Ruhlar dünyasından gələn "səslər"

 

Bakı-Quba yolunun 24-cü kilometrliyində mərmər postamentdən boylanan qara mərmər lövhəyə qara bir xəbər həkk olunub: "1990-cı ilin yanvar ayının 24-də burada Azərbaycanın görkəmli alimləri İbrahim İbrahimov, Svetlana Məmmədova və İsmayıl Mursaqulov imperiya ordusu tərəfindən vəhşicəsinə qətlə yetiriliblər".

Kimlər idi bu alimlər? Görəsən, qanlı Yanvar hadisələrinin nisbətən sənginləşdiyi bir vaxtda hara gedirdilər onlar? Və necə oldu ki, millətimizin bu dəyərli övladları quduzlaşmış qırmızı imperiya ordusunun qəzəbinə gəldilər?! Olmazmıdı ki, onlar bir müddət, yəni Bakıda, ətraf rayonlarda, eləcə də onların iş yerləri yerləşən Sumqayıtda tam sakitlik, sabitlik yaranmamış yola çıxmayaydılar? Əlbəttə, olmazdı! Çünki əqidə və məslək anlamının zirvəsində dayanan bu elm fədailərinin bircə gün elmi-tədqiqat laboratoriyalarından ayrı düşmələri onlar üçün böyük itki olardı. Elə bu amalla da neçə illər idi ki, İbrahim müəllim iş yoldaşlarını (Svetlana xanımı, İsmayıl müəllimi və digər iki nəfəri) səhər öz maşınına götürüb, çalışdıqları Sumqayıtdakı elmi-tədqiqat institutuna aparır, işdən sonra isə dostlarını Bakıya ailələrinə çatdırırdı. Onların arasında olan səmimi ünsiyyət möhkəm dostluğa çevrilmişdi.

20 Yanvar faciəsi, o müdhiş gecədə millətimizə açılan namərd gülləsi, paytaxtımızın qızıl qana boyanan küçə və meydanlarının ab-havası İbrahim müəllimi, onun dostlarını hədsiz dərəcədə sarsıtmışdı. Lakin onlar yavaş-yavaş özlərini ələ almağa çalışır, bir-biri ilə telefon əlaqələri yaradır, gələcək planlarını götür-qoy edirdilər. İbrahim müəllim dostlarına deyirdi ki, 20 Yanvar faciəsi millətimizə qarşı xəyanətlərin nə birincisidir, nə də ki, axırıncısı. Odur ki, əlimiz işdən soyumamalıdır. Tezliklə iş yerimizə getməliyik, bundan sonra daha səmərəli işləməliyik. Bax, beləcə, dostlarını da səfərbər edən alim cəmi üç günlük fasilədən sonra yola çıxdı. Alimlər ötən günlərdə olduğu kimi, gördüklərindən, bildiklərindən söhbət edə-edə yola "körpü" salaraq tezliklə iş yerlərinə çatmağa tələsdikləri bir məqamda İbrahim müəllimin "köhlən atı" (o, nimdaş maşınını belə adlandırırdı) "asqırmağa başladı". O, maşını saxladı və hamı aşağı düşüb maşının "müalicəsi" barədə düşünməli oldu. Nəhayət, hər şey qaydasına düşdü. Maşın yerindən tərpənəndən az sonra həmin magistralla hərbi hissəyə doğru düzənlənən hərbi texnikadan biri (BTR) dəstədən ayrılaraq İbrahim müəllimin maşınını millətimizin qanına batmış caynağına alır. İbrahim müəllim və Svetlana xanım elə yerindəcə dünyalarını dəyişirlər, İsmayıl müəllimi huşunu itirmiş halda xəstəxanaya çatdırırlar, lakin onun da həyatını xilas etmək mümkün olmur...

