Qan rəngli yanvar
Fələk 1990-cı ilin 20 Yanvarında qara yellər əsdirdi, bir dəhşətli gün yaşatdı bizə və həmin gün xalqımızın tarixinə əbədilik qara yazıldı. Bu yazı həm də millətimizin özü boyda qəminin, kədərinin ifadəsinə çevrildi. Əslində buna bir gün də demək olmaz. Qanlı Yanvar deyəndə faciələr yada düşür.
Ssenarisi 1990-cı ildə Kremldə hazırlanan və sonradan müxtəlif illərdə baş verən qırğınlar. Əvvəlcə Almatıda, Tbilisidə və o vaxtkı SSRİ-nin bir neçə digər regionunda gücünü sınayan sovet imperiyasının vurduğu zərbənin bəlkə də ən unudulmaz yarası Azərbaycanda qaldı. Bu tarixi hadisə xatırlandıqca qəddar Qorbaçov, Yazov və Primakov üçlüyü də yada düşəcək. Bizdən sonra gələn nəsillər də tarixin bu vərəqini səhifələdikcə imperiyanı lənətləyəcəklər. Çünki 20 Yanvar qırğını sovet rejiminin cinayətkar mahiyyətini - Çexoslovakiyada, Macarıstanda, Əfqanıstanda törədilən qanlı hadisələri açdı. O da məlum oldu ki, bu qanlı hadisəni daha qəddarlıqla yerinə yetirənlərin əsas iştirakçıları Bakıya yeridilən ordunun tərkibində Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınmış erməni zabit və əsgərləri idi.
Müttəfiq respublikaları əsarəti altında saxlamağa, kənar regionlara müdaxilə etməyə öyrəncəli olan yırtıcı "Alfa" qrupunun planı Yazovun diktəsi ilə həyata keçirilmişdir. Yanvarın 19-su saat 19.27-də Azərbaycan Dövlət Televiziyasının enerji bloku partladıldı. Gecə isə qoşun fövqəladə vəziyyətin elanından xəbərsiz olan Bakıya yeridildi. Fövqəladə vəziyyət elan olunanda (20 yanvar saat 07-də) isə artıq 100-dən çox insan vəhşicəsinə qətlə yetirilmişdi. Türk qanına susayan erməni cəlladları yetərincə qanımızı içdilər o gecə. Cəlladlar üçün nə fərqi vardı ki, körpəcə Larisa hələ məktəblidi, oyuncaqla oynayıb, şirin nağıllar dinləyən vaxtıdı. İlhamla Fərizə təzə evləniblər, bir-birlərini doyunca görməyiblər. Ülvi hələ tələbəliyin dadını çıxarmayıb, hansısa qıza könül verməyib. O gün yırtıcılar sanki bəşər övladına qənim kəsildilər, qarşılarına çıxan bütün insanlara silah tuşladılar. BTR-lərin, tankların tırtılları altında neçə-neçə soydaşımız əzildi, parça-parça oldu. Bakı heç vaxt görmədiyi bir vahimə yaşadı həmin gün. Amma bütün bu dəhşətlərin içərisində müqəddəs məqamlar da yaşadıq. Heç zaman birləşə bilmədiyimiz tərzdə birləşdik, doğmalaşdıq bir-birimizlə. Həmin birliyi ömrü boyu yaşatmaq bu xalqın xoşbəxtliyi olardı. Dərdimiz də bir idi, sərimiz də. Kremlin qanlı planı xalqımızın azadlıq istəyini boğa bilmədi. Amma azad, müstəqil dövlət olmaq üçün Azərbaycan bir neçə qanlı yanvardan keçməli oldu. Bu, rus-erməni birləşmələrinin 1990-cı ildə törətdiyi qanlı cinayətlərin uzunmüddətli davamı oldu. Və məşəqqətli günlərin əksəriyyəti də yanvar ayının payına düşdü. 12-17 yanvarda Malıbəyli, Quşçular, 26-sı Daşaltı faciəsi baş verdi. Xalqın taleyinə əbədilik qara Yanvar tarixi yazıldı.
Zəkurə QULİYEVA
Azərbaycan.-2009.-18 yanvar.-S.4.