Türkiyənin şansı Rəcəb
Tayyib Ərdoğan
Xoca ləqəbli orta məktəb
şagirdi
Rəcəb Tayyib Ərdoğan 1954-cü il fevralın 26-da İstanbulun Qasımpaşa bölgəsində doğulub. Ailəsi isə əslən Türkiyənin Rizə bölgəsindəndir. Atası Əhməd Ərdoğan sahil mühafizə kapitanı olaraq çalışıb. Rəcəb onun ikinci həyat yoldaşı Tənzilə xanımla nikahından dünyaya gəlib. Ərdoğanın 2004-cü il avqustun 11-də Gürcüstana səfəri zamanı verdiyi açıqlamaya görə, ailəsi Rizəyə Batumidən köçüb.
Türkiyənin indiki baş naziri orta təhsilini Piyalə Paşa məktəbində alıb. Daha sonra təhsilini "İmam Hətip" liseyində davam etdirib. 1973-cü ildə bu liseyin məzunu olsa da, aldığı dini təhsil ali məktəblərə daxil olması üçün yetərli deyildi. Bu səbəbdən Ərdoğan Eyyub liseyində də əlavə fərq imtahan verməli oldu. Hələ orta məktəb illərində Ərdoğan dinə baxışlarına görə digər uşaqlardan fərqlənir, hətta Xoca - müəllim ləqəbi daşıyırdı. Həmin vaxtlar ailəsinin kasıb yaşaması səbəbindən gələcək baş nazir küçə ticarəti ilə də məşğul olurdu. Ərdoğan ali təhsilə Mərmərə Universitetində yiyələnib. Burada o, iqtisadiyyat və menecment fakültəsində təhsil alıb.
Futboldan siyasətə
Uşaqlıqda Ərdoğanın idmana böyük həvəsi olub. 1969-cu ildə hələ 15 yaşında ikən 1000 lirə transfer haqqı alaraq Camialtı İdman Klubunda peşəkar futbolçu statusuna yiyələnib. Ərdoğanın atası isə oğlunun bu idman növü ilə məşğul olmasını istəmədiyindən o, futbol oyunları ilə gizli məşğul olmaq məcburiyyətində qalıb. Daha sonra isə İstanbul bələdiyyəsinin komandası olan İstanbul "Elektrik Tramvay və Tunel" də (İETT) futbol karyerasına davam edib. 1976-cı ildə İETT çempion olarkən Ərdoğan bu komandanın oyunçusu idi.
Yaxşı futbol oynaması sonradan Ərdoğanın "Eroksror" futbol klubuna keçməsi ilə nəticələndi. Türkiyənin indiki baş naziri 16 illik futbol karyerasına 1980-ci ildə son qoydu. Həmin vaxtdan etibarən Ərdoğan daha çox siyasi fəaliyyətə üstünlük verdi. Hələ universitetdə oxuyarkən Türkiyə Milli Tələbə Assosiyasının ən fəal üzvlərindən biri idi. Universitet illərində siyasi fəaliyyətə də geniş diqqət ayırırdı. 1976-cı ildə Milli Xilas Partiyasının İstanbul şəhəri Bəyoğlu bölgəsində gənclər özəyinin rəhbəri seçildi. Elə həmin il bu partiyanın İstanbulda gənclər şöbəsinin rəhbəri oldu.
1980-ci il sentyabrın 12-də Türkiyədə baş vermiş dövlət çevrilişinə qədər Milli Xilas Partiyasında tutduğu postlarda qalırdı. Həmin çevrilişdən sonra ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların fəaliyyətinə qadağa qoyulmuşdu.
Rifah Partiyasından başlanan
siyasi karyera
1980-ci illərə qədər Ərdoğan İstanbulun nəqliyyat şirkətlərinin birində çalışdı. Ancaq hərbi çevriliş onun buradakı işini itirməsilə nəticələndi. Sonrakı illərdə isə Ərdoğan özəl sektorda menecer işləməyə və bizneslə məşğul olmağa başladı. 1982-ci ildə əsgəri xidmətə yolllanması onun siyasi həyatında müəyyən fasilənin yaranmasına gətirib çıxardı. Lakin 1983-cü ildə yaradılan Rifah Partiyası ilə siyasi həyata təkrar atıldı. Bu partiyanın dini baxışları Milli Xilas Partiyasının mövqeyi ilə üst-üsə düşürdü. Bu amil Ərdoğanın Rifah Partiyasının sıralarına qoşulmasında az rol oynamamışdı. 1984-cü ildə Ərdoğan partiyanın Bəyoğlu bölməsinin rəhbəri seçildi. Bir il sonra isə Rifah Partiyasının İstanbul bölməsindəki təşkilatına rəhbər postuna yiyələndi. Az sonra partiyanın rəhbər şurasına seçilən şəxslər arasında Ərdoğanın da adı oldu.