Sözügedən dəhşətli olaylardan artıq 19 il keçir. O zamankı ölçülərlə "öz ordumuz"un millətimizin başına gətirdiyi müsibətlər qan yaddaşımızı mürgüləməyə qoymur və sanki hər birimizi ayıq-sayıq olmağa səsləyərək haray çəkir: Unutma, xatırla!!! Elə bu haraya cavab olaraq itirdiklərimizin miqyasını təkcə üç alimin timsalında göstərmək üçün onları ayrı-ayrılıqda sizlərlə daha yaxından tanış etmək istərdik.

 

Alın yazısı, yoxsa...

 

Kimya elmləri doktoru, professor İbrahim İbrahimov əslən Ermənistandandır. Onun atası İsmayıl bəy dövrünün tanınmış ziyalısı olub. O, ötən əsrin əvvəllərində indi Ermənistan adlanan əzəli Azərbaycan torpağındakı dədə-baba yurdundan didərgin düşərək Gəncəyə pənah gətirib. Burada xeyli yaşadıqdan sonra Naxçıvana köçərək orada ailə qurub. Onun oğul balası 1928-ci ildə Naxçıvanda dünyaya göz açıb.

Atasından əxlaq, ədəb-ərkan dərsi alan İbrahim hələ gəncliyində yaşıdları arasında seçilənlərdən olub. Əvvəlcə Bakı Dövlət Universitetində ali təhsil alıb, sonralar Moskvada M.V.Lomonosov adına Dövlət Universitetini də bitirib. Əmək fəaliyyətinə Rusiyanın Sverdlovsk şəhərində başlayan gənc mütəxəssis bir qədər sonra doğma Naxçıvana qayıdıb. Ömrünün ən yetkin çağlarında elmi fəaliyyətini Bakının, Sumqayıtın elmi-tədqiqat müəssisələrində davam etdirib.

Polşada, İranda uzunmüddətli ezamiyyətlərdə olan, qısa müddət ərzində təkcə Azərbaycanda deyil, onun sərhədlərindən uzaqlarda da sayılıb-seçilən zəka sahiblərindən olub. 140-dan çox sanballı elmi məqalə, 50 ixtira müəllifi idi İbrahim müəllim.

İ.İbrahimov tanınmış kimyaçı olmaqla yanaşı, bu möcüzəli elmin imkanlarından daha geniş bəhrələnməyə qərar vermişdi. O, son illərdə ürək-damar xəstəliklərinin müalicəsi üçün kimyəvi sintez yolu ilə nikomorfalin preparatının alınması problemi üzərində işlədi və istədiyinə nail oldu. Çox keçmədi ki, həmin dərman preparatı bir çox xarici ölkədə qəbul olundu, eyni zamanda keçmiş İttifaqın Səhiyyə Nazirliyinin Farmakologiya İnstitutunda uğurla sınaqdan keçdi.

İbrahim müəllimin ardıcıl olaraq qısa müddət ərzində namizədlik və doktorluq dissertasiyaları müdafiə etməsi ona böyük şöhrət gətirdi. Lakin bu uğurlardan dərhal sonra, yəni 1984-cü ildə alimin ailəsində faciə baş verdi. Böyük qürur hissi ilə ərinin doktorluq dissertasiyasının qonaqlığına hazırlaşan Lütfiyyə xanımı yaşadıqları evin qabağında maşın vurdu və onun həyatını xilas etmək mümkün olmadı. Bu faciə İbrahim kişini həddən ziyadə sarsıtsa da, özünü tox tutmağa, uşaqlarını, ələlxüsus ailənin böyük övladı Fikriyyə xanımı sakitləşdirməyə çalışdı. Lütfiyyə xanım dünyasını dəyişəndə evin kiçiyinin - Niyazın cəmi 5 yaşı vardı. Əlbəttə, bu o demək idi ki, ailəni anasız keçəcək çətin günlər gözləyirdi.

