Suverenlik Azərbaycanın
hansısa güzəştlərə
gedə biləcəyi
məsələ deyildir
Britaniya eksperti
Tomas de Vaal mediaforum.az saytında
dərc olunan "Qarabağ tələsi (Qarabağ münaqişəsinin
təhlükələri və
dilemmaları. Müzakirə
üçün qaralama
sənəd)" sərlövhəli
məqaləsində Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həlli
perspektivlərinə öz
münasibətini bildirmiş
və münaqişə
tərəfləri - Azərbaycan
ilə Ermənistan arasında hazırda aparılan sülh danışıqları baş
tutmadığı halda
hadisələrin mümkün
inkişaf ssenarilərini
təklif etmişdir. Münaqişə açıq-aydın
dövlətlərarası xarakter daşısa da və Dağlıq
Qarabağ münaqişə
tərəfi kimi mövcud olmasa da, müəllif Dağlıq Qarabağın
əhalisinin ikiicmallığı
faktını təsdiq
edir: "Müzakirə
predmeti onların yurdu olsa da,
nə Qarabağ erməniləri, nə də Qarabağ azərbaycanlıları (fərqləndirmə
bizimdir - AzərTAc) danışıqlarda rəsmən
iştirak etmirlər".
Deməli, dünya belə bir faktla
razılaşır ki,
Ermənistanda müqəddəratını
təyin etmək hüququndan ağızdolusu
danışıldığı "Dağlıq Qarabağ xalqı" təkcə diyarı Azərbaycanın
tərkibində görmək
istəməyən ermənilərdən
deyil, həm də doğma torpağını Azərbaycanın
tərkibindən kənarda
təsəvvür etməyən
azərbaycanlılardan ibarətdir
və öz müqəddəratını təyin
etməkdən söhbət
düşəndə onların
da rəyi nəzərə alınmalıdır.
Məqalənin bu sahədə çox nüfuzlu ekspert sayılan müəllifin şəxsi rəyi olmasını anlasaq da, onun belə
bir səhv nəticəyə gəlməsi
təəssüf doğurur:
"Bu təhlilin sonunda
demək istəyirəm
ki, Azərbaycan üçün münaqişənin
hərbi həlli real deyildir və hərbi hücum ölkə üçün
faciəyə çevrilə
bilər. Deməli, Azərbaycan acı həqiqətin üzünə
dik baxmalı olacaq, həqiqət isə ondan ibarətdir ki, Azərbaycan suverenlik məsələsində çox
ciddi güzəştlərə
getməyə razılıq
verməsə, DQ-ni (Dağlıq Qarabağı
- AzərTAc) faktiki olaraq itirəcəkdir".
Maraqlıdır ki, Azərbaycanın suverenlik
məsələsində ciddi
güzəştlərə getməklə Dağlıq
Qarabağı itirməməsi
necə mümkündür?
Burada məntiqi ziddiyyət yaranmırmı
və bunlar eyni şeylər deyilmi?
Suverenlik Azərbaycan
dövlətinin hansısa
güzəştlərə gedə biləcəyi məsələ deyildir. Ölkə ərazisində
bu və ya digər etnik
qrupun yaşaması faktı heç də həmin etnosun titul millət
olduğu qonşu dövlətə bu ölkənin ərazisinin
bir hissəsinə iddia etməsi üçün əsas vermir. Qafqaz həmişə müxtəlif
etnosiyasi palitrası ilə seçilmişdir.
Həmsərhəd dövlətlərdə
də etnik azərbaycanlılar yaşayır,
lakin Azərbaycan bu amildən qonşu dövlətlərə
"öz suverenliyi ilə bağlı məsələlərdə ciddi
güzəştlərə getmək tələbini"
irəli sürmək
üçün istifadə
etmir. Nədənsə,
Tomas de Vaal Azərbaycandan belə
güzəşti gözləyir.
Aşağıda sitat gətirilən abzas məqalənin əvvəlində
müəllifin tarazlaşdırılmış
mövqedən çıxış
etməsinə dair yaranan təsəvvürü
tamamilə yox edir: "Erməni tərəfi Dağlıq
Qarabağ ermənilərinin
hüquqlarını və
işğal olunmuş
ərazilərin statusunu
daha dəqiq müəyyənləşdirməlidir (erməni "qırmızı
xətti"). Əgər
bu barədə daim danışılarsa, bu, Ağdamdan və digər işğal edilmiş ərazilərdən olan azərbaycanlı məcburi
köçkünlər üçün
aydın işarə olacaqdır ki, Dağlıq Qarabağa dair güzəştli sülh müqaviləsinin
imzalanması onların
qayıtmaq hüququnu
reallığa çevirəcəkdir".
Bu ssenari
faktik olaraq Ermənistanın Dağlıq
Qarabağın statusu
əvəzinə Dağlıq
Qarabağ ətrafındakı
işğal olunmuş
rayonların qaytarılması
niyyətini ifadə edir. Başqa sözlə, bu, digər dövlətin bir hissəsini elə onun öz
torpağı hesabına
əldə etmək deməkdir. Bununla əlaqədar deməliyik
ki, əvvəla, Dağlıq Qarabağ Azərbaycanın digər
yeddi rayonundan heç nə ilə fərqlənmir. O da, məsələn, Füzuli kimi Azərbaycanın işğal
olunmuş ərazisidir,
vəssalam. Dağlıq
Qarabağ ilə digər yeddi rayon arasında fərq qoymaq yersizdir, xüsusilə də Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış
ərazisinin suverenliyindən
söhbət gedəndə.