Partiyanın İstanbul şöbəsinə rəhbərlik etdiyi vaxt Ərdoğan fəal şəkildə şəhərin sadə sakinlərini partiyanın fəaliyyətinə cəlb etməyə başladı. Xüsusən də qadınların və gənclərin siyasətə daha çox cəlb olunmaları üçün o xüsusi fəallıq göstərdi. Bununla belə 1986-cı ildə parlamentə keçirilən seçkilərdə namizədliyini irəli sürsə də, müvəffəqiyyətsizliyə uğradı. 1989-cu ildə Bəyoğluda keçirilən bələdiyyə seçkilərində isə az fərqlə uduzdu. Lakin uğursuzluqla barışmayan Ərdoğan Yüksək Seçim Quruluna etiraz etdi. Seçim Qurulunda hakim Ərdoğanın etirazını qəbul etmədi. Bundan əsəbləşən Ərdoğan hakimə xitabən "sərxoş başla qərar verə bilməzsən" deyə etirazını bildirdi. Təhqirlə üzləşdiyini bildirən hakim Ərdoğandan şikayətçi olduğu üçün gələcək baş nazir həbsə atıldı. Bir həftə "Sağmağçılar" həbsxanasında yatan Ərdoğan pul ödəyərək sərbəst buraxıldı.
1991-ci il parlament seçkilərində Rifah Partiyasından millət vəkilliyinə namizəd olan Ərdoğan daha yaxşı nəticələrə sahib olsa da, yenə də Türkiyə Böyük Millət Məclisinə deputat seçilə bilmədi. Əsas səbəb isə onun seçildiyi bölgədən seçkilərin nəticəsinin Yüksək Seçim Qurulu tərəfindən ləğv edilməsi oldu.
İstanbul
bələdiyyəsində
yeni dönəm
Lakin Ruhdan düşməyən Ərdoğan sadə insanlarla daha fəal şəkildə işləməyə başlayır. Bunun nəticəsində 1994-cü il matrın 27-də İstanbul bələdiyyə sədri vəzifəsinə namizədliyini irəli sürür və böyük səs çoxluğu ilə bu posta seçilir. Bələdiyyə sədri vəzifəsində Ərdoğan xeyli uğurlar qazanır. Xüsusən də İstanbulun yaşıllaşdırılması, şəhərin su ilə təmin olunması, məişət tullantılarının daşınması, eləcə də bəzi sosial problemlərin həlli Ərdoğanın şöhrətini daha da artırır. Məhz onun sədrliyi dövründə İstanbulun qazlaşdırılması ilə bağlı layihələr başa çatdırılır. Ərdoğanın rəhbərliyi altında şəhərdə 50-dən çox körpü, keçid və yol inşa edilir. İstanbul bələdiyyə sədri vəzifəsini təhvil aldıqdan sonra bələdiyyənin 2 milyard dollar həcmində borcunun böyük bir hissəsi ödənir. Şəhərə isə 4 milyard dollar həcmində investisiya yatırılır. Bütün bunlar sadə insanlar arasında Ərdoğanın şöhrətini daha böyük sürətlə artırır.
Siyasi həyatda isə Ərdoğan əvvəlki kimi Rifah Partiyasının lideri Nəcməddin Ərbakanın (1996-1997-ci illərdə Türkiyə hökumətinə rəhbərlik edib) siyasətini dəstəkləməkdə davam edir. Ərdoğan özü də bələdiyyə sədri kimi islamdan gələn bəzi dəyərlərin tətbiqinə üstünlük verir. Məsələn, o, İstanbulda alkoqollu içkilərin istehlakını məhdudlaşdırmışdı.
