Azərbaycan dünyanın inkişaf etmiş ölkələrinin etibarlı tərəfdaşlarındandır

 

Azərbaycan vətəndaşlarının mənafeyinə hesablanan islahatlar kursu son beş il ərzində uğurla davam etdirilmişdir. Prezident İlham Əliyev tərəfindən müxtəlif sahələrin inkişafına dair imzalanan fərman və sərəncamlar, qəbul edilən Dövlət proqramları Azərbaycanın hərtərəfli yüksəlişinə gətirib çıxarmışdır. Elmi əsaslara, mükəmməl konsepsiyaya söykənən siyasi kursun davamlı xarakter alması ölkədə həyatın canlanmasına, sahibkarlıq fəaliyyətinin genişlənməsinə, özəl sektorun inkişafına, yeni iş yerlərinin açılmasına, yoxsulluq probleminin aradan qaldırılmasına səbəb olmuşdur. Azərbaycanın neftdən əldə etdiyi gəlirlərin qeyri-neft sektoruna, xüsusilə yüksək texnologiyaların, o cümlədən informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafına yönəldilməsi bu sahədə də mühüm irəliləyişlərlə müşahidə olunmaqdadır.

 

Ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsindəki islahatlar yaxşı nəticələr verir. Bu sahədə intensiv inkişaf göz qabağındadır. "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər)" təsdiq olunması ölkənin rabitə və informasiya texnologiyaları kompleksində yeni mərhələnin əsasını qoydu. Milli Strategiyanın qəbul olunması ilə bu vacib sahənin yaxın 10 il müddətində inkişafının prioritet istiqamətləri müəyyənləşdi. Azərbaycanda rabitə və informasiya texnologiyalarının sürətli yüksəlişinin təmin edilməsinə və bu sahədə də respublikamızın regionda lider ölkəyə çevrilməsinə hesablanan Milli Strategiyanın mühüm əhəmiyyəti var. Prezident İlham Əliyev Cenevrədə təşkil edilmiş İnformasiya cəmiyyəti üzrə dünya sammitində iştirakı zamanı "qara qızılı insan qızılına çevirək" tezisi ilə çıxış edərək İKT-ni Azərbaycanın sosial-iqtisadi inkişafında prioritet sahə kimi qiymətləndirmişdir.

Azərbaycanda bu sahənin inkişafını təmin edəcək qanunvericilik bazası da təkmilləşdirilir. "Elektron imza və elektron sənəd haqqında", "Elektron ticarət haqqında", "İnformasiya əldə etmək haqqında" və "Telekommunikasiya haqqında", "Poçt rabitəsi haqqında" kimi mühüm qanunlar qəbul edilmiş, "Azərbaycan Respublikasında telekommunikasiya sahəsinə dair siyasət planı" təsdiq edilmişdir. Ölkəmiz 2006-2007-ci illər üçün qabaqcıl informasiya-kommunikasiya texnologiyalarından istifadə səviyyəsinə görə dünyada inkişaf etmiş dövlətlər sırasında yer alıb.

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na (2004-2008-ci illər) uyğun olaraq Mingəçevir şəhərində konveyer üsulu ilə kompüter istehsal edən "KÜR" elektron avadanlıqları zavodu işə salınmışdır.

Azərbaycanda informasiya cəmiyyətinə keçidin təmin olunması, vahid milli elektron informasiya məkanının formalaşdırılması, elektron hökumətin qurulması və intellektual potensialın inkişafı sayəsində sosial-iqtisadi inkişafın yüksəldilməsi prioritet məsələlərdən birinə çevrilməkdədir. Prezident İlham Əliyev İKT sektorunu Azərbaycanda prioritet sahə elan etməklə bərabər, bunun inkişafı üçün insan resurslarının inkişafını da zəruri şərt kimi irəli sürmüşdür. Bu baxımdan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" geniş imkanlar açır.

