Qədim türk qəbilələrinin
totemləri
Türklər bir neçə əsr bundan əvvəl Avrasiyanın müxtəlif regionlarında özlərinin dövlətlərini yaratmışdılar. Bu dövlətlərdən ən güclüsü eramızdan əvvəl III əsrdə yaradılan və Koreyadan başlamış Qaşqariyaya qədər uzanan Hunn dövləti sayılırdı. Əhalisi əsasən türkdilli köçəri qəbilələrdən ibarət idi. Sonralar bu dövlətin bir qolundan Uyqur xaqanlığı yaranmışdı.
VI əsrdə Altaydan Krımadək ərazini tutan Türk xaqanlığı meydana gəlmişdi. Xaqanlığın güclü ordusu Bizansla və İranla müharibədə qalibiyyət əldə etmişdi. VI əsrin sonunda İran bu xaqanlığa 40 min qızıl pul xərac verməli olmuşdu.
Həmin əsrin sonlarından etibarən iki yüz il ərzində xaqanlıq əslində iki müstəqil dövlət - Şərqi və Qərbi türk xaqanlığı kimi fəaliyyət göstərmişdi. Birinci Türk xaqanlığının əhalisi türkitlər, ikinci xaqanlığın adamları göy türklər adlanırdı. Bu dövlətlərin köçəri əhalisi maldarlıq və ovçuluqla məşğul olurdu. Onların həyatında hərbi iş xüsusi yer almışdı. Sayan dağlarından çıxarılan filizdən böyük miqyasda polad istehsalı ordunun güclənməsinə geniş imkanlar açmışdı. Türklər Avrasiya xalqı idi. Onların yazısı eramızın başlanğıcına qədər runa adı ilə meydana gəlmişdi. Bu yazı öz adını Qədim German runa yazısına oxşarlığına görə almışdı. Odur ki, Avrasiya türk xalqlarının yazı ilə tanışlığının tarixi çox qədimdir. Türklərin həyata baxışları haqqında Orxon-Yenisey yazılı abidələri müəyyən təsəvvür yaradır. Həmin yazılarda deyilir: "Rüsvayçılıq ölümdən betərdir... Əgər sən, türk xalqı xaqanın və bəylərin ətrafında birləşsən, onlarla bir yerdə öz vətənində yaşasan, xoşbəxt həyat sürərsən, bədbəxtlikdən uzaq olarsan. İgid xalq güclü xalqdır".
Qədim türklərin dünyagörüşündə dövlətçilik ideyası mühüm yer tuturdu. Ona görə ki, türk xalqı yalnız özünün güclü dövləti sayəsində sağlam yaşaya bilərdi. Dövlətin dağılması türk xalqının Yer üzündən silinməsi demək idi. Türklər dövləti müqəddəs qurum sayırdılar.
Qədim türklərin dini əqidələrində totem görüşləri mühüm yer tuturdu. Totemizm ən qədim dini forma idi. Totem dedikdə qədim əcdadlarımızın bu və ya digər heyvan, yaxud bitkiyə inamı nəzərdə tutulurdu. İbtidai icma quruluşu dövründə yaşamış qədim insanlar dəhşətli təbiət hadisələrinin təsirindən qorunmaq üçün intuitiv olaraq öz qəbilələri ilə bu və ya digər heyvan arasındakı əlaqəni duyurdu. Totem qəbilənin rəmzi idi. Qədim insan seçdiyi totemin qəbilə üzvlərini qorumaq iqtidarında olmasına inanırdı. Ona elə gəlirdi ki, totemi seçmək mümkünsüzdür, o, müqəddəs qüvvələr tərəfindən verilir. Qədim insanlar özlərinin Allah saydıqları müəyyən heyvanlara - totemlərinə sitayiş edirdilər. Ən qədim din forması olan totemizm çoxallahlığın təzahürü idi. Totemi öldürmək və yemək yasaq idi. Qədim türk cəmiyyətinin yuxarı təbəqələri özlərinin mənşələrini totem heyvanların meydana gətirdiyi əfsanəvi sələfləri ilə əlaqələndirirdilər. Hazırda ədəbiyyatda işlənən totem sözü Şimali Amerikanın balıqçılıq və ovçuluqla məşğul olan ocibve adlı yarıköçəri hindu qəbiləsinin dilindən götürülmüşdür və mənası "qəbilə" deməkdir.