"Əsgər duası" ilə
4 aylıq həbs
1997-ci ildə Ərbakan hökuməti Türkiyədə dini dövlət yaratmağa cəhddə ittiham olunduğu üçün istefaya məcbur edildi. Həmin ilin dekabrında Ərdoğanın Siirt bölgəsində keçirilən mitinqdə oxuduğu şeir isə bələdiyyə sədri vəzifəsilə xudahafizləşməsinə gətirib çıxardı. Maraqlıdır ki, həmin şeirin Türkiyə Təhsil Nazirliyi tərəfindən kitablara daxil edilməsinə icazə verilmişdi. Ancaq Ziya Gökalp tərəfindən 1912-ci ildə Balkan müharibəsi zamanı yazılmış "Əsgər duası" adlı şeiri Ərdoğan bir qədər dəyişdirərək oxumuşdu. Ziya Gökalpın qələmə aldığı şeir beləydi:
Əlimdə tüfəng, könlümdə iman,
Diləyim iki: din ilə vətən.
Ocağım ordu,
böyüyüm sultan,
Sultana imdad eylə, ya rəbbi!
Ömrünü uzun eylə,
ya rəbbi!
Ərdoğan isə
şeirdə ordunu tərif edən hissəni oxumadan
aşağıdakı misraları əlavə etmişdi:
Minarələr süngü,
qübbələr miğfər,
Camilər
qışlamız, möminlər əsgər.
Bu ilahi ordu dinimi gözlər
Allahu əkbər, Allahu əkbər.
Şeiri bu şəkildə
oxuduğu üçün Ərdoğan məhkəməyə
verildi. Diyarbəkir Məhkəməsində ittiham olunan Ərdoğan
Türkiyə Cinayət Məcəlləsinin 312.2 maddəsilə
təqsirli bilindi. Həmin maddəyə əsasən, Ərdoğan
"Xalqı din və irq fərqi aşılayaraq kin və
düşmənçiliyə təhrik etmək"də
günahlandırıldı. Məhkəmə Ərdoğanı
10 ay həbs cəzasına məhkum etdi. Lakin gələcək
baş nazir cəmi 4 ay - 1999-cu ilin martından iyul ayına qədər
həbsdə qaldı və sonradan azadlığa
buraxıldı.
2000-ci il yanvarın 14-də
Avstraliyanın Melburn şəhərində yayımlanan SBS
adlı radioya verdiyi müsahibə Ərdoğanın yenidən
məhkəməyə verilməsilə nəticələndi.
Buna əsas səbəb isə onu PKK lideri Abdulla Öcalanla
müqayisə edən suala aşağıdakı kimi cavab
verməsi idi: "Hörmətli Öcalan bu an
düşüncələrinin deyil, almış olduğu kəllələrin
hesabını verir. Mən isə düşüncələrimə
görə 4 ay həbs cəzası çəkmişəm.
Aramızdakı fərq çox böyükdür".
PKK terror təşkilatının
lideri Öcalana "hörmətli" deyə müraciət
etməsi Şəhid Anaları Dərnəyi tərəfindən
onun məhkəməyə verilməsi ilə nəticələndi.
Şikayətçi tərəfin vəkilliyini edən Kamal
Keninçsiz 3 qəpik miqdarında təzminat tələb
etdi və məhkəmə göstərilən məbləğin
Ərdoğan tərəfindən ödənilməsi barədə
hökm çıxardı.
Fəzilət Partiyasının
islahatçısı
1999-cu ildə
bağlanmış Rifah Partiyasının yerinə Fəzilət
Partiyası təsis olundu. Ərdoğan bu partiyada
islahatçılar qanadına rəhbərlik edirdi. Lakin
2000-ci ilin iyulunda Fəzilət Partiyası da qadağan olundu.
Fəzilət Partiyasının Konstitusiya Məhkəməsi
tərəfindən birdəfəlik bağlanmasına dair qərar
qəbul olunandan sonra bu partiyadan parlamentə seçilən
millət vəkilləri yeni partiya qurmaq qərarına gəldilər.
Bu zaman həmin millət vəkilləri mühafizəkarlar və
islahatçılar adlı iki qanada bölündülər.
"Milli Görüş" adlanan mühafizəkar qanad Rəcai
Kutanın rəhbərliyi altında 2001-ci ilin iyul ayında Səadət
Partiyası yaratdı.
İslahatçılar isə
elə həmin il avqustun 14-də Ədalət və
İnkişaf (AKP) partiyasını yaratdı və
partiyanın rəhbəri də Ərdoğan seçildi. Bu
zaman onun işlətdiyi "Biz köynəyimizi dəyişdirdik"
ifadəsi mühafizəkarlar tərəfindən sərt tənqidlə
qarşılandı.
