 1994-cü ilin mayından - Estoniya Xarici İşlər Nazirliyi nümayəndə heyətinin Azərbaycana səfərindən sonra qoyulmuşdur. 1996-cı ilin iyulunda isə Estoniyanın xarici işlər naziri Slim Kallas Avropa Şurası Nazirlər Komitəsinin sədri kimi Azərbaycana səfərə gəlmiş, ikitərəfli münasibətlərin perspektivinə dair müzakirələr aparmışdır.

2000-ci ilin martında Estoniyanın xarici işlər naziri vəzifəsini tutan Toomas Hendrik İlves Azərbaycana səfər etmişdir. Əsasən ticarət-biznes nümayəndələrindən ibarət nümayəndə heyəti ilə gələn Estoniyanın sabiq xarici işlər nazirinin bu səfəri tərəflər arasında əlaqələri genişləndirmək məqsədi daşımışdır. Qonağı o zaman ulu öndər Heydər Əliyev də qəbul etmiş, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdur.

Azərbaycan-Estoniya münasibətləri cənab İlham Əliyevin prezidentliyi dövründə daha da intensivləşmişdir. 17 iyun 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Estoniya Respublikasının əhali məskunluğu məsələləri naziri Paul-Eerik Rummo başda olmaqla nümayəndə heyətini qəbul etmişdir. Görüş zamanı dövlət başçısı ikitərəfli əlaqələrin inkişafının ölkələrimizin mənafelərinə uyğun olduğunu vurğulamaqla yanaşı, iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi vacibliyini önə çəkmişdir.

2007-ci ilin 29 oktyabrında Azərbaycan Prezidenti İlham Əliyev Estoniyanın xarici işlər naziri Urmas Paetin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Cənab İlham Əliyev Azərbaycan ilə Estoniya arasında siyasi və iqtisadi sahələrdə əlaqələrin daha da fəallaşdırılmasının zəruri olduğunu vurğulamış, bu səfərin iki ölkə arasında əməkdaşlığın gələcək inkişafı istiqamətində mühüm addım olacağına ümid etdiyini bildirmişdir. Urmas Paet Azərbaycana səfərinin məqsədinin müxtəlif sahələrdə əməkdaşlığın inkişafına töhfə vermək olduğunu demişdir.

Hazırda Azərbaycan Milli Məclisində Estoniya-Azərbaycan işçi qrupu fəaliyyət göstərir. 18 dekabr 2007-ci il tarixdə isə "Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın Protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiq edilmişdir. 20 iyun 2008-ci ildə isə Prezident İlham Əliyev Estoniya Parlamenti sədrinin müavini Kristina Ojulandı qəbul etmiş, görüşdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsində parlamentlərarası əməkdaşlığın əhəmiyyəti vurğulanmış, ölkələrimiz arasında əlaqələrin Avropaya inteqrasiya istiqamətində də önəm daşıdığı qeyd olunmuşdur.

Etiraf etmək lazımdır ki, digər Baltikyanı respublikalarla müqayisədə Azərbaycanla Estoniya arasında iqtisadi əlaqələr o qədər də yüksək səviyyədə deyildir. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi cəmi 15 milyon dollar təşkil edir ki, bu da tərəfləri qətiyyən razı salmır. Bununla belə, son illər enerji təhlükəsizliyi probleminin aktuallaşması ilə əlaqədar Estoniya hökuməti Cənubi Qafqazda gerçəkləşdirilən qlobal enerji-kommunikasiya layihələrinə ciddi maraq göstərir. Rəsmi Tallinn Azərbaycan qazının istehlakçısı və Avropaya nəqlinin tranzit iştirakçısı olmaqda maraqlıdır.

Estoniya Prezidenti Toomas Hendrik İlvesin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya gerçəkləşən rəsmi səfəri isə deməyə əsas verir ki, ikitərəfli münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu, Estoniyanın dövlət başçısının respublikamıza ilk səfəri olmaqla, münasibətlərin gələcək perspektivlərinin, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından da vacib əhəmiyyət daşıyır. Estoniyalı həmkarı ilə görüşdə Azərbaycan Prezidenti İlham Əliyev bu səfərin ikitərəfli münasibətlərə təkan verəcəyinə ümidvar olduğunu söyləmiş, həmçinin bütün sahələrdə əməkdaşlıq üçün yaxşı potensialın olduğunu diqqətə çəkmişdir. "Estoniya Prezidentinin Azərbaycana ilk rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafını nəzərdən keçirmək üçün çox gözəl imkandır. Ölkələrimiz arasındakı siyasi əlaqələr çox yaxşıdır və əminəm ki, bu səfər əlaqələrimizi daha da möhkəmləndirəcəkdir. Tərəfdaşlığın praktik tərəflərinə diqqət daha da artırılmalıdır.

