20 Yanvar şəhidləri xalqın
yaddaşında əbədi
qalacaqdır
Dünən 20 Yanvar
Fondu, Azərbaycan Respublikası Beynəlxalq Humanitar Yardım
üzrə Respublika Komissiyası, Türkiyənin
"İstanbul Beynəlxalq Qardaşlıq və
Yardımlaşma Dərnəyi"nin ölkəmizdəki
nümayəndəliyi ümumxalq hüzn gününə həsr
olunmuş ənənəvi tədbir keçirmişlər.
Tədbirin əvvəlində
şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla
yad edilmiş, Azərbaycanın və Türkiyənin dövlət
himnləri səsləndirilmişdir.
Nümayəndəliyin
təmsilçisi, fondun prezidenti Ahmet Tecim bildirmişdir ki, bu
faciə Azərbaycan və bütövlükdə türk
dünyası üçün ən ağır faciələrdən
biri olmaqla yanaşı, bəşər tarixinin qara səhifəsidir.
Hər bir xalqın tarixində azad və müstəqil
yaşamaq üçün dönüş nöqtəsi hesab
edilən tarixi məqamlar vardır. Bu anlarda azadlıq,
müstəqillik uğrunda öz canlarından keçmiş
qəhrəman övladlar heç də az
olmamışdır. Belə qəhrəmanlar zamanın
axarında əsla unudulmur və tarixin yaddaşına
azadlıq uğrunda axıtdıqları müqəddəs
qanları ilə adlarını yazırlar. 20 Yanvar şəhidləri
də məhz mənsub olduqları xalqın yaddaşında əbədi
qalacaqlar.
Nazirlər Kabineti
Aparatının şöbə müdiri Qurban Sadıqov qeyd
etmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin hakimiyyətə qayıdışından sonra 20
Yanvar faciəsi haqqında həqiqətlərin beynəlxalq təşkilatlara,
xarici ölkələrin parlamentlərinə, dünya ictimaiyyətinə
çatdırılması istiqamətində ardıcıl
işlər görülmüşdür. Ulu öndər
şəhidlərin xatirəsinin əziz tutulmasına həmişə
diqqətlə yanaşırdı. Dahi siyasətçinin
layiqli davamçısı Prezident İlham Əliyev bu ənənəyə
sadiq qalmışdır. Ölkə
başçısının sərəncamı ilə Şəhidlər
xiyabanında əsaslı yenidənqurma və təmir işləri
görülmüşdur. Bu, şəhidlərimizə
göstərilən hörmət və diqqətin bariz
nümunəsidir.
Türkiyənin Azərbaycandakı
səfiri Hulusi Kılıç çıxışına
"Şəhidlərin qanı yerdə qalmayacaqdır"
sözləri ilə başlamışdır. O
vurğulamışdır ki,19 il əvvəl öz ölkəsinin,
xalqının azadlığını, şərəf və
ləyaqətini hər şeydən uca tutan mərd Vətən
övladları canlarından keçərək şəhidlik
zirvəsinə ucalmışlar.
Prezidentin İcra
Aparatı ictimai-siyasi məsələlər şöbəsinin
baş məsləhətçisi Rasim Mirzəyev demişdir
ki, ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsinə
siyasi qiymət verərkən demişdir: "XX əsr tarixində
totalitarizmin törətdiyi ən qanlı terror aktlarından
biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına
qarşı işlədilmiş cinayət əslində bəşəriyyətə,
humanizmə, insanlığa qarşı həyata
keçirilmiş dəhşətli bir əməldir. Həmin
cinayəti törədənlər indiyədək öz cəzalarını
almamışlar. Xalqımız əmindir ki, müqəssirlər
tarix, bəşəriyyət, eləcə də Azərbaycan
xalqı qarşısında cavab verməli olacaqlar".
Milli Məclisin
deputatları Novruz Aslanov, Fuad Muradov, şair Məmməd Aslan
və 20 Yanvar Fondunun sədri Yusif Bünyadzadə ulu öndərimiz
Heydər Əliyevin faciə qurbanlarının ailələrinə
və əlillərə göstərdiyi daimi diqqət və
qayğıdan danışmış, hazırda Prezident
İlham Əliyev tərəfindən bu qayğının
davam etdirilməsini razılıq hissi ilə
vurğulamış, şəhidlərin xatirəsini əziz
tutduğuna, onların ailə üzvlərinin və əlillərin
problemlərinin həlli istiqamətində həyata
keçirdiyi məqsədyönlü tədbirlərə
görə dövlətimizin başçısına minnətdarlıqlarını
bildirmişlər.
Sonda 20 Yanvar şəhidlərinin ailələrinə
və əlillərə
maddi yardım edilmişdir.
R.RZALI
Azərbaycan.-2009.-18 yanvar.-S.4.