Türkiyənin siyasi həyatında yeni təkpartiyalı
hökumət formalaşdı
2002-ci il noyabrın 3-də
parlamentə keçirilən seçkilərdə AKP 34,29
faiz səs toplayaraq birinci yerə çıxdı. Əldə
olunmuş nəticələr AKP-yə birpartiyalı hökumət
formalaşdırmağa imkan verirdi. Həmin vaxt Ərdoğanın
rəhbərlik etdiyi partiya son 16 ildə digər siyasi
partiyaların iştirakı olmadan müstəqil şəkildə
qanunvericilikdə islahatlar aparmaq imkanı da əldə
etmişdi. Ancaq barəsində keçmişdə məhkəmə
hökmləri olduğu üçün Ərdoğan nə
parlamentə, nə də hökumətə daxil ola bilməzdi.
Bu səbəbdən bir
müddət Ərdoğanın ən yaxın
silahdaşlarından biri sayılan Abdulla Gül partiya rəhbəri
və baş nazir vəzifəsini icra etməli oldu. Lakin
parlamentə nəzarət edən AKP 2003-cü ilin əvvəllərində
qanunvericilikdə müəyyən dəyişikliklər etdi
ki, bu da Ərdoğana Türkiyə Böyük Millət Məclisinə
və hökumətə daxil olmağa imkan verdi. Həmin ilin
martında Siirtdən millət vəkili seçilən Fadil
Akgündüzün mandatının alınması və
buradan namizədliyini irəli sürən Mervan Gülün
geri çəkilməsi Ərdoğanın parlamentə daxil
olmasına şans yaratdı. Millət vəkili seçilən
Ərdoğan sonra baş nazir oldu.
Baş nazir vəzifəsinə
gəldikdən sonra elə ilk günlərdə Ərdoğan
bildirdi ki, müasir Türkiyənin dövlət
quruculuğunun əsasını təşkil edən dünyəvi
prinsiplərdən geri çəkilmək niyyətində
deyil. Ərdoğanın baş nazir vəzifəsində
sonrakı fəaliyyəti isə onun nüfuzunu daha da
artırdı. Məhz onun hökumətə
başçılıq etdiyi dönəmdə 2004-2005-ci illər
arasında Türkiyədə pul islahatı aparıldı.
İnflyasiyanın səviyyəsi aşağı düşməyə
başladı, yeni sosial müəssisələrin, elektrik
stansiyalarının tikintisi həyata keçirildi. Dövlətdə
və cəmiyyətdə demokratik dəyərlər daha da
möhkəmləndi. Bütün bunlar isə Türkiyə
iqtisadiyyatında "səssiz inqilab" kimi dəyərləndirildi.
Xarici siyasətdə isə Ərdoğan və 2007-ci ilə
qədər xarici işlər naziri olmuş Abdulla Gül
Türkiyənin Avropaya inteqrasiyasının daha da sürətlənməsinə,
Kipr probleminin həlli ilə bağlı yeni kurs yeritməyə
başladı və bu indi də davam edir.
Yunanıstanla dostluq
münasibətlərinin yaranmasına isə Ərdoğan
xüsusi önəm verməyə başladı. 1988-ci ildən
ötən dövr ərzində Ərdoğan ilk Baş nazir
idi ki, Yunanıstana səfər etdi. Bu səfər 2004-cü
ildə reallaşdı və o vaxtdan Türkiyə ilə
Yunanıstan arasında münasibətlərin
inkişafında ciddi dəyişikliklər baş verdi. Hətta
rəsmi Afina hazırda Türkiyənin Avropa Birliyinə
üzv olmasının əsas tərəfdarlarından biri
kimi çıxış edir.
2003-cü ilin martında
Ankaranın Amerika hərbi qüvvələrinin Türkiyə
ərazisindən keçməklə İraqa daxil olmasına
icazə verməməsi isə ölkənin Yaxın Şərq
dövlətləri, o cümlədən İran və Suriya
kimi qonşuları ilə münasibətlərini xeyli
möhkəmləndirdi. Ərdoğan hökuməti ölkənin
cənub-şərqində kürd probleminin həllinə də
geniş diqqət ayırdı. Onların
yaşadığı zonaların iqtisadi vəziyyəti daha
da yaxşılaşmağa başladı.