İkincisi, bu ssenaridə ağdamlıların
öz yurd-yuvasına qayıtması perspektivi Dağlıq Qarabağın
beynəlxalq qanunvericilik
baxımından tamamilə
qeyri-legitim sayılan işğalının qanuniləşdirilməsi
əvəzində bir
"tələ"yə bənzəyir.
Azərbaycanlı məcburi
köçkünlər Tomas de Vaalın "Dağlıq
Qarabağ ilə bağlı" işarə
etdiyi güzəştlər
olsa da, olmasa da, öz
yurd-yuvasına qayıtmalıdırlar.
Onların öz ocaqlarına qayıtması
hər hansı kənar şərtlərdən
asılı olmayan labüdlükdür. Hətta
Dağlıq Qarabağ
ilə həmsərhəd
Azərbaycan rayonlarının
azad edilməsi və oradan qovulmuş əhalinin qaytarılması sülh prosesinin Dağlıq Qarabağın gələcək
statusu ilə bağlı danışıqlara
qədərki birinci mərhələsinin bir hissəsidir və onu göstərir ki, həmin ağdamlılar (və ya digər azərbaycanlı
məcburi köçkünlər)
öz yurd-yuvasına heç bir qeyd-şərtsiz qayıtmalıdırlar.
Odur ki, azərbaycanlı məcburi
köçkünlərin qaytarılması
məsələsinin Dağlıq
Qarabağın statusuna
dair güzəştlərlə
əlaqələndirilməsi və birincini ikincidən asılı etmək yolverilməzdir, çünki bu, münaqişənin mərhələli
həllinin məntiqini
pozur və Azərbaycanın qəti surətdə rədd etdiyi və birdəfəlik kənara qoyulan paket planını
yenidən ortaya çıxarmağa çalışır!
Nəhayət, aşağıdakı
abzasın da qısa şərhə ehtiyacı var: "Azərbaycan tərəfindən
Ermənistan tərəfinin
etimadını tamamilə
sarsıdan müharibə
barədə söhbətlərə
son qoymaq tələb olunur. Azərbaycanın hücum etməmək barədə rəsmi paktı imzalayacağını
gözləmək real olmasa
da, davakar ritorikadan əl çəkmək sülh
prosesində tərəqqinin
mütləq şərtlərindəndir
və tərəflər
arasında münasibətlərdə
müsbət dinamikanın
yaranmasına kömək
edə bilər. Eynilə əgər Azərbaycan özünü
"varlı barışdırıcı"
kimi apararsa və Dağlıq Qarabağ erməniləri
barədə düşmənlər
və ya cinayətkarlar yox, Azərbaycanın potensial vətəndaşları kimi
danışarsa, bu, artıq 20 ildən bəri pozulmuş münasibətlərin bərpa
edilməsinə doğru
atılan ilk addım olar".
Bununla əlaqədar
demək istərdik ki, Azərbaycan rəhbərliyinin işğal
altındakı ərazilərin
hərbi yolla azad edilməsinin mümkünlüyünü vaxtaşırı
xatırlatması əbəs
deyildir. Rəsmi Bakını bu cür bəyanatlara görə qınayanlar, adətən, bu ifadəni ümumi kontekstdən çıxarır
və yalnız ikinci hissəni sitat gətirirlər. Ancaq birinci hissəyə,
yəni Ermənistanı
beynəlxalq hüquq normalarına riayət etməyə, BMT Təhlükəsizlik
Şurasının dörd
qətnaməsinin tələblərini
yerinə yetirməyə
və işğal olunmuş əraziləri könüllü surətdə
azad etməyə çağırışa etinasız
yanaşılır. Halbuki
dünya birliyi BMT Nizamnaməsinin 51-ci maddəsini
hələ ləğv
etməmişdir və
buna görə də Ermənistanın konstruktiv mövqedən imtina etməsi Azərbaycanı ona bu maddənin mövcudluğunu xatırlatmağa
məcbur edir. Təbii ki, əgər Ermənistan Azərbaycanın Dağlıq
Qarabağın erməni
əhalisinin təhlükəsizliyinə
zəmanət verməsinə
cavab olaraq Azərbaycanın işğal
altındakı bütün
ərazilərini azad edərsə, bu cür xatırlatmalara ehtiyac qalmayacaqdır.
Bundan əlavə,
Tomas de Vaala onu da xatırlatmaq lazımdır ki, Azərbaycan hökuməti
Dağlıq Qarabağ
ermənilərini həqiqətən
öz vətəndaşları
sayır və ölkənin rəsmi şəxsləri bunu dəfələrlə bəyan
etmişlər. Erməni
millətindən olan vətəndaşlara geniş
muxtariyyət verilməsi
təklifi də gəlişi gözəl sözlər deyil, reallıqdır. Azərbaycan
yetərincə xoş
məram göstərmişdir.
İndi isə növbə Ermənistanındır.
Ondan işğalçı
qoşunlarını çıxarmaq
tələb olunur. Qarabağ erməniləri
isə özlərinin
Azərbaycan vətəndaşı
olduqlarını təsdiq
etməli, Azərbaycan
xalqının çoxmillətli
ailəsinə yenidən
inteqrasiya etməlidirlər.
Bütövlükdə Tomas de Vaalın
məqaləsi Ermənistan-Azərbaycan
münaqişəsinə bələd
olan şəxsin maraqlı təhlilidir. Ümid etmək istərdik ki, o, münaqişənin dinc yolla həllinə və regionda möhkəm sülhün
bərqərar olunmasına
öz töhfəsini
verəcəkdir.
Vüqar SEYİDOV,
AzərTAc-ın xüsusi müxbiri
Azərbaycan.-2009.-18 yanvar.-S.3.