Hərbi təcavüz
Xalqımız 1990-cı ilin müdhiş 20 Yanvar faciəsini heç vaxt unutmayacaqdır. Çünki
o, ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildi, bu bütün Azərbaycan xalqına, Azərbaycan ölkəsinə
edilən hərbi təcavüz idi. Bu təcavüz nəticəsində həlak
olanlar xalq qəhrəmanlarıdır, onlar
millətimizin qəhrəmanlarıdır.
Heydər ƏLİYEV
20 Yanvar 1990-cı il... Həmin gün çökməkdə olan sovet imperiyası son gücünü toplayaraq azadlıq və istiqlaliyyət uğrunda mübarizəyə qalxan xalqımızı fiziki və mənəvi təcavüzə məruz qoydu. O müdhiş gecədə güclü zirehli texnika ilə silahlanmış ordu əliyalın, köməksiz insanları al qanına boyadı. Qadağan olunmuş güllələrdən istifadə edərək neçə-neçə soydaşımızı al qana qərq etdilər, nə qədər insan yaralanaraq şikəst oldu, qaçıb canını qurtarmaq istəyənlər təqibə məruz qalaraq vəhşicəsinə öldürüldü, köməyə gələn təcili yardım maşınları gülləbaran edildi...
1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti M.Qorbaçovun imzaladığı "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərmanı təsdiqlədi. Fərman SSRİ və Azərbaycan konstitusiyalarını, eləcə də beynəlxalq hüquq normalarını pozaraq fövqəladə vəziyyətin hüquqi rejimini tənzimləyən qanunvericilik aktının olmadığı bir şəraitdə imzalanmışdı. Əhali Bakıda fövqəladə vəziyyətin olduğunu yalnız yanvarın 20-də, səhər saat 5.30-da şəhərin komendantı Dubinyakın radio ilə çıxışından və vertolyotların səpdiyi vərəqələrdən öyrənmişdi. O vaxt artıq şəhər rus ordusu tərəfindən tutulmuş və qırğınlar baş vermişdi. Qırğından qabaq Dövlət Televiziyasının enerji bloku partladılmış, mətbuatın çıxmasına qadağa qoyulmuşdu. Xalq tamamilə məlumatsız qalaraq ölkədə nələrin baş verdiyini bilmirdi. Keçmiş sovet imperiyası Çexoslovakiyada, Macarıstanda, Əfqanıstanda və Gürcüstanda törətdiyi cinayətlərin ən ağır formasını Azərbaycanda həyata keçirmişdi. 20 Yanvarda erməni millətindən olan hərbi qulluqçular öz qəddarlıqları ilə daha çox fərqlənmişdilər.
Bakıda fövqəladə vəziyyət elan olunduqdan sonra da 18 nəfər öldürülmüş, yaşayış binaları gülləbaran edilmiş, küçələrdə adamlara atəş açılmış, yol kənarında saxlanılmış şəxsi minik avtomobilləri əzilmişdi. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı özündə güc taparaq ayağa qalxdı. Ölkədə üç günlük matəm elan olundu. Yanvarın 22-də millət yenidən Bakının Azadlıq meydanına toplaşaraq öz şəhidləri ilə vidalaşdı.
20 Yanvarda xalqın qəhrəman oğul və qızları Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda öz canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Onların bu qətiyyəti sovet imperiyasının dayaqlarını sarsıtdı. İmperiya başa düşdü ki, Azərbaycan xalqı onların düşündüyü kimi deyil, imperiya boyunduruğundan azad olmağı və lazım gəldikdə bu yolda şəhid verməyi bacaran xalqdır.
20 Yanvar xalqımızın hüzn və kədər günü olmaqla yanaşı, həm də qürur və şərəf günüdür. O gün Azərbaycan xalqı özünün kimliyini, nəyə qadir olduğunu bir daha bütün dünyaya bəyan etdi. 20 Yanvarda azadlığımızın və müstəqilliyimizin bünövrəsi qoyulmaqla həmin gün qəhrəmanlıq, mübarizlik tariximizə qızıl hərflərlə yazıldı. Xalqımız mübarizə yolundan çəkilmədi. O ağır gündə ölkə rəhbəri xalqı taleyin ümidinə qoyub qaçdı.
Belə ağır bir vaxtda, yanvarın 21-də Moskvada ulu öndər Heydər Əliyev qətiyyət nümayiş etdirərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedib baş vermiş faciənin siyasi motivlərini açıqladı, hadisələri törədənləri qatil adlandıraraq onların tarix qarşısında gec-tez cavab verməli olacaqlarını bildirdi.
Heydər Əliyev Bakı qırğınını genosid aktı və M.Qorbaçov klanının irimiqyaslı və antibəşəri cinayət əməli kimi qiymətləndirdi. O vaxt ulu öndərin söylədiyi bu fikirlər Azərbaycana qarşı yaradılmış informasiya blokadasını yararaq dünyanın bütün aparıcı mətbuat orqanları tərəfindən baş xəbər kimi yayılmışdı.
1990-cı il iyulun 20-də Moskvadan Azərbaycana, iki gün sonra isə Naxçıvana gedən Heydər Əliyevin təşəbbüsü ilə noyabrın 21-də Naxçıvan MR Ali Məclisi "1990-cı ilin yanvar ayında Bakıda baş vermiş hadisələrə siyasi qiymət verilməsi haqqında" qərar qəbul etdi. Bu qərarda ilk dəfə olaraq Qorbaçov klanı rəsmi şəkildə cinayətkar adlandırıldı. Qərarda qeyd olunurdu ki, 20 Yanvar faciəsinin baş verməsinə görə keçmiş SSRİ rəhbərliyi ilə yanaşı, həm də Azərbaycanın o zamankı rəhbərliyi məsuliyyət daşıyır.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev bu məsələni gündəmə gətirdi. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il martın 29-da Milli Məclisin iclasında qəbul edilmiş qərarda 20 Yanvar hadisələrinə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verildi. Qəbul edilmiş qərar Azərbaycan dövlətinin rəsmi mövqeyi idi. 20 Yanvar faciəsi və onun dəhşətli nəticələri xalqımızın qan yaddaşında tarix boyu yaşayacaqdır.
Yanvar hadisələri bizə ən mürəkkəb anlarda soyuqqanlı, hadisələri ayıq başla, iti ağıl və dərin zəka ilə təhlil edərək düzgün nəticə çıxarmağı öyrətdi.
Azərbaycan xalqı və dövləti öz şəhidlərinin xatirəsini həmişə uca tutur. Bakının ən hündür yerində "Şəhidlər xiyabanı" salınmış, onların xatirələrinə abidə ucaldılmışdır. "Əbədi məşəl"in alovlandığı bu məkan o vaxtdan xalqın və ölkəmizə gələn qonaqların ziyarətgahına çevrilmişdir.
Adilə QOCAYEVA
Azərbaycan.-2009.-18 yanvar.-S.4.