2007-ci ildə Türkiyənin
siyasi həyatında yaşananlar Ərdoğan hökumətinin
əhali arasında populyarlığının nə qədər
yüksək olduğunu bir daha meydana çıxardı. Həmin
il Prezident Əhməd Necdət Sezərin səlahiyyət
müddəti başa çatdığından parlament
ölkəyə yeni dövlət başçısı
seçməli idi. Hamı yeni Prezidentin Ərdoğan
olacağını gözləyirdisə, onun özü
gözlənilməz addım ataraq bu vəzifəyə xarici
işlər naziri Abdulla Gülün namizədliyini irəli
sürdü. Ancaq parlamentdə olan müxalifət
Gülün Prezident seçilməsinə razı
olmadığından yetərsay toplanmadı. Həmin vaxt
müxalif qüvvələrin mitinqlərə başlaması
da Türkiyəni yeni siyasi böhrana sürükləyirdi. Bu
səbəbdən vəziyyətdən çıxış
yolu kimi 2007-ci ilin iyulunda Ərdoğan növbədənkənar
parlament seçkilərinin keçirilməsinə
razılıq verdi.
Xalqın AKP-yə
inamı daha da artır
2007-ci ilin iyulunda 23-cü
parlament seçkilərində Ərdoğanın rəhbərliyi
ilə AKP 46,6 faiz səs toplayaraq 550 yerlik parlamentdə 341 yerə
sahib oldu. Yeni inamlı qələbədən sonra parlamentdə
təmsil olunan müxalif partiyaların etirazlarına baxmayaraq,
Abdulla Gül Prezident seçildi.
Həmin ilin sonlarından
etibarən isə, Türkiyə parlamentinin silahlı qüvvələrə
PKK-ya qarşı İraq ərazisində də mübarizə
aparmağa icazə verməsi Ərdoğanın nüfuzunu
bir qədər də artırdı. Lakin 2008-ci ilin əvvəllərində
Ərdoğan hökuməti üçün daha ciddi problem
yarandı. Buna əsas səbəb isə AKP-nin tələbələrin
hicabda ali məktəb binalarına daxil olmasına icazə verən
qanun layihəsini parlamentdən keçirməsi idi. Bundan sonra
Türkiyənin baş prokuroru Əbdürrəhman
Yalçınqaya AKP-nin bağlanması, Ərdoğan da daxil
olmaqla 70-ə qədər partiya fəalının siyasətlə
məşğul olmasına qadağa qoyulması barədə
Konstitusiya Məhkəməsinə yazılı müraciət
etdi. Ancaq 2008-ci ilin iyulunda Konstitusiya Məhkəməsi
baş prokurorun tələblərinin əsassız olduğunu
bildirərək belə bir qərar qəbul etmədi.
Ərdoğanın və
onun rəhbərlik etdiyi partiyanın nüfuzunun daha da
artmasının səbəblərini araşdıranların
ümumi qənaəti belədir ki, hazırda Türkiyə vətəndaşlarının
böyük əksəriyyəti Ərdoğanı
kasıblar təbəqəsindən olan qəhrəman hesab
edir. Digər tərəfdən, onun rəhbərlik etdiyi
partiya islami dəyərlərə sadiq olmasına baxmayaraq, Ərdoğan
ictimai rəydə özünü dünyəvi idarəçiliyin
tərəfdarı kimi qəbul etdirib. Həqiqətən də,
Ərdoğan qəti dindar baxışlardan uzaqdır və
özünü daha çox qərbyönlü mühafizəkar
siyasətçi kimi aparır. Ərdoğanın Türkiyənin
Avropa Birliyində təmsil olunmasının vacibliyini bildirməsi
və bu istiqamətdə xeyli iş görməsi onun qərbmeyilli
imicini daha da möhkəmləndirib. Ölkənin bu təşkilata
üzv qəbul olunması Türkiyənin xarici siyasətində
əsas prioritetlərdən birini təşkil edir. Ərdoğan
özü Avropa Birliyinə üzvlüklə bağlı
qeyd edir ki, aparılan islahatlar ən geci 2012-ci ildə
Türkiyənin təşkilata üzv olması ilə nəticələnəcək.
Ərdoğan hökumətinin
həyata keçirdiyi siyasət nəticəsində
Türkiyədə orta hesabla hər il 6,3 faizlik iqtisadi
artım qeydə alınıb.
