Sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı bu sahədəki mövcud problemlərin kompleks həllinə yönəlib
Məlum olduğu kimi,
dövlət başçısı ötən ilin sonunda -
dekabrın 30-da "2009-2015-ci illərdə Azərbaycan
Respublikasında sığorta-pensiya sisteminin inkişafına
dair Dövlət Proqramı"nı təsdiq etmişdir. Sənədin əhəmiyyətini nəzərə
alaraq onu şərh etmək üçün əməkdaşımız
Dövlət Sosial Müdafiə Fondunun sığorta-pensiya siyasəti
və strateji araşdırmalar şöbəsinin
müdiri Elman MehdiyevƏ
müraciət etmişdir. O demişdir:
- Azərbaycanın
sosial-iqtisadi inkişafı
konsepsiyasının uğurla
reallaşdırılması ölkəmizdə bazar iqtisadiyyatına keçidin
yeni bir modelini formalaşdırmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqil
milli iqtisadiyyatının
yaradılması, sosial-iqtisadi
inkişaf üzrə
strateji xəttin uğurla gercəkləşdirilməsi
həyatımızın bütün
sahələrində öz
bəhrələrini verməkdədir.
Azərbaycanda əhalinin pensiya təminatının qabaqcıl
beynəlxalq təcrübə
əsasında yenidən
qurulması da həyata keçirilən
sosial-iqtisadi siyasətin
ən mühüm istiqamətlərindən biridir
və bu məsələ daim dövlətin diqqət mərkəzindədir. Qeyd edək ki, keçmiş
SSRİ dövründən qalmış və müasir dövrün tələblərinə cavab
verməyən pensiya münasibətlərində köklü
dəyişikliklərin başlanğıcı
2001-2005-ci illəri əhatə
edən və ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan
"Azərbaycan Respublikasında
pensiya islahatı konsepsiyası"nın reallaşdırılması ilə
qoyulmuşdur. Konsepsiyanın qəbulundan sonra sığorta-pensiya sisteminin
müasir standartlara uyğunlaşdırılması istiqamətində zəruri
addımlar atılmışdır.
Həyata keçirilən tədbirlər nəticəsində
sığorta-pensiya və sosial yardım sistemləri
biri-birindən ayrılmışdır. 2006-cı
ilin yanvarından isə Azərbaycanda "Əmək
pensiyaları haqqında" yeni qanunun tətbiqinə
başlanmışdır. Qanunun tətbiqi
nəticəsində Azərbaycanda yeni, beynəlxalq təcrübədə
özünü doğrultmuş üçpilləli struktura
(baza, sığorta və yığım hissələrindən
ibarət) əsaslanan əmək pensiyaları sisteminin fəaliyyəti
gerçəkləşmişdir. Yeni sistemin
fəaliyyəti qısa müddət ərzində öz bəhrəsini
vermişdir və ötən dövr ərzində əmək
pensiyalarının istər baza hissəsi, istərsə də
orta aylıq məbləği əhəmiyyətli şəkildə
artmışdır. Təkcə ötən 5 il ərzində
minimum pensiyanın məbləğində 4 dəfə artm
baş vermiş, ötən il isə Prezidentin müvafiq sərəncamları
ilə yaşa görə əmək pensiyasının baza
hissəsi yanvarın 1-dən 60, sentyabrın 1-dən 75 manata
çatdırılmışdır. Nəticədə
keçən il ərzində əmək
pensiyalarının baza hissəsində 50 faizlik artım
müşahidə olunmuşdur.
Bütun
bunlarla yanaşı, ötən dövrdə məcburi
dövlət sosial sığortada fərdi uçot sistemi
yaradılmış və indiyə qədər 1 milyon 477 mindən
artıq şəxsə fərdi hesab
açılmışdır. Bir sözlə, pensiya
təminatında sığorta prinsiplərinə keçid təmin
olunmuş, həmçinin əmək pensiyalarının
plastik kartlarla ödənilməsi sistemi müvəffəqiyyətlə
tətbiq edilmişdir. Hazırda Azərbaycanda şəhərlərdə
yaşayan pensiyaçıların 100, kəndlərdə isə
84 faizi pensiyalarını plastik kartlarla alır. Bu,
ümumilikdə ödənişdə olan pensiyaların 92 faizinin,
yəni 1 milyon 30 min nəfərin pensiyasının plastik
kartlarla ödənilməsi deməkdir. Bu göstərici
üzrə Azərbaycan dünyada ən şəffaf praktikaya
malik ölkələrdən biri hesab olunur.
Təbii ki, sadalanan müsbət
dəyişikliklər yeni sistemin daha da inkişaf etdirilməsini
zəruri edir və hazırda sığorta-pensiya sisteminin
dayanıqlı, müstəqil inkişafına nail
olunması, bu baxımdan əsas məqsəd və vəzifələrin,
həyata keçiriləcək tədbirlərin müəyyənləşdirilməsi
mühüm əhəmiyyət daşıyır. Bütün
bunlar sığorta-pensiya sisteminin uzunmüddətli
inkişafı üçün aktuar təhlillərə əsaslanan
mexanizmlərin formalaşdırılmasını və nəticələrin
modelləşdirilməsini, müfəssəl fəaliyyət
planının gerçəkləşdirilməsini önə
çəkir. Digər tərəfdən, əmək
pensiyalarının qanunvericiliklə nəzərdə
tutulmuş 3-cü elementinin - yığım hissəsinin fəallaşdırılması
məqsədilə zəruri tədbirlərin həyata
keçirilməsi mühüm önəm kəsb edir.
