Xalqımızın müstəqillik əzmi qırılmadı

 

Azad, müstəqil Azərbaycan dövləti yaratmaq, onu inkişaf etdirib dünyanın sivil, demokratik dövlətləri sırasında görmək həmişə ata-babalarımızın müqəddəs arzusu, amalı olub. Bu müqəddəs arzunu gerçəkləşdirib reallaşdırmaq, onu tarixi həqiqətə çevirmək üçün dönə-dönə mübarizə aparıblar və bu müqəddəs yoldan bir an da olsa geri çəkilməyiblər. Bu işıqlı arzuya nail ola bilməyəndə, yagı düşmən güc gələndə həmin müqəddəs arzu qan yaddaşımıza köçürülüb, nəsildən-nəslə ötürülüb. Üzə çıxmaq üçün tarixi məqam və fürsət gözləyib. Torpaq şəhid qanı ilə suvarılanda müqəddəs olur, hər qarışından azadlıq göyərir - deyiblər. Ancaq azadlıq, bu əvəzolunmaz nemət isə yalnız hər zaman özünə hörmət etməyi bacaran, öz tarixi keçmişi olan və bu tarixi keçmişi qoruya bilən xalqların qismətinə düşür.

Xalqımızın oğulları bu ruhda böyüdüyü üçün həmin qanlı 20 Yanvar gecəsi bütün dünyaya göstərdi ki, azadlıq uğrunda döyüşməyi də bacarır, bu yolda qurban verməyi də. O gecə xalqımız azadlıq, müstəqillik tarixini qızıl qanı ilə yazdı. Həmin şənbə gecəsi şəhid olanlar xalqımızın qəhrəmanlıq tarixini yazanlardır. Onların həyatı gələcək nəsillər üçün örnəkdir.

Rus imperiyasının törətdiyi qanlı 20 Yanvar faciəsi nə qədər dəhşətli, müsibətli olsa belə, xalqımızın azadlıq əzmini qıra bilmədi. O qanlı Yanvar gecəsi totalitar kommunist rejiminin, mənfur Qorbaçovun üzdəniraq yenidənqurmasının boş illüziya olduğunu açıb göstərdi.

Torpaqlarımızın bütövlüyü, bölünməzliyi, Azərbaycanın bir parçası olan Qarabağ uğrunda ayağa qalxmış xalq həmin günlər Moskvadan haqq-ədalət gözləyirdi. Gözləyirdi ki, Moskva erməni daşnaklarının haqsız iddialarına cavab verəcək, Qarabağ məsələsini ədalətlə həll edəcəkdir. Bu, keçmiş SSRİ rəhbərliyinin vəzifə borcu idi. Onlar isə əslində ikili siyasət aparır, üzdə ədalətli görünməyə çalışır, arxada isə ermənilərin tərəfini saxlayırdılar. Elə bu təşəbbüsün nəticəsi idi ki, xalqımızın üstünə qoşun yeridildi. Tanklardan, BTR-lərdən, pulemyotlardan, avtomatlardan dolu kimi mərmilər, güllələr yağdırıldı. Bakı gülləbarana tutuldu. Guya bununla xalqın gözünün odunu alacaq, onun azadlıq əzmini qıracaqdılar. Lakin Kremlin şovinist rəhbərləri və respublikamızda onların buyruğu ilə oturub-duran manqurt havadarları bir məsələni unutmuşdular. Unutmuşdular ki, zaman o zaman deyil. Artıq tarixi zərurət vətəni öz canından artıq sevən oğullar yetişdirib. Bu oğullar döyüşdə şəhid olmağı da bacarırlar.

20 Yanvar faciəsi SSRİ-də yaşayan xalqlara göstərdi ki, on illərlə qardaşlıqdan, bərabərlikdən, insan haqlarından, ədalətdən, xalqlara azadlıq gətirdiyindən bəlağətlə dəm vuran Kommunist Partiyasının ideyaları boş xülyadan başqa bir şey deyilmiş. Qorbaçovun xalqa sırımaq istədiyi yenidənqurma siyasəti isə çoxdan iflasa uğrayıb, rəhbərlik etdiyi dövlət də artıq çökməkdədir.