Sakit okean sahillərindən başlamış Mərkəzi Avropanın macar çöllərinə qədər uzanan çox böyük ərazidə qərar tutmuş və qədim yüksək mədəniyyətlərini yaratmış vahid Altay ailəsi xalqlarının - azərbaycanlıların, altayların, başqırdların, bulqarların, qazaxların, qaraqalpakların, qavraçay balkarlarının, qırğızların, tatarların, tuvaların, türklərin, türkmənlərin, özbəklərin, uyqurların, xakasların, buryatların, kalmıkların, monqolların, mancurların, nanayların, eveneklərin, nivxlərin, yukagirlərin totemlərindən də söz açmaq yerinə düşər. Altay ailəsi qəbilələrinin buğa, şir, humay, qurd, at, pələng, qartal, əjdaha, maral kimi totemləri - dini rəmzləri məlumdur.
Su mənşəli sayılan Buğa qüvvət və qüdrət təcəssüm etdirən totemdir. Buğanın qədim təsvirləri Şumerdə (Qədim şumerlər Altay türklərinin Mesopatamiyada məskunlaşmış nəsilləridir), Azərbaycan ərazisində mövcud olmuş Qafqaz Albaniyasında və Orta Asiyada tapılmışdır. Ay səcdəgahı sayılan Buğa surəti XV əsr Bakının gerbinin mərkəzini bəzəyir. Buğa surətinin Ay mənşəli olmasına bir işarə olaraq onun buynuzları bilərəkdən aypara şəklində nəzərə çarpdırılmışdır. Çinin Xuanxe çayının qədim adı "Yaşıl oğuz" olmuşdur. Onun hərfi mənası "yaşıl buğa"dır. Bu ad qədimdə həmin çayın suyunun yaşıl olması ilə əlaqələndirilmişdir. Amu-Dərya çayını yunanlar Oksus adlandırırdılar. Bu isə "oğuz- öküz", yəni buğa sözü ilə əlaqədar idi.
Şir Şərqdə ta qədimlərdən günəş, od, aydınlıq və qüdrət təcəssümü kimi qəbul olunmuşdur. Şumerlərin müharibə Allahı qanadlı şir şəklində təsvir edilirdi. Şumerin padşahlar dəfn olunmuş məzarlıqlarının birində xizəyə oxşar arabanın tapılması alimləri çaş-baş salmışdı. Ona görə ki, Mesopatamiya kimi bir yerdə heç vaxt nə qar, nə də şaxta olmuşdu. Bəs xizəkli arabanın tapılması nə ilə əlaqədar idi? Bəlkə şumerlər özlərinin ana vətənləri olmuş Sibir, Altay və Sayan dağları ilə əlaqədar xoş xatirələrini belə bir xizəkli araba ilə yada salmaq istəmişdilər? Xizək-arabanın yan-yörəsi buğaların və şirlərin qızıl və gümüşdən hazırlanmış kəllələri ilə bəzədilmişdi.
Altay kurqanlarının birində qanadlı şir təsviri verilmişdi. Şirin alın tərəfində aypara şəkli vardı. Belə motivlərə şumer, xett, babil və aşşur sənət nümunələrində də təsadüf edilir. Ötən əsrin əvvəllərində Altay ərazisində qazıntılar zamanı türk mənşəli qılınc tapılmışdı. Qılıncda şikar üstünə tullanan iki şir təsvir edilmişdi. Bütün bunlar köçəri xalqların da sənət nümunələri yaratmağa qabil olduqlarına sübutdur.