Biz bu gün iqtisadi əlaqələrin perspektivlərini müzakirə etdik və hər iki ölkədən olan iş adamlarının bunları daha geniş müzakirə etməyə imkanları olacaqdır. Əlbəttə ki, regional inkişaf, regionda vəziyyət və təhlükəsizlik, enerji məsələləri, - bunlar hamısı bir-biri ilə əlaqəlidir. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr, bu əlaqələrin daha da inkişaf etdirilməsi bizim üçün çox mühümdür. Avropa İttifaqı ilə əlaqələrin inkişafını nəzərdə tutan təşəbbüslərimizi və fəaliyyətimizi dəstəklədiyi üçün biz Estoniyaya minnətdarıq. Ümidvarıq ki, bu, belə də davam edəcəkdir" - deyən dövlət başçısı İlham Əliyev səfər zamanı imzalanmış birgə Bəyannamədə əksini tapmış bir sıra məsələlərin Azərbaycan üçün prinsipial əhəmiyyətini xüsusi diqqətə çəkmişdir. Bəyannamədə hər iki dövlətin bir sıra beynəlxalq və regional məsələlərlə bağlı mövqeyi üst-üstə düşür, eyni zamanda regiondakı münaqişələrin beynəlxalq hüquq norma və prinsipləri əsasında həlli vacibliyi önə çəkilir.

Estoniya Prezidenti Toomas Hendrik İlves Bakıya 10 il əvvəl ölkəsinin xarici işlər naziri kimi səfər etdiyini, ötən müddət ərzində buradakı böyük dəyişikliklərin, müasirləşmənin şahidi olduğunu xüsusi vurğulamışdır. Azərbaycanla Estoniya arasındakı münasibətlərin tarixi köklərə malik olduğunu xüsusi vurğulayan cənab Toomas Hendrik İlvesin sözlərinə görə, 90-cı illərin sonunda Azərbaycanın Avropa Şurasına daxil olmasını ürəkdən dəstəkləyən ölkələrdən biri də məhz Estoniya idi. Dövlət başçısının sözlərinə görə, Estoniya Azərbaycanın Avropa İttifaqında güclü tərəfdaşı və dostu olaraq qalmaqla yanaşı, Avropanın enerji tələbatının təmin edilməsində Azərbaycanın oynadığı mühüm rolu etiraf edən ölkələrdəndir. "Son ay ərzində baş vermiş hadisələr bir daha göstərdi ki, Avropanın müxtəlif enerji təchizatı mənbələrinə malik olması nə dərəcədə zəruridir. Ona görə də Avropa enerji mənbələri sahəsində özünün rəqabətcil siyasətini aparmalıdır. Müzakirələrimiz zamanı bu məsələnin nəzərdən keçirilməsinin səbəbi ondan ibarətdir ki, Estoniya Avropanın enerji təchizatının şaxələndirilməsinin zəruriliyinə qəti şəkildə inanır. Bu məsələdə isə ölkəmiz Azərbaycanı vacib iştirakçılardan biri hesab edir. Bu baxımdan istərdik ki, Azərbaycan ilə Avropa arasında daha sıx əməkdaşlıq olsun. Bilirəm ki, Azərbaycan buna hazırdır. Biz isə Avropa İttifaqının bu istiqamətdə addımlaması üçün həmin təşkilatda ürəkdən çalışacağıq" - deyən Estoniya Prezidenti həmçinin vurğulamışdır ki, dövlətlərin ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşma müasir dünyanın ən mühüm məsələlərindən biridir. O demişdir ki, ərazi bütövlüyünün qorunması və mübahisələrin dinc vasitələrdən istifadə edilməklə, sülh yolu ilə həlli İkinci Dünya müharibəsindən sonra Avropada xarici siyasətin və beynəlxalq münasibətlərin təməl daşıdır. O, rəsmi Tallinnin bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədiyini bir daha diqqətə çatdırmışdır.

Yanvarın 13-də Bakıda təşkil olunmuş Azərbaycan-Estoniya biznes forumu da ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi baxımından vacib əhəmiyyət daşıyır. Biznes forumunda Estoniya tərəfdən 20 nəfərlik heyət, Azərbaycan tərəfdən isə 100-dək iş adamı təmsil olunmuşdur. Estoniya biznesmenləri informasiya-kommunikasiya texnologiyaları, maliyyə, daşınmaz əmlak, nəqliyyat, logistika və bir sıra digər sektorları təmsil edirdilər. Prezident İlham Əliyev biznes forumda çıxışı zamanı biznes forumunun, iş adamlarının aparacaqları konkret fikir mübadiləsinin əməkdaşlığın daha da genişləndirilməsi üçün potensial imkanların müəyyənləşdirilməsində böyük əhəmiyyət kəsb edəcəyini söyləmişdir. Prezident İlham Əliyev respublikamızda istər yerli, istərsə də xarici sərmayələr üçün əlverişli imkanların yaradıldığını, 2009-cu ilin dövlət büdcəsində 5 milyard manatdan çox məbləğdə dövlət sərmayəsinin nəzərdə tutulduğunu bildirmişdir. Dövlət başçısı estoniyalı iş adamlarını azərbaycanlı tərəfdaşları ilə birgə iqtisadi layihələr yerinə yetirməklə yanaşı, dövlət sərmayəsi hesabına reallaşdırılacaq layihələrdə də yaxından iştiraka dəvət etmişdir.

Səfər zamanı hər iki ölkənin regional və beynəlxalq məsələlərdə əməkdaşlığı sahəsində bir sıra razılaşmaların əldə olunması da mühüm diplomatik səciyyə daşıyır. Ümumilikdə, bu səfər Azərbaycan-Estoniya münasibətlərinin aktiv fazaya daxil olduğunu göstərməklə, iki ölkə arasındakı əməkdaşlığın perspektivləri barədə kifayət qədər nikbin qənaət yaradır.

 

 

S.ELMANOĞLU

 

Azərbaycan.-2009.-18 yanvar.-S.1-5.