Həyat yoldaşı Əminə
Gülbaranla Ərdoğan 1977-ci ildə tanış olub,
1979-cu ilin iyul ayında isə ailə həyatı qurublar. Bu
nikahdan cütlüyün Əhməd Burak və Nəcməddin
Bilal adlı iki oğlu, Əsra və Sümeyyə adlrı
iki qızları var. Ərdoğanın övladlarının
hamısı ABŞ-da ali təhsil alıb.
Azərbaycanın kədəri Türkiyənin kədəri,
Azərbaycanın sevinci Türkiyənin sevincidir
Azərbaycana Ərdoğan hələ
Baş nazir olmazdan öncə, Ədalət və
İnkişaf Partiyasının lideri kimi gəlib. O,
2003-cü il yanvarın 7-8-də türk ölkələrinə
səfəri çərçivəsində Azərbaycanda
olub. Səfər zamanı Ərdoğan ümummilli lider Heydər
Əliyev, Baş nazir Artur Rasizadə, parlamentin o vaxtkı
spikeri Murtuz Ələsgərovla görüşüb. Səfərdən
sonra Heydər Əliyevə məktub göndərərək
Azərbaycana səfəri zamanı ona göstərilən
diqqətə görə təşəkkürünü
bildirib. Məktubda Ərdoğan bildirib ki, Heydər Əliyevlə
səmimi görüşlər iki ölkə arasında
sıx əlaqələrin daha da möhkəmlənməsinə
xidmət edəcək.
2003-cü ilin martında
Türkiyənin Baş naziri kimi fəaliyyətə
başlayan Rəcəb Tayyib Ərdoğan həmin il
dekabrın 15-də Türkiyənin digər dövlət rəhbərləri
ilə birlikdə ümummilli lider Heydər Əliyevin dəfn
mərasimində iştirak edib. Həmin vaxt Ərdoğan
ümummilli liderlə bağlı bu fikirləri qeyd
etmişdi: "Heydər Əliyev təkcə Azərbaycanda
deyil, bütün türk dünyasında tanınan və
sevilən lider idi. Türkiyə-Azərbaycan dostluğunu
çox gözəl ifadə edən: "Bir millət, iki
dövlət" ifadəsi də ona məxsusdur. Biz
çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə
etdiyi amal bundan sonra da davam etsin. Böyük Heydər Əliyevin
ruhu şad olsun deyə, biz türk dünyasının
qardaşlıq münasibətlərini və birliyini qoruyub
möhkəmləndirməyə
çalışmalıyıq".
2003-cü ildə Azərbaycan
Respublikasının Prezidenti seçilmiş cənab İlham
Əliyev də Türkiyə ilə ikitərəfli əlaqələrin
inkişafına xüsusi diqqət yetirib. Prezident İlham Əliyev
13-15 aprel 2004-cü il, 25 iyun 2007-ci il, 24 iyul 2008-ci il, 5-6 noyabr
2008-ci il tarixlərində Türkiyədə rəsmi səfərdə
olub. Bu səfərlər zamanı Azərbaycanın dövlət
başçısı türkiyəli həmkarı ilə
yanaşı, Ərdoğanla da görüşlər
keçirib.
30 iyun 2005-ci ildə Rəcəb
Tayyib Ərdoğan yenidən Azərbaycanda rəsmi səfərdə
olub. Səfər zamanı Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın
təkbətək görüşü olub. Prezident İlham Əliyev
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli məsələsində
Türkiyənin tutduğu mövqeyə və Azərbaycana
verdiyi dəstəyə görə təşəkkürünü
bildirib. Rəcəb Tayyib Ərdoğan isə qeyd edib ki, Azərbaycanla
Türkiyə arasında sarsılmaz dostluq birliyi vardır və
bu birlik hər iki ölkəni daha irəliyə
aparacaqdır. 9 mart 2007-ci ildə Türkiyənin Baş naziri
Rəcəb Tayyib Ərdoğan türk və azərbaycanlıların
diaspor təşkilatları rəhbərlərinin forumunda
iştirak etmək üçün növbəti dəfə
Azərbaycanda səfərdə olub. Səfər zamanı
Türkiyənin Baş naziri Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın
haqlı tələblərini müdafiə etdiyini
vurğulayıb və hər iki ölkənin diasporunun
sıx əməkdaşlıq etməli olduğunun vacibliyini
bildirib: "Yalnız sıx əməkdaşlıq etməklə
Azərbaycan və Türkiyə qarşıda duran məsələ
və problemlərini həll edə bilər... Azərbaycan əraziləri
Ermənistan tərəfindən işğal olunsa da, tez və
ya gec bu məsələdə ədalət qələbə
qazanacaq... Azərbaycanın kədəri Türkiyənin kədəri,
Azərbaycanın sevinci isə Türkiyənin sevincidir".