Ay ilahəsi Humay məhəbbət, bərəkət, sağlamlıq, xeyirxahlıq rəmzidir. Vaxtilə Babilistanda, Xaldeydə, Aşurda, Azərbaycanda, Urartuda geniş yayılmış bu rəmzin Altayda və Sayanda yarandığı güman edilir. Qızıl qanadları olan və göydən yerə enən mifoloji Cənnət quşu hansı adamın başına qonurdusa, onu padşah seçirdilər. Bu quş əcinnələri qovur, uşaqlara şəfa verir və insanlara xoşbəxtlik bəxş edir, qadınların himayəçisi kimi tanınırdı. Sibirin şaman qadınları təzə doğulmuş körpəni beşiyə qoymamışdan qabaq ilahə Humaya "od nənə" kimi müraciət edir, ondan körpənin sağlam böyüməsini diləyirdilər. Humayın forması kiçik fincan idi. Müqəddəsləşdirilmiş südlə dolu belə fincanda körpələrin ruhlarının yerləşdiyi güman edilirdi. Uşaq xəstələndikdə onu həmin fincandakı süd ilə əmizdirmə mərasimi keçirilirdi. Bu fincan səma mənşəli sayılırdı. Uşaqları bəd nəzərdən qorumaq üçün qulaqlarına ilahə Humayın təsviri olan sırğa taxırdılar. Böyük Nizami Gəncəvinin əsərlərində Humay adı dəfələrlə çəkilir. Runa yazılarında göstərildiyi kimi, Humay həm də ayın, günəşin və göy qurşağının yaradıcısı kimi təqdim edilirdi.
Qədim
türklərin əsas totemlərindən biri Canavar (Qurd) idi. Ona Göy Qurd
deyirdilər. "Göy" səma mənasında,
"Qurd" isə "qurtuluş" mənasında
anlaşılırdı. İnanclara
görə bu güclü vəhşi heyvan zəifləri
aclıqdan və ölümdən xilas edirdi. Hazırda qurd qəddarlıq, acgözlük və
tamahkarlıq rəmzi kimi tanınır. Lakin
bu, heç də həmişə belə
olmamışdır. Bu güclü
yırtıcı həm də inadcıllıq simvolu kimi
anlaşılırdı. Qurd gücdən
əlavə, həm də öz ailəsinə sədaqət
rəmzidir. Bütün
yaşayışını özünün dişi
yoldaşına və körpələrinin yaxşı bəslənməsinə
həsr edir, heç vaxt zinaya yol vermirdi. Qurd
qorxmazlıq rəmzidir. Hər hansı bir
pəncələşmə zamanı axıracan
döyüşür, ya qalib gəlir, ya da ölür. Heç vaxt rəqibinin qabağından qorxub
qaçmır. Qurd heyvanlar aləmində
azadlıq, müstəqillik rəmzidir. Bu
müsbət keyfiyyətlərinə görə lap qədimlərdən
türk xalqlarının toteminə çevrilmişdir. Qurd ac qalsa da, cəmdək yemir. Ona
görə də təmizlik rəmzi sayılır.
Səma
(göy) rəngli qurd müqəddəs heyvan hesab edilir. Əfsanələrin
birində onun Oğuz qəbiləsinin başlanğıcı
olduğu bildirilir.
Ağ qurd X-XII
əsrlərdə oğuz-qıpçaqların
başlıca totemi olub. İndiyədək də mövcud tatar əfsanəsində
meşədə azaraq düşmənlərin mühasirəsində
qalan köçəri qəbilədən söz
açılır. Bu qəbiləni mühasirədən
çıxarıb məhvinə imkan verməyən ağ qurd olub.
Köçəri
türk xalqlarının əfsanələrində Qurd qəbilə
totemi kimi qəbul edilmişdi. Onların
döyüş bayraqlarında qurd başının şəkli
həkk olunurdu. Qəbilə
başçıları özlərini qurd adlandıra bilirdilər.
Altay dağlarında "Qurd zirvəsi"
adlanan çox sayda yüksəklik var. Və həmin yüksəkliklərdə
dişlərini qıcırtmış və quyruğunu belinə
qaldırmış zolaqlı Qurd təsvirlərinə
çox təsadüf edilir.
At köçəri
türk oğuz qəbilələrində əsas totemlərdən
biri olmuşdur. Türk nəsli olan şumerlər
arabanı kəşf etdikdən sonra ilk dəfə olaraq ona
at qoşmuşdular. At toteminə
sitayiş günəş ilə əlaqədar idi. Ona görə ki, Avropa-hind dil qrupuna aid olan və
Anadolunun Şərq hissəsində məskunlaşan xettlər
günəş allahının dörd at qoşulmuş
arabada səma yolu getdiyini təsvir etmişdilər. Atın hərəsi dünyanın cəhətlərindən
birinə (şimal, şərq, cənub, qərb) işarə
idi. At inşaat qurbanı idi. Qədim yaşayış yerlərində tikilən
evlərin özülündə at kəllələrinin
tapılması buna sübutdur. Xakasiyada, Tuvada, hətta
oğuz türklərinin məskunlaşmış olduqları
Koreyada atın çox sayda mərasim fiqurları
tapılmaqdadır. Sibirdən Balkanlara qədər
hər yerdə türk xalqlarının ata sitayiş etməsi
faktları məlumdur.