Nə idi Azərbaycan xalqının günahı? Xalq öz torpaqlarının bütövlüyünü tələb edirdi. Azərbaycanın zümrüd tacı olan Qarabağı bədnam qonşularımızdan - erməni daşnaklarından qorumaq istəyirdi. Vaxtilə dədə-baba torpaqlarımızı, sonra isə rus imperiyasının köməyi ilə Ermənistana verilən Qərbi Azərbaycandan olan soydaşlarımızın tapdanmış haqqını müdafiə edirdi, bu amal uğrunda mübarizəyə qalxmışdı. Xalq Moskvadakı havadarlarının əlaltısına dönmüş Azərbaycandakı səriştəsiz rəhbərliyin əleyhinə idi. Çünki bütün müqəddəs duyğulardan - vətən, torpaq hissindən məhrum olan bu manqurtlar xalqın dərdinə əlac edə bilmirdilər. Onları xalq yox, tutduqları vəzifə, yığdıqları sərvət maraqlandırırdı.Onların bu karyeristliyindən, vəzifə düşkünlüyündən və maymaqlığından yağı düşmən istifadə etdi. Fövqəladə vəziyyət elan etmədən Bakıya - əliyalın xalqın üzərinə qoşun yeridildi. Mərkəzin məkrindən, gizli planlarından xəbərsiz olan insanların azadlıq eşqi, vətənə, torpağa bağlılığı gülləbaran edildi.

O qanlı 20 Yanvar gecəsində Azərbaycan informasiya blokadasına alınmışdı. Azərbaycan televiziyasının enerji bloku partladılmışdı. Qəzet və jurnallara ciddi hərbi senzura nəzarəti qoyulmuşdu, necə deyərlər, həqiqətin ağzına daş basılmışdı.

Xalqımızın bu ağır, səsinin heç yerə çatmayan vaxtlarında yenə köməyə ümummilli lider Heydər Əliyev gəldi. Çətin şəraitdə Moskvadakı Azərbaycan nümayəndəliyinə gedib bəyanat verdi. Qorbaçov siyasətini ifşa etdi.

Qanlı Yanvar faciəsinə həqiqi və hüquqi qiymət də yalnız ümummilli lider Heydər Əliyev xalqın yekdil tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra verildi. Hələ Heydər Əliyev 1991-ci ildə Naxçıvanda Ali Məclisin Sədri olarkən bu faciəyə hüquqi-siyasi qiymət vermək imkanı yaratdı. Məhz onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Soveti 1991-ci il noyabr ayının 21-də 20 Yanvarın Hüzn günü kimi qeyd olunması barədə qərar verdi.

Ümummilli lider 20 Yanvar faciəsinin günahkarlarının araşdırılması məsələsini həmişə diqqət mərkəzində saxladı. Ulu öndərin 1994-cü il 5 yanvar tarixli sərəncamında tövsiyə olundu ki, bu faciə dərindən, hərtərəfli araşdırılsın, günahkarların kimliyi xalqa bildirilsin.

Yaradılmış dövlət komissiyası ciddi fəaliyyətə başladı. Milli Məclisin həmin ilin yanvar-mart aylarında olan iclasları gərgin şəraitdə keçdi və "1990- cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul edildi.

20 Yanvar faciəsi, eyni zamanda xalqımızı silkələyib oyatdı. Ona dostunu, düşmənini tanıtdı.

İndi o qanlı, müdhiş yanvar gecəsindən 19 il keçir. Bu müddət ərzində şəhidlər bir an da olsun unudulmur. Onların azadlıq, müstəqillik uğrunda tökülən qanları hədər getməyib. Bu gün müstəqil Azərbaycan dövlətinin dünyanın sivil dövlətləri arasında öz yeri, öz dəst-xətti var. Bu dövlət torpaq uğrunda, vətənin müstəqilliyi, azadlığı yolunda şəhid olanların xatirəsini həmişə əziz tutur.

 

 

Eldar NƏSİBLİ

 

Azərbaycan.-2009.-18 yanvar.-S.4.