Biçarə qərənfil!..
Deyirlər Yer üzünün əşrəfi
sayılan insandan başlamış hər bir nəsnənin, daşın da, quşun da, kol dibində bitən çiçəyin
də, kol-kosun da alın yazısı,
qədəri-qisməti var. Heç nə təsadüfdən, Yaradandan
xəbərsiz mövcud
deyil. Və biz də buna inanırıq,
hər qədəmdə,
həyatımız boyu
yaşadığımız hər acıda, hər şirində. Mən bu qədərə,
bu alın yazısına sənin taleyində daha çox inanıram, qərənfil!
Gör neçə
illərdir ünvanını,
yerini, daşıdığın
məna yükünü
dəyişmisən. Daha
ağdonlu, ağ örpəkli gəlinlərin
qucağında əzizlənə-əzizlənə
xoşbəxtlik nişanəsi
kimi bəzədilmiş
gəlin otağındakı
güldanlara qoyulmursan,
nişanlı qızlara
sevdikləri tərəfindən
hədiyyə edilmirsən.
İndi qara donlu, qara günlü
gəlinlərin, anaların
əllərində başıaşağı,
çinarboylu oğlanların,
çiçəyi burnunda
qızların, körpələrin
buz kimi qəbir daşlarının
üstündə qərar
tutursan. Səni gül dükanlarında gülərüzlü cavanlar
bəzəyib-düzəyib toya-şənliyə gedənlərə
təqdim etmir, heç o çiçəklərin
içərisində yerin
də yoxdu daha. Qəbiristanlıqların
kənarında satılırsan,
buz kimi sinə daşlarının
üstünə qoyulmaq
üçün. Bu nə
taledir, nə alın yazısıdır,
qərənfil! Dərd
əlindən haşa
deyən Xan qızı Natavan da gileyliydi səndən,
biz də gileyliyik. Amma nə edəsən
ki, yaşadığımız
və qurtula bilmədiyimiz faciələrimizə
səni rəmzi ifadə forması seçmişik, rəngini
şəhidlərin axan
günahsız qanına
oxşatmışıq.
Hər il yanvar ayı gələndə yadımıza
düşürsən, səni
sevdiklərinə - İlhamla
Fərizəyə qovuşdurmaq
üçün Şəhidlər
xiyabanına tələsirik,
əvvəlcə qərənfil
növbəsinə, sonra
da ziyarət növbəsinə dayanırıq.
Soyuq qış səhəri, bir də Kamil Cəlilovun
qaboyunun nalə çəkdiyi "Zəminxarə"
bizi də dondurur, başıaşağı,
boynubükük qalmış
səni də. Sənin də çiynində daşıdığın
yük ağırdı,
bizim kimi. Biz hələ şəhidlərin
ziyarətinə alnıaçıq,
üzüağ gedə
bilmirik, qərənfil,
elə sən də.
Amma ümidimizi
üzməmişik, sən
də ümidini üzmə! Nə olar, bir 20 Yanvar
sabahı obaşdan al
qırmızı donuna
bürün, başını
dik tut, yollan Şəhidlər Xiyabanına.
Haray sal, muştuluqla orada uyuyanları! De ki, karvanlar geri dönüb, hamı Qarabağdadı, mən də sizə müjdə gətirmişəm.
De ki, gözünüz
aydın olsun, analarınızın üzü
gülür, uğrunda
şəhid olduğunuz
Vətən torpaqları
işğaldan azad edilib. De ki, Şuşadan gəlirəm,
İsa bulağının
üstündə Mürsəl
babanı öz gözümlə gördüm,
"Şur" oxuyurdu.
Topxanadan danış onlara, bildir ki, ağaclar çiçəkləyib. Xarıbülbül
elə çiçəklənib
ki, elə bil dil açıb
oxuyacaq. Xanqızının
üzü gülürdü,
daha məndən gileyli deyildi deynən. Şuşanın
dolayı yollarından
dolanıb gəlirəm,
Xudafərin körpüsündən
keçib Cəbrayılı,
Füzulini gəzib gəlirəm de. De ki, Yeddixırman gədiyini aşmışıq, Qarqarçayın
vadisinə çatmışıq.
Ağdamın ağban
evlərindən danış,
təzədən ucalıb,
çiçəkli bağçaları
allı-güllü açıb.
Çay evində Qədirin "Sona bülbüllər"inin səsi
gəlirdi de, qərənfil!..
Rəsmiyyə RZALI
Azərbaycan.-2009.-20 yanvar.-S.3.