Pələng
türk xalqlarının anlamında qüvvə təcəssümçüsü,
insana xas olan bütün hisslərin
daşıyıcısı idi. Qədim Azərbaycanda, Orta Asiyada,
Altayda, Yeniseydə, Sayanlarda pələng qəbilələrin
genalogiyasının təşəkkülündə
böyük rol oynamışdı və əsas totemlərdən
biri idi. Yeniseyin qayalarında pələng təsvirləri
aşkar edilmişdir. At fiquru kimi, Pələng
fiquru da qədim Altay astronomik təqvimində yer
almışdır. Tatarların və bütün Altay qəbilələrinin
şaman qavallarının bir qisminə Mənim Qanım (qan
qohumum mənasında), yaxud ala bars deyilirdi. Sibirin
bəzi xalqlarının təsəvvüründə pələng
qadınların dünyaya övlad gətirə bilməsinə
yardım göstərən totem idi.
Qartal (Tərlan)
Günəş, işıq mənbəyi totemidir. O, şüa ilə eyniləşdirilir.
Sibirin, Altayın, Sayanların, Orta və Kiçik Asiyanın
türk xalqlarında qartalın çox sayda müxtəlif təsvirləri
var. Qədim Tuva kurqanlarında üstündə qartal şəkli
olan qızıl lövhəciklər
tapılmışdır. Bürünc əsrindən
başlamış bizim günlərə qədər bu
cür qartal təsvirləri Baykal gölü ətrafında
yaşayan yerli əhali arasında çox
yayılmışdır. Sibir xalqlarında məhz qartal
günəş, od, ildırım və
şimşək hökmdarıdır.
Əjdaha totemi Çində,
Yaponiyada, İndoneziyada, Vyetnamda, o cümlədən Türkiyədə,
Azərbaycanda və Türkmənistanda, habelə Sibir ərazilərində
xalqların məişətində və incəsənətində
geniş yayılan mifik heyvandır.
Əjdaha totemi
insanın həyatının uğurlu keçməsi
üçün ona yardımçı olan heyvan ruhudur. Əjdaha
güclülük, çeviklik, müdriklik, uzaqgörənlik
təcəssümüdür.
İkinci
Türk xaqanlığının ən görkəmli sərkərdələrindən
biri olan Gültəkinin məqbərəsində divarlar əjdahanın
yapma təsvirləri ilə bəzədilmişdi. Şaman mərasimlərində
əjdahaların həmişə irəlidə gedib yola
işıq saldıqları təsəvvür edilirdi. Qədim insanlar əjdahaların mövcud olmasına
inanırdılar.
Maral
bütün türklərin rəmzi mənası eyni olan
ümumi totemi idi.
Qızıl
buynuzları olan, bütün Sibir və Avrasiya çölləri
üzərindən Şərqdən Qərbə tərəf
uçub keçən maral müqəddəs Günəş
rəmzi sayılırdı. Maral yüksəliş
rəmzi və böyük güc nişanəsi idi. Onun dövri olaraq təzələnən
ağacaoxşar buynuzları cavanlaşdırma, daim təzələnmə
və zamanın gedişini yeniləşdirmə rəmzi
sayılırdı. Maral həm də
işıq, xeyirxahlıq, düzgünlük rəmzi idi.
Qədim türklər bürüncdən
tökülmüş maral totemini yuxarıda sadalanan
xüsusiyyətlərini özlərində cəmləşdirmək
üçün yanlarında gəzdirirdilər. Totem maralın belində sıralanan yeddi buruq buynuzu
var idi. O, qabaq və dal ayaqlarını qarnı
altına yığmış vəziyyətdə təsvir
edilmişdi. Qədim türk ustası tərəfindən
qızıldan hazırlanmış maral totemi Rusiyanın
Ermitaj muzeyinin sərvətləri arasında saxlanılır.
Arif HÜSEYNOV
Azərbaycan.-2009.-18 yanvar.-S.7.