Fikriyyə xanımın dediklərindən:

- Anam atamı ailədə bütün məişət qayğılarından azad etmişdi. Onun fikri-zikri atamın elmi işlərinin rəvan getməsinə kömək etmək, əlavə işlərlə qayğılandırmamaq idi. Atam doktorluq dissertasiyası müdafiə edəndən sonra anam yerə-göyə sığmırdı. Ərinin müdafiəsinin qonaqlığına hədsiz həvəslə hazırlıq görürdü...

Amma neyləmək olardı. Görünür, bu müsibət alın yazısıymış. Üstəlik bu da alın yazısıymış ki, düz altı il sonra atam da maşın qəzasında dünyasını dəyişəcəkmiş. Yaxşı yadımdadır, 20 Yanvar faciəsindən iki gün keçirdi. Atam olanlardan, keçənlərdən xeyli əhvalatlar danışdı və gözlənilmədən söhbətinin səmtini dəyişdi:

- Qızım, daha rahat ölə bilərəm, - dedi. - Görürəm, elmi işlərin qaydasında gedir, evdarlıqda da səliqə-sahmanına söz ola bilməz.

Atamın bu əhvalına qəhərləndim. Nəsə demək istədim. Bacarmadım. Onu da deyim ki, son günlər atam qohum-əqrəbaya tez-tez baş çəkir, əli çatmayanlarla telefon əlaqəsi saxlayırdı.

Atasının vəfatından sonra Fikriyyə xanım əsl qəhrəmanlıq göstərdi. Özündən kiçiklərin - qardaşı Rəşadın, bacısı Nigarın təhsildən qalmalarına imkan vermədi. O zaman Azərbaycan Tibb Universitetinin II kursunda oxuyan Rəşad təhsilini uğurla başa vurdu. Fikriyyənin təkidi və himayədarlığı sayəsində dissertasiya müdafiə edib tibb elmləri namizədi oldu. Hazırda doktorluq dərəcəsi almaq üçün elmi tədqiqatlarını davam etdirən Rəşad nümunəvi ailə başçısıdır, 3 yaşlı oğluna İbrahim babasının adını qoyublar. Ailənin kiçiyi Nigar da ATU-nu bitirib, uşaq həkimidir. Nəslinin adına layiq gözəl ailəsi var, artıq iki uşaq (Ödər və Nərgiz) anasıdır.

Fikriyyə xanım deyilənlərlə yanaşı, bir gün də olsa, elm aləmindən kənarda qalmayıb. Elmlər namizədi (1986-cı ildə), doktorluq (1993-cü ildə) dissertasiyaları müdafiə edib. İkinci ixtisas almaq məqsədilə Azərbaycan Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib. Tibb elmləri doktoru, professor Fikriyyə İbrahimli hazırda Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzində şöbə müdiridir, universitetdə xarici ölkələrdən olan tələbələrə ingilis dilində mühazirələr oxuyur. 100-dən çox elmi məqalə, 7 ixtira müəllifi olan Fikriyyə xanımın doktorluq dissertasiyası tibb elmində ən yeni istiqamətə malik kliniki farmalogiya mövzusuna həsr edilib. O, respublikada bu sahədə yeganə alimdir.

Fikriyyə xanım deyir ki, atamı tez-tez yuxuda görürəm, elmdə, ailədə, cəmiyyətdə qazandığım uğurlar üçün yalnız və yalnız ona borcluyam. Atamın ruhu daim mənimlədir. O, sağlığında olduğu kimi, məni daim mübariz olmağa, çətinliklərə tab gətirməyə səsləyir...