Dövlət başçısı ölkənin sürətli inkişafını təmin etmək məqsədilə milli maraqlara cavab verən investisiya siyasətinin təkmilləşdirilməsinin və real sektorun strukturunda keyfiyyət dəyişikliklərinin edilməsinin, innovasiyalı iqtisadiyyatın yaradılmasının strateji vəzifələrini müəyyənləşdirmiş, hökumətin, onun iqtisadi qurumlarının bu sahədə fəaliyyətinin canlandırılmasını təmin edən müvafiq fərman və sərəncamlar imzalamışdır.

Ölkə başçısı bu strateji vəzifələrin həyata keçirilməsi üçün regional innovasiya zonasının yaradılmasını əsas məqsədlərdən biri kimi qarşıya qoymuşdur. Bu layihə çərçivəsində innovasiya sahibkarlığına təkan verəcək texnoparkların, elektron avadanlıqların və proqram məhsullarının istehsalı və ixracı üzrə regional bazarın, region ölkələrinə müxtəlif elektron xidmətlərinin göstərilməsinə imkan verəcək Qərb-Şərq tranzit informasiya dəhlizinin, yüksək texnologiyalar üzrə tədqiqat mərkəzinin yaradılması nəzərdə tutulur.

Azərbaycan regionda rabitə və informasiya texnologiyaları sahəsində tranzit və mərkəzi ölkəyə çevrilməkdədir. Hazırda əsas informasiya resursları Qərbdə yerləşdiyi halda, bundan Şərqdə istifadəyə tələb çoxalır. Bu gün Qərbdən alınan informasiyaya görə, itirilən məsrəflərin təxminən 90 faizi yol xərcinə sərf olunur. Əgər Qərbdəki informasiyanın Azərbaycanda yerləşdirilməsi mümkün olsa, Şərq üçün informasiyaların qiyməti bir neçə dəfə aşağı düşəcək. İKT-nin sistemli inkişafı üçün Azərbaycanda tam şərait yetişmişdir və əsas istiqamətlər məlumdur. Hazırda Azərbaycanda dövlət, özəl, beynəlxalq və qeyri-hökumət strukturlarının kooperasiyası formalaşmaqdadır ki, bu da inkişafın dayanıqlı olması üçün əsas faktorlardan biridir.

Ölkə başçısı tərəfindən uğurla həyata keçirilən yeni neft strategiyası nəticəsində neftdən əldə olunan gəlirlərin İKT-nin inkişafına yönəldilməsi bu sahənin də arzuolunan səviyyəyə yüksəldilməsinə imkan yaradıb. İKT sahəsinə dövlət tərəfindən göstərilən böyük diqqət qısa zamanda Azərbaycanı dünyanın aparıcı ölkələrinin ön sırasına çıxaracaqdır. Prezident İlham Əliyev demişdir: "Mən beş il bundan əvvəl Azərbaycan xalqına söz vermişəm ki, ölkənin hərtərəfli inkişafı üçün əlimdən gələni edəcəyəm. Mən Azərbaycan xalqının rifahı naminə çalışacağam. Azərbaycanın inkişafı naminə, dövlətçiliyimizin möhkəmlənməsi naminə çalışacağam. Bir daha demək istəyirəm ki, mənə göstərilən böyük etimad və inam məni çox ruhlandırır, həm də sevindirir. Mən bir daha Azərbaycan xalqına söz vermək istəyirəm ki, bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm ki, doğma xalqıma ləyaqətlə xidmət edim".

Azərbaycanın bütün sahələrdə, o cümlədən informasiya texnologiyalarının inkişafında əldə etdiyi uğurlar və bu istiqamətdə dövlət siyasətinin davam etdirilməsi böyük nəticələr vermişdir. Dünayda İKT-nin durmadan inkişaf etməsi və Azərbaycanın da ən müasir texnologiyalardan istifadə etməsi qarşıya qoyulan vəzifələrin uğurla reallaşdırılmasından xəbər verir.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.-2009.-18 yanvar.-S.1.