Sözsüz ki, yeni
sığorta-pensiya sistemi ilk növbədə zəruri
qanunvericilik bazasına və müasir tələblərə
cavab verən maddi-texniki imkanlara əsasən
yaradılmışdır. Buna baxmayaraq, sistemin işinin tam
avtomatlaşdırılmış qaydada təşkili və
onu çalışdıracaq kadr potensialının
formalaşdırılması, eləcə də fərdi
uçotun, xüsusilə də sığortaolunanların məlumatlandırılması
sisteminin inkişafı mühüm vəzifə olaraq
qalır. Elə Prezidentin 30 dekabr 2008-ci il tarixli sərəncamı
ilə təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycan
Respubilkasında sığorta-pensiya sisteminin inkişafına
dair Dövlət Proqramı" bu kimi problemlərin kompleks həllinə
yönəlmişdir və sənədin icrası nəticəsində
əsasən, keçmiş pensiya sisteminin tətbiqi
dövründə təyin edilmiş pensiya məbləğləri
ilə hazırda təyin olunan pensiya məbləğləri
arasındakı fərqlər azaldılacaq ki, bu da əvvəllər
pensiyaya çıxmış və aşağı məbləğlərlə
pensiya alan şəxslərin sosial müdafiəsini gücləndirəcək.
Yəni 2006-cı il yanvarın 1-dən əvvəlki dövr
üzrə pensiya məbləğinin hesablanmasının yeni
qaydalarının tətbiqi əmək stajı daha çox
olan vətəndaşların yuxarı məbləğlərlə
pensiyaya çıxmasına səbəb olacaq. Həmçinin
pensiya və müavinətlərin təyinatı
avtomatlaşdırılacaq və bu, vətəndaşlardan sənəd
tələb etmədən qısa vaxt ərzində təyinatın
aparılmasına imkan verəcək. Dövlət
Proqramının icrası, eyni zamanda maliyyə
dayanıqlığının möhkəmləndirilməsinə
səbəb olacaq ki, bu da pensiyaların daha yüksək
artımı ilə nəticələnəcək, habelə
pensiyaların plastik kartlarla ödənilməsi sistemini daha da
genişləndirəcək və təkmilləşdirəcək.
Sənəddə öz əksini tapmış pensiya təminatının
3-cü pilləsi olan yığım komponentinin tətbiqi
pensiya məbləğinin daha da artımını şərtləndirəcək,
fərdi uçotun inkişafı və hər bir şəxsin
ödənən sosial sığorta haqları barədə məlumatlandırılması
vətəndaşların öz gələcək pensiya təminatında
qabaqcadan iştirakına şərait yaradacaq. Bununla da xarici
ölkələrdə çalışan Azərbaycan vətəndaşlarının
gələcək pensiya təminatı tənzimlənəcək.
Dövlət Proqramında qeyri-dövlət pensiya fondlarının yaradılması da yer almışdır. Sənədə əsasən, qeyri-dövlət pensiya institutlarının formalaşması və fəaliyyətinin təşkili sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, onların fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın hazırlanması, həmçinin fondlara vəsaitlərin yerləşdirilməsi və buna nəzarət qaydalarının hazırlanması vəzifə kimi qarşıya qoyulmuşdur.
Ümumiyyətlə, Dövlət Proqramına uyğun olaraq, 2009-2015-ci illərdə sığorta-pensiya sisteminin fəaliyyətinin aktuar modellər əsasında təkmilləşdirilməsi, məcburi dövlət sosial sığortası sahəsində fəaliyyətin, habelə əmək pensiyası təminatının təkmilləşdirilməsi, dövlət sosial sığorta sistemində fərdi uçotun inkişafı, sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi istiqamətlərində işlər görüləcək. Eləcə də proqrama əsasən, sığorta-pensiya sisteminin aktuar təhlilinə əsaslanmaqla sistemin orta və uzunmüddətli inkişafı üzrə tədqiqatların təşkili, sığorta-pensiya sisteminin perspektiv inkişafının aktuar modelləşdirmə əsasında proqnozlaşdırılmasının təmin edilməsi həyata keçiriləcək. Bundan başqa, bütün sığortaolunanlar üzrə ödənilən sosial sığorta haqları ilə pensiya və müavinətlər arasında əlaqənin gücləndirilməsinə dair, işləyənlərin sosial müdafiəsinin və gələcək pensiya təminatı hüquqlarının qorunması üçün qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı və əməkhaqlarının süni surətdə aşağı məbləğlərdə müəyyənləşdirilməsi hallarının qarşısının alınması üzrə qanunvericilikdə dəyişikliklərin edilməsi barədə müvafiq təkliflər hazırlanacaq.
Proqramda məcburi dövlət sosial sığorta haqları sahəsinə də xüsusi diqqət verilmişdir. Belə ki, sənədə əsasən, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin hesablanması və verilməsində sığorta prinsiplərinin tətbiqinə dair təkliflər hazırlanacaq, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin təyin olunması və uçotunun avtomatlaşdırılması reallaşdırılacaq. Habelə pensiya sistemindəki qeyri-sığorta ödəmələrinin tənzimlənilməsi mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə qanunvericilikdə dəyişikliklərin edilməsi təklifləri üzərində də iş aparılacaq.
Dövlət Sosial Müdafiə Fondu müvafiq mərkəzi icra hakimiyyəti qurumları ilə birgə proqramda nəzərdə tutulan tapşırıqların icrasına başlamışdır. Sonda onu da bildirim ki, bu sənəd "2008-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda müəyyən olunmuş strateji məqsədlərin əldə olunmasına öz töhfəsini verəcək.
Söhbəti yazdı:
Rüstəm KAMAL
Azərbaycan.-2009.-18 yanvar.-S.4.