 

Gülləbarandan yaralanmış ünvan

 

Ə.Ələkbərov küçəsi, 118-ci mənzil. İsmayıl Mursaqulov bu ünvanda yaşayırdı. Salyan kazarmasında baş verənlər buradan açıq-aydın görünür. O müdhiş gecədə baş verənlər barədə İsmayıl müəllimin həyat yoldaşı Gülüş xanımın dediklərindən:

- Salyan kazarması bizim mənzildən ovuc içi kimi görünür. Onun iki qapısı düz bizim bina tərəfə açılır. Bakı küçələrində törədilən qanlı Yanvar faciəsinin qaynar nöqtəsini məhz həmin kazarmanın ətrafını hesab etmək olardı. Kazarmanın qapılarından çıxıb küçələrə şütüyən tanklar, BTR-lər yanvarın 19-dan 20-nə keçən gecə bizim küçədəki əliyalın insanları da gülləbaran etməyə başladı. Azğınlar hətta mənzilləri də güllə yağışına qərq etdilər. İsmayıl evdə qərar tuta bilmədi. Küçəyə çıxdı. Səhərə kimi bizi nigaran qoydu. Nəhayət, bir qədər ara sakitləşəndə bir dəstə adamla evə gəldi. Rəngi-ruhu bəyazımış qonaqlara çay verdim və mənzilimizdəki mebelləri, otaqların divarlarını deşik-deşik etmiş güllələri İsmayıla göstərdim. Hiss edirdim ki, o, odun-alovun içindən salamat çıxsa da, möhkəm sarsıntı keçirmişdi...

İsmayıl Mursaqulov 1939-cu ildə Gürcüstanda Borçalı mahalının Qızılhacılı kəndində anadan olmuşdu. Atası İkinci Dünya savaşından qayıtmayan İsmayılın anası Gülüş xanım övladlarını ərsiz boya-başa çatdırmalı olmuşdur. İsmayıl orta məktəbi bitirən ili Azərbaycan Dövlət Universitetinə daxil olur və oranı fərqlənmə diplomu ilə bitirir. Sonra Moskvada aspiranturaya daxil olur. 1967-ci ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyalarını müdafiə edir. Üzvi kimyanın möcüzəli aləmində apardığı gərgin axtarışlar onu elm aləmində sayılıb-seçilən, görkəmli alimlərin sırasına qovuşdurur. İsmayıl müəllim taleyinin qısa ömür payı əvəzində 130-dan çox elmi əsər yazmağa, 15 ixtira etməyə müvəffəq olmuşdu. O, stereokimya sahəsində ölkəmizdə yeganə alim idi.

İsmayıl müəllim alicənablığı, qohum-əqrəbaya, tanıdığı insanlara göstərdiyi isti münasibətləri ilə böyük hörmət sahibi idi. O, doğma Borçalının xeyir-şərindən qalmırdı. Boya-başa çatdığı kəndlərinə baş çəkib geri dönəndə əhval-ruhiyyəsi təzələnirdi. El-obasının öz dilini, dinini, musiqisini unutmadığı onu sevindirirdi.

Əsl Azərbaycan analarına xas olan xüsusiyyətləri şəxsiyyətində cəmləşdirən Gülüş xanım İsmayılın yadigarlarını - Rüfəti, Rəşadı və Azəri atalarından sonra sınmağa qoymadı, təhsillərini başa vurmaları üçün min bir əziyyətə qatlaşdı. İndi onların hər biri faydalı əməklə məşğul olur, cəmiyyətdə fəal həyat mövqeyi ilə fərqlənir.

 

Əsrə bərabər 4 gün

 

Svetlana Məmmədova 1939-cu ildə Naxçıvanda anadan olmuşdur. Orada orta təhsil aldıqdan sonra Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Neft Akademiyası) daxil olmuşdur. Ali təhsilini başa vurduğu ildə hələ məktəbli ikən könül verdiyi həmyerlisi Nəriman həkimlə (o, Azərbaycan Tibb İnstitutunu bitirmişdir) ailə qurmuşdu. Ailədə yeganə bir uşaq - Kəmalə boya-başa çatmışdır. O, Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra bir müddət Bakı Dövlət Universitetində laborant işləmişdir. Kəmalə xanım 20 Yanvar faciəsi günlərini və ailələrinin düçar olduğu müsibəti belə xatırlayır:

- Mənim ailəmdə anamın iki qız nəvəsi - Şirini və Güneli var. Anam onları çox sevirdi. Demək olar ki, hər gün işdən qayıdanda yolüstü bizə baş çəkərdi. Anam adəti üzrə yanvarın 19-da da yolunu bizdən saldı. Çox qayğılı görünürdü. Anladım ki, şəhərimizdəki qarmaqarışıqlıqdan çox narahatdır. Sanki ürəyinə xoşagəlməz bir hadisə baş verəcəyi danmışdı. Odur ki, sizsiz darıxıram bəhanəsiylə bizi götürüb öz evinə apardı. Həmin gecə nələrin baş verdiyinin şahidi olanda anam Allaha dönə-dönə dua etdi ki, nə yaxşı ki, balam, nəvələrim yanımdadır. Onu da deyim ki, bizim evimiz indiki 20 Yanvar meydanının lap bir addımlığında idi. Yanvarın 21-də məlum oldu ki, həmin meydanda və onun ətrafındakı küçələrdə təkcə canlılar deyil, cansız obyektlər də gülləbaran edilibdir.

Biz bu minvalla yanvarın 23-nə kimi anamgildə qaldıq. Yanvarın 24-də anam həmişəki kimi iş yoldaşlarıyla Sumqayıta yollandı. Sonrası isə məlum hadisələr baş verdi. İndi o günləri xatırlayarkən ürəyimdən yerinə yetməsi mümkün olmayan bir arzu keçir: kaş anam bircə günlüyə də olsa, məzardan başını qaldırıb görəydi ki, onun sevimli nəvələrinə İlahi bir qardaş payı da verib. Canından artıq sevdiyi Şirin ailə qurub. Amma onu da bilirəm ki, bütün bünlar onun müqəddəs ruhunun istəyi ilə baş verib...

Svetlana xanım elm fədaisi idi. O, 1973-cü ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdi. 130 elmi məqalə, 40 ixtira müəllifi idi. Ali təhsil aldıqdan sonra ilk iş yeri Sumqayıtdakı Sintetik Kauçuk zavodu oldu. Bir qədər sonra həyatını ömürlük elmə bağlayan Svetlana xanım Xlor Üzvü Sintez İnstitutunda işləməyə üstünlük verdi. O, yüksək molekullu birləşmələr sahəsində yeni cığır açan və bu mövzuda doktorluq dissertasiyası müdafiə edən ilk Azərbaycan qadınıdır. Svetlana xanım həmçinin qalay tərkibli polimerlərin tədqiqi sahəsində də gərəkli nəticələr əldə etmişdir. Bu nəticələr, yəni alimin elmi tövsiyələri böyük təcrübi və nəzəri əhəmiyyətə malikdir.

S.Məmmədovanın rəhbərlik etdiyi laboratoriyada hidrotexniki qurğuların korroziyaya uğramasının qarşısını almaq üçün aparılan işlərin nəticələri hazırda istehsalata tətbiq edilir və çox böyük səmərə verir. Həmin laboratoriyada alınan polimer birləşmələr həmçinin elektron sənayesində işığa həssas rezistorların alınmasında istifadə olunur.

Dağüstü park. Şəhidlər xiyabanı. Burada nizamlı şəkildə sıralanan məzarlarda Vətən uğrunda canlarından keçən, şəhidlik zirvəsinə ucalan fədailər uyuyurlar. Nisbətən yaşlıların, cavanların, hələ bığ yerləri tərləməmiş gənclərin əbədiyyətə qovuşduqları bu məkanda üç məzar diqqəti cəlb edir: İbrahim İbrahimov, İsmayıl Mursaqulov, Svetlana Məmmədova! Onlar sağlıqlarında olduğu kimi, yenə də bir yerdədirlər, sanki yenə də İbrahim müəllimin maşınına minib işə getməyə hazırlaşırlar, yarımçıq qalan tədqiqatlarının davamı barədə düşünürlər...

 

 

 

Azərbaycan.-2009.-20 yanvar.-S.3.