Həmin vaxt Prezident İlham
Əliyev bəyan etmişdir ki, iki ölkə arasında
birlik bütövlükdə türk dünyasının
birliyini gücləndirməyə xidmət edir: "Türkiyəni
Azərbaycanla birləşdirən tarixi əlaqələr
çox güclüdür. Ancaq indiki zəmanədə siyasi
proseslər, siyasi əlaqələr onu daha da gücləndirir.
Həm siyasi, həm də iqtisadi, mədəni, hərbi -
bütün sahələrdə bizim aramızda ən yüksək
işbirliyi, anlaşma var. Belə forumların keçirilməsi
bizim birliyimizi daha da gücləndirir. Bütün türk
dünyasının birliyini gücləndirir. Biz böyük
qüvvəyik. Gərək elə edək ki,
maraqlarımız tam şəkildə təmin olunsun, bizi
narahat edən problemlər aradan qaldırılsın, ədalət
zəfər çalsın və xalqlarımız rahat
yaşasınlar. Biz buna layiqik və birgə səylərlə,
birgə işlərlə buna nail olacağıq".
20 avqust 2008-ci ildə Rəcəb
Tayyib Ərdoğan Azərbaycanda işgüzar səfərdə
olub. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin
Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək
görüşü zamanı ölkələrimiz arasında
əməkdaşlığın, ikitərəfli münasibətlərin
bütün sahələrdə daim inkişaf etdiyi bildirilib və
əlaqələrin bundan sonra da genişlənəcəyinə
əminlik ifadə olunub. Prezident İlham Əliyev ikinci dəfə
Azərbaycanın dövlət başçısı
seçildikdən sonra ötən ilin noyabrında ilk rəsmi
səfərini Türkiyəyə edib və burada noyabrın
6-da Ankarada Baş nazirin iqamətgahında Rəcəb Tayyib Ərdoğanla
görüşüb. Görüşdə seçkilərdən
sonra Prezident İlham Əliyevin ilk rəsmi səfərinin
Türkiyəyə etməsinin əhəmiyyəti
vurğulanıb, bu səfərin ölkələrimiz
arasında dostluq və qardaşlıq münasibətlərinin
daha da möhkəmlənməsinə xidmət etdiyi bildirilib.
Söhbət zamanı ikitərəfli əlaqələrin
bölgədə işbirliyinin güclənməsi
baxımından da önəmli olduğu vurğulanıb və
qarşılıqlı əməkdaşlığın
bundan sonra da bütün sahələrdə genişlənəcəyinə
əminlik ifadə olunub.
Bu gün Azərbaycan və
Türkiyə arasında münasibətlər olduqca dinamik
şəkildə inkişaf edir və bunda
xalqlarımızın tarixən bir-birinə yaxın olması
ilə yanaşı, hər iki ölkə rəhbərliyinin
siyasi iradəsi, strateji əməkdaşlığın
genişləndirilməsi istiqamətində atdıqları
addımlar da mühüm rol oynayır.
Rəcəb Tayyib Ərdoğan
hələ Baş nazir olmazdan öncə sadə Türkiyə
vətəndaşlarının sevdiyi şəxslər
siyahısına daxil olub. Baş nazir kimi fəaliyyətə
başladıqdan sonra isə Türkiyədə onun tərəfdarlarının
sayı dəfələrlə artıb və bu gün ölkə
cəmiyyətində ən çox hörmətə və
nüfuza malik şəxslər sırasında Ərdoğanın
adı xüsusilə çəkilir. Türkiyə xalqı
ona ölkəni daha da irəliyə aparan, sadə
insanların problemini yaxından duyaraq onu həll etməyə
çalışan, Türkiyənin dünyada nüfuzunun daha
da artmasına xidmət edən lider kimi qəbul edir.
Rasim BAYRAMOV
Azərbaycan.-2009.-18 yanvar